İstiqlal məfkurəsi

Trabzonda 3-cü diviziya komandanı Rüşdü bəydən 15-ci korpus komandanı K.Qarabəkir paşaya İbrahim əfəndi ilə göndərilən raportda deyilir ki, “İstər rus, istərsə də türk komitəsinin (Türkiyə kommunist partiyası – H.B.) müvəffəqiyyəti ilə əlaqədar olaraq Xəlil paşanın inqilabi ordusunun əmr və komandasını öhdəsinə götürməsi münasib görülə bilər”. Bu qrupların iclaslarında alınan qərarda deyilir: “İngilis siyasətinin çox atəşin tərəfdarı olan Azərbaycan hökumətini ən az müddət ərzində yıxmaq və bolşeviklərlə razılığa gələcək hökuməti hakimiyyətə gətirmək lazımdır” və bu iş üçün hazırlanan tərtibat və adamlar göstərilir.

Bu uzun hərəkat və Azərbaycan hökumətinə qarşı yürüdülən xaincəsinə intriqanı açıqlamaq yönündən çox maraqlıdır. Burada deyilir ki, Azərbaycana axırıncı dəfə gedən türk zabitləri hökumətin yeni yaranmış ordusuna qəbul edilmir və vaqe olan müraciətlər bir-bir başdan edilirdi. Bu vəziyyətdə ingilislərin təsiri olduğu kimi, Azərbaycan hökuməti türk zabitlərinin ordunun nüfuzunu əllərinə almalarından qorxurdu.

Burada çox yaxşı bir kommunist intriqasına diqqətinizi cəlb etmək faydalı olacaqdır. Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəyli Rauf bəyi Bakıya, Anadolu milli azadlıq hərəkatına yardım məqsədilə danışıqlar aparmaq üçün dəvət etdiyi zaman “Azərbaycan hökuməti milli azadlıq hərəkatını ingilislərin təşviqilə zəiflətmək üçün Ərzurumdakı 15-ci korpus zabitlərilə, İstanbuldakı və Osmanlı ordusunun dağılması ilə işsiz qalan zabitlərə yüksək maaşlar vəd edərək Azərbaycan ordusunda istifadə etmək üçün çağırır” – deyə təbliğat aparan Xəlil paşa və yoldaşları, Türkiyə kommunist partiyası bu dəfə zabitləri özlərinin Türkiyədən qaçırtdıqlarını və onları Azərbaycan hökumətinin ordusuna, türkiyəli paşa və zabitlərin, Türkiyə kommunist partiyasının Azərbaycan ordusunu öz əllərinə alma planlarını önləmək üçün qəbul etmədiyini açıqlayır və etiraf edirlər. Ancaq iş-işdən keçmiş və kommunist oyunu cəsarətlə oynanmışdır. Anadolu milli azadlıq hərəkatına heç bir vaxt laqeyd qalmayan və etmək istədiyi yardım Moskva agentlərinin ustalığı sayəsində türk paşa və zabitlərinin əllərilə sabotaj edilən, önlənən məsum, günahsız Azərbaycan xalqı haqqında qardaş bir millət tərəfindən qəti qərar verilmişdir. Beləliklə, Kazım Qarabəkir xatirələrində yazır: “Azərbaycan kabinəsinə edilən, fəqət nəticəsiz qalan sui-qəsd bu inqilabın ilk əsərindəndir. Əsasən Zəngəzur hüdudunda ermənilərlə hal-hazırda qeyri-rəsmi surətdə ciddi müharibələr aparan Azərbaycan milli qüvvələrinə Bakı və ətrafından daima könüllü dəstələr gəlməkdə davam edir. Azərlər ermənilərə qarşı milli məqsədləri uğrunda apardıqları bu müharibə Azərbaycan hökumətinin siyasi vəziyyətini və silahlı qüvvələrini möhkəmləndirir” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 603-604). Nümayəndə heyətinə göndərilən bu raport belə bitir: “Vəziyyət bizim üçün arzu olunan şəkildə davam edir”. Ardı-arası kəsilmədən Nümayəndə heyətinə göndərilən saxta kommunist raportlarından sonra, o zamankı şəraitdə bir yığın çətinliklərə baxmayaraq, qurtuluş müharibəsi aparan Mustafa Kamal paşa Kazım Qarabəkir paşaya axırıncı qərarını 1920-ci ildə fevralın 6-da 15-ci korpus komandanlığına göndərdiyi şifrə ilə bildirir. Bu qərarda Azərbaycanın bolşevikləşdirilməsilə göstərilir. Kazım Qarabəkir paşanın o zamankı həmin şifrəyə verdiyi cavabını olduğu kimi yazırıq:
“1 – Antanta dövlətlərinin vücuda gətirmək istədiyi Qafqaz səddi və nəticədə məmləkətimizin hər tərəfdən işğalı və tənəzzülü, daxildəki mülahizələrin artıq təsvir və təsəvvür edilən şəkildə davam etməyəcəyini zənn edirəm.
4 – 22 yanvar 1920-ci ildə ərz etdiyim fikirlərimlə Nümayəndə heyətinin tamamilə razılaşdığı bildirildiyi və Qafqazda Antantanın təhlükə və şübhə oyandıran bir qüvvə və ya göndərilmiş bir hərbi hissəsi olmadığı halda bunun haradan meydana çıxdığı haqqında məlumat verilərək aydınlaşdırılmasını xahiş edirəm” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 467-468).

Kazım Qarabəkir paşanın Ərzurum 26.4.1920-ci il tarixli teleqramında da belə deyilir.

“Böyük Millət Məclisi Rəyasətinə

Nəsib bəy Yusifbəylinin rəyasətindəki Azərbaycan ilə bolşeviklər arasında ticarət münasibətləri qurulması haqqında tərəflərin razılığa gəlməsinə dair xəbər. Dərbənddə cəm olmuş bolşevik ordusuna aid avanqard hərbi birliklərin Azərbaycan sərhəddində yerləşməsi və müxtəlif kəşfiyyat mənbələrinə görə Azərbaycan hökumətinin bolşevikləri rəğbətlə qarşılamaq qərarına gəldiyinin aydınlaşması göstərir ki, Azərbaycanda indiyə qədər qeyri-müəyyən olan vəziyyət qəti və konkret şəkil almaqdadır” (Kazım Qarabəkir. İstiqlal hərbimiz, səh. 620-660).

Türkiyə Kommunist partiyasının Bakı və Moskvadan guya Qafqazda ingilis hərbi qüvvəsinin olması haqqında Nümayəndə heyətinə ardıcıl olaraq qəsdən göndərilən raportuna qarşı Kazım Qarabəkir paşanın “Qafqazda Anadolu milli hərəkatına mane olacaq ingilis hərbi qüvvəsinin” olmadığına dair Mustafa Kamal paşaya göndərdiyi raportunu yuxarıda qeyd etmişdik. Həmin məsələyə dair başqa mənbələrdən əldə etdiyimiz məlumatı aşağıda veririk. Əski Gürcüstan Milli Müstəqil Respublikasının baş naziri Noy Jordaniya Parisdə  rus dilində nəşr etdirdiyi “Bizim ixtilaflarımız” adlı kitabında belə deyir: “Dünya üçün bir sirr deyildir ki, Yunanıstanı Türkiyəyə təcavüzə, Sovet Rusiyasını isə Cənubi Qafqaz respublikalarının torpaqlarını işğal etməyə İngiltərə və onun şəxsiyyətində baş nazir Lloyd Corc təşviq edirdi. Bu sirri Çiçerin ağzından qaçırmış və bütün dünya bu sirri duymuşdur” (səh. 73).

Noy Jordaniyanın almanca nəşr etdirdiyi “Die Englische Gewerkshaftsdelegation und Georgien” (1925-ci il) adlı başqa bir kitabında həmin hadisə bütün təfərrüatı ilə incələnmişdir.

Azərbaycan Milli Şurasının rəisi Məmməd Əmin Rəsulzadə bu hadisə haqqında “Çağdaş Azərbaycan tarixi” adlı əsərində belə yazır: “İngilislərin Türkistan və Qafqazdan ordularını çəkmiş olmaları, Qafqaz üzərinə yürümək üçün bolşevikləri cəsarətləndirirdi. Bununla bərabər o zamankı ingilis baş naziri Lloyd Corc Londonu ziyarət edən Sovet xarici ticarət komissarı Krasinə Krallıq hökumətinin Qafqaz işləri ilə maraqlanmadığını bu sırada bildirmişdir” (Ankara 1951-ci il, səh. 6).

Moskva Türkiyə Kommunist partiyasının kanalı ilə Nümayəndə heyətini Qafqazda olan ingilislərin hücumu fikrilə məşğul edərkən, tarixdə siyasi dözümlüklərilə tanınan ittihadçıları böyük rütbələr verəcəklərilə aldatmış və Azərbaycanın işğalına qədər böyük vədlər vermişdilər. Xəlil paşa Kazım Qarabəkir paşaya yazdığı məktubda deyir ki: “Üzərimə götürdüyüm vəzifə İrandan İraq istiqamətinə hərəkət edən İran inqilab ordusu baş komandanlığıdır”. Həmin Xəlil paşa Mustafa Kamal paşaya belə yazır: “Mən buradan Bakıya oradan da İrana hərəkət edəcəyəm. İraqa və Bulucistan istiqamətinə hərəkət etmək fikrindəyəm” (İstiqlal hərbimiz, səh. 850). Həqiqətdə isə nə ordu, nə baş komandanlıq və nə də bir hərəkət vardı. Çox illər sonra Atatürkün Azərbaycan istiqlalının süqut etməsindən duyduğu üzüntünü Falih Rıfkı Atay belə anladır: “Stalindən sonra Rusiyanın gedişini görürdü. Yeni bir düşmənçilik dövrünə girilməmək üçün əlindən gələni etməklə bərabər Ankaradakı evində səfiri ilə yeyib-içdiyi zaman Azərbaycan türk dövlətindən artıq əsər-əlamət qalmadığını bilirdi” (“Dünya”, 8 noyabr, 1964-cü il).

XI Qızıl Ordunun Azərbaycana hücumundan öncəki günlərin siyasi vəziyyətini tanınmış Türkiyə kommunistlərindən dilçi Əhməd Cavad Əmrə (1920-ci ildə Moskvada “Türk kommunistləri” adlı yazısında) belə anladır: “Qızıl Ordunun zəfərləri haqqında xəbər alınanda, Bakıda Müsavat məclisi gecəli-gündüzlü müzakirəyə davam edir, fəqət müqavimət qərarına gələ bilmirdilər. Dinləyicilər lojasından seyr etdiyim məclisin bu fasiləsiz iclası hürriyətə, müstəqilliyə aşiq bir kiçik məmləkətin ümidsizlik içində qıvrılmasının ülvi bir lövhəsidir” (“Tarix dünyası” jurnalı, № 1, il 1, səh. 90).

<< Əvvəli | < Geri