İstiqlal məfkurəsi

Bu basqından sonra ÇEKA Azərbaycan ziyalıları arasında geniş miqyasda həbs və edamlara başlayır. Mirzə Bala İrana sığınmaq məcburiyyətində qalır. Bir müddət İranın sahil şəhəri olan Ənzəlidə yaşayır. Lakin burada da onu sakit buraxmırlar. ÇEKA agentləri tərəfindən təqib edildiyi üçün o Tehrana, oradan da Təbrizə gedir. Həmin illərdə M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdirdiyi “Yeni Qafqaz” jurnalına məqalələr yazır və şəxsi evlərdə müəllimlik edir. Texnikum məzunu olduğu üçün Cənubi Azərbaycanın Sulduz mahalında şosse yolu inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışır.

1927-ci ildə İstanbula gələn Mirzə Bala bütün ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr edir. “Yeni Qafqaz”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “İstiqlal”, “Qurtuluş”, “Azadlıq” (almanca) mətbu orqanlarında “Müsavat” adlı bülletenində, “Azərbaycan” jurnalında bir sıra məqalələr çap etdirir. O, 1932-ci ildə Polşanın paytaxtı Varşavaya gəldikdən sonra da mübarizəsindən əl çəkmir. 1939-cu ildə Polşa Almaniya ilə Sovet İttifaqı arasında gizli bölündüyü zaman Mirzə Bala yenidən İstanbula dönərək “Milliyyət” və “Cümhuriyyət” qəzetlərində Rusiyada əsir olan türklər haqqında məqalələr yazmağa başlayır.

1955-ci ildə Mirzə Bala Münhendə yaradılan Sovet İttifaqını öyrənən instituta dəvət edilərək institutun elmi şurasının rəhbəri seçilmiş və institutda nəşr olunan jurnalın baş redaktoru olmuşdur. 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat etmişdir.

Mirzə Bala ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır. Savadsız bir ailədə anadan olmasına baxmayaraq, Mirzə Bala bəzi ziyalılar kimi bolşeviklərə qoşulsaydı onun yeri ÇEKA zindanları deyil, böyük vəzifələr olardı. Əlbəttə ki, buna imkanı var idi, çünki Stalinin sağ əli olan L.Beriya Mirzə Balanın ən yaxın yoldaşlarından biri idi. O, İranda siyasi mücahir olduğu zaman Beriya öz adamları vasitəsilə ona xəbər göndərərək mübarizədən əl çəkib Azərbaycana dönməsini təklif edir, lakin Mirzə Bala bu təklifi qəbul etmir.

Mirzə Balanın siyasi məqalə və kitablarından başqa “İslam Ensiklopediyasında” çap olunmuş elmi yazıları, “Azərbaycan misaki millisi” (1927), “Milli Azərbaycan hərəkatı – “Müsavat” partiyasının tarixi” (Berlin, 1938) adlı elmi-siyasi əsərləri də vardır. Müsavat partiyasının üzvü olduğu üçün o öz yazılarında partiyanın fikirlərini təbliğ edirdi.

Xarakter etibarilə sərt olan Mirzə Bala haqsız hücumlara məruz qalmışdır. Mühacirətdə belə, yoxsulluqdan qurtara bilməmişdir. Amma bu maddi çətinlik onu mübarizə aparmaq amalından çəkindirməmişdir. Mirzə Bala Azərbaycan azadlıq mübarizəsinin böyük və unudulmaz qəhrəmanlarından biri olmuşdur.

Mirzə Bala Vətəndə olarkən qeyri-leqal Müsavat partiyasının lideri olduğu kimi, M.Ə.Rəsulzadənin vəfatından sonra da xaricdə Müsavat partiyasının lideri seçilmişdir (“Azərbaycan” jurnalı, №12, 1959-cu il mart; Azərbaycan” jurnalı, 1962-ci il, aprel, may, iyun).

AZƏRBAYCAN PARLAMENTİ

Osmanlı dövlətinin məğlubiyyətindən sonra, 1918-ci il oktyabrın 30-da Mudros müqaviləsi imzalandı və bu müqaviləyə əsasən Osmanlı ordusu tərk-silah olundu. Mudros müqaviləsinin 11-ci maddəsində göstərilirdi ki, türk ordusu Qafqazda və Cənubi Azərbaycanda olan ordularını geri çağırmalıdır. Mudros müqaviləsini Türkiyə tərəfdən Rauf bəy və Rəşid Hikmət bəy, müttəfiqlər adından isə Artur Qalthorpe imzalamışdılar. Meydana gələn yeni vəziyyətlə əlaqədar olaraq Azərbaycan hökumətinin nümayəndələri İranda olan və müttəfiqləri təmsil edən ingilis generalı Tomson ilə vəziyyəti aydınlaşdırmaq üçün Ənzəlidə görüşsələr də o, Azərbaycan adında bir hökumət tanımadığını söylədi və danışıq aparmağa razılıq vermədi. Bu hadisə Azərbaycanın siyasi tarixində yeni bir dövrün başlanğıcı oldu.

Bax, belə bir siyasi şəraitdə yenidən ingilis orduları çıxarıldı. İngilis ordusu İranın Ənzəli limanından Bakıya gəlirdi... İngilis ordusu ilə birlikdə rus və erməni silahlı dəstələri də geri dönürdülər. Bakıya gələn silahlı qüvvələri siyasi baxımdan daşnaklar, eserlər, sosial demokratlar, kadetlər təmsil edirdilər. Bakı Türkiyə orduları tərəfindən işğal edildiyi zaman onlar gəmilərlə qaçaraq İrana sığınmışdılar.

Yuxarıda adları çəkilən və Rusiyada hakimiyyətə gələn bolşeviklər, dünyanın hər yerinə yayılmış siyasi qüvvələr Yəhudi sionist partiyasının nümayəndələrilə birləşərək Bakıda “Demokratik müşavirə” məclisi qurdular və bu məclisə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrini də dəvət etdilər. Onlar Azərbaycan hökumətinin ləğv edilməsini və Ufada yaradılan admiral Kolçak hökumətinin ali hakimiyyətini tanımasını tələb edir, bunun əvəzində isə Azərbaycanın siyasi xadimlərinə vəzifələr vəd edirdilər. Siyasi vəziyyət çox gərgin idi. Inamı zəif olan adamlar şayiələrə uymuşdular. Osmanlı dövləti ilə birləşməni təbliğ edən bu zavallılar, bu gün də: “Azərbaycan təkbaşına tək yaşaya bilməz, Rusiya ilə birləşməsi zəruridir”, tezisini müdafiə edirdilər (Rus inqilabi arxivi, cild XIX, səh. 150). Artıq Azərbaycanda baş verən çox çətin böhranlı günlərdə, Əhməd Ağaoğlunun, Azərbaycanın Rusiyaya birləşdirilməsi haqqında Bakıda rusca qəzetə bəyanat verməsi inqilabçı Azərbaycan ziyalıları arasında çox böyük fikir ümidsizliyinə səbəb olmuşdu (“Problem” jurnalı, Paris, 1935).

Belə bir vəziyyətdə Bakı alınmazdan əvvəl İslam ordusunun komandiri Nuru paşa tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Milli Şurası heç bir şayiələrə uymadan 1918-ci il noyabrın axırlarında Bakıda toplaşdı və Azərbaycan parlamentinin yaradılması haqqında qərar çıxardı. 1918-ci il dekabrın 7-də parlamentin açılışında Milli Şuranın rəhbəri M.Ə.Rəsulzadə giriş nitqi söylədi. M.Ə.Rəsulzadənin çıxışı əsasən “ilhaqçılara” qarşı yönəldilmişdi. O, öz nitqini “Bir dəfə yüksələn bayraq, bir daha enməz...” sözlərilə bitirmiş və alqışlarla qarşılanmışdı. Bu toplantıda Azərbaycanın tanınmış siyasi xadimi Əlimərdan bəy Topçubaşov parlamentin sədri seçildi. Azərbaycanın belə bir böhranlı çağında – Bakıda ingilis, rus və erməni silahlı qüvvələrinin ağalıq etdikləri bir vaxtda qorxusuz və inamlı davranışları ilə Azərbaycanın istiqlaliyyətini qoruyub saxlamış Milli Şuranın bütün üzvlərini tarix rəhmətlər və sayqılarla anacaqdır.

Bu tarixdən sonra baş nazir Fətəli xan azadlıq uğrunda apardığı mübarizədə özünə olan inamı, diplomatik qabiliyyəti, dövlətlərarası hüquq qaydalarını gözəl bildiyi üçün bu mübarizədə müvəffəqiyyət qazandı və ən axırda həqiqəti ingilislərə anlatmağa müvəffəq oldu.

Mudros müqaviləsinin 15-ci maddəsi: Bütün dəmir yolları nəqliyyat zabitlərinin ixtiyarına veriləcəkdir. Bununla yanaşı hal-hazırda Osmanlı hökumətinin nəzarəti altında olan Zaqafqaziya dəmir yolları da bura daxildir. İndiki Qafqaz sərhəddi sərbəst və tamamilə İttifaq məmurlarının tabeliyinə veriləcəkdir. Əhalinin ehtiyacı nəzərə alınacaqdır.

Osmanlı hökuməti Bakının işğal olunmasına etiraz etməyəcəkdir. Bura Batuminin işğalı da daxildir.

“Hal-hazırda Rusiya anarxiya içərisindədir. Zaqafqaziyanın rayonlarında, o cümlədən Azərbaycanda xalq yeni yaradılan milli hökumətlərə sakitlik və asayiş içində itaət edib yaşamaqdadır. Əgər müttəfiqlər, ingilis komandanlığı bu milli hökumətlərin həqiqi varlığını tanımazsa Qafqazın bütün şəhərlərində və Azərbaycanda sakitlik və asayiş pozulacaqdır”. Olduqca doğru olan bu siyasi diaqnoz və çıxışdan sonra ingilis generalı Tomson öz hökuməti ilə məsləhətləşərək Azərbaycan Milli Şurasının təşkil etdiyi Fətəli xan hökumətini, Azərbaycanda yeganə qanuni hökumət olaraq tanıyacağını bir bəyannamə ilə Fətəli xan hökumətinə və xalqa elan etmişdir (Milyukov, səh, 225, 28 dekabr 1918-ci il).

Bundan sonra Azərbaycan istiqlal mübarizəsini Qərbdə və dünya dövlətləri arasında tanıtmaq üçün Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında bir nümayəndə heyəti Paris sülh konfransına göndərildi (İslam-Türk ensiklopediyası № 44).

Azərbaycanın əhalisi, fəhlə təşkilatları, həmkarlar ittifaqları, digər sərbəst ixtisasa malik olanlar, ticarət və sənaye palataları, vilayət, qəza, kənd hesablandıqdan sonra parlamentdə 120 millət vəkilinin iştirak etməsi lazım gəldi. Siyasi şəraitin ağır olması, vaxtın azlığı Azərbaycan parlamentində 93-95-dən çox millət vəkili iştirak edə bilməmişdi. Onların parlamentdə yerləri belə idi: Müsavat – 32, Bitərəf demokrat qrupu – 7, İttihad – 11, Sosialist fraksiyası – 11, Əhrar – 10, Müstəqil – 4, erməni fraksiyası – 10, rus fraksiyası – 5, başqa millətlər – 5.

Bitərəf demokrat qrupuna – başda Əlimərdan bəy Topçubaşov olmaqla, Fətəli xan Xoyski, qardaşı Rüstəm xan Xoyski və başqaları daxil idi. Bitərəf demokratik qrupu daim Müsavat partiyası ilə ittifaqda idi. Bolşeviklər Petroqrad və Moskvada silahlı üsyan nəticəsində hakimiyyətə gəldikdən sonra Müəssislər məclisinə seçkilər keçirildi. Müsavat partiyası 634.000 seçicidən 405.000 səs toplamağa nail olmuşdu.

1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə Cənubi Azərbaycandan olan 1500 nəfər fəhlənin səsvermədə iştirak etməsini qadağan olunmasına baxmayaraq “Müsavat” – 8.147 səs, bolşeviklər – 3.883 səs, menşeviklər – 687 səs almışlar (İşxanyan. Zaqafqaziyada inqilab və əksinqilab. Bakı, 1918).

Bütün bunlar Azər xalqının, Bakı əhalisinin və fəhlə sinfinin hansı partiyanın arxasınca getdiyini açıqca göstərir. Bolşevik və menşeviklərə isə əsasən ermənilərlə ruslar səs vermişdilər (W.Woytinski: “Demokratie Georgienne”, Paris 1921-p, 113).

Bütün bunlara baxmayaraq kənardan və daxildən Azərbaycan istiqlaliyyətini baltalamaq, azəri türkünün müstəqil dövlət qurmaq təşəbbüsünü boşa çıxarmaq üçün rus partiyaları əllərindən gələni əsirgəmirdilər. Fətəli xan Xoyskinin üçüncü nazirlər kabinetinin inadı nəticəsində ingilis ordusunun komandanı Tomson, rus və erməni silahlı qüvvələrini Azərbaycan sərhədlərindən kənara çıxartdıqdan sonra, rus partiyaları təşvişə düşdülər. Onlar Azərbaycanın iqtisadi vəziyyətini sarsıtmaq üçün dövlət idarələrində sabotaj edir və azərlərin dövləti idarə edə bilməyəcəklərini sübut etmək istəyirdilər. Demək olar ki, Bakıda yerləşən sənayenin bütün sahələrində çalışan fəhlələrin əksəriyyəti türklər idi. Ona görə də onlar rusların təbliğatına uymadılar. Beləliklə, üsyan baş tutmadı. Bakıda olan xarici müşahidəçilər və ingilis ordusunun komandiri general Tomson gördülər ki, Müstəqil Azərbaycan hökuməti xalqın dərin hörmətini qazanmışdır. 1920-ci ilin əvvəllərində Azərbaycanda fəhlə hərəkatına rəhbərlik etmək üçün gizli surətdə Moskvadan Bakıya göndərilən Zaqafqaziya Kommunist təşkilatının baş katibi Lominadze sonradan nəşr etdirdiyi xatirələrində Bakı fəhləsinin ancaq Müsavat partiyasının arxasınca getdiyini yazırdı (“Şərq qadını” jurnalı, № 17, Bakı, 1925).

Azərbaycan xalqı və yenicə təşkil olunan müstəqil Azərbaycan hökuməti həm daxildə, həm də xaricdə olan düşmənlərlə mübarizə aparır, bir tərəfdən də dövlət üçün lazım olan milli heyətləri yaradırdı. Çarın tərəfdarı general Denikin Şimali Qafqazın, Dağıstanın torpaqlarını hərb gücü ilə və çox qanlı döyüşlər nəticəsində istila etmiş, bir tərəfdən Gürcüstan, o biri tərəfdən də Azərbaycan sərhədlərinə  yaxınlaşmışdı. General Denikin qüvvələri Şimal cəbhəsində bolşeviklər tərəfindən sıxışdırılırdı. Azərbaycan hökuməti bir tərəfdən Şimali Qafqaz və Dağıstan qüvvələrinə Denikinə qarşı vuruşmaqda yardım edir, digər tərəfdən də vaxtilə çar tərəfindən köçürülüb Azərbaycanda yerləşdirilən, “malakan” adı ilə tanınan rus partizanları tərəfindən işğal edilən Lənkəran və Muğan rayonlarını bu daxili düşmənlərdən azad etmək məcburiyyətində qalmışdı. Azərbaycanın daxilində olan rus partizanları bir tərəfdən Denikindən dəniz vasitəsilə yardım alır, digər tərəfdən də bolşeviklər onlara köməklik edirdilər. Azərbaycan ordusu briqada generalı Həbib bəy Səlimovun komandanlığı altında Muğan və Lənkərandakı malakan partizanlarını əzdi, silahlarını əllərindən aldı. Lənkəran və Muğanda Azərbaycan bayrağı qaldırıldı. Bundan sonra növbə Yerevan tərəfdən Azərbaycan hökumətinə qarşı hücuma sövq edilən ermənilərə gəldi.

Milli Müstəqil Azərbaycan dövlətinin ən əhəmiyyətli cəhətlərindən biri, onun tam mənasında hüquqi dövlət olması idi. Milli Şura toplantılarına başladığı zaman Azərbaycan vətəndaşları olan ermənilərdən, ruslardan və yəhudilərdən parlamentə nümayəndələr istəmişdir. Beləliklə, ermənilərdən 10, rus, yəhudi və başqa millətlərdən olanlardan 5 nəfər parlamentə seçilmişdilər (Mirzə Bala, səh. 155). Onlar da az bir vaxt ərzində yola gətirdilər. Bu hadisədən sonra istər hökumətin, istərsə də xalqın öz yeni yaranan milli ordusuna inamı daha da artdı, ölkədə sakitlik və asayiş yarandı. Hərbi nazir, ordu generalı Səməd bəy Mehmandarov Azərbaycan milli ordusuna müraciətində demişdir: “Qəhrəman əsgərlər, mən şəxsən alman cəbhəsində bir çox döyüşlərdə olmuşam, fəqət sizin qədər qəhrəman əsgərlərə az rast gəldim. Siz mənim ümidlərimi doğrultdunuz...” (Polkovnik İsrafil. Azərbaycan ordusu haqqında, “Yeni Qafqaz” № 17).

Azərbaycan Milli Müstəqil hökumətinin yaşadığı 23 ay ərzində yeni dövlət qurmaq yolunda apardığı işlər sözün əsl mənasında böyük işlər idi.

Azərbaycan hökuməti yeni kurslar, məktəblər açaraq məmur yetişdirdiyi kimi, sənətkar olan azərtürklərdən də istifadə edir və Qərb ölkələrinə sənət öyrənmək üçün daha çox tələbə göndərirdi. Ölkə daxilində ixtisas institutları açılır, Azərbaycanda ədliyyə, idarə və polis böyük zəhmət sayəsində yerli kadrlarla təmin edilirdi. Verginin əsası gəlirin artımına görə  tənzim edilmiş, iqtisadi islahata başlanmış və bir də dövlət bankı yaradılmışdı. Kəndlərdə istehsalçı xalqın kreditə olan ehtiyacını ödəmək üçün kredit və əmanət kassaları qurulmuş, ticarətin inkişafına xidmət edəcək banklar və kredit müəssisələri yaradılmışdı.

Milli təhsil baxımından məktəblərdə tədris dili – türk dili qəbul edilmişdi. Dərs kitablarının nəşri üçün maarif nazirliyinin nəzarəti altında tərtib və tərcümə kollegiyası yaradılmış, ölkənin çox yerində müəllim hazırlayan məktəblər açılmışdı. Bunlardan başqa Qərb üslubunda Azərbaycan universiteti yaradılmışdı.

Müstəqil Azərbaycan hökuməti sosial məsələlərin həllini radikal bir şəkildə ortaya qoydu. Hazırlanmış torpaq islahatı layihəsinə görə bütün torpaqlar sahiblərindən pulsuz alınaraq onu əkib-becərən kəndlilərə təmənnasız verilməli idi. Torpaq mülkiyyətinin maksimum miqdarı təyin edildi, yəni torpaq mülkiyyəti məhdudlaşdırıldı. Toqpaq sahibi olan kəndlilərin kredit və başqa ehtiyacları üçün lazım olan tədbirlər görüldü. Beləliklə, çar rejiminin Azərbaycana gətirdiyi rus mədəniyyətinin ölçüsünü, səviyyəsini göstərən təhkimçilik dövründən qalma qanunlar, nizamlar və adətlər kökündən dəyişdirildi.

Azərbaycanda istiqlaliyyət elan edildikdən sonra din dövlətdən ayrılmışdı. Bundan başqa şiəlik, sünnülük din ayrılığı hələ 1905-ci il inqilabından bütün Rusiya müsəlmanlarının Nijni Novqorodda keçirdikləri böyük konfransda Əlimərdan bəy Topçubaşovun təklifi və konqresin qərarı ilə din nümayəndəsinin müfti və imamların konqres qarşısında bir-birilərilə qucaqlaşıb öpüşmələri və hər gün bir yerdə olmaları, yeyib-içmələri ilə aradan qaldırılmışdı. Müstəqil Əlimərdan bəy Topçubaşov dövləti qurulduqdan sonra da bu ənənəyə sadiq qalınmış, hər məzhəbin nümayəndələrindən ibarət “Məşhədu İslamiyyə” yaradılmış, sünni müfti ilə şiə şeyxülislam kənd-kənd dolaşaraq artıq məzhəb ixtilafının mövcud olmadığını xalqa anlatmış, onlara elmi surətdə İslam tarixindən misallar söyləmişdir. Xalq mömin din xadimlərinin nəsihətlərinə inanaraq onları hörmətlə qarşılamışdı.

Azərbaycan milli hökumətində əmək nazirliyi var idi. Fəhlələrin əmək haqqı ən incə mətləblərə qədər onların xeyrinə həll olunur və bu yolda çox radikal qanunlar çıxarılmışdı.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>