İstiqlal məfkurəsi

Hüseyn Baykara

AZƏRBAYCAN MILLI İSTIQLAL MÜCADILƏSI

Ön söz

1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyəti ələ aldılar. Həmin il noyabrın 2 (15)-də “Rusiya xalqlarının hüquq bəyannaməsi” elan olundu. Bəyannamədə qeyd olunurdu: “Çarizm dövründə Rusiyada yaşayan xalqlar sistemli şəkildə bir-birilərinə qarşı vuruşdurulurdu. Bu siyasətin nəticəsi məlumdur: “Bir tərəfdən insan qırğını və talanlar, digər tərəfdən xalqların əsarəti”.

Bu alçaq, bir-birilə vuruşdurma siyasətinə ehtiyac yoxdur və bir daha təkrar edilməməlidir. Bu siyasət Rusiya xalqlarının “azadlıq və ədalət” şəklində birləşmələri ilə əvəz olunmalıdır”.

Xalq Komissarları Soveti bəyannamədə Rusiyada millətlərarası münasibətləri belə ifadə edirdi:
1 – Rusiya xalqlarının bərabərliyi və suverenliyi.
2 – Rusiyada yaşayan xalqlara azadlıq və muxtariyyət verilir. Onlar istədikləri vaxt Rusiyanın tərkibindən çıxa bilərlər.
3 – Bütün milli və milli-dini imtiyazlar və milli məhdudiyyətlərin aradan qaldırılması.
4 – Rusiyada yaşayan, milli azlıq təşkil edən millətlərin və etnik qrupların inkişafı.

1917-ci il dekabrın 16-da Sovet hökuməti Rusiya və Şərqin müsəlman zəhmətkeşlərinə müraciət edərək qərara alır: “Öz milli həyatınızı müstəqil və maneəsiz olaraq qurun. Bu sizin hüququnuzdur. Onu da bilin ki, sizin hüququnuz Rusiyanın bütün xalqlarının hüququ kimi inqilab və onun hakimiyyəti tərəfindən qorunacaqdır”.

Bəyannamənin V.İ.Lenin başda olmaqla Sovet höküməti imzalamışdır. V.İ.Lenin 1918-1919 və 1920-ci illərdə keçirilən müxtəlif konqreslərdə bu haqda dönə-dönə çıxış etmişdir (Dekretı Sovetskoy Vlasti, 1957-ci il, səh. 40. Yejeqodnik Bolşoy Sovetskoy Ensiklopediyi, 1972-ci il, səh. 7).

İnsanları aclığa düçar edən birinci dünya müharibəsinin qızğın çağında Lenin və yoldaşlarının bu yalançı bəyannaməsi milyonlarla çarəsiz və sadəlövh insanlara bir çıxış yolu kimi göründü. Bu yalançı vədlər Rusiya tarixində hələ görünməmiş və eşidilməmişdi. Lenin, xalqının və əsarətdə yaşayan millətlərin keçirdikləri böhranlı vəziyyətlərindən çox yaxşı hali idi.

Rus ordusuna sülh vəd edildiyi halda ölkə daxilində dörd ildən artıq müharibə getmişdi. Kəndliyə torpaq vəd etdikləri halda “kolxoz” adlanan köləliyin yeni bir şəklini yaratdılar, fəhlələrə “fabrik və zavodların sahibi olacaqsınız” deyildiyi halda, onlar adi tətil hüququndan belə məhrum edilmişdilər. Bu şüarlar bolşevikləri hakimiyyətə gətirdi. İndi isə onlara hakimiyyətdə qalmaq üçün rusların əsarəti altında yaşayan millətləri ələ almaq lazım idi. Azadlıq, ədalət gözləyən əsir millətləri, bu vədlərlə bolşevik inqilabı aclığa, ölümə, sürgünə, kütlə halında qırğına aparacaq, milyonlarla insan məhv olacaqdı. Ancaq bütün bu zülm və terrorun adı, rus siyasi terminologiyasında “qurtuluş” olacaqdı...

Yaxın illərdə dünya ictimaiyyəti, rusların Şərqi Almaniyada, Macarıstanda, Çexoslovakiyada apardıqları “azadlıq mübarizəsinin”, rus tanklarının Polşanı yenidən, ikinci dəfə “azad etməsinin”, Berlin “divarı” hadisəsinin şahidi olacaqdı.

Bütün bunlar dünya ictimaiyyətinə yaxşı məlum olduğu üçün üzərində durmaq istəmirik. Amma bəzi hadisələri qısaca da olsa söyləmək lazım gəlir.

Rus yazıçılarından Tolstoy, Dostoyevski və onların müasirləri çar rejiminə üsyan bayrağı qaldırmış, istismar olunan xalqların hüquqlarını müdafiə etmişlər. İndi isə Pasternak, Soljenitsın, Sinyavski, Saxarov və başqaları bolşeviklər tərəfindən haqsızlıqlara düçar olan sovet xalqlarının həyatını öz əsərlərində əks etdirirlər. Bu nəslin köhnə çar dövrü və kapitalist burjua quruluşu ilə heç bir əlaqəsi yoxdur. Onlar Sovet dövlətinin yetişdirmələridir. Onlara əhəmiyyətsiz bir nəsil kimi baxılmamalıdır. Bu yazıçılar, tezliklə əsarət gətirən quruluşların ləğv olunacağını xəbər verən, yarım əsrdən daha az bir dövrün yetişdirdiyi və xalqın etiraz səsini əks etdirən fədailərdir. Başqa millətlərdən də öz haqqını, hüququnu müdafiə edən, bu yolda canını belə qurban verən fədailər az deyildir. Ancaq onların səsi, şovinistlərin qurduğu “dəmir pərdəni” aşıb bizə və dünyaya çatmır.

Artıq əsarətdə yaşayan millətlər başa düşmüşlər ki, istər çar rejimi, istər bolşevik, istərsə də menşevik və ya eser olsun, onların heç birindən azadlıq, qurtuluş gözləmək olmaz. Plexanov və Martovun təmsil etdiyi rus sosial-demokrat partiyasının proqramında əsarətdə olan millətlərin heç bir hüququ tanınmır (Milyukov. Rossiya na perelome. Paris, 1922, səh. 218-219).

1906-cı ilin yanvarında eserlərin konqresi keçirilir. Onlar proqramlarında göstərirlər ki, başqa millətlərə bəzi güzəştlər veriləcəkdir. Amma 1917-ci il fevral inqilabı zamanı Kerenski verdikləri vədləri tamamilə unudur (Proqramma Partiyi Sotsialistov Revolyutsionerov, 1911, səh. 7).

Qubnerin coğrafiya statistikası tablosuna görə 1925-ci ildə dünyada 68 müstəqil dövlət var idi (Prokoviç. Ob ekonomiçeskix osnovax natsionalnoqo voprosa. Praqa, 1927, səh. 10). Birləşmiş millətlər təşkilatının 25 illiyi qeyd olunduğu zaman, müstəqil dövlətlərin sayı artaraq 130-a çatmışdır. Yarım əsr ərzində dünyada müstəqil dövlətlərin sayı çoxaldığı halda Rusiyada yaşayan xalqlar, o cümlədən türklər müstəqil dövlət yarada bilməmişlər.

Son illər daha çox aydın olur ki, Sovet İttifaqında yaşayan xalqların hüquqlarına hörmət olunmur.

Nəşr etdirmək istədiyim “Azərbaycan istiqlal mübarizəsi tarixi” adını daşıyan bu kitab səkkiz illik zəhmətinin məhsuludur. “XIX əsrdə Azərbaycanda yeniləşmə hərəkatları” adlı ilk kitabım 1966-cı ildə Türk kültürünü araşdırma institutu tərəfindən nəşr olunmuşdur. Azərbaycan haqqında, Azərbaycandan kənarda bu mövzuda kitab yazmaq çox çətindir. Çünki bəzi kitabları, məlumatları əldə etmək lazımdır. Başqa maneələrdən isə danışmaq istəmirəm. Kitabımda bəzi qüsurların olduğuna da etiraz etmirəm. Ancaq onu demək istəyirəm ki, kitabı oxuyanlar Azərbaycan azadlıq mübarizəsi haqqında məlumat əldə edəcəklər. Kitabda misal gətirdiyim bəzi əsərlərin Sovet İttifaqında nəşr olunması qadağan edilmişdir. Sovet İttifaqında çalışırlar ki, başqa millətlər öz keçmişini unutsunlar.

Demək olar ki, Azərbaycanın inqilabdan əvvəl keçdiyi yol heç də sovet tarixçiləri tərəfindən düzgün işıqlandırılmır. Mənim kitabda qeyd etdiyim bir çox hadisələr, sənədlər Azərbaycan tarixində öz əksini tapmamışdır.

Bütün nöqsanları ilə birlikdə nəşr etdirdiyim “Azərbaycan mədəniyyət tarixi” ilə “Azərbaycan istiqlal mübarizəsi tarixi” adlı kitablarım Azərbaycan azadlıq mübarizəsinin əlifbasıdır. Gələcəkdə Azərbaycanda bu mövzuda daha sanballı əsərlər yazılacaqdır. Azərbaycan xalqının keçmişini, onun azadlıq mübarizəsini öyrənənləri zaman özü yetişdirəcəkdir. O zaman gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Beləliklə, bu kitabları mənə yazdıran səbəblər bunlardır.

Kitabı yazdığım zaman bəzi dostlarım məni qınayırdılar: “Bura bax, sən kiminlə mübarizə aparırsan? Görürsən, ABŞ-ın prezidenti Ford Vladivostoka Brejnevi ziyarətə gəlir”. Apardığım araşdırmalardan belə nəticəyə gəldim. Tarixdə gözlənilməyən hadisələr çox olur. Sabahın tarixində də belə hadisələr olacaqdır. Ikinci dünya müharibəsinin qalibləri ingilislər və amerikalılar Fələstin torpağında yəhudilər üçün İsrail dövləti yaratdılar. Bu tarixi hadisə Amerikanı və Qərb dünyasını XIX əsrin ikinci yarısında neft böhranına sürüklədi və ingilislərin eqoist və zülmkar imperiyasını alt-üst etdi.

Birinci dünya müharibəsində alman baş qərargahı Leninin İsveçrəyə getməsinə yaxından köməklik göstərdi. İsveçrədən Rusiyaya geri dönən Lenin köhnə quruluşu yıxaraq yeni dövlət – Sovet dövləti yaratdı. Almanlarla rus xalqını təhqir edən Brest-Litovsk müqaviləsini imzaladı, almanlar elə zənn etdilər ki, istədiklərinə nail olmuşlar. Lakin Leninin qurduğu Sovet dövləti Brest-Litovsk müqaviləsindən 25-26 il sonra nəhəng Almaniya dövlətini ikiyə, Berlini isə dörd hissəyə böldü.

Gördüyümüz kimi tarixin qəribə hadisələri olur.

Sovet İttifaqında, əvvəlki kitabımızda qeyd etdiyimiz kimi 130 milyon əhali yaşayırdı. Hər halda bu qədər əhalinin hamısı sovet rejimindən razı ola bilməzdi. Hətta, kommunistlərin içində də bu quruluşdan narazı olanlar vardır. Artıq xalq, əsasən gənclər kommunizmə inanmırlar. Leninin vəd etdiyi kommunist cənnəti iflasa uğramışdı. Bu gün Sovet İttifaqında yaşayan 250 milyon əhalinin hüquqları Moskvanın Kreml sarayında oturan şovinistlər tərəfindən kobudcasına pozulmaqdadır. Görəsən bu vəziyyət nə vaxta qədər davam edəcək? Bax, əsl məsələ budur...

Hər zaman söylədiyim və yazdığım kimi rus inqilabı bitməmişdir.

Rus inqilabının səhnəsində yenə bir neçə əhəmiyyətli seans oynanılacaqdır.

Kitabın bir neçə yerində qeyd etdiyim kimi Azərbaycan azadlıq mübarizəsinin panislamizm, pantürkizmlə heç bir ideoloji əlaqəsi yoxdur. Hər bir demokratik respublikada olduğu kimi vaxtı ilə Azərbaycanda da belə partiyalar olmuşdur. Indi isə bu partiyalara və proqramlara ancaq tarix səhifələrində rast gəlmək olar.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Azərbaycan azadlıq mübarizəsi ikinci dünya müharibəsinə qədər gizli şəraitdə davam etmişdir.

Beləliklə, Azərbaycan xalqının 20 ildən artıq apardığı mübarizəyə heç bir dövlət kömək göstərmədi.

1970-ci ildə Brejnev, Qreçko və Andropov Bakıya gələrək Azərbaycan Sovet Respublikasının (işğalının) 50 illiyində iştirak etdilər. Brejnev bolşeviklərin Azərbaycan xalqına bəxş etdiyi əbədi azadlıqdan (?) ağız dolusu söhbət açdı...

Öz müasirləri ilə birlikdə mübarizədə iştirak edən bir istiqlalçı üçün öz xalqının köləlik tarixini yazmaq olduqca çətindir. Bununla belə o, xalqının müstəqillik əldə edəcəyinə ürəkdən inanır.

Bu kitabı yazıb başa çatdırmaq məndən çox böyük cəsarət və dözüm tələb edirdi. Çünki həm yaşım, həm də səhhətim buna imkan vermirdi. Kitabda olan bəzi nöqsanlar üçün heç kimi qınamıram. Çünki, mövzu Türkiyə mətbuat aləminə o qədər yabançıdır ki...

Kitabımı bitirərkən Azərbaycan azadlıq mübarizəsinin məlum olan və olmayan əziz şəhidlərinə ulu tanrıdan daha çox rəhmətlər arzulayıram. Əziz və müqəddəs şəhidlər, mübarizəmiz bundan sonra da davam edəcəkdir.

Hüseyn Baykara
ŞİŞLİ – İSTANBUL
28.05.1975

ŞİMALİ AZƏRBAYCANIN COĞRAFİYASI VƏ İQTİSADİYYATI

Şimali Azərbaycan Qafqazın cənub-şərq hissəsini əhatə edən və SSRİ-yə daxil olan on beş respublikadan biridir. Bu ölkə şərqdən Xəzər dənizi, şimaldan Dağıstan, şimal-qərbdən Gürcüstan, cənub-qərbdən Ermənistan respublikası, cənubdan isə Cənubi Azərbaycan ilə həmsərhəddir. Keçmiş Rusiya imperiyasında Bakı və Gəncə vilayətləri, Yerevan vilayətinin Zəngəzur və Şərur qəzaları, keçmiş İlisu xanlığını təşkil edən Zaqatala rayonu Şimali Azərbaycan ərazisini təşkil edirdi. Bununla bərabər, Xəzər dənizi sahilində yerləşən Abşeron yarımadası, Nargin və Vulf adaları, Qızılağac körfəzindəki Sarı ada, Duvan və bir çox kiçik adalar da Azərbaycana aiddir. Azərbaycan Respublikasının 1919-cu ildəki statistik məlumatına görə Şimali Azərbaycanın ərazisi 94,137 km2-dir . Deməli, müstəqil Azərbaycan Respublikası SSRİ-nin tərkibinə daxil olduqdan sonra ərazisi kiçilmişdir. Çünki, ərazi üzərində bəzi dəyişikliklər edilmişdir. Qarayazı ilə Borçalı mahalı Gürcüstana, Qazaxın bir hissəsi ilə Zəngəzur qəzası Ermənistana verilmişdir. Naxçıvan isə Azərbaycanın tərkibində qalaraq muxtariyyət almışdır.

Orta əsr islam tarixçi və coğrafiyaçılarının Şirvan, Arran, Muğan, Alban adlandırdıqları ölkələr sonralar Azərbaycan ünvanı altında toplanmışdır. Bir çox təbii və bəşəri xüsusiyyətlərə malik olan Şimali Azərbaycan müxtəlif dövrlərdə gah İranın, gah Osmanlı dövlətinin, 1828-ci ildən etibarən isə tamamilə rusların idarəsi altında qalmışdır. 1917-ci il rus inqilabından sonra, yəni 1918-ci ilin mayında milli, müstəqil Azərbaycan Cümhuriyyəti elan edildi. İki ildən sonra Şimali Azərbaycan Qızıl Ordunun gücünə SSRİ-yə daxil edilmişdir.

Azərbaycan torpaq strukturu etibarilə bir-birindən fərqli müxtəlif təbii ərazilərə ayrılır. Şərq hissəsi düzənlik, qərb, cənub-qərb hissəsi isə zirvələri qarla örtülü yüksək dağlar, yaylalardan ibarətdir. Azərbaycanın şimal hissəsini Abşeron yarımadasındakı kiçik təpələrə söykənən Qafqaz dağlarının cənub-şərq ucu təşkil edir. Abşeron yarımadasında daşlı və alçaq ovalıqlarla yanaşı ara-sıra bəzi təpələr də yüksəlir. Yarımadanın müəyyən ərazisində böyük iqtisadi əhəmiyyətli neft yataqları vardır. Qaynar suları, yanar qazları ilə zəngin olan bu ərazi bir atəş yurdudur. Burada yer titrəmələri əskik olmur. Ərazidəki kiçik adaların əksəriyyəti bu titrəmələr zamanı yeraltı təzyiqlər nəticəsində yüksələrək, dəniz üzərinə qalxmışdır. Bu zonaya Bakı, Quba, Şamaxı ilə yanaşı Nuxa və Zaqatala qəzalarının şimal hissəsi də daxildir. Mərkəzi hissəsini bütün məmləkət boyunca uzanan Kür ovalığı təşkil edir. Kürün hər iki tərəfi geniş çöllərdən ibarətdir. Muğan, Qarabağ, Şirvan, Acınohur, Şirak və Borçalı çöllərini əhatə edən bu ərazidə su az olduğu üçün bitki örtüyü olduqca seyrəkdir. Ərazi Mingəçevirdə, Kür çayı üzərində tikilən bəndlər vasitəsilə suvarılır. Bu ərazinin Xəzər dənizi sahillərinə yaxın hissəsində dəniz səviyyəsindən 26 metr alçaq olan yerlərə, böyük çöküntülərə təsadüf edilir. Bu ərazi Kür və Araz çaylarının gətirdiyi münbit torpaqla örtülüdür. Buraya Qazax, Ağdam, Ağdaş, Salyan, Şamaxı, Nuxa, Zaqatalanın cənubu, Şamxor ilə Gəncə qəzalarının şimal hissəsi daxildir. Azərbaycanın cənub-qərb hissəsinin Qafqaz dağları əhatə edir. Kiçik Qafqaz dağları Qarabağdan Salyana qədər Kür çayı boyunca əzəmətli bir dağ silsiləsi halında yüksəlir. Bu zonaya Dağlıq Qarabağ, Cəbrayıl qəzası, Şamxor və Gəncə qəzalarının cənub hissəsi daxildir. Lənkəran istiqamətində Azərbaycanın cənub-qərb hissəsi Talış sıra dağlarının şərq yamacları ilə əhatə olunmuşdur. Lənkəranın arxasından yüksələn Talış dağları cənubda İranın Gilan vilayətinə qədər uzanır. Bura Azərbaycanın ən çox yağıntı düşən, yayı isti olan məhsuldar zonasıdır.

İrəli > | Sonu >>