İstiqlal məfkurəsi

ORTAQ TÜRKCƏ CƏRƏYANI: TƏ ŞƏ KKÜLÜ, TƏKAMÜLÜ, TƏNƏZZÜLÜ

Əziz oxucu! Sizə təqdim olunan bu kitaba böyük Ziya Göyalpın olduqca məşhur iki misrasını ad seçdik:

Turanın bir eli var,
Və yalnız bir dili var!

Söhbət bütün türklər üçün vahid dil məsələsindən gedir, ancaq bu ideya və hərəkat Ziya Göyalpla başlamır və Ziya Göyalpla bitmir. Sadəcə olaraq, Ziya Göyalp bu hərəkatın ən görkəmli, ən məşhur nümayəndələrindən ancaq biridir və mühüm bir dövrün əhvali-ruhiyyəsini bu iki misrada olduqca dəqiq ifadə edib...

****

Ortaq türkcə, yaxud ümumtürk ədəbi dili, türk xalqları üçün vahid dil ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20-30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçmişdir. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii nəticəsi olaraq meydana gəlmişdi.

Türk soyları arasında vahid ortaq әdәbi dilin zәruriliyi ideyasi ilk dәfә XIX yüzilin 80-ci illәrindә İsmayıl Qaspıralı tәrәfindәn irәli sürülmüşdü. Məlum olduğu kimi, bu hərəkat sonra bütün türk dünyasını bürümüş, Azərbaycanda da tərəfdarlar qazanmış, xüsusən Azərbaycan romantikləri tərəfindən geniş təqdir edilmişdir. Bütün türk dünyasında olduğu kimi, Azәrbaycan romantiklәri arasında bu ideyanın yayılmasında da әn güclü ideya qaynağı İsmayıl bәyin çalışmaları vә mülahizәlәri olmuşdur. Tәkcә Azәrbaycan türkçülәri arasında deyil, bütün Türkiyә vә Rusiya türkçülәri arasında ortaq türk dilinin yaranması yolunda çalışmalar İsmayıl bәyin güclü tәsiri altında rәvac tapmışdır. Sədri Maqsudi yazır: “İsmayıl bəy bütün türklər üçün ümumi ədəbi dil lüzumunu hər kəsdən əvvəl anlamış və iləri sürmüş bir mütəfəkkirdir. Yazıçılıq həyatının ta başından sonuna qadar bütün Türklər üçün ümumi bir ədəbi dil gərəkliyi fikrini nəşr etməyə çalışmışdır”.

Umumtürk әdәbi dili probleminin ortaya atılması göydәndüşmә, әsassız, tәsadüfi bir mәsәlә deyildi. Bu məsələnin ortaya atılması, hər şeydən öncə, İsmayıl bəy Qasprinskinin fəaliyyət göstərdiyi dövrün tələbləri ilə şərtlənmişdi. Ruslaşdırma siyasətinin acı nəticələrinə sinə gərmək, türk millətinin milli varlığını qorumaq üçün İsmayıl bəy Qasprinski bu ideyanı irəli sürmüşdü. Və bu ideyanın kökləri türk tarixinin dərinliklərinə gedib çıxırdı. Ümumtürk әdәbi dili, yaxud türki min ilә yaxın tarixi olan bir gerçәklik idi. Bu dil orta әsrlәr boyunca- IX әsrdәn XVII-XVIII әsrlәrә qәdәr türk tәfәkkürünün ifadә vasitәsi olmuş, getdikcә mәhәlli şivәlәrә ayrılmış, bu prosesin dәrinlәşmәsi sonucu olaraq tәnәzzülә uğramışdır. M.Kaşğarlının “Divani-lüğәtit-türk”, Yusif Balasaqunlunun “Qutadqu-bilik”, Yasәvinin “Divani-hikmәt”, Әbülqazi xanın “Şәcәreyi-tәrakimә”, Nәvainin, Hәsәnoğlunun, Әlinin, Qazi Bürhanәddinin, Nәsiminin, Hәqiqinin, Hәqirinin, Kişvәrinin, Xәtainin, Füzulinin, Әmaninin ... vә yüzlәrcә sәnәtkarların әsәrlәri, saysız yazılı abidәlәr bu dildә qәlәmә alınmışdı. İsmayıl bəy Qasprinski başda olmaqla, türkçülәr bu tarixi dil tәzahürünә arxalanıb onu yenidәn bәrpa etmәk, qüdrәtli türk mәdәniyyәtinin dilinә çevirmәk, bu dilin bütün türk soyları tәrәfindәn anlaşılmasına nail olmaq istәyirdilәr.

Qaspıralıya görә, millәtin kimliyi onun dilindәn başlanırdı vә türk xalqları bir-birini gәrәyincә tanımaq, sevmәk, öz milli mәnliyini dәrk etmәk üçün, vahid, güclü millәtә çevrilmәk üçün mütlәq vahid dildә- ümumtürk әdәbi dilindә qonuşmalıdırlar. Belә bir amal Rusiya vә Türkiyә türklәri arasında canlanan ortaq türk dili yaratmaq düşüncәsinin ideoloji zәmininә çevrildi.

“Dildә birlik” şüarını ilk olaraq ortaya qoyan, onu reallığa çevirmәk yolunda ömrü boyu mübarizә edәn әn böyük şәxsiyyәt İsmayıl bәy idi. Onun fikrincә, bir millәtin bir dili olmalı idi -bu dil isә reallıqda yox idi. Eyni soya malik türklәr tarixi sәbәblәr üzündәn ayrı-ayrı şivәlәrdә danışırdılar. Bir-birlәrini anlamaqda çәtinlik çәkirdilәr. “Ümumi әdәbi dili olmayan millәt, millәt sayılmır. Türk övladlarından olan tarançı, sart, özbәk, qırğız, qumıq, noqay, Azәrbaycan vә s. tayfalar türkcә qonuşduqları halda şivәlәri başqadır. Bir-birlәrini güclüklә anlarlar. Bu hal birlәşmәyә, birliyә, bilgilәrin, elmlәrin hәr kәscә duyulmasına, tәrәqqiyә, әdәbiyyata, dostluğa vә kaynaşmaya әngәldir. Binaәleyh, әn әvvәl vә әn ziyadә hәpimiz üçün ehtiyac vә lüzumә olan ümumi lisan, әdәbi türkcә dildir”( 1, 1906, 15 mart, № 26).

O, bütün ömrünü bu idealın gerçәklәşmәsi yolunda sәrf etdiyini özü dә etiraf edirdi. 1906-cı ildә ”Tәrcüman” qәzetindә yazırdı: ”Ömrümüzün işi olan tövhidi-lisan mәsәlәsindә biz bir nöqtә geri çәkilmәdik vә çәkilmәyәcәyiz...Dil birliyi, ümumi vә әdәbi dil lüzumu felәn hakim oldu. Ümummüslüman birliyi toplantısında görüşmәlәr türk dili ilә yapıldı. Hәr tәrәfdәn gәlәn xalqların anlaşması bu dillә mümkün oldu. Milli birlikdә qәrarlar olduqca türk dili ilә yapıldı. Bu sәnә yerli şivә qullanan yazarlar 9 ayda 90% türklәşdi. 20 müxtәlif qәzetәnin çıxdığı bu il “Tәrcüman”ın müştәrisi heş azalmayıb bәzi yerlәrdә artması dil birliyi işinin millәt nәzәrindә qәti qәbulunun bir dәlilidir. ”Tәrcüman”ın ümumi millәtin tәrcümanı olduğuna şübhә qalmır. Yaşasın millәt! Yaşayacaqdır bu millәt! Çünki anladı ki, dil birliyi fikir vә әdәbiyyat birliyini mücib olub, bu isә iş vә әmәl vә hәrәkәt birliyini doğurub qurtuluş sәbәbi olacaqdır ( 1, 1906, 18 dekabr).

Qaspıralı özünün “dildә, fikirdә, işdә birlik” şüarını “Tәrcüman “vasitәsi ilә hәyata keçirirdi. Nәşr olunduğu 35 il (1883-1918) әrzindә bu qәzet dünyanın müxtәlif guşәlәrindә yaşayan türk xalqlarını birlәşdirmәyә, yüksәltmәyә çalışan әn ünlü türkçü vә islamçı yayın orqanı oldu. 1903-cü ilә qәdәr isә Rusiya әsiri türklәrin yeganә anadilli mәtbu orqanı idi. İsmayıl bәyin fikrincә, dillәri birlәşdirmәk yolunda bütün türklәrin anlayacağı dildә basılan yayın orqanı әn qüdrәtli vasitә olmalıydı. Ümumiyyәtlә, o mәtbu orqanların yerli şivәlәrdә basılmasının әleyhinә çıxırdı vә onların elә bir dildә nәşr olunmasını istәyirdi ki, onu harada yaşamasından asılı olmayaraq bütün türklәr oxuyub anlasınlar. Onun fikrincә, ”Tәrcüman” qәzetı Baxçasaraydan ta Kaşğara qәdәr oxunduğu, yәni anlaşıldığıl lisanәn birlәşmәnin mümkün olduğuna böyük dәlildir” (1, 1906, 15 mart).

Dil birliyi İsmayıl bəyin “Dildə, fikirdə, işdə birlik!” şüarının ilk məramı idi ki, o, bütün fəaliyyətini bu ideyanın reallaşmasına sərf etmişdi.

Əhməd Ağaoğluyazırdı ki:"Tərcüman"ın lisanı Kazandan Kafkaziyaya, Kırımdan Türküstana qədər anlaşılırdı. Bu əzim bir məharətdi. Bununla mərhum düsturunun birinci şıkkını icra etmiş bulunurdu. Türklər hər yerdə onu anlamaya başlamışlardı”(2 , s.2409).

Əslində isə İsmayıl bəy Qasprinskinin dil birliyi yolunda çalışmaları "Tərcüman" qəzetindən də əvvəl başlanmışdı, o, hələ “Tonquç”da yazırdı ki: “Muradımız dilimizi ilərlətməkdir”(3, s.70).

Ziya Göyalp İsmayıl bәyi Rusiyada yetişәn iki böyük türkçüdәn biri adlandıraraq yazırdı ki, ”Tәrcüman” qәzetini şimal türklәri anladığı qәdәr Qәrb türklәri dә anlayırdı. Bütün türklәrin eyni dildә birlәşmәlәrinin mümkünlüyünә bu qәzetin varlığı canlı bir dәlil idi” (4, s.27). İsmayıl bәy bütün dünya türklәrinin, müsәlmanlarının geriliyinin, cәhalәtinin sәbәblәrini araşdırmış, bu qәrara gәlmişdi ki, türk millәtinin nicatı onun birliyindәn, birliyә gedәn yol isә dil birliyinin yaranmasından başlanır. ”Türk millәtinin pәrakәndә düşüb Sәddi-Çindәn Ağ dәnizә qәdәr yayıldığı halda nüfuzsuz, sәssiz qaldığı lisansızlıqdan, yәni lisani-ümumiyә sahib olmadığından irәli gәlmişdir. Bu inanış ilә ömr etdim, bu inanışla mәzara girәcәyәm” (1, 1906, 15 mart, № 26).

Həqiqətən də, İsmayıl bəy ilk məqaləsindən son məqaləsinə qədər bu ideyanın təbliği yolunda çalışmışdır. Və bu yolda Çar hökumətinin hakim dairələrinin təhlükəli düşməninə çevrilmişdi.

“Dildə, fikirdə, işdə birlik!” şüarının naşiri olan İsmayıl bəy Qasprinski bütün zahiri hörmətə, izzətə baxmayaraq rus hökumətinin nəzərində təhlükəli bir şəxs idi və onun yürütdüyü üsuli-cədid hərəkatı ən azı rəhbər tutduğu, yuxarıda xatırlatdığımız şüara görə, rus hökumət dairələrinin, eləcə də köhnəpərəstlərin güclü təzyiqi ilə qarşılaşırdı. Təsadüfi deyildi ki, İsmayıl bəyin üsuli-cədid məktəbləri üçün yazdığı, bütün Rusiya müsəlmanları üçün nəzərdə tutduğu “Xocayi-sibyan” dərsliyi, “alfabe və ilk qiraət” kitabları Azərbaycana burakılmaması üçün jandarma idarəsi tərəfindən tədbirlər alınıyormuş. Həqiqətən də, İsmayıl bəyin alfabesi Azərbaycana burakılmamış, onun yerinə rus misyonerlərindən Çernyayevski saf azəri şivəsi üzərinə, yenə yeni metod ilə “Vətən dili” adı altında alfabe və ilk qiraət kitabı yazmışdı” (5, s.25).

Əlbəttə, bir Kırım türkünün yazdığı dərsliyi Azərbaycan türkünün də oxuması özlüyündə çox şey deyirdi, ən azı onların dil birliyinin əyani təsdiqi idi. İsmayıl bəy Qasprinski özü də bu həqiqəti gözəl bilirdi və bu ideyanın gerçəkləşməsi üçün az əmək sərf etməmişdi.

İsmayıl bəy Qasprinski fəaliyyətinin bütün dövrlərində rus hökumətinin nəzərində təhlükəli idi, onun üsuli-cədid yolundakı çalışmaları belə dəyərləndirilirdi: “..bu okullar davam etdiyi təkdirdə nəticə Panislamizm (islam birliyi) olmaqla qalmayacaq, pantürkizm (türk birliyi) və hətta pan Asyatizm (Asiya birliyi) olacaqdır” (6, s.71).

Rus hökuməti İsmayıl bəy Qasprinskinin adı gələndə bu yuxarıda adı çəkilən anlayışların təzahüründən qorxurdu və qismən haqlı idi. Çünki İsmayıl bəy Qasprinski bütün fəaliyyətini türk millətinin, Rusiya müsəlmanlarının oyanmasına, milli mənliyini dərk etməsinə həsr etmişdi, bu özünüdərk isə, təbii ki, rus hökumətinin xeyrinə deyildi və bütün bunlara görə İsmayıl bəy Qasprinski rəsmən Rus hökumətinin düşməni elan olunmuşdu. “1919-cu ildə “Kazan rus misyonerləri qurultayı” İsmayıl bəyi həqiqi Rus düşməni və rus əleyhdarı olaraq rəsmən elan etmişdir” (7, 1933, sayı 15, s.132).

Hələ 1880-ci illərdə Peterburq senzura komitəsinin Rusiya müsəlmanlarının mədəni həyatı üzərində müşahidələri əsasında baş senzor M.Smirnov geniş məruzə hazırlamışdı. “Daxili işlər nazirinin polis departamenti M.Smirnovun məruzəsi əsasında geniş təliqə hazırlayıb 1900-cü ilin 31 dekabrında bütün quberniyalara göndərdi. İyirmi il ərzində Rusiya müsəlmanlarının həyatında əmələ gələn tərəqqi hərəkatının başlıca xüsusiyyətlərini təhlil edən polis departamenti bunda mütləqiyyət quruluşu üçün bir təhlükə əlaməti görürdü” (8, s.104).

Hökumət bütün bu dəyişikliklərin və mütləqiyyət üçün təhlükənin başlıca səbəbini İsmayıl bəy Qasprinskinin “Xocayi-sibyan” dərsliyi ilə əlaqələndirirdi. İsmayıl bəy Qasprinski özü də bu dərsliyin əhəmiyyətini gözəl bildiyi üçün 1891-ci ildən "Tərcüman" qəzeti abunəçilərinə həm də “Xocayi-sibyan” dərsliyini hədiyyə olaraq göndərirdi (1, 11 iyun, 1891). Polis departamenti belə hesab edirdi ki, xalq arasında maarifi yaymaq şəklində meydana çıxan intibah qısa müddətdə vətəndaşlıq hüququ ilə əlaqədar bütün məsələləri əhatə edərək, “bütöv əqli və ictimai hərəkata” çevrildi”(8, s.105).

Qısa desək, hökumət maariflənmiş müsəlmanların öz hüquqlarını dərk edəcəyindən, ayılıb mübarizəyə qalxacağından bərk ehtiyat edirdi və buna görə də həmin tarixdən bütün Rusiya müsəlmanları arasında məktəblərdə hansı dərsliklərin oxutdurulması, həmin məktəblərdə dərs deyənlərin dünyagörüşü, milli meylləri ciddi nəzarətdə saxlandı. Bu barədə prof. X.Məmmədov “Əkinçi”dən “Molla Nəsrəddin”ədək adlı dəyərli tədqiqatında arxiv materiallarına əsaslanaraq ətraflı bəhs etmişdir.

Məsələn, həmin təliqədə üsuli-cədid məktəbləri haqqında deyilirdi: “Tabeliyinizdə olan rayonda yeni üsul məktəblərinin harada, kim tərəfindən açıldığını, müəllimlərin kim olduğunu və bu məktəblərin kimlərin idarə və nüfuzu altında olduğunu aydınlaşdırın”(8, s.105).

1905-ci il 17 oktyabr manifestindən sonra bütün Rusiya müsəlman mətbuatı kimi, "Tərcüman" qəzeti də söz azadlığı əldə etmişdi və ilk növbədə məşhur şərqşünas, var qüvvəsi ilə qeyri-rus millətlərin ruslaşdırılmasına xidmət etmiş N. İ. İlminskinin (1822-1891) Rusiyanın məşhur dövlət xadimi, sinodun baş prokuroru K. P. Pobodonetsevə (1827-1907) yazdığı və 1898-ci ildə Kazanda ayrıca 400 səhifəlik məcmuə halında nəşr olunmuş məktublarından "Tərcüman" qəzeti, İsmayıl bəy Qasprinski ilə bağlı məqamlar tərcümə edilərək qəzetdə “Məktubati-xəfiyyə” adı ilə yayınlanmışdı. İsmayıl bəy Qasprinski özü "Tərcüman" qəzetinin uzun illər ərzində hansı maneələrə sinə gərdiyini, şovinistlərlə necə mübarizə apardığını anlatmaq üçün bu məktubların nəşrini məsləhət bilmişdi və bəzən qəzetin baş məqalələrində də həmin məktubları xatırlatmalı olurdu. Həmin məktublarda rus hakim dairələrinin İsmayıl bəy Qasprinskiyə, "Tərcüman" qəzetinə məhz dil birliyi siyasəti yürütdüyü üçün necə düşmən münasibəti bəsləmələri, onu necə təhlükəli şəxs saymaları açıq-aydın görünür. İlminski məktublarından birində yazırdı: “Bu adam bütün Rusiya müsəlmanlarını birlik və ittifaq halına qoymaq məsləkindədir. Kırım və Qafqaziyayı, Mavərənnəhri bir araya qatışdıracaqdır... Rusların gözünə toz səpir. Bunlar bir bulud isə, çoxaldıqca toplaşıb ildırım və atəş çıxardacaqları unudulmamalıdır” (1, 1905, №108). İlminski türk millətinin bütövlükdə, tam, bölünməz halda yaratdığı tarixi xarüqələri gözəl bilirdi və buna görə də var qüvvəsi ilə türk birliyinin qarşısını almaq, bu yolda görülən işləri, ilk növbədə isə İsmayıl bəyin "Tərcüman" qəzetini qapatmaq istəyirdi. İlminski İsmayıl bəy Qasprinskidən, onun məsləkindən dönə-dönə böyük təhlükə kimi bəhs edirdi, bunun başlıca səbəbi isə İsmayıl bəyin dil sahəsində yürütdüyü siyasət idi. Həmin məktublardan bəzi sətirləri xatırlatmaq istəyirik. “"Tərcüman" qəzeti mühərriri İsmayıl bəy Qasprinskinin hiyləgərliyinə diqqətinizi cəlb etmək istəyirəm. Bu adamın üç mətləbi vardır: birincisi Rusiya müsəlmanlarına islamiyyətə müvafiq maarifi nəşr etmək;
saniyən, Rusiyaya tabe dürlü şivələri olan türk tayfalarını birləşdirmək, ittihad etdirmək (məsələn, german ittifaqı kimi);
və salisən cümlə türk tayfalarına osmanlı dilini qəbul etdirmək. Nə şeytani bir tədbirdir ki, gözlərimizi boyamaq, qaralamaq üçün qəzetəsinin bir nüsxəsini rusca dəxi nəşr ediyor. Şöylə ki, guya bizim faidəmizə çalışıyor kibi.

Gərçi "Tərcüman" qəzetinə sansorlar baxırlar, amma hiyləyə qarşı çarə bulunurmu? ”(1, 1905, №103).

Məlumdur ki, İsmayıl bəy "Tərcüman" qəzetinin nəşrini davam etdirmək üçün senzuranın bütün tələblərinə əməl edirdi, həmçinin qəzetin başlıca materialları eyni zamanda rus dilində də nəşr olunurdu ki, bu da senzuranın sözünü kəsmək, guya "Tərcüman" qəzetinin həm də rus maarifinin inkişafına xidmət etdiyini göstərmək, sübut etmək üçün idi. Və İsmayıl bəyin bu addımı rus şovinistlərinin qəzəbinə səbəb olmuşdu. Onlar İsmayıl bəy Qasprinskinin hansı məsləki izlədiyini gözəl bilirdilər və buna qarşı mübarizədən çəkinmirdilər.

Göründüyü kimi, rus şovinistləri, Rusiyanın dövlət mənafeyini qoruyanlar üçün İsmayıl bəy Qasprinski dil birliyi siyasəti yürütdüyü üçün böyük düşmən idi və onlar "Tərcüman" qəzetinin bağlanması, “boğdurulması” üçün əllərindən gələni edirdilər: İlminski başqa bir məktubunda yazırdı: “...bunun məsləki pravoslavnı xalq və dövlət üçün zərərdir. Baxçasaraydan Sibiryada Omsk şəhərinə qədər çəkilmiş bir zəncir təsəvvür edin. Bunca müxtəlif tayfaları birləşdirən, rəbt edən şu zəncir "Tərcüman"dır” (1, 1905, №103).

Əslində 1905-ci ildən sonra da vəziyyət o qədər dəyişməmişdi, İlminskini yeni ilminskilər, Pobedonetsovu yeni pobedonetsovlar... əvəz edirdi. "Molla Nəsrəddin" 1907-ci il nömrələrinin birində özünəməxsus üslubda bu məsələyə toxunmuşdu(9, III cild, s.181).

İsmayıl bəy Qasprinski İlminskinin, Pobedonetsovun “siğə qardaşları”nın iş başında olduğu bir şəraitdə yenə mübarizə aparmalı, öz "Tərcüman"ının nəşrini davam etdirməli, öz ideallarını yaymalı idi. Əlbəttə, 1905-ci ilə qədər vəziyyət daha dözülməz və mürəkkəb idi. İsmayıl bəy özü yazırdı: “1905 sənəsinə qədər "Tərcüman"da lisan birləşdirmək və ya ümumi türk dili ifadələri qullanılmadı. Dolayısıyla söyləmək, işarə ilə anlatmaq lazım gəlirdi. ..”Avam dili” deməklə yetiniyorduq. Çünki tatar dili ilə başqırd, kırğızilə sart övladını bir okula qəbul etməyib, bölməyə çalışan İlminski və müridləri bizi ehtiyatlı davranmaya məcbur edirdilər” (10, s.50).

İsmayıl bəy Qasprinskini rus düşməni, Rusiya dövləti üçün təhlükə sayan təkcə dövlət məmurları deyildi. Şovinist rus qəzetləri də İsmayıl bəyin dil məsələsində tutduğu mövqeyə əsaslanıb onu Türkiyə ilə iş birliyində, türkləri birləşdirib Rusiyanı parçalamaqda günahlandırır, ittiham edirdilər. Məsələn, “Russkoe znamya” qəzeti yazırdı ki: “Baxçasaray şəhəri İstanbul ilə münasibətdədir, İstanbuldan göndərilmiş siyasi agentlər yuvasıdır. Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə, xəyanət tədarükü görülür”(9, IV, s.130).

Bu qədər Türkiyə tərəfdarı kimi qələmə verilməsinə baxmayaraq İsmayıl bəy Qasprinskinin "Tərcüman" qəzetinin Türkiyə sultanı tərəfindən də dəfələrlə qadağan edilməsini, ölkəyə daxil olmasının yasaqlanmasını acı bir təəssüf hissi ilə xatırladırıq, bu barədə tədqiqat tarixindən bəhs edərkən danışmışıq. Rus hökuməti tərəfindən dürlü qadağalarla üzləşən İsmayıl bəyin Osmanlı sultanından da yasaqlar görməsi "Tərcüman" qəzetinin yaşaması üçün şəraitin nə qədər ağırlığını göz önünə gətirməyə imkan yaradır.

Rus hökumətinin bütün bu maneələrinə, etirazlarına baxmayaraq İsmayıl bəy Qasprinskinin idealları Rusiya müsəlmanlarının ziyalıları, milli ruhlu şəxsiyyətlər tərəfindən dəstəklənirdi.

Əhməd Cəfəroğlu İsmayıl bəy Qasprinskinin bu ideal yolunda çalışmalarından bəhs edərək yazırdı: “İsmayıl bəyin kəndi fəaliyyətinə bayraq olaraq qəbul etdiyi və "Tərcüman" qəzetinin başına qoyduğu “Dildə, fikirdə, işdə birlik!” başlığı, onun hər bir fəaliyyətində önə sürdüyü və ən çok qiymət verdiyi “dildə birlik” ülküsü olmuşdur... İsmayıl bəy sırf bu yüzdən rus misyonerlərinin ən böyük düşməni və onların nəzərində Rusiyanın ən qəddar xaini olmuşdur....

...nə rus misyonerləri, nə də türk-rus bolşevikləri onu bu türk dili birliyindən dolayı əfv etmədilər, onu türk ölkələrinə yakıştırmadılar. İsmayıl bəyin böyük rus ittihadına qarşı qoyduğu bu böyük türk birliyi, onlarca nə qədər müzir isə, bizcə o qadar əziz və o qadar hürmətlidir. Mərhum İsmayıl bəyin ruhunu bu müqəddəs fikir dolayısı ilə bir daha təkdis etmək bir vəzifəmizdir” (11, s.165-169).

Ə. Cəfəroğlu bu sözləri çox sonralar, "Tərcüman" qəzetinin 50 illiyi münasibəti ilə yazmışdı. Lakin İsmayıl bəyin sağlığında da bu fikirdə olanlar az deyildi və onlar İsmayıl bəy Qasprinskinin ardıcılları, şagirdləri, məfkurə yolçuları oldular. İsmayıl bəy özü isə bir addım belə tutduğu yoldan çəkinmədi və geri durmadı. Heç bir təqib, heç bir təzyiq onu bu fikrindən daşındıra bilmədi.

İsmayıl bəy Qasprinski 1905-ci ildə "Tərcüman" qəzetinin nəşrindən 20 ildən artıq bir vaxt keçəndən sonra, həmin təqibləri, təzyiqləri xatırladığı bir vaxtda yenə də “Dil, dil, dil” deyirdi(1, 1905, №103). "Tərcüman" qəzetinin nəşri müddətində üzləşdiyi olmazın maneələri, təzyiqləri xatırladaraq yenə də “tatar, noqay, qumıq, başqırd filan namları ilə məruf türk tayfaları üçün ədəbi lisani ümumi lazımdır”(1, 1905, №103) deyir, özü də etiraf edirdi ki, onun dildə birlik siyasəti ona görə şovinist rus hakim dairələrinin təzyiqinə məruz qalırdı ki, onların amacı türkləri parçalayıb udmaqdan ibarət idi, İsmayıl bəy isə bütün fəaliyyəti ilə türk xalqlarını bu udulmadan, məhv olmadan qurtarmağa, onları gücləndirməyə, birləşdirməyə xidmət etmişdi.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>