İstiqlal məfkurəsi

Həmdullah bəy, yazarlıqla bərabər, müəllimliyə də başlamış və sırası ilə Ayasofiya rüşdiyyəsində, darülmüəllimində, Bəhriyyə məktəbində, nəhayət Darülfünunda müəllimlik etmişdir. Son üç ali məktəbdə estetika tədris etmiş və Doğunun nəfis əsərlərini anlatmağa, duyurmağa çalışmışdır. Darülfünunda çox ümumi bir mahiyyətdə olan “Hikməti-bədaye” (Estetika hikməti) dərsi yerinə islam və xüsusən türk sənaye-nəfisə tarixini oxutmuşdur.

“Türk ocağı”na girib başkanlığına seçildiyi zaman darülmüəllimində müəllim idi. Ocaqdakı xidmətini ətraflıca yazmağı gələcək ilə buraxırıq. Bu xidmətlər nəticələrinə baxılaraq qısaca belə ifadə və təsbit oluna bilər: Həmdullah bəy, “Türk ocağı”na başkan olduğu zaman Divan Yolunda bir evin üst mərtəbəsində iki-üç otaqdan ibarət tək bir məhəlli ocaq var idi; bu ocağın üzvləri nəhayət 826-ya çatırdı, illik büdcəsi təqribən bir neçə yüz lirədən ibarət idi. Bu gün ocaq mərkəzi olmaq üzrə Ankarada bir milyon lirədən artığa başa gəlmiş bir bina tikilib bitmək üzrədir. Türkiyə Cümhuriyyəti daxilində 250-yə qədər ocaq mövcuddur; ocaqlıların miqdarı 30 mindən artığa çatmışdır. 1921-ci ildə Mərkəz büdcəsi 754121 lirə bütün ocaqların büdcəsi isə bir milyon üç yüz mindən artıq lirə olaraq təsbit edilmişdir. Bu böyük fərqin, yəni ocağın 10-15 ildə bu qədər genişlənmə və böyüməsinin ən önəmli səbəblərindən biri, mən heç şübhə etmirəm ki, Həmdullah Sübhi bəyin iş başında olmasıdır.

“Türk ocağı”, imperatorluq dövründə siyasətlə məşğul olmadı; quruluşundakı ideyalarına sadiq qaldı. İmperatorluq parçalanıb dağıldığı zamanlar isə, türk milliyyət fikri hadisələrin təsiri ilə siyasi bir fikir olmuşdur. Ocağın fəaliyyəti özlüyündən siyasi bir fəaliyyətə çevrilmişdi.

Osmanlı imperratorluğunda artıq partiyalar deyil, millətlər bir siyasi təşkilat halı alırdı. Anadoluda Mustafa Kamal Paşanın başkanlığında başlayan türk milli hərəkatı milli bir türk dövləti meydana gətirməyi məqsəd seçmişdi. “Türk ocaqları” olduqca təbii və məntiqi olaraq, bu hərəkata qatıldılar. İstanbulda keçirilən milli mitinqlərə öncül oldular. Batı Anadoludakı müdafiə təşkilatları ilə əlaqələr qurdular və milli hərəkatın başı Mustafa Kamal Paşaya bağlılıq və itaətlərini bildirdilər. İmperatorluğun son Məclisi-məbusanı seçilərkən, ocağın nüfuzlu adamları “Milli türk firqəsi” adlı bir firqə adı ilə seçimə qatılaraq bir neçə məbus seçdirdilər ki, bunlardan biri iki seçim bölgəsindən, yəni Antalya və Saruxandan seçilən Həmdullah Sübhi bəydir.*[1]

Ocağın fəaliyyətlərini diqqətlə təqib edən ingilis işğal qüvvətləri 1920-ci ildə, “Türk ocağı”nı iki dəfə basaraq əşya və nüsxələrindən bir qisminin ziyanına səbəb olduğu kimi, fəaliyyətində də görünürdü ki, bir maneə yaratmışdı.

9 mart 1920-ci ildə Bayaziddəki ocaq mərkəzi işğal olunmuşdu. Sonra Ocaq mərkəzi olaraq “Milli Təlim və Tərbiyə Cəmiyyəti” binası tutulmuşdu. Bu bina da ingilislər tərəfindən işğal edildi. Bundan sonra Mərkəz heyəti başkanı Həmdullah Sübhi bəy öz imzası ilə Mustafa Kamal Paşa həzrətlərinə işğal qüvvətlərinin milli müəssisələr əleyhinə yönəltdikləri bu zərbələrdən şikayət və ocaqlılara necə bir hərəkət tövsiyyə edəcəklərini soruşdu. Alınan cavabda elçiliklər nəzdində etirazlar edilməsi və lazım olduqda mitinqlər edərək üzüntümüzün göstərilməsi tövsiyyə edildi.*[2]

Ankarada Türkiyə Böyük Millət Məclisi toplanırkən Həmdullah Sübhi bəy, Antalya millət vəkili kimi Ankaraya getdi və Məclisə qatıldı. Və Müvəqqəti hökumətin ilk təhsil naziri təyin olundu. Həmdullah bəy, bu şəkildə siyasətə, ancaq milli siyasətə girmiş olurdu. İkinci və üçüncü Böyük Millət Məclislərinə İstanbul millət vəkili kimi gəldi. Türkiyə Böyük Millət Məclisi hökumətində təhsil naziri oldu. Xarici işlər və təhsil komisyonlarının bir neçə dəfə rəhbəri oldu.

Bu siyasi vəzifələri yerinə yetirməklə bərabər, Həmdullah Sübhi bəy “Türk ocağı”ndakı fəaliyyətini əsla məhdudlaşdırmamış, mərkəz heyəti rəhbərliyinə ilk seçildiyi gündən bu günə qədər rəqibsiz qorumuş və bu şəkildə Ocağın inkişafına ən önəmli amil olmuşdur.

Osmanlı səltənətinin keçirdiyi son böhran dövründə, Məşrutiyyətdən bəri qurulmuş türkçülük müəssisələrindən ən uzun ömürlüsü “Türk ocağı” oldu. “Türk dərnəyi”, öncə də qeyd edildiyi kimi, iki-üç ilə qədər davam edib dağılmışdı. “Türk yurdu” 1917-ci ildən sonra “Türk ocağı” ilə büsbütün qaynayıb-qarışmışdı; “Türk yurdu” müdiri Akçuraoğlu Yusuf “Qızıl Ay” təmsilçisi olaraq Rusiyada olan Osmanlı əsirlərinin Osmanlılara əsir düşən ruslarla dəyişdirilməsinə məmur edilib İsveç, Danimarka və Rusiyaya göndərildiyi zaman “Türk yurdu”nun idarə və yayımını “Türk ocağı” Mərkəz Heyətinə tapşırmışdı. Sonra “Türk ocağı” da mütarikə dövründə işğal qüvvətlərinin, xüsusən ingilislərin bir neçə dəfə hücumuna məruz qaldı. Ocağın mərkəzi, iqamətgahdan məhrum edildi: nüsxələri və sənədləri, kitabxana və komplektləri dağıdıldı. Şükürlər olsun ki, Ocağın bu dəyərli xəzinələrindən böyük qismi Ocaqlıların evlərində saxlanaraq qurtarıla bildi. Bütün bu təqib və təzyiqlərə baxmayaraq, “Türk ocağı” özünü qoruya bildi və dağılmadı. Ocağın tarixində aravermələr yoxdur.

“Türk ocağı” bu davamlı həyatını ən çox rəhbəri Həmdullah Sübhi bəyə borcludur. Həyatını və gələcəyini Ocağa bağlamış olan Həmdullah bəy, enerjisi, fikir təqibi, ruh aşinalığı və bənzəri olmayan strategiyası sayəsində, “Türk ocağı”nı Türk Milli dövlətinin qurulmasına qədər qoruyub saxlaya bildi.

Ankarada, milli türk dövləti “Türkiyə Böyük Millət Məclisi Hökuməti” adı ilə qurulduğu zaman, “Türk ocağı”nın mərkəzi də Ankarada yerləşdi. Və bundan sonra “Türk ocağı”nın maddi inkişafı daha sürətli addımlarla irəlilədi. Çünki yeni Türkiyə dövləti türk milliyyəti əsaslarına verdiyi dəyəri daim ifadə etmişdir. Türkiyə dövlətinin quruluşunda Qazidən sonra ən önəmli işləri görən İsmət Paşa, 17 iyul 1333-cü ildə(1917) Üçüncü Kolordu Komandanı İsmət İnal bəy ünvanı ilə və 2320-ci nömrə ilə “Türk ocağı”na daxil olmuş bir Ocaqlı yoldaşdır. Nəhayət, Ocağı təmsil edən şəxs, Həmdullah Sübhi bəy də milli türk dövlətinin rəhbərlərindən, “Türkiyə Böyük Millət Məclisi Hökuməti”nin vəkillərindən olmuşdur.

Türkiyə Cümhuriyyəti

Türkiyə Cümhuriyyətinin, başda “Türkiyə Böyük Millət Məclisi Hökuməti” adı ilə, sonra gerçək adı ilə qurulması, türk milliyyətçiliyi baxımından türkçülük idealının gerçəkləşməsi deməkdir. Bir çox türkçülərin bəlkə həyatlarında gerçəkləşəcəyinə ümid edə bilmədiyi ideal, bir türk dahisinin qüdrəti ilə gerçək olmuşdu; milli türk dövləti qurulmuşdu.

Türk milliyyətçiləri, dilin türkcələşməsini, hüququn türk hüququ olmasını və buna görə qadının əski türk qanunlarına uyğun bir hürriyyət qazanmasını, incəsənətin türkcələşməsini, yəni şeirin, musiqinin, rəssamlığın... v.b. milli və əsli olmasını, qısacası, türk kültürünün yad təsirlərdən qurtarıb öz əsilliyini əldə edərək inkişafını diləyir və buna əllərindən gəldiyi qədər çalışırdılar.

Ancaq bütün bu kültürəl hürriyyət və müstəqilliyin siyasi sahədə tam hürriyyət qazanılmadıqca əldə edilə bilməyəcəyi Məşrutiyyət təcrübəsi ilə anlaşılmışdı. Osmanlı dövlətinin siyasəti, çoxlu səbəblərdən sərbəst ola bilmədiyi kimi, türkün kültürü də, Göyalp Ziya bəyin dediyi kimi, bir çox kapitülasyonla bağlı idi. Bu kapitülasyonların bəzilərini Doğu, bəzilərini Güney, bəzilərini də Batı türkün boynuna salmışdı. Türk, bütün bu ağır-ağır halqaları atıb, istədiyi kimi yürüyə bilmək üçün, həyat qüdrətini göstərən bir iqtidar və hakimiyyət feilini tapmaq, bunu bacarmaq məcburiyyətində idi. Türk milləti, başlarına keçən eşsiz Mustafa Kamalın rəhbərliyi və idarəsi sayəsində, bu iqtidar və hakimiyyət feilini, Osmanlı imperatorluğuna qalib gəlmiş xarici düşmənlərin iradəsinə boyun əyməyərək və xarici və daxili düşmənləri məmləkətdən qovmaq və çıxartmaqla, әsgәri və siyasi sahədə göstərdi; və bununla siyasi cəhətdən tam hürriyyət və bağımsızlıq qazandı. Artıq kültürəl hücumları da yavaş-yavaş söküb atmaq yolu açılmışdı. Türk milləti, açdığı bu yolda enerji və uğurla davamlı irəlilədi; kültürəl hürriyyət və bağımsızlığını məhdudlaşdıran maneələri ara vermədən qaldırdı və bu gün də qaldırmaqda davam edir. Son qalxan kültürəl kapitülasyon, türk dilinə uyğun olmayan hərflər sistemi və imla tərzidir.

Türk milliyyətçiliyinin necə başladığını və necə yayıldığını, əlimizdən gəldiyi qədər obyektivliklə göstərməyə çalışdığımız bu məqalədən anlaşılmışdır ki, yaşamaqda olduğumuz zamandan bəziləri yetmiş-səksən il, bəziləri əlli-altmış il öncə gəldikləri halda, türklüyün haraya doğru getdiyini və getməsi vacib olduğunu görən və ona görə çalışan uzaqgörən, doğru düşüncəli türklər vardır. Görüşlərinin və düşüncələrinin doğruluğu sübut olunan bugünkü gündə, o şəxslər ehtiramla anılmağa layiqdir.

Türkçülük fikri, yarım yüzil öncə nəhayət, bir neçə şəxsiyyətin beyin və qəlblərində düşüncələr, duyğular və amallar oyandıran, ara-sıra dil və qələmlərindən aydın olmayan və qətiyyətsiz şəkildə çıxan bir nəzəriyyədən ibarət idi. Bu nəzəriyyə, o zamanlar mühitə o qədər yad idi ki, tərəfdarları onu çox açıq söyləyib yazmaqdan çəkinirdilər. Halbuki türkçülük fikri bugün gerçəklik sahəsinə çıxmışdır, hadisələr halında özünü göstərir. Belə böyük fikirləri gerçəkləşdirənlərə bəşəriyyət dahi və qəhrəman deyir. Türk aləmində türk idealını gerçəkləşdirən dahi və qəhrəman, Türkiyə dövlətinin banisi və Türkiyə Cümhuriyyətinin ilk cümhurbaşqanı Qazi Mustafa Kamal həzrətləridir.

Səlamiçeşmə, 6 sentyabr 1928
Akçuraoğlu Yusuf

İÇİNDƏKİLƏR

Elmi redaktordan (Dr. Fethi Gedikli)
Akçuraoğlu Yusuf kimdir?! (Dr. Aybəniz Kəngərli)

ÜÇ TƏRZİ-SİYASƏT
TÜRKÇÜLÜYÜN TARİXİ
Teoridə və Batı türklərində türkçülük
Bir məsələ
Türkün tərifi
Milliyyət fikri
Millətin tərifi
Milliyyət fikrinin türklər arasında yayılması
Milliyyət fikrinin ortaya çıxma forması
Batı türklərinin Avropa ilə ilişkiləri
Tənzimat və Yeni Osmanlılar
Tənzimatçılarla Yeni Osmanlılarda milliyyət qavramı
Tənzimat ədəbiyyatında türkçülük izləri: Şinasi və Ziya Paşa
Dildə bütün türkçülüyün ilk izləri: Əhməd Vefiq Paşa
Filoloji və tarixdə türkçülük: Mustafa Cəlaləddin Paşa
İlk türkçülərin ümumi xüsusiyyətləri
Türkçülüyə şərqşünasların təsiri
Türkçülük fikri və İngilis-rus ilişkiləri
Macarıstanlı Vamberi

Azəri türklərində türkçülük
Axundzadə Mirzə Fətəli

Batı türklərində türkçülüyün ikinci dövrü
Süleyman Paşa
Buxaralı Şeyx Süleyman Əfəndi
Əhməd Cevdət Paşa
Osmanlı milliyyəti, islam birliyi və türkçülük
Şeyx Cəmaləddin Əfqani

Qafqaz, Krım və Kazan türklərində milliyyət fikri
Rusiyada ilk türkçü qəzet
Həsən bəy Zərdabinin “Əkinçi”si
Ünsizadələr mətbuatı
İsmayıl bəy Qaspıralı: “Tərcüman”
Kazan türklərində ilk milliyyətçilik səsi: Şəhabəddin Mərcani
Türklük şöbələri arasında ilişkilər

Türkçülüyün üçüncü fəal dövrü
Şəmsəddin Sami bəy
Nəcib Asim bəy
Vələd Çələbi
“İqdam”çı Cevdət bəy
Əbdülhəmid dövrünün türkçülüyə münasibəti
Əmrüllah Əfəndi
Bursalı Tahir bəy
Raif Fuad bəy
Nəcib bəy
Yunan hərbi: şeir və ədəbiyyatda türkçülük
Müftüoğlu Əhməd Hikmət bəy
Milli şair Emin bəy

Siyasi türkçülər
Tunalı Hilmi
Akçuraoğlu Yusuf
Hüseynzadə Əli bəy
Ağaoğlu Əhməd bəy

Türkçülükdə təşkilatlanma dövrü
“Türk dərnəyi”
“Türk yurdu”
“Türk ocağı”
“Gənc Qələmlər”
Həmdullah Sübhi bəy
Göyalp Ziya bəy
Türkiyə Cumhuriyyəti

<< Əvvəli | < Geri

*[1] Digəri Kütahyadan seçilən Əhməd Fərid bəydir ki, o da Böyük Millət Məclisinə qatılaraq Böyük Millət Məclisi Hökumətinin Maliyyə və Daxili İşlər Naziri olmuş, sonra Paris və daha sonra London elçiliklərinə təyin olunmuşdur.

*[2] Həmdullah Sübhi bəyin xüsusi bir məktubundan.