İstiqlal məfkurəsi

Parisdə görüşdüyü türk millətçisi Şərafəddin Məğmumi Akçuraya osmanlıçılıq ideyasının çürüklüyündən, müxtəlif ünsürlərin anlaşmasının imkansızlığından, türk millətçiliyindən başqa keçərli bir fikrin olmayacağından bəhs edərək, Şərq və türk düşməni olan batılıların “dillərinə doladıqları” “ədalət”, “insanlıq” sözlərinə inamın tam bir axmaqlıq olacağını anladır. Digər tərəfdən, Akçura Paris və Sorbon ali məktəblərində Avropanın tanınmış millətçi alimlərinin -Kornell, Boutmi, Renuarın dərslərini dinləyir.

Yusuf, o zaman Sorbon Universitetinin hüquq fakultəsində təhsil alan Sədri Maqsudi ilə birlikdə “Tərcüman” qəzetinin 20 illik yubileyinin keçirilməsinin təşəbbüskarları olur. Sədri Maqsudi bu barədə yazır: “Bu törən və toplantı Rusiya türklərinin ilk milli konqresi mahiyyətini aldı. Ayrı-ayrı vilayətlərdən gələn türk münəvvərlər ilk dəfə olaraq Rusiyaya bağımlı türkləri maraqlandıran milli məsələ, milli kültürü yaşatma çarələri və rusların ruslaşdırma siyasəti ilə mücadilə üçün görülməsi vacib olan tədbirlər haqqında görüşmüş oldular”. “Tərcüman”ın 20 illik yubileyinin qeyd olunması Rusiya türklərinin milli oyanış tarixində yer alan mühüm bir hadisə oldu. Bu tədbirdən sonra Rusiya türklərinin milliyyətlərini mühafizə yolunda təşkilatlı bir surətdə mücadilə dövrü başlanmışdır.

Akçura təhsilini bitirib 1904-cü ildə Rusiyaya dönür, 1908-ci ilə qədər burada qalır.

Kazanda ikən özünün məşhur “Üç tərzi-siyasət” məqaləsini yazır. 1905-ci ildə “Kazan müxbiri” qəzetinin redaktoru olur. Dumaya millət vəkili seçilməsinin qarşısını almaq məqsədi ilə 1906-cı ildə hökumət tərəfindən həbs olunur. Məşrutiyyət elanından sonra 1908-ci ildə Türkiyəyə gedir və ömrünün sonuna qədər orada yaşayır. Türkçü dərnək və cəmiyyətlərin qurulmasında, onların mətbu orqanlarının nəşrində yaxından iştirak edir. “Rusiyadakı türk-tatar xalqlarının haqlarını qoruma komitəsi”nin başkanı seçilir. Heyət Avstriya Macarıstan, Almaniya və İsveçrəyə gedib, Rusiya türk-müsəlmanlarının haqlarını müdafiə və tələb edir. Sürix şəhərində Akçura Leninlə də görüşür, bolşeviklərin hakimiyyətə gələcəyi təqdirdə millətlər məsələsinə onun münasibətini soruşur. Lenin Akçuraya: ”Hakimiyyətə gələrsək, istədiyiniz hüquq ziyadəsi ilə təmin olunacaqdır!” -cavabını verir.

1917-1919-cu illərdə Akçura ruslara əsir düşmüş türk əsirlərinin məsələsi ilə bağlı Qızılay cəmiyyətinin nümayəndəsi kimi Qərbi Avropaya və Rusiyaya gedir.

Cümhuriyyət qurulmasından sonra Türkiyə Böyük Millət məclisinə üzv seçilir. İstanbul Universitetində professor və Atatürkün mədəniyyət və siyasət məsələləri üzrə məsləhətçisi vəzifəsində çalışır. 1931-ci ildə “Türk Tarix Qurumu”nun yaradılmasında yaxından iştirak edir, 1932-ci ildən ölümünə qədər bu quruma rəhbərlik edir. 1935-ci ildə İstanbulda ürək xəstəliyindən vəfat edir.

Yusuf Akçuraoğlunun ən məşhur əsərlərindən biri 1904-cü ildə Simbirsk yaxınlığında yazdığı “Üç tərzi-siyasət” məqaləsidir. Məqalə Qahirədə çıxan “Türk” qəzetində nəşr edilmişdir. Az sonra Əli Kamalın, Əhməd Fərid və Əli bəy Hüseynzadənin cavab məqalələri də həmin qəzetdə nəşr olunur.

Amerikalı yazar Çarlz Hostler, erməni Zarevand türkçülər üçün bu əsərin əhəmiyyətini marksistlər üçün “Kommunist Partiyasının Manifesti”nə bərabər tutmuş, Akçuraya türk birliyi fikrinin qurucularından biri kimi baxmışlar. Fransız alimi Georgion bu məqaləni “pantürkizmin ilk dəfə sistematik biçimdə ortaya qoyulması” kimi təqdim etmişdir.

Həqiqətən Akçura bu məqalə ilə siyasi türkçülüyün, türkçülük nəzəriyyəsinin əsasını qoymuşdur. Türkçülük hərəkatının ən böyük tarixçilərindən və nəzəriyyəçilərindən biri kimi Akçura məqalənin yazıldığı dövrdə türkçülük cərəyanının artıq yayılmış olduğunu təsdiqləmiş, ancaq “Türk millətçiliyinin siyasətdə oynaya biləcəyi rolu və önəmini göstərən “Üç tərzi-siyasət”dən öncə yazılmış bir əsərin mövcudluğunu bilmədiyini” etiraf etmişdi.

“Üç tərzi-siyasət” adı ilə Yusuf Akçuraoğlu məqalənin yazıldığı dövrdə Osmanlı imperatorluğunun nicat yolu kimi düşünülən osmanlıçılıq, islamçılıq və türkçülük axımlarının hansının tətbiqinin mümkünlüyünü araşdırmış, tam qətiyyətlə olmasa da, bu üç cərəyan içərisində türkçülüyü yeganə nicat yolu, düzgün yol kimi əsaslandırmağa çalışmışdır. İlk dəfə olaraq osmanlıçılığın və islamçılığın deyil, türklük siyasətinin dövlət siyasətinə çevrilməsini irəli sürmüş, siyasi türkçülüyün əsasını qoymuşdur.

Yusuf Akçuraoğlu türklük siyasəti deyərkən Rusiyada, Osmanlı İmperatorluğunda yaşayan türk xalqlarının vahid türk milləti təşkil etdiyini nəzərə alır, türk amilinə dayanan bir dövlətin yaranmasını müdafiə edir, bütün türklərin bir-birlərini tanımalarını, sevmələrini, mədəni-kültürəl cəhətdən birləşmələrini istəyirdi. Zarevand kimi erməni müəllifləri və bəzi şovinist rus alimləri Akçuranı “pantürkizmin babası”, “panturanizmin babası” adlandırmaqla onun guya bütün dünya türklərini vahid dövlətdə birləşdirmək istədiyinə işarə etmişlər. Əslində türkçülüyün Akçura tərəfindən irəli sürülən proqramı ən sonda ayrı-ayrı türk dövlətlərinin yaranmasını, türk xalqlarının milli azadlıq əldə etməsini nəzərdə tuturdu. Türk xalqlarının müstəqil dövlətləri olmadan vahid dövlətdə birləşmələri ideyasının nə qədər absurd olduğunun isbata ehtiyacı yoxdur.

1904-cü ildən -“Üç tərzi-siyasət”dən keçən illər ərzində Akçura Rusiyada, həm də Türkiyədə ən görkəmli türkçülərdən biri kimi çoxplanlı fəaliyyət göstərmiş, heç vaxt siyasi anlamda türklərin bir dövlətdə birləşdirilməsi istiqamətində çalışmamışdır. O, Qafqaz, Krım, Kazan, Türküstan türklərinin liderlərini bir araya toplamış, Rusiya müsəlmanlarının birinci qurultayının keçirilməsinə nail olmuşdur. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Qara bəy Qarabəyov və b. da həmin nümayəndələrin arasında idilər. 1908-1912-ci illər arasında “Türk dərnəyi”, “Türk bilgi dərnəyi”, “Türk ocağı”, “Türk yurdu” kimi cəmiyyətlərin hamısında Akçura qurucular sırasında olmuşdur. “Türk yurdu” dərgisinə uzun illər redaktorluq etmişdir. 1914-cü ilə qədər bu cəmiyyətlərin heç birinin fəaliyyəti siyasi fəaliyyət daşımamış, mədəni türkçülüyün prinsiplərinə dayanmışdır.

1915-ci ildə Akçuranın başçılıq etdiyi “Türk-tatar heyəti”nin fəaliyyəti də göstərir ki, o, türklərin milli istiqlallarına qovuşması tələbini irəli sürmüşdür. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu də həmin heyətin tərkibində idilər.

1916-cı ildə heyət Amerika prezidenti Vilsona, ingilis, fransız, italyan dövlət başçılarına teleqram göndərir, Rusiya türklərinin müstəqil yaşama haqlarının tanınmasını xahiş edir. Leninlə Akçuranın görüşü də bu dövrə aiddir.

Əli bəy Hüseynzadə özünün ilk və ən məşhur əsərlərindən birini -“Məktubi-məxsus” məqaləsini Akçuranın “Üç tərzi-siyasət”inə cavab olaraq yazmış, bir çox türkçü cəmiyyət və dərnəklərdə onunla bərabər fəaliyyət göstərmişdir. Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə də Türkiyədə olduqları zaman Yusuf bəylə müəyyən münasibətlər saxlamışlar. Akçuranın redaktorluğu ilə yayınlanan “Türk yurdu” Azərbaycanda da geniş rəğbət qazanmış, M. Ə. Rəsulzadənin təbiri ilə desək, “Azərbaycanda da pək atəşli müaqqiblər bulmuşdur”.

“Türkçülüyün tarixi” əsəri ilk dəfə 1928-ci ildə “Türk yılı” adlı illikdə nəşr olunmuşdur. Yusuf Akçura “Türk ocaqları”nın himayəsi altında 1928-ci ildə İstanbulda nəşr olunan “Türk yılı” adlı illiyin həm naşiri, həm də baş yazarı idi. Əsər bu məcmuədə əski hərflərlə nəşr olunmuşdur. Bundan sonra “Türkçülüyün tarixi” uzun fasilədən sonra üç dəfə də latınn əlifbası ilə Türkiyədə yayınlanmışdır. İkinci dəfə “Türkçülük- türkçülüyün tarixi gəlişimi” adı ilə 1978-də Sakin Önər tərəfindən latın hərflərinə çevrilib sadələşdirilmiş və ”Türk Kültür Yayını” arasında yer almışdır.

Əsərin üçüncü nəşri isə “Yeni türk dövlətinin öncülləri”/ 1928 ili yazıları” adı ilə, 1981-də Kültür Nazirliyi Yayınları tərəfindən gerçəkləşdirilmişdir. Əsərin bizə məlum olan üçüncü nəşri 1998-ci ilə aiddir. Biz “Türkçülüyün tarixi”nin bütün yuxarıda göstərilən nəşrlərinə nəzər salaraq əsəri son nəşr əsasında Azərbaycan türkcəsinə çevirdik.

Əsərdə türkçülük hərəkatının Tənzimatdan İkinci Məşrutiyyətə qədər keçirdiyi bütün mərhələlər ətraflı təhlil edilir. Müəllif Osmanlı İmperatorluğunda, Krımda, Azərbaycanda türkçülük hərəkatının tarixini vahid proses olaraq nəzərdən keçirir. Bu ərazilərdə türkçülüyün tarixi inkişafı xronoloji ardıcıllıqla, tarixi məxəzlərə dayanaraq izlənir. Ziya Göyalpın “Türkçülüyün əsasları” əsəri daha çox türkçülüyün proqramının, nəzəri əsaslarının tədqiqinə həsr olunmuşdursa, Yusuf Akçuranın əsəri hərəkatın İkinci Məşrutiyyətə qədərki tarixinin real mənzərəsini yaradır. Əsərdə Azərbaycan türkçülük hərəkatının təşəkkül, təkamül mərhələləri görkəmli Azərbaycan türkçülərinin həyatı və türkçülük fəaliyyəti haqqında da dəyərli məlumatlar verilir. Yusuf Akçura təkcə türkçülük hərəkatının bütöv tarixi haqqında deyil, Azərbaycan türkçülük hərəkatı haqqında da ilk dəfə sistemli elmi şəkildə məlumat verən müəllifdir.

Yusuf Akçuraoğlu bütün dünya türklərinə bağlı olduğu kimi, sıx tellərlə Azərbaycan türklərinə də bağlı bir şəxsiyyətdir və inanırıq ki, onun əsərləri Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanacaq.

Bu kitabın Azərbaycan oxucusuna çatdırılmasına göstərdiyi mənəvi dəstəyə görə Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Mədəniyyət və Tanıtma müşaviri, böyük türk sevdalısı, sayın dr. Fethi Gedikliyə sonsuz təşəkkürümüzü bildiririk

Aybəniz Kəngərli
Filologiya elmləri doktoru
10 fevral 2006-cı il.

TÜRKÇÜLÜYÜN TARİXİ

TEORİDƏ VƏ BATI TÜRKLƏRİNDƏ TÜRKÇÜLÜK

Bir məsələ

Türk milliyyəti fikri, türklər arasına nə zaman və harada girdi? İştə həlli çox da asan olmayan bir tarix məsələsi!...*[1] Əsil məsələnin həlli yolunda çalışmağa başlamadan öncə, istifadə etdiyimiz iki ifadədən- türklər və milliyyət fikri ifadələrindən qəsd etdiyimiz mənaları açıqca təyin etməliyik.

TÜRKÜN TƏRİFİ

Türklər dediyimiz zaman etnoqrafiya, filologiya və tarixlə ilgisi olanların bəzən “türk-tatar”, “türk-tatar-moğol” deyə andıqları bir irqdən gəlmə, adətləri, dilləri bir-birinə çox yaxın, tarixi həyatları bir-birinə qarışmış olan qövm və qəbilələrin tamamını nəzərdə tuturuq. Bu baxımdan iranlı və avropalı bəzi yazarların və onlara uyaraq bəzi Osmanlı yazarlarının tatar dedikləri kazanlılar, azərbaycanlılar... ilaxırı ilə bərabər, qırğızlar, yakutlar da türklər ifadəsinin içində deməkdir.

Milliyyət fikri

Hər qövm və hətta hər qəbilə, digər qövm və qəbilələrə qarşı öz fərqli xüsusiyyətlərini duymuş və əksərən özünün üstünlüyünü iddia etmişdir. Bu duyğu və iddia, milliyyət fikrinin içgüdü (instinkt) ilə meydana gələn ilk başlanğıcıdır. Türk qövm və qəbilələrində bu hiss və iddianın hər zaman mövcud olduğunu heç qorxmadan təsdiqləyə bilərik.*[2]

Ancaq haqqında danışılan milliyyət fikri, bu duyğu və iddianın çox inkişaf etmiş mərhələsidir. Qəbilə və qövmiyyət hissinin milliyyət fikri dərəcəsinə yüksəlməsi, Doğuda deyil, Batıda meydana gəlmişdir. Avropa qövmləri, bir çox faktorun təsiri altında, özəlliklə XV-ci yüzillikdən etibarən milliyyət məsələsini işləyərək, nəhayət XIX yüzilin ortalarına doğru, bu gün anladığımız mənada milliyyət fikrini təyin etdilər. Zamanımızda milliyyət fikrinin, digər bir deyimlə milliyyət əsasının əsas mənası budur: “Bir millət meydana gətirmiş olan insan topluluqları, bağımsız bir dövlət halında təşkilatlanaraq yaşamaq haqqına sahibdir”. Bu cümlənin açıq anlaşılması üçün millət təbiriylə ifadə olunan reallığın yaxşı bilinməsi lazımdır.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Biz bu önəmli tarix məsələsini, bu məqaləmizlə tamam həll etmək iddiasından çox uzağıq. Məsələyə dair kiçik bir qələm təcrübəsi edirik. Və “Yıl”ın bu nüsxəsində bu təcrübəni də ancaq 1908-ci ilə qədər gətirə bildik. Sonrasını Tanrı nəsib edərsə, gələcək “Yıl”larda tamamlamağa çalışacağıq.

*[2] İslam dövründə türklər milli duyğularını, milli qürurlarını nümayiş etdirmişlər? Şüubiyyə hərəkatına türklərin qatıldığı kəsindir. Milli türk qürurunu çox açıq ortaya qoyan “Divanu-lüğətit-türk” sahibinin şüubiyyəçilərdən olduğunu bəzi şərqşünaslar yazırlar.