İstiqlal məfkurəsi

Tabeliklərində olan müsəlmanların, hətta qüvvətlicə mənəvi vasitə ilə olsun, hüdudları xaricindəki siyasi mərkəzlərə bağlılıqlarını gələcəkdə, mühüm nəticələri çıxa biləcək ümumi bir fikrə xidmətlərini mənfəətlərinə qarşı gördüklərindən ortaya çıxmasına hər surətlə qarşı çıxmaq istərlər və bütün islam dövlətləri üstündəki nüfuz və iqtidarları sayəsində bu istədiklərini icra da edə bilərlər. Buna görə, zamanımızda ən qüvvətli islam dövləti olan Osmanlı dövlətinin belə ciddi bir surətdə islam birliyi siyasətini tətbiqə qalxışmasına, bəlkə də müvəffəqiyyətlə, qarşı çıxarlar.

Türk birliyi siyasətindəki faydalara gəlincə, Osmanlı ölkələrindəki türklər həm dini, həm irqi bağlar ilə çox sıx, yalnız dini olmaqdan sıx birləşəcək və əsasən türk olmadığı halda müəyyən dərəcəyə qədər türkləşmiş sair müsəlman ünsürlər daha artıq türklüyü mənimsəyəcək və hələ heç mənimsəməmiş ünsürlər də türkləşdirilə biləcəkdi.

Lakin əsil böyük fayda; dilləri, irqləri, adətləri və hətta əksəriyyətinin dinləri belə bir olan və Asiya qitəsinin şərqinə yayılmış türklərin birləşməsinə və beləcə digər böyük milliyyətlər arasında varlığını mühafizə edə biləcək böyük bir siyasi milliyyət təşkil eyləmələrinə xidmət edəcək və məhz böyük topluluqda türk toplumlarının ən güclü və ən mədəniləşmişi olduğu üçün Osmanlı dövləti ən mühüm rolu oynayacaqdır. Son hadisələrin xəyala gətirdiyi uzaq bir gələcəkdə, meydana gələcək bəyazlar və sarılar aləmi arasında bir türklük cahanı meydana gələcək və bu orta dünyada Osmanlı dövləti, indi Yaponiyanın sarılar aləmində yerinə yetirmək istədiyi vəzifəni üzərinə alacaqdır.

Bu faydalara müqabil, Osmanlı ölkələrində yaşayan, müsəlman olub da türk olmayan və türkləşdirilməsi də mümkün olmayan qövmlərin Osmanlı dövləti əlindən çıxması və islamiyyətin türk və türk olmayan qisimlərinə ayrılaraq, artıq Osmanlı Dövlətinin türk olmayan müsəlmanlar ilə ciddi bir münasibəti qalmaması kimi mənfi cəhətləri vardır.

Türkləri birləşdirmək siyasətinin tətbiqindəki daxili müşkülat islam siyasətinə görə artıqdır. Hər nə qədər, Qərbin təsiri ilə türklər arasında milliyyət fikirləri girməyə başlamış isə də, yuxarıda söylənildiyi kimi, bu hadisə hələ çox yenidir. Türklük fikirləri, türk ədəbiyyatı, türkləri birləşdirmək xəyalı hələ yeni doğulmuş bir çocuqdur. İslamiyyətdə gördüyümüz o qüvvətli təşkilatdan, o həyəcan və həyat dolu hissiyyatdan, xülasə sağlam bir ittihadı meydana gətirə biləcək maddə və hazırlıqdan demək olar ki, heç birisi türklükdə yoxdur. Bu gün əksər türklər keçmişlərini unutmuş bir haldadırlar.

Lakin bu da unudulmamalıdır ki, zamanımızda birləşməsi ehtimal olunan türklərin böyük bir qismi müsəlmandır. Bu cəhətdən, islam dini, böyük türk milliyyətinin təşəkkülündə mühüm bir ünsür ola bilər. Milliyyəti tərif etmək istəyənlərdən bəziləri, dinə bir amil (faktor) kimi baxmaqdadırlar. İslam türklüyün birləşməsində bu xidməti yerinə yetirə bilmək üçün, son zamanlarda xristianlıqda olduğu kimi, içində millətlərin doğmasını qəbul edəcək şəkildə dəyişməlidir. Bu dəyişmə isə həmən-həmən məcburidir də: zamanımız tarixində görülən ümumi cərəyan irqlərdədir. Dinlər, din olmaq baxımından getdikcə siyasi önəmlərini, qüvvətlərini itirirlər. Sosial olmaqdan çox, şəxsiləşirlər. Cəmiyyətlərdə vicdan sərbəstliyi, din birliyinin yerini alır. Dinlər cəmiyyətlərin əlavə işləri olmaqdan vaz keçərək qəlblərin hadi və mürşidliyini öhdəsinə alır, ancaq xaliq ilə məxluq arasındakı vicdani rabitə halına keçir. Dolayısı ilə dinlər, ancaq irqlərlə birləşərək irqlərə yardımçı və xidmətçi olaraq siyasi və sosial önəmlərini qoruya bilərlər.*[1]

Xarici əngəllər isə, islamiyyət siyasətinə nisbətən daha az qüvvətlidir. Çünki xristian dövlətlərdən yalnız birisinin, Rusiyanın müsəlman türk təbəəsi vardır. Bu cəhətdən, mənfəətləri gərəyincə, türklərin birləşməməsinə çalışacaq yalnız bu dövlətdir. Başqa xristian dövlətlərə gəlincə, ehtimal ki, bəziləri, Rusiyanın mənfəətinə zərərli olduğu üçün bu siyasəti dəstəkləyərlər də.

Yuxarıdakı mütalilələrdən bu nəticələr çıxır: Osmanlı milləti yaradılması, Osmanlı Dövləti üçün faydalara sahibsə də, tətbiqə qabil deyildir. Müsəlmanların və ya türklərin birləşməsinə yönəlmiş siyasətlər, Osmanlı Dövləti haqqında bərabər deyilə biləcək mənfəət və zərərləri özündə birləşdirməkdədir, tətbiqləri cəhətinə gəlincə, asanlıq və çətinlik yenə eyni dərəcədədir- deyilə bilər.

Bu halda hansının tətbiqinə çalışmalıdır? “Türk” qəzetinin adını eşitdiyim zaman nəhayət məni rahatsız edən bu suala cavab tapacağımı ümid və adına görə o cavabın da türklük siyasəti olacağını zənn etmişdim. Lakin gördüm ki, “hüququ mühafizə” olunacaq, zehinləri təmizlənəcək, fikirləri sevindiriləcək türk, mənim sandığım kimi indi belə Hanbalıkdan Qaradağa, Timur yarımadasından Qaralar elinə qədər Asiya, Avropa və Afrikanın mühüm bir qismini qaplayan böyük irqin nümayəndələrindən hər hansı bir türk olmayıb, ancaq Osmanlı Dövləti təbəəsi olan bir Qərb türküdür. Türk yalnız onları görür, onları bilir. Və həm də ancaq miladi on dördüncü əsrdən bəri –və Fransız mənbələrinə nəzərən- bilir. Və buna görə, bu zamanda eyni dövlətin təbəəsi olub müsəlman və müsəlman olmayan və ancaq digər cinsdən olan camaatlar və xarici millətlərə qarşı yalnız onların “hüququnu mühafizə” etmək istəyir. Türk üçün türklüyün əskəri, siyasi və mədəni keçmişi yalnız Xudavəndigarlarından, Fatehlərdən, Səlimlərdən, ibni-Kəmallardan, Nəfilərdən, Bakilərdən, Evliya Çələbilərdən, Kamallardan təşəkkül edir; Oğuzlara, Çingizlərə, Teymurlara, Uluq bəylərə, Fərabilərə, İbn-Sinalara, Təftazani və Nəvailərə qədər çata bilmir: ara-sırada islamiyyət, xilafət siyasətlərinə də yaxınlaşır kimi olursa da, birləşə biləcək türklərin demək olar ki, hamısı müsəlman olduqları üçün, əsasən mühüm nöqtələrdə ortaqlıqları olan islam və türk siyasətlərinin ikisini birlikdə dəstəkləmək istədiyi zənn olunur; lakin bunda da çox qalmır, israr etmir.*[2]

Xülasə, çoxdan bəri zehnimi işğal edib də, öz-özümü razı edəcək, cavabını tapa bilmədiyim sual yenə qarşımda dayanıb cavab gözləyir: müsəlmanlıq, türklük siyasətlərindən hansı Osmanlı dövləti üçün daha yararlı və qabili-tətbiqdir?

Zoya Köyü (Rusiya) 15 mart 1904

<< Əvvəli | < Geri

*[1] Rusiyada ortodoksluq, Almaniyada protestantlıq, İngiltərədə anqlikanlıq, müxtəlif məmləkətlərdə katoliklik.

*[2] “Məqami-Cəlili-Xilafət”, “Türk,” 18 qanuni-əvvəl (dekabr) 1319 (1903).