İstiqlal məfkurəsi

Günümüzdəki hökmdar, sultan, padşah ləqəbləri yerinə xəlifə dini sifətini qoymağa çalışdı; ümumi siyasətində din, islam dini mühüm bir mövqe tutdu. Hərbi məktəblərdə dini maddələrə ayrılan saat artırıldı. Tədrisatın əsası diniləşdirilmək istəndi. Dindarlıq, müttəqilik -istər zahiri və riyakaranə olsun- xilafət pənahının diqqətini cəlb etməyə ən güclü vəsilələr halına gəldi. Yıldız Sarayi-humayunu xocalar, imamlar, seyidlər, şəriflər ilə doldu. Bəzi mülki məmurluqlara sarıqlılar təyin edildi. Dində sağlamlıq bəlkə də xilafət məqamına, xilafət məqamından artıq o məqamı işğal edən şəxsə şiddətli bağlılıq və qulluq, müsəlman olmayan əhaliyə qarşı nifrət təlqin etməklə xalq arasına vaizlər göndərildi. Hər tərəfdə təkkələr, zaviyələr, camilər yapımına və təmirinə çalışıldı, hacılar əhəmiyyət qazandı. Həcc mövsümündə xilafət evinə uğrayan hacılar müsəlmanların öndərinin lütflərinə və inayətinə məzhər edilərək istər özlərinin, istərsə də məmləkətlərindəki digər müsəlmanların xilafət məqamına cəlbinə və qəlblərinin rəbtinə çalışıldı. Yaxın zamanlarda müsəlman əhalisi qalabalıq olan Afrika içlərinə və Çin diyarına elçilər göndərildi. Bu siyasətin ən sağlam icra vasitəsi olmaq üzrə, Hamidiyyə Hicaz Dəmiryolunun inşasına başlanıldı. Lakin, məhz bu siyasi doktrin ilə, Osmanlı dövləti, Tənzimat dövründə tərk etmək istədiği dini dövlət şəklini təkrar alırdı. Artıq vicdan və fikir sərbəstliyini, müsavatı, din və irq bərabərliyini, siyasi bərabərliyi, mədəni bərabərliyi tərk etməyə məcbur qalırdı. Buna görə Avropavari konstitutsiyalı hökumətə vida etmək, dövlətin təbəəsi arasında cins və din ixtilafından, ictimai vəziyyət ixtilafından çıxaraq keçmişdən bəri mövcud olan sevişməzlik və ziddiyyətin artmasına, bunun nəticəsi olmaq üzrə də ayaqlanma və üsyanların çoxalmasına, Avropada türklüyə düşmənliyin şiddətlənməsinə qatlanmaq gərək idi.*[1] Həqiqətən də elə oldu.

İrq üzərinə dayanan bir türk siyasi milliyyəti meydana gətirmək fikri çox yenidir. İstər indiyə qədər Osmanlı dövlətində, istərsə də gəlib-keçən türk dövlətlərinin heç birində bu fikrin mövcud olduğunu sanmıram. Çingiz və moğolların tərəfini tutan müvərrix Leon Kahon, o böyük türk xanının bütün türkləri birləşdirmək kimi uca bir məqsədlə Asiyanı başdan-başa fəth etdiyini yazırsa da, bu iddiasının tarixi baxımdan tamamilə təsdiq edildiyi haqqında bir şey deyə bilmərəm.

Tənzimat və Gənc Osmanlılıq hərəkətlərində də, türkləri birləşdirmək fikrinin varlığına dair heç bir məlumata rast gəlmədim. Bilmirəm, mərhum Vefiq Paşa, “Ləhcə”siylə, saf türkcə yazmaq arzusu ilə bu yüksək xəyal arxasında bir az da olsun dolaşmışmıdır? Bu dəqiqdir ki, son zamanlarda İstanbulda türk milliyyəti arzu edən bir kadro, siyasi olmaqdan çox elmi bir kadro təşəkkül etdi.

Bu hərəkatın təşəkkülündə, osmanlılarla almanların münasibətinin artmasının, alman dilini, xüsusilə almanların tarix və dilçilik elmləri haqqındakı tədqiqatını türk gənclərinin bilməsinin xeyli təsiri olmuşdur -sanıram. Çünki bu gənc qrupda, fransız izləyicilərində olduğu kimi bəzi xəfif və “declamatoire” ədəbiyyatdan və siyasətdən artıq səssiz, səbrli və incələyici şəkildə əldə edilmiş sağlam bir elm mövcuddur. Şəmsəddin Sami, “Türkcə şeirlər”in möhtərəm şairi (Məmməd Əmin), Nəcib Asim, Vələd Çələbi və Həsən Təhsin(?) bu cərəyanın gözə görünən üzvlərindən olub, “İqdam” müəyyən dərəcəyə qədər bu düşüncələrin tərəfdarıdır. Bugünkü hökumətin bu doktrinə yaxşı baxmamasından olacaq ki, hərəkətləri çox zəifləməkdədir.*[2]

Osmanlı ölkələrinin İstanbuldan başqa yerlərində bu fikrin tərəfdarları olub-olmadığını bilmirəm. Lakin türklük siyasəti də eynən islam siyasəti kimi ümumidir; Osmanlı hüdudları ilə məhdud deyildir. Buna görə, yer kürəsinin türklər yaşayan digər nöqtələrinə də nəzər salmaq gərəkdir.

Ən çox türklərin yaşadığı Rusiyada, türklərin birləşməsi fikrinin çox qeyri-müəyyən şəkildə varlığına inanıram. Yenicə doğmuş olan “İdil ədəbiyyatı” müsəlman olmaqdan çox türkdür. Xarici təzyiqlər olmasa, bu fikrin asanlıqla inkişafına Osmanlı ölkəsindən artıq müsaid mühit türklərin ən sıx yaşadıqları Türkistan ilə Yayık və İdil hövzələri olardı.
Qafqaz türklərində bu fikir mövcud olmalıdır, Azərbaycana Qafqazın fikri təsiri olmaqla bərabər Quzey İran türklərinin nə dərəcəyə qədər türk birliyi tərəfdarı olduqlarını bilmirəm.
Nə olursa olsun, irqə dayalı bir siyasi milliyyət icadı fikri hələ ilk meyvələrini verir, çox az eşidilmişdir.

-2-

İndi bu üç siyasətdən hansının yararlı və qabili-tətbiq olduğunu araşdıraq.

Yararlı dedik, lakin kimə və nəyə yararlı?

Öncə bütün bəşəriyyətə deyilə bilir. Bu halda insaniyyətin mənfəətinə xidmət edən siyasi yol və ya yolları tərif, sonra o yol və ya yolların müəyyən və məhdud bir qisim insaniyyətə tətbiqində də bütün insaniyyətin faydalanacağını isbat etmək və daha sonra, göstərilən üç yoldan bir yaxud bir neçəsinin gələcək şərtlərə sahib olan yol və ya yollarla eyniyyətini göstərmək gərəklidir. Bu isə sanmıram ki, indi mümkün olsun. Çünki, bəhs edilən şərtləri özündə birləşdirən siyasi yol və ya yolları insan şüuru hələ tapa bilməmişdir.

Yuxarıdakı üsulu təqib etməyib də, üç yoldan bir və ya bir neçəsinin Osmanlı, müsəlman və ya türklərə tətbiqi ilə bütün insanlığa mənfəət isbatına qalxışılsa, üsulun qüsurluluğundan dolayı nəticə çox xətalı olar. Əksərən ictimai və siyasi işlərdə bu xətalı üsulun istifadə edilməsinə alışılmışsa da, həqiqətən bir növ boş söz olduğundan vaz keçirəm.

Məsələni bir az məhdudlaşdıraq, təşəkkül etmiş bəşəri bir heyətə deyəlim.

Yenə də çox ümumi bir məsələyə çatırıq: müəyyən bir cəmiyyətin mənfəətləri nədən ibarətdir? Buna cavab vermədən, filan və ya filan cəmiyyətə faydalı olduğu həll oluna bilməz.

Məlum bir cəmiyyətin mənfəətlərinin nədən ibarət olduğunu təyin etmək siyasi bir məsələdir. Yəni “siyasət” deyilən, hələ mövzu və üsulu qəti qərarlaşdırılmamış natamam bir elmin mühüm məsələlərindən biridir. Siyasət elminin məsələləri haqqında, deduksiya və induksiya tərəfdarları arasında münaqişə və çəkişmə davam etməkdədir. “Birincilər deyirlər ki, siyasi qaydalar sırf fikridir (ideal), haqqında danışılan qaydalar eynən riyaziyyatın nəticələri kimi vəz olunur. Hökumət sahibləri bu qaydaları, memarın həndəsə qaydalarını tətbiqi kimi, cəmiyyətə tətbiqə məcburdur. İkincilər isə, cəmiyyətlər itaət etdikləri qaydaları özündə birləşdirib yetişmə və inkişafları ilə ortaya qoyarlar; bu cəhətdən siyasət elmi, bəşəri fəaliyyətə xəyali bir qayə təyinindən sərfi-nəzər eyləmədən, hadisələrdən tarixi və ictimai qaydalar çıxarmağa, mühit, əhval, quruntular və ehtirasları gözdən qaçırmamağa çalışmalıdır deyirlər”*[3]

Siyasət elminin üsulunda olan bu ixtilaf, onunla əlaqəli məsələlərin əksəriyyətində qəti bir hal surəti tapmağa mane olur. Bəşəri cəmiyyətlərin həqiqi mənfəətləri, ictimai elmlər mənsublarının fikrincə bir çox müzakirəyə səbəb olduğu halda, hələ qərara gəlinməmiş məsələlərdəndir.

Bu qərarsızlıq ilə bərabər, hər cəmiyyət öz mənfəətini əldə etmək ümidi ilə əməli olaraq daimi dəyişmə halındadır. Yəni yuxarıda haqqında danışılan ictimai məsələ, əməli olaraq hər zaman, hər halda həll olunmaqdadır. Bu davamlı inkişaf əsnasında mənfəət deyə felə gətirilən şey həyatdır. Həyat isə qüvvətlə davam etdiyindən, həyatın varlığı qüvvətin varlığını zəruri edir. Demək olar ki, hər cəmiyyət mənfəətini həyatda, yəni qüvvət qazanmaqda və qüvvətini artırmaqda tapır. Bu cəhətdən, cəmiyyətlər arasında, kainatın yaşamaq istəyi ilə dolaşan bütün ünsürləri arasında olduğu kimi, daimi bir savaşma müşahidə edilir. Biz də bu hal surətini qəbul etmək məcburiyyətindəyik. Hər cəmiyyətin mənfəəti; varlığında buna görə qüvvətli olmaqdadır.

Lakin hansı cəmiyyətin mənfəətinə çalışmalıyıq? Bu sualın məntiqi bir cavabı verilə bilməz. Həqiqətən, nədən türklər və ya müsəlmanlar mənfəətinə xidmət edək də, məsələn slavlar və ya ortodoksların faydası üçün çalışmayaq? Xüsusən bir cəmiyyətin mənfəəti, əksər hallarda digər birinin zərəri ilə qaim olduğundan hansı məntiqi səbəbə istinad edərək, bəşəriyyətin bir qisminə zərər verməkdə haqlı olduğumuzu göstərə bilərik?

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Məqsədim yanlış anlaşılmasın: müxtəlif ünsürlər arasındakı düşmənçiliyin və Avropa ilə Osmanlı dövləti arasındakı çəkişmələrin müxtəlif səbəbləri var idi: yuxarıda söylənən səbəb, haqqında danışılan müxtəlif səbəblərdən yalnız birini təşkil edir.

*[2] Yanılmıramsa, “Türk tarixi”nin ikinci cildinin nəşr olunmasına hökumət icazə vermədi.

*[3] Liard: Logique. Methode des Sciences Morales, s.185