İstiqlal məfkurəsi

ÜÇ TƏRZİ- SİYASƏT

AKÇURAOĞLU Yusuf
Uyğunlaşdıranı: Aybeniz KENGERLİ

Osmanlı ölkələrində, Batıdan təsirlənərək qüvvət qazanmaq və irəliləmə arzuları oyanalı, bəlli-başlı üç siyasi yol təsəvvür və təqib (ebaucher) edildi sanıram: birincisi, Osmanlı hökumətinə tabe müxtəlif millətləri təmsil edərək və birləşdirərək bir Osmanlı milləti meydana gətirmək; ikincisi, xilafət haqqının Osmanlı dövləti hökmdarlarında olmasından faydalanaraq, bütün islamları haqqında danışılan hökumətin idarəsində siyasi cəhətdən birləşdirmək (Fransızların “panislamizma” dedikləri); üçüncüsü irq üzərinə dayanan siyasi bir türk milləti təşkil etmək.

Bu yollardan ilk ikisinin, bir zamanların Osmanlı dövləti ümumi siyasətinə mühüm təsiri oldu. Sonrakı isə, ancaq bəzi mühərrirlərin yazılarında görüldü.

-1-

Osmanlı milləti yaratmaq arzusu, çox yüksək bir xəyali qayəyə, çox yüksək bir ümidə doğru ucalmırdı, əsil məqsəd Osmanlı məmləkətindəki müsəlman və qeyri-müsəlman əhaliyə eyni siyasi haqları tanımaq və vəzifələri yükləmək; beləcə aralarında tam müsavat yaratmaq; fikri və dini cəhətdən tam sərbəstlik vermək; bu müsavat və sərbəstlikdən faydalanaraq, haqqında danışılan əhalini aralarındakı din və soy ixtilaflarına baxmayaraq bir-birinə qarışdıraraq və təmsil edərək, Amerika Birləşmiş Ştatlarındakı amerikan milləti kimi müştərək vətənlə birləşmiş yeni bir milliyyət, Osmanlı milləti meydana çıxarmaq və bütün bu çətin əməliyyatın nəticəsi olaraq da, “Dövləti-Aliyyeyi-Osmaniyyəni” əsil şəkliylə, yəni əski sərhədləri ilə mühafizə eyləməkdi. Əksəriyyəti islam və mühüm bir qismi türk olan bir dövlətin yaşamasında və qüvvətinin çoxalmasında, o cümlədən müsəlmanlar və türklər üçün fayda olmaqla bərabər, bu siyasi yol onlarla doğrudan-doğruya bağlı olmuşdu. Bu cəhətdən, Osmanlı sərhədləri xaricindəki müsəlmanlar və türklər bununla o qədər məşğul olmazdılar. Məsələ məhəlli və daxili bir məsələ idi.

Osmanlı milləti yaratmaq siyasəti, ciddi olaraq İkinci Mahmud zamanında meydana atıldı:*[1] bu padşahın: “Mən təbəəmdəki din fərqini ancaq məscid, sinaqoq və kilsələrinə girdikləri zaman görmək istərəm...” dediyi məşhurdur. Miladi ondoqquzuncu əsrin başlanğıcında və ortalarında bu siyasətin Osmanlı ölkələrində etibar qazanması, qabili-tətbiq zənn olunması təbii idi. O zamanlar Avropada milliyyət düşüncələri, Fransa Böyük İnqilabı ilə, soy və irqdən çox vicdani istəyə dayanan fransız qaydasını milliyyət əsası qəbul edirdi. Sultan Mahmud və onu təqib edənlər, yaxşı anlaya bilmədikləri bu qaydaya aldanaraq, dövlətin irq və dini fərqli təbəəsini sərbəstlik və müsavat ilə, əmniyyət və qarşılıqlı dostluq və bir-birinə qarışdırmaqla tək bir millət halına salmanın imkanına inanırdılar.

Avropada milliyyətlər təşəkkülü tarixində görülən bəzi misallar da etimadlarını artırdı. Həqiqətən, fransız milliyyəti german, selt, latın, yunan və bəzi soyların birləşməsindən əmələ gəlməmişdirmi? Alman milliyyətində bir çox slavyan ünsürü udulmamışdırmı? İsveçrə, irq və din fərqlərinə baxmayaraq bir millət deyildirmi? Adını çəkdiyimiz böyük adamların, bu zamanlar bir siyasi birlik yaratmağa çalışan alman və italyanların hərəkətlərini də, yanlış bir nəzərlə doktrinlərinin doğruluğunu isbata xidmət edən hadisələrdən hesab etmiş olmaları da, ehtimal daxilindədir.

Osmanlı milləti fikri, ən çox Əli və Fuad Paşalar zamanında keçərli idi. Fransız qaydasının, plebisit ilə millətlər təşkil etmənin rəsulu Üçüncü Napolyon, bu qərbliləşmiş paşalara qüvvətli dəstək olurdu. Sultan Əbdüləziz dövründəki fransızsayağı islahat və bu islahatın nümunəsi Məktəbi-Sultani də bu sistemin “Alamod” olduğu zamanların meyvələridir.

Elə ki, milliyyət qaydası, Almanlar tərəfindən həqiqi hadisələrə daha yaxın bir surətdə, milliyyətlərin əsası irq olmaqla təfsir olundu və bu təfsirin qələbəsi demək, əvvəla 1870-71-ci illərdəki səfəriylə Napolyon və Fransa İmperatorluğu süqut etdi, məhz o zamandan etibarən Osmanlı milləti deyilən siyasi görüş, yeganə qaynağını itirmiş oldu.

Hər nə qədər Midhət Paşa, adları yuxarıda çəkilən iki məşhur vəzirin müəyyən dərəcəyə qədər təqibçisi idisə, Midhətin siyasi proqramı onlarınkına nisbətən daha qarışıq və çox da gəlib-keçici olduğundan və Midhəti izləyən indiki “Gənc Osmanlılar”ın proqramları isə dolaşıq olduğundan Osmanlı milləti təşkili xəyalının Fransa İmperatorluğu ilə bərabər və onun kimi təkrar dirilmək üzrə öldüyünə hökm olunsa, xəta edilməmiş olar sanıram.

Osmanlı milliyyəti siyasətinin uğursuzluğundan sonra islamiyyət politikası meydan aldı.*[2] Avropalıların panislamizm dedikləri bu fikir son zamanlarda Gənc Osmanlılıqdan, yəni Osmanlı milləti təşkili siyasətinə qismən iştirak edən firqədən doğdu. Əvvəllər, ən çox “vətən” və “osmanlılıq”, yəni vətəndə yaşayan bütün xalqdan ibarət bir osmanlılıq nidaları ilə başlayan Gənc Osmanlı şairlərinin və siyasətçilərinin bir çoxunun duruş nöqtəsi islamiyyət oldu. Avropa içində olmaq, Qərb fikirlərini yaxından görmək, onların bu dəyişiminə ən qüvvətli səbəblər idi. Adı keçənlər Şərqdə olduqları zaman, başlarını onsəkkizinci əsr siyasi və ictimai fəlsəfəsi ilə olduqca çox doldurmuşdular (içlərindən biri Russo tərcüməçisi idi) və ancaq soy və dinlərin əhəmiyyət dərəcəsini tamam dərk etməmişdilər, xüsusən yeni bir milliyyət təşkili üçün zamanın çox gecikdiyini, Osmanlı dövlətinin hakimiyyəti altında olan müxtəlif ünsürlərin, mənfəətləri deyilsə belə, arzularının belə bir ittihad və imtizacda olmadığını və buna görə fransız milliyyət qaydasının Şərqdə tətbiqi imkansızlığını, tamamilə anlaya bilməmişdilər. Əcnəbi ölkədə ikən, əksəriyyəti məmləkətlərini uzaqdan daha qavrayışlı bir nəzərlə görməyə, din və irqin Şərq üçün getdikcə artan siyasi əhəmiyyətini və bu cəhətlə Osmanlı milləti yaradılması arzusunun mənasızlığını anlamağa müvəffəq oldular.

Artıq, var qüvvəti pazıya verib islam ünsürlərini -əvvəlcə Osmanlı ölkələrindəkiləri, sonra bütün yer kürəsindəkiləri, soy fərqlərinə baxmayaraq dindəki ortaqlıqdan istifadə ilə tamamən birləşdirməyə, hər müsəlmanın ən kiçik yaşında əzbərlədiyi “din və millət birdir!” qaydasına uyaraq bütün müsəlmanları, son zamanların millət kəlməsinə verdiyi məna ilə tək bir millət halına qoymağa çalışmaq lüzumuna qane oldular. Bu bir cəhətdən Osmanlı ölkələri arasındakı ayrılıqlara və fərqliliklərə son qoyacaqdı. Müsəlman Osmanlı əhalisi ilə qeyri-müsəlmanlar artıq ayrılacaqdı. Lakin digər cəhətdən, böyük bir birlik və ittihada səbəb olacaqdı. Bütün müsəlmanlar birləşəcəkdi. Bu yol, keçən yola nəzərən, daha geniş, yeni bir deyim ilə aləmşümul (mondiale) idi. İlkin sırf nəzəri olub yalnız mətbuat səhifələrində görülməkdə olan bu fikir, get-gedə tətbiq olunmaq istənildi. Əbdüləzizin son dövrlərində “panislamizm” sözü diplomatik danışıqlarda eşidildi, bəzi Asiya islam hökmdarları ilə münasibət istehsalına çalışıldı. Midhət Paşanın devrilməsindən, yəni Osmanlı milləti birliyi fikrinin hökumət tərəfindən tamam tərk olunmasından sonra, Sultan İkinci Əbdülhəmid də bu siyasəti tətbiqə çalışdı. Bu padişah Gənc Osmanlıların amansızcasına qarşısında olmaqla bərabər, müəyyən dərəcəyə qədər onların siyasətlərinin tələbəsidir. Hüquq bərabərliyi və tam sərbəstlik təmin olunsa belə, müsəlman olmayan təbəənin Osmanlı siyasət topluluğunda olmayacağını anladıqdan sonra, Gənc Osmanlılar adı keçən təbəəyə və onların qoruyucusu olan xristian Avropaya düşmənçilik göstərməyə başlamışdılar. Padşahın günümüzdəki siyasəti*[3] bu dəyişmədən sonrakı fikirləri ilə çox böyük bir bənzərlik göstərir.

İrəli > | Sonu >>

*[1] Birinci Səlimə qədər bu doktrinin bəzi Osmanlı padşahları tərəfindən təbii bir şəkildə təqib olunduğu iddia edilə bilərsə də, bu təqib Avropa təqlidi ilə olmayıb, bəlkə mühitin tələbindən və islamın hələ yaxşıca kök atmamış olmasından çıxmaqda idi, buna görə bəhsimizdən xaricdir.

*[2] Bu siyasət bir neçə əsr əvvəl Osmanlı hökuməti tərəfindən təqib olunmuşdu. Yıldırım Bayazid, Fateh Mehmed və Sokullu Mehmed bu fikrə xidmət etmişdilər. Birinci Səlimin isə, sanki hər hərəkətində islam aləmini birləşdirmək arzusu görünür. Lakin o zamanlar bu məqalənin zəminindən xaricdir.

*[3] Məqalənin yeddi il əvvəl yazıldığı unudulmasın. (Dolayısı ilə məqalə günümüzdən 102 il əvvəl yazılmışdır).