Məqalələr

Eyni zamanda, şeyx Sədi dövrünün tanınmış mürşidlərindən Şeyx Hümam Təbrizidən*[1] də faydalanmışdır.

Səlcuqilər və onlardan sonra elxanilər zamanında Azərbaycanın müxtəlif şəhərlərində İslam elminin hər sahəsində böyük alimlər yetişmişdir. Elxanilər zamanında Azərbaycanın tarix, coğrafiya, heyət, tibb, fəlsəfə və başqa sahələrdə beynəlxalq bir əhəmiyyətə malik olduğu, prof. Z.V.Toqanın istifadə etdiyimiz “Azərbaycan” məqaləsində təfsilatla qeyd olunmuşdur.

Ədəbiyyat sahəsinə gəldikdə isə, Azərbaycanın rolu daha böyük bir ölçüdədir.

Azəri türklərinin klassik türk ədəbiyyatına Nəsimi, Həbibi və nəhayət, Füzuli kimi tanınmış və böyük simalar verdikləri məlumdur.*[2]

Azərbaycanlıların klassik İran ədəbiyyatındakı payları da mühüm bir dərəcədədir.

Başda Nizami Gəncəvi olmaq üzrə, İran ədəbiyyatına Azərbaycan bir sıra məşhur adlar vermişdir. Bunlardan Xaqani Şirvani, Fələki Şirvani, Mücir Beyləqani, Əbül-üla Gəncəvi və başqalarını qeyd edə bilərik.

Bunlar XII əsrin şairləridir. Onlardan əvvəl XI əsrdə də şair və filosof Qətran Təbrizi vardır ki, o zamandakı Azərbaycan hökmdarlarının həyat və fəaliyyətini nəzmə çəkmişdir.

Bu dövrlərdə fars dili müsəlman Şərqində ədəbi və rəsmi bir dil hökmündə idi. Fars olmayanlar da əsərlərini bu dildə yazırdılar.

Fəqət yalnız bu dövrlərdə deyil, daha sonrakı əsrlərə aid İran şairləri arasında da, Əhməd ibn Məhəmməd Təbrizi (XIV əsr)*[3], Qasım Ənvar (XV əsr)*[4], Sadıq Əfşar (XVI əsr)*[5]Saib Təbrizi (XVII əsr) kimi İran ədəbiyyatının ön sıralarında yer tutan bir çox azərbaycanlıları görürük. Bunlardan təbrizli olması ilə xüsusən fəxr edən Saib*[6] fars ədəbiyyatının sonuncu ustadlarından ən qüdrətlisi kimi tanınır.

Müasir İran ədəbiyyatında da əslən azərbaycanlı olan ədiblərin rolu mühümdür. Bunlardan “Kitabi-Əhməd” müəllifi Əbdürrəhim Talıbzadə, “Səyahətnameyi-İbrahim bəy” müəllifi Hacı Zeynalabdin Marağayi və “Əxtər” qəzetinin yazarı Məhəmməd Tahir kimi simaları qeyd edə bilərik.

4.
türk hakimiyyəti altında
fars ədəbiyyatı

XVII əsrdə fransız olmayan avropalı yazıçılar da əsərlərini fransızca yazmışlar. Ümumiyyətlə, bu dil o çağlarda Avropanın böyük bir hissəsində ümumi idarə, elm və ədəbiyyat dili olmuşdur.

Islam Şərqində də biz, bu hadisənin bir bənzərini görürük: miladi X əsrlə XIII əsr arasında islam Şərqi üçün fars dili ümumi bir dövlət və ədəbiyyat dili olmuşdur. Iranlı, yəni fars olmayan müəlliflər belə elmi və ədəbi əsərlərini bu dildə yazmışlar. Zamanın bu tələbinə xüsusən türk ziyalıları uymuşlar. Bununla da onlardan qalan əsərlər, təbiidir ki, yazdıqları dilə görə İran və fars ədəbiyyatı xəzinəsinin malı olmuşdur.

“Encyclopedie de l’İslam”da, İran ədəbiyyatı haqqındakı məqaləsində Y.Bertels bu fikri əsas tutaraq belə ümumiləşdirmə vermişdir:
“Ön Asiyanın siyasi inkişafı yeni İran dilini, yəni farscanı danışıq dilləri farsca olmayan millətlər və xalqlar üçün ədəbi dil səviyyəsinə qaldırmışdır. Fars dili bu xalqlar üçün, XVIII əsr Avropasındakı fransızca kimi, yüksək hakim sinfi dili olmuşdur. Buna görə, yeni  İran ədəbiyyatını, sözün geniş mənası ilə, yalnız fars ədəbiyyatı kimi götürmək düzgün olmaz. Bu ədəbiyyat İranın olduğu kimi, Hindistanın, Orta Asiyanın, qismən Türkiyənin və Əfqanıstanın da ədəbiyyatıdır”.

Görünür ki, İran ərəb istilasından yalnız siyasi cəhətdən qurtulmaq üçün deyil, mədəni baxımdan dirilmək və yüksəlmək üçün də türk qüvvət və zəkasından geniş miqyasda faydalanmışdır.

Fars ədəbiyyatı, yalnız türk saraylarında işlənməklə və türk xaqanlarının himayəsini görməklə qalmamış, eyni zamanda, türk şairləri tərəfindən də yaradılmışdır.

Tarixin bizə qəribə görünən bu hadisəsi islam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı bir məsələdir.

Yaxın Şərqin ərəb fütühatı nəticəsində islamlaşdırılması və dolayısı ilə ərəbləşdirilməsi məlumdur. Bu vəziyyətə qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən olmuşdur. Halbuki yıxılan ərəb imperiyası yerinə, siyasi baxımdam farsların deyil, türklərin gəlməsi bir həqiqətdir.

Burada qarşıya bir sual çıxır: nə üçün min ildən bəri islam Şərqində hakimiyyət sürən sülalələr, çox kiçik və əhəmiyyətsiz istisnalarla, həmin türklərdən olduğu halda, klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?..

İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi, “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır.

Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə məşhur olan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdır.*[7]

Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdır. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdur.

Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi, Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar.*[8]

Ədəbiyyatdan başqa, rəssamlıq sahəsində də İrana beynəlxalq şöhrəti təmin edən türk sülalələridir. Iran miniatürçülüyünün ən parlaq dövrü Teymurilərlə Şeybanilər zamanına təsadüf edir. Iran adına bağlanan bu sənət əslində Mavəraənnəhr ilə Xorasanda inkişaf etmişdir. Miniatürçülüyün ən məşhur ustadı Kəmaləddin Behzad Hüseyn Bayqaranın sarayında yetişmişdir.

Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdur.*[9]

Təbrizdəki Göy məscidin bəzədilməsindəki üslub, rəng və ahəng etibarı ilə Teymur dövrü memarlığının Səmərqənddəki üslubunun eynidir.*[10]

Bağdad xəlifələrini dini bir simvol halına salaraq siyasi qüdrəti öz əllərinə alan türk sultanlarının idarə işlərində ərəb dilindən savayı bir dildən istifadə etmələrini başa düşmək olur; lakin bu dil nə üçün türk dili deyil, fars dili olmuşdur? Çünki Asiya çöllərinin dərinliklərindən axıb gələn və Yaxın Şərqdə səltənətlər quran türklər köçəri idilər. Köçərilərin məskən saldıqları məmləkətlərdə yerli mədəniyyətə uyuşmaları isə adi bir şeydir. Necə ki, eyni hadisə, Çində hakimiyyət sürmüş türk sülalələrinin tarixində də görünmüşdür.

Eyni amil Əməvilər zamanında Şamda, onlardan sonra xilafət mərkəzini, qədim İran mədəniyyətinin ocağı olan bir sahədə yerləşən Bağdada köçürən Abbasilər zamanında İraqda ərəblər üzərinə də təsir göstərmişdir: İslam cəmiyyət və idarəsi çöllükdən çıxaraq şəhərləşdikcə, əski mədəniyyətə bağlı ünsürlərlə yunan və İran təsisatlarının təsirinə məruz qalaraq inkişaf etmişdir.

Min ildən bəri islam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı, bu hakimiyyətdəki sabitlik, Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir.

Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər.

Inzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi, yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda, özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər.*[11]

Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə, çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər, işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar.

Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər.

Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir.

Islamiyyətin amansız düşməni kimi çıxış edən monqollar, ilk dövrlərdə, ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə, fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı, türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir.

Teymur fütuhatından sonra və Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk ziyalıları ilə hakim siniflər arasında, farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır.

Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvayinin məclislərində, qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə)*[12] saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.

Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən, nisbətən yavaşıdığı halda, Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəti ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir.

Yeni müsəlman İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi, bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa, türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir.*[13]

Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrinin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq, Şərq islam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir.

5.
Azərbaycan xıı əsrdə

XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə islam Şərqi qərbdən xaçpərəstlərin, şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.

Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi, Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda olmuş, Şərq islam mədəniyyətinin, xüsusən klassik İran ədəbiyyatının mühüm sığınacağına çevrilmişdir.

Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində şerin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər.

Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək:

1. Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçehr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şer biliciləri Əbül-Ülanın böyük bir əhatə sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir.*[14]

2. Xaqani Şirvani – Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından əlavə, Xaqaninin Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə də məlumdur. Şərq tənqidçiləri içərisində Xaqanini qəsidədə Ünsüri və Ənvəridən yüksək tutanlar vardır. Qərb tədqiqatçıları arasında da Xaqaninin sənəti, üslübü, həssaslıq və yaradıcılıqdakı qüdrəti təqdir olunur. 1864-cü ildə fransız dilində nəşr etdiyi bir ədəbi risaləsində Xanıkov, Xaqanini böyük fransız şairi V.Hüqoya bənzətmişdir.*[15]

3. Fələki Şirvani – Şirvan diyarında doğulmuş şair qeyd etdiyimiz üzrə, Xaqani kimi, həm Əbül-Ülanın şagirdi, həm də, yenə onun kimi, Şirvan sarayının şairidir. Fələki şairlikdən əlavə, həm də dövrünün məşhur astronomlarındandır; təxəllüsünü də bu münasibətlə “Fələki” götürmüşdür. Şerlərində ulduzlara və səma cisimlərinə aid bir çox təşbeh və istiarələr işlətmişdir. Onu şairlikdə Xaqaniyə bərabər tutanlar olmuşdur.

4. Mücir Beyləqani – Arranın qədimdə məşhur şəhərlərindən Beyləqanda yaşadığı üçün Beyləqani kimi tanınmış Mücirəddin Azərbaycan atabəylərinə mənsub şairlərdəndir. Atabəylərin birincisi Eldənizə və onun oğlu Məhəmməd Pəhləvana yazdığı qəsidələr məlumdur. Müciri şairlikdə və üslubda böyük müasirləri Xaqani və Nizami səviyyəsində görənlər vardır. Şairi təqdir edənlər arasında ədəbiyyatda böyük səlahiyyəti olan Xosrov Dəhləvi də vardır ki, onu sənət aləmində Xaqanidən belə üstün tuturlar.

5. Qivami Mütərrizi – Nizaminin tərcümeyi-halına həsr edilmiş fəsildə gəncəli olan həmin şair haqqında ayrıca bəhs edəcəyik. Onun Azərbaycan atabəyi Qızıl Arslana həsr etdiyi süni (qəsideyi-məsnui) qəsidəsini səriştəli söz ustaları arasında qeyri-adi sənət əsəri kimi təqdir edənlər də vardır.

6. Zəhir Faryabi – Əslən türküstanlı olan bu şair Azərbaycanlı atabəyləri zamanında saraya mənsub olan Məhəmməd Cahan Pəhləvan ilə Qızıl Arslana qəsidə və mədhiyyələr yazmışdır. Zəhirin qəsidə və qəzəllərdən ibarət olan divanı:

Divani-Zəhiri-Faryabi
Dər Kəbə bedozd əgər beyabi.*[16]

beytindən göründüyü kimi, klassiklər tərəfindən çox bəyənilmiş və məşhur olmuşdur. Onun Qızıl Arslana yazdığı qəsidədən bir beytini şahid gətirmək olar. Həmin beytin məzmunu və təşbihi yüksək sənət sahibi olduğuna gözəl bir nümunədir.*[17]

7. Əsirəddin Əxsikəti – Həmin şair də Türküstandan Atabəylər sarayına gəlmiş, Azərbaycanda yaşamış və o zamanın məşhur şairlərindən olub, himayələrini gördüyü Azərbaycan Atabəylərinə mədhiyyələr yazmışdır.*[18]

8. Seyid Zülfüqar Şirvani – Eldənizlərə mənsub şairlərdəndir.

9. Yusif Füzuli; 10. Şafur ibn Məhəmməd; 11. Fərrux Şirvani; 12. “Nizam ət-təvarix” kitabının müəllifi Qazi Beyzavi; 13. Kəmaləddin Naxçıvani; 14. Seyid İzzəddin Ələvi və başqaları o zamankı ədəbiyyat göylərində parlayan şer sənətinin inci sapına düzülmüş ulduzlardandırlar.

O dövrün parlaq şairlərindən Məhsəti xanımı da bu işıqlı sənətkarlar arasında mütaliə edə bilərik. Gəncə xətibinin oğlu şair Əmir Əhməd ilə evli olan bu qadın Gəncənin yoxsul bir ailəsində böyüməsi və yetişməsinə baxmayaraq, öz zəka və istedadı sayəsində zəmanəsininən yüksək təbəqəsinə qalxmış, saraylara yol tapmışdır. Musiqidəki məharəti, söhbət əsnasındakı hazırcavablığı onu Sultan Səncərin məclislərinə gətirib çıxarmışdır. Məhsəti Gəncəvi xəyyamvari rübailəri və yüksək lirizmi ilə məşhurdur.

Ölkənin ümumi vəziyyəti və mədəni durumu həmin fəaliyyət ilə ahəngdar idi. Mənuçehr Axsitan zamanındakı Şirvan kiçik ölçüdə Sultan Mahmud dövründəki Qəznəni andırırdı.*[19]

Möhtəşəm ticarət mərkəzi olan Şirvan (Şamaxı) memarlıq abidələri, bağ və bağçıları ilə məşhur idi.

Gəncəyə qayıdaraq qeyd etmək lazımdır ki, Aranın keçmiş paytaxtı Bərdənin*[20] dastanlar mənbəyi və mövzusu olan sərvət və var-dövlətinin varisi olan həmin şəhər o zamanın ən şöhrətli mərkəzlərindən biri idi. İstəxrinin verdiyi məlumata görə 1139-cu ildə baş vermiş zəlzələdə 300000-ə qədər əhali həlak olmuşdu. Bunu nəzərə alanda qədim Gəncənin nə qədər böyük mərkəz olduğu aydın olur.

Həmdullah Qəzvininin verdiyi xəbərə görə, Gəncə Orta Asiyanın ən gözəl şəhərlərindən biri sayılırdı. Ibn əl-Əsir isə (XI əsrin tarixçisi) həmin yeri “Aran şəhərlərinin anası” adlandırmışdır. O dövrdəki Gəncənin sadəcə olaraq böyüklüyü və abadlığı haqqında deyil, etnik vəziyyəti haqqında da geniş məlumatımız var. 1170-ci illərdə Gəncənin bir böyük türklər (türkmən) şəhəri adlandırıldığını İbn Əzrəq öz əsərində qeyd etmişdir.*[21]

Məşhur tarixçi Nəsəvi də həmin tarixdə Arran ilə Muğanda “türklərin (azərbaycanlıların) qarışqa kimi çox olduqlarını” yazmaqdadır.

Azərbaycanın XI əsrdə türkləşmiş (azərbaycanlılaşmış) olması o dövrün ədəbi abidələrində də sabit şəkildə göstərilmişdir. Məşhur Dədə Qorqud qəhrəmanlarının gəzib dolaşdıqları başlıca sahə Azərbaycandır; bu dastandakı əlamət və realilər Azərbaycan əlamət və realiləridir; dastanlarda işlənmiş ləhcə də azəri türkcəsidir. Oğuz boylarının X və XI əsrlərdə Azərbaycana gəlmələri ilə bağlı olan bu dastanların XII yüzillikdə Azərbaycan xalqına məlum olduğuna inanıla bilir.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Ş e y x  H ü m a m  elxanilərdən Abaqa xanın vəziri Sahib-divanın nədimlərindən olmuşdur. Fəsahət və səlislik baxımından “Azərbaycan  Sədisi” kimi məşhurdur. Bir qəzəlinin sonunda, təəssüfləmi, ya təvazö iləmi, özü barədə yazdığı aşağıdakı beytləri M.Ə.Tərbiyət nəql etmişdir:
Pəyam deh suy-e bolbol ke ba vocud-e homam,
Rəva bovəd ke soxənha-ye eşq pərdazi?
Homam-ra soxən-e delfərib-o-şirin-əst,
Vəli çe süd ke biçare nist şirazi.

(Hümam varkən söyləyiniz bülbülə,
Münasibmi eşqə nəğmə söyləsin?!
Könül açar dadlı dili hümamın
Zavallı Şirazlı deyil, neyləsin?! – red.)

*[2] Bu şairlər türk ədəbiyyatı xəzinəsinə daxil olmaqla bərabər, farsca şerlər də yazmışlar.

*[3] Bu şəxs elxanilər dövründə yaşamış bir şairdir. Əbu Səid Bahadur xanın adına yazdığı “Şahənşahnamə” mənzuməsi Yafəsdən başlayaraq ta Əbu Səid xana qədər baş vermiş dünya hadisələrini əhatə edir. Əsərin tam nüsxəsi Britaniya muzeyindədir. Əsər Rəşidəddinin tövsiyyəsi ilə yazılmışdır.

*[4] Q a s ı m  Ə n v a r  farsca ilə bərabər türkcə və gilək dilində də şerlər yazmışdır. Hicri 757-ci ildə Təbriz ətrafındakı Surxabda doğulmuşdur.

*[5] S a d ı q  Ə f ş a r  əsərlərini həm farsca, həm də türkcə yazmişdır. Eyni zamanda rəssamlığı da var imiş. Bir tablosu Leninqrad muzeyindədir.

*[6] S a i b  öz zamanında müsəlman Şərqinin ən tanınmış şairi idi. Osmanlı sarayının istəyilə, Səfəvilər Saibin əsərlərini İsfahandan İstanbula hədiyyə göndərirdilər (Encycr de l’İsl). “Encyclopedie de l’İslam”da Saibin isfahanlı olduğu yazılır ki, bu yanlışdır. Saib təbrizlidir, Azərbaycanda doğulmuşdur. Türkcə də gözəl şerlər yazmış və doğum yeri olan Təbrizlə fəxr etmişdir. Aşağıdakı beytlər onundur:
Saeb əz xak-e pak-e Təbriz-əst
Həst Sədi gər gəl-e Şiraz.

(Əgər Sədi Şirazın palçığındandırsa,
Saib Təbrizin pak torpağındandır – red.)
və ya:
Ze hosn-e təb-e to Saeb, ke dər tərəqqi bad,
Bolənd-nam şod əz comle şəhrha Təbriz
Saib, qoy ucalsın sənin ilhamın ki, onun gözəlliyindən
Təbriz bütün şəhərlərdən yüksək ad qazandı – red.)
və ya türkcə:
Sabiqən zövq verirdi şüəraya Şiraz
Indi Şirazın keçib abü həvayi-Təbriz.
Saibin təbrizli olduğunu ondan sonra yaşamış görkəmli şairlərdən Təsir də aşağıdakı beytində təsdiq edir:
Hazeq-e nəbz-e soxən dər həme-ye aləm nist
Becoz əz  Saeb-o-Təsir ke əz Təbriz-ənd
(Təbrizdən olan Saib və Təsirdən başqa
Bütün dünyada sözün nəbzini duyan yoxdur – red.)

*[7] Bə dour-e kərəm bəxşeş e-nik did,
Ze Məhmud-e keşvərsetan Onsori
Be dəh beyt səd bədre-do-bərde yaft
Ze yek fəth-e Hendustan Onsori.
Şənidem ke əz noğre zəd digdan
Ze zər saxt alat-e xan Onsori.
Mənası:
Verim çağında kərəmlər gördü
Sultan Mahmudu anan Ünsüri;
On beytə qarşı yüz bəxşiş aldı
Hindistan fəthini yazan Ünsüri;
Süfrəsində vardı qızıl qaşıqlar
Mətbəxində gümüş qazan Ünsüri –  Xaqani

*[8] Farsca yazmış türk şairlərindən bəzilərinin adlarını bu yazıda qeyd etdik. Farsca şer yazan türk hökmdarlarından da tarixdə mühüm nümayəndələri vardır. Adları və ləqəblərində belə qədim İran ənənələrini təqlid edən səlcuq hökmdarları arasında belələri çoxdur. Osmanlı sultanlarından da farsca şer yazanlar olmuşdur. Məsələn, Sultan Səlim Yavuzun farsca yazılmış iri bir divanı vardır. Bu divan 1904-cü ildə kayzer II Vilhelmin göstərişi ilə prof. Paul Horn tərəfindən Berlində, Dövlət nəşriyyatında nəfis şəkildə çap olunaraq, Sultan Əbdülhəmidə hədiyyə göndərmişdir.
Mərhum Ziya Paşa məşhur “Xərabat”ında Yavuzun farsca şairliyini bu beytlərdə qeyd edir:
Etmiş o şəhənşəhi-müzəffər,
Mülki-süxəni dəxi müsəxxər.

Əksər sözü farisidir anın,
Məqbulü müsəlləmi cahanın.
Yox Rum aranır isə sərasər,
Ol şivədə farisi demiş ər.
Olmaqla şəhi-cahani-məna
Divanı durur cahanda hala.

*[9] R e n e  G r o u s s e t. Les civilisations de l’orient. Səh. 325

*[10] R e n e  G r o u s s e t. Les civilisations de l’orient. Səh. 288

*[11] Z.V.T o ğ a n. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi; M.F.Köprülü. Türk ədəbiyyatında ilk mütəsəvviflər. İstanbul, 1919. s. 25.

*[12] Səfəvi sülaləsinin banisi Şah İsmayılın “Xətai” təxəllüsü ilə şerlər yazması bəllidir. Türkcə dini şerlərdən, qəzəllərdən və başqa ədəbi parçalardan ibarət “Divan”ı vardır. Xətai azəri türk ədəbiyyatının sütunlarından sayılır. Şahın sarayı azəri türk ədəbiyyatının bir növ akademiyası idi; xidmətindəki şairlərdən Tüfeyli şerlərindən birində ona “türki-tacdar” deyə müraciət edir. Füzuli “Bəngü badə”sini ona ithaf etmişdir. Sultan Səlim ilə Şah İsmayıl arasındakı məktublaşmalar, yazıldıqları dil baxımından diqqətəlayiqdir; Osmanlı məktubları farsca ikən, İran məktubları türkcə yazılmışdır.

*[13] Xaqanidən:
Bər qəraxan-e şəb-o-ağsonqor-e ruz əz şərəf
Dər toğan-şahiəş toğra dadi əhsənət ey məlek!

*[14] Zəmirəm əbr-o-soxən qouhər-əst-o-del dərya,
Zəban monadi-ye in qouhər-o-zəmane bəha.
Beçun məni ke əz əqran-e xod səbəq bordəm
Ke əhl-e Gəncə təfaxor kanənd həst rəva.
/Mənim təbiətim bulud, sözüm gövhər, ürəyim dəryadır.
Dilim bu gövhərin carçısı, zamana qiymət verəndir).
Öz yaxınlarından üstün olan mənim kimisi ilə
Gəncə camaatı fəxr edirlərsə, yeri vardır – red./

*[15] C h a n i  R o f f – Memoire sur l’Chagani. Paris. 1864

*[16] (Zəhir Faryabinin divanını Kəbədə tapsan, oğurla! – red.)

*[17] An tork-e sorxcame sərvar-e səmənd şad
Yaran həzər konid ke atəş bolənd şad.

*[18] Bu beytlər onundur:
Anəm ke bər emruz bərəd rəşk diyəm,
Canəm xordəm, tənəm nədanəm ke kiyəm
Çun porsidi, ba to bequyəm ke, kiyəm,
Ostade-soxən, Əsire-Axsikətiyəm.

*[19] Bu müqayisə və bənzətmənin qiymətini düzgün ölçə bilmək üçün qeyd etmək lazımdır ki, M.İ.Darmsteter tərəfindən fransız kralı XIV Lüdoviqə bənzədilən Sultan Mahmudun sarayında bizim zəmanəmizə yad olan bir xüsusi müəssisə var idi: şer nazirliyi. Məlik-əş-şüəra ləqəbini daşıyan baş şairin nəzarəti altında sarayda 400-dən çox adları dəftərxanada qeydə alınmış şair fəaliyyət göstərirdi. Baş şairin imtahanından keçərək diplom almayan heç bir şair özü ən böyük şairlərdən sayılan Sultan Mahmudun hüzuruna çıxa bilməzdi. Iran ədəbiyyatının məşhur simalarından olan Ünsüri Sultan Mahmudun məlik-əş-şüərası, yəni şer naziri idi.

*[20] X əsr tarixçisi Məsudi Bərdədən bəhs edərkən onu “Aranın Bağdadı” adlandırmışdı. Həmin əsərin müəllifi İbn Hoyqəl də “Rey ilə İsfahandan sonra Bərdədən daha böyük varlı və gözəl bir məmləkət yoxdur” – deyə, Bərdəni tərif etmişdir.

*[21] Bu müəllifin əsərinin Xəlil Mükrimin xüsusi kitabxanasında mühafizə edildiyini Z.V.Toğan “İslam ensiklopediyası”ndakı “Azərbaycan” məqaləsində qeyd etmişdir.