Məqalələr

MƏMMƏD ƏMİN RƏSULZADƏ

AZƏRBAYCAN ŞAİRİ
NİZAMİ

Şairlikdəki əsrar pərdəsi,
Peyğəmbərliyindir bir kölgəsi.
Tanrı hüzurunda sıra tutmuşlar;
Ikinci şairlər, ilkin peyğəmbərlər.
Nizami

Müəllifdən

Kitabımız Nizaminin anadan olmasının 800-cü ildönümü münasibətilə 1941-də bitmiş, fəqət müharibənin doğurduğu çətinliklər üzündən çapı gecikmişdir.

Bu gecikmə bir yandan müəllifin təəssüfünü doğurmuşsa da, o biri tərəfdən hər keçən il əsərin bir az daha dolğunlaşmasına və gözəlləşməsinə səbəb olmuş və yeni materiallar, əlavələr, təsvirlər və haşiyələr gətirmişdir. Qaynaqlardakı bəzi – 1941-ci ildən sonrakı tarixlər kitabda bu yolla yer almışdır. Əlavələr hissəsində, xüsusən, “Nizamidən çevirmələr” qismi varlığını bu gecikməyə borcludur.

Fəsil başlarındakı Nizamidən alınan beytlərin türkcə çevirmələri bu gecikmədən qazanılan zamanda edilmişdir. Müəllif bu kiçik epiqrafların və kitabın haşiyələri ilə sonuna əlavə edilmiş mənzum parçaların ustadın əsərinə layiq bir şəkildə türkcəmizə çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu az da olsa əks etdirib-etdirmədiklərini müəyyənləşdirmək, təbiidir ki, oxucuların öhdəsinə buraxılmışdır; əslində bu xüsusda müəyyən bir iddiası da yoxdur, kifayətdir ki, bəzək olsun deyə edilən bu əlavələr əsərin nəzərdə tutduğu əsl məqsədə mane olmasın.

Kitabın haşiyələrində və “əlavələr” qismində mətndə bəhs edilən mətləbləri aydınlaşdırmaq üçün Nizamidən bəzi parçalar vermək faydalı görülmüşdür. Farsca beytlərin oxunuşunda oxuculara yardım olsun deyə, bunların türkcə məzmunu qismən verilmişdir...

Illərin məhsulu olsa da, müəllif vasitələrin heç də tam olmadığı şəraitdə yaranmış bu əsərin istər-istəməz nöqsanlardan xali olmadığına əmindir. Oxucularından dilədiyi ən səmimi şey bu nöqsanları ona bildirmələridir. Bu yolla onlar Nizami haqqında bizdə qüsurlu olan məlumatın tamamlanmasına xidmət etmiş olarlar. Eyni baxımdan əsər haqqındakı ümumi mülahizələrini də bəyan etmək lütfünü göstərənlər müəllifi son dərəcə məmnun və minnətdar etmiş olarlar.

Ankara, 8 aprel 1949.

Başlanğıc

Nizaminin nəzmini oxursan,
Sözündə sən onu hazır bularsan.

Cilvəsini səndən necə o saxlar
Ki, hər beytində anladır bir əsrar.

Yüz ildən sonra da desən harda o?
Beytlərdən nida gələr burda o! *[1]

Yüz il deyil, səkkiz yüz ildən sonra da “burda o!”sunu duyduğumuz Nizami, müsəlman Şərqinin ürfan xəzinəsinə daxil İran və dünya ədəbiyyatında Nizami Gəncəvi kimi tanınan şairdir.

Müsəlman Şərqi dedikdə, Nizaminin yurdu Gəncəni də içinə alan Azərbaycan da daxil olmaqla, Yaxın Şərq və Orta Asiyanı əhatə edən coğrafi ərazi nəzərdə tutulur. Bu ərazinin müxtəlif çağlarda yaşamış olduğu siyasi və tarixi təkamülü ilə mütənasib mədəni kamillik dövrləri vardır. Bura bir tərəfdən İran və Turan, digər tərəfdən də Ərəb ilə Əcəm çəkişmə və çarpışmalarının səhnəsi olmuşdur.

Tarixi hadisələrin təsirilə baş verən qaynayıb-qarışmalar nəticəsində əski mədəniyyətlər yatağı olan bu yerlərdə, yeni bir mədəniyyət meydana gəlmişdir: Şərq İslam mədəniyyəti.

1.

Şərq İslam Mədəniyyətinin Üç Ortağı

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi,*[2] İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır.

Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.

La literature Arabe (“Ərəb ədəbiyyatı” – red.) adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

Şərq islam mədəniyyəti onu yaradan ünsürlərdən üç milli amillə sıx surətdə bağlıdır.

Ərəblərlə bərabər, onlar qədər, bəzi xüsuslarda hətta onlardan da artıq islam elm və ürfanı üçün fəaliyyət göstərmiş farslarla türklər vardır. Bu iki xalqdan yetişmiş böyük islam şəxsiyyətlərinin dünyaca məşhur adları cildlərlə kitaba mövzu olmuşdur.

Demək gərəkdir ki, İslam mədəniyyətinin Şərqdə yayılmasında ərəb dili ilə bərabər, fars və türk dillərinin də müəyyən rolu vardır. Bir duyğu, düşünüş və bilik vasitəsi olmaq etibarilə, tarixin müəyyən dövrlərində bu iki dilin, xüsusən ədəbiyyat sahəsində və beləliklə, Şərq islam mədəniyyətinin inkişafı və yayılmasında çox mühüm təsirləri olmuşdur.*[3]

2

Şərq İslam Mədəniyyətinə Mənsub
Şəxsiyyətlər üçün Keçirilən Yubileylər

Son illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır.

Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.

“Şahnamə”nin böyük yaradıcısı Əbül-Qasim Firdovsi dünya durduqca yaşayacaq bu böyük əsərini milli bir təəssüblə, milli qəlibdə, “əcəmi” diriltmək üçün “farsca” yazmışdır. Bu əsəri ilə o, ərəb istilası ilə aradan getmiş iranlılığı, ədəbi şəkildə olsa da, yenidən canlandırmışdır. Fars ənənəsini fars dilində canlandıran Firdovsi milli bir şəxsiyyətdir. O, İran millətçiliyinin ideoloqu və fars oğlu farsdır.

Buna müqabil “Mühakimət ül-lüğəteyn” adlı tanınmış əsərilə türk dilinə üstünlüyünü isbat edən və bu müddəanı əyaniləşdirmək üçün fars ədəbiyyatının başlıca kitablarına bərabər cığatay türkcəsilə qüdrətli əsərlər yazan Mir Əlişir Nəvai də ədəbi türk millətçiliyinin atası və türk oğlu türkdür.

Bu iki şəxsiyyətin əsərlərilə yanaşı, milliyyətləri də hər cür şübhə xaricində olduğu halda, üçüncüsünün, yəni İbn-Sinanın milliyyəti barədə anlaşılmazlıq mövcuddur:
Ərəblərə görə, İbn-Sina ərəbdir, çünki əsərlərini ərəbcə yazmışdır. Farslara görə, başqa bir çox iranlı alimlər kimi əsərlərini ərəbcə yazsa da, İbn-Sina bir farsdır; hətta farsca şerləri belə vardır. Türklərə görə də, Türküstanın Əfşanə (Buxarada) kəndində doğulmuş Sina oğlu*[4] bir türkdür; farsca şer yazması türk olması barədə iddianı rədd etmir, çünki ərəbcə yazmış farslar və türklər olduğu kimi, farsca yazmış türklər də az deyildir.

Ibn-Sina haqqındakı bu anlaşılmazlıq, yubileyi keçirildiyi günlərdə İran, türk və ərəb mərkəzləri arasında ixtilafa səbəb olmuşdur.

Nizamiyə həsr olunmuş bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilmişdir. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaqdır və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanların bir qismində etiraz da olmasa, adət etdiklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuracaqdır.

Fəqət nə etməli: dünya böyüklərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də başqalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?! Əslində bu mübahisədə iki millət və cəmiyyətin münasibətlərini korlayacaq bir cəhət də yoxdur; əksinə, iki tərəfə mənsub edilən şəxsiyyət ətrafında bəhs edilən millət və cəmiyyətlər daha çox birləşmiş və anlaşmış olarlar.

Məşhur elm və ürfan xadimlərinin milliyyətləri haqqında mübahisələr Avropaya da yad deyildir. Orta əsrlərdə latın dili bütün avropalılar üçün ortaq bir dil idi. Bütün millətlərin ziyalıları əsərlərini bu dildə yazardılar. Milli oyanış və mədəni müstəqillik qazanıldığı dövrdə isə ortaq latın dili dövrünə aid tanınmış mədəniyyət xadimləri milli mənsubiyyətləri baxımından qızğın mübahisələrə səbəb olmuşlar.

Qərbdə və Şərqdəki bu iki hadisənin kökü birdir. Lakin Avropa elmi xristianlıqla birləşmiş bütün qərblilərin milliyyət və irq təəssübü çəkmədən yaratdıqları bir dəyər olduğu kimi, ərəb elmi də eynilə müsəlman cəmiyyətində birləşmiş şərqlilərin meydana gətirdikləri bir sərvətdir.

Tarixin müəyyən qanunauyğun inkişafından kənara çıxan bu hadisəni elmi şəkildə izah etmək istəsək, fikrimizi bu cür xülasə edə bilərik:
Ümmət dövründə millət və irq fərqlərinə əhəmiyyət verilmədiyi üçün çox da axtarılmayan “mədəniyyətdə ortaqlıq payı” millət dövründə aranmağa başlamış və hər xalq İslam mədəniyyət və ürfanında öz nümayəndələrinin xidmətlərini müəyyənləşdirməkdən bir zövq duymuşdur.

3.

Şərq İslam Mədəniyyətində
Azərbaycanın Rolu

Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir.

Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır.

Türkcədən başqa, əsərlərini yalnız ərəb və fars dilində yazmış olan tanınmış azərbaycanlı şəxsiyyətlərin bir siyahısı yazılarsa, böyük bir cild yaranar. M.Ə.Tərbiyətin “Azərbaycan alimləri”nə ayırmış olduğu çox qısa cild belə 400-dən çox böyük şəxsiyyəti əhatə edir*[5]. Təkcə bunu qeyd etmək kifayətdir ki,  İslamdan əvvəlki dövrlərə aid məşhurlarla*[6] Qərbin təsiri ilə İslam dünyasında başlayan yeni oyanış dövrünə aid şəxsiyyətlərdən*[7] başqa, yalnız Nizami və müasirləri üzərinə həqiqi təsir göstərən və onlardan təsirlənən dövrlərdə yetişmiş mədəniyyətə xidmət edənlərin azərbaycanlı olanları belə, həm sayı, həm də əhəmiyyəti baxımından diqqətəlayiq bir yer tuturlar.

Bunlardan bir neçə mühümünü burada qeyd etmək istərdik. Beləliklə, Şərq islam mədəniyyətinin hər dövründə Azərbaycanın tutmuş olduğu yer haqqında ümumi bir təsəvvür yaranar.

Hicrətdən sonra 421-ci ildə (miladi X əsr) anadan olmuş Xətib Təbrizi*[8] ərəb ədibləri və dilçiləri arasında çox mühüm bir mövqe sahibidir. Ərəb ədəbiyyatının əsas kitablarından bir çoxunu şərh etmiş və aydınlatmışdır.

Hicri 458-ci ildə vəfat etmiş (X əsrdə yaşamış) Mərzban oğlu Əbül-Həsən Bəhmənyar, “müəllimi-əvvəl” Əbu Əli Sinanın böyük şagirdlərindən biridir. Ustadının fəlsəfəsini davam etdirmişdir. Əsərləri Avropa dillərinə də çevrilmişdir.*[9]

Hicri VI əsrin münəccimlərindən Fəridəddin Şirvani otuz illik əməyin bəhrəsi olan astronomik təqvimləri ilə məşhurdur.*[10]

VIII əsrdə yaşamış Bakılı Əbdürrəşid ərəb coğrafiyaçıları arasında dəyərli bir müəllif kimi tanınır.*[11]

Yenə VIII yüzillikdə yaşamış Əbdülqadir Marağayi musiqidəki biliyi, bu sahədə yazmış olduğu əsərləri və etdiyi yeni ixtiraları ilə məşhurdur.

IX əsrin tanınmış təbiblərindən Şükrüllah Şirvani öz ixtisası ilə yanaşı, başqa elmlərə aid əsərləri ilə də məşhurdur.*[12]

Türküstan fatehi Əmir Teymurun tarixini yazan Nizaməddin Şam-Qazani*[13] də azərbaycanlıdır.

Memarlıq, kaşıkarlıq, nəqqaşlıq və gözəl yazı (xəttatlıq – kaliqrafiya) kimi sənətlərdə də azərbaycanlı sənətkarların Təbrizdə, Ərdəbildə, Naxçıvanda və Bakıda saxlanan yüksək əsərlərinə rast gələ bilərik.

Təbrizdəki Göy məscidin*[14] kaşıkarlıq sənəti baxımından qazandığı olduğu şöhrət, uçuntuları üzərində araşdırmalar aparan mütəxəssislər tərəfindən yekdilliklə təsdiq olunur. Naxçıvanda Azərbaycan Atabəylərinin tikdirdikləri Möminə xatun türbəsi*[15] yüksək bir sənət abidəsir. Azərbaycan memarlarından S.A.Dadaşov və M.A.Hüseynovun “Bakı akropolu” adlandırdıqları, Şirvanşahlar zamanından qalma, “Şaşal”*[16] üstündəki saraya aid binalardan ən məşhuru “Divanxana”nın ağ daş üzərində işlənmiş oymaları və tikilişindəki memarlıq özünəməxsusluğu zövq və sənət əhlini heyran qoymaqdadır.*[17]

XIV əsrin şairi Arif Ərdəbili Şirvanda şah Axsitandan qalma bir qaladan bəhs edir ki, divarlarında qoyulmuş incə quruluşlu gözəl heykəllərdən fontan şəklində sular axırmış. Istər bunları, istərsə də Bakıdakı memarlıq abidələrini birnəfəsə təsvir edən şair “Fərhad oğulları”nın bu əsərlərinə tam bir heyrətini bildirir.*[18]

Iran rəssamlığının ən məşhur ustadı Kəmaləddin Behzadın müəllimi Pir Seyid Əhməd təbrizlidir. Bu şəxs elxanilərdən rəssamlıq və sənətkarlıqla yaxından maraqlanan Əbu Səidin zamanında yetişmiş Əhməd Musa, Əmir Dövlətyar, Şəmsəddin, Pir Əhməd Baqi-Şimali kimi məşhur Azərbaycan rəssam və nəqqaşlarındandır.*[19] Teymurilərdən Hüseyn Bayqaranın zamanında Heratda Əlişir Nəvainin himayəsi və nəzarəti altında çalışmışdır. “Teymurilər dövrü miniatürçülüyü” adı ilə məşhur rəssamlıq məktəbinin meydana gəlməsində rolu olmuşdur.*[20]

Eyni məktəbin məlum ustadlarından qədim əlyazmalarını nəfis əsərləri ilə bəzəyən miniatürçülərdən Ağa Mirək də təbrizlidir.*[21] Nəvainin zamanında Heratda çalışmış təbrizli məşhur rəssamlardan biri də Sultan Məhəmməddir. Bu şəxs sonradan oğlu Məhəmməd ilə birlikdə Səfəvilərin xidmətinə keçmişdir.*[22] Sultan Üveys Cəlayir ilə oğlu Sultan Əhməd öz dövrlərinin görkəmli rəssamlarından olmuşlar.*[23] Əbdülbəy Təbrizi rəssam Sultan Üveysin tələbəsi və onun oğlu Əhmədin ustadıdır ki, sonradan Teymur tərəfindən Səmərqəndə köçürülmüşdür. Azərbaycanlılardan nəqqaş Xacə Qiyasəddin, rəssamlar (Kəmali) Mirzə Əlinin adları da tanınır. Elxanilər dövründə əvvəlcə daha çox çinlilər və uyğurların işi olan nəqqaşlıq və rəssamlıq sonradan azərbaycanlı türklərin əlinə keçmişdir.*[24]

Başda Seyrəfi *[25] olmaqla, Şərqin bir çox tanınmış xəttatları da Azərbaycandan çıxmışlar. Bunlardan Teymurun katibi olmuş Əmir Bədrəddinin əli ilə yazılmış fərman və münşəat Misirdə dövlət muzeyində mühafizə olunur. Yenə onlardan Baysunqurun  kitabxanasının müdiri olmuş Cəfər Təbrizinin yazıları Heratın tarixi abidələrini bəzədiyi kimi Hindistanda da tanınmışdır.*[26] Nizami “Xəmsə”sinin 1431-ci ilə aid qədim əlyazmalarından Leninqradda Ermitaj muzeyində nəfis nüsxə də bu Cəfərin qələmindən çıxmışdır.*[27]

Baburilərdən (Moğollardan– red.) Hindistan imperatoru böyük Əkbərin Aqradakı memarlıq abidələrini bəzəmiş rəssamlar arasında da təbrizlilər vardır.*[28]

Osmanlı sultanları tərəfindən Bursa ilə İstanbulda tikilmiş memarlıq abidələrində də Azərbaycanlı türk sənətkarlarının əsərlərini tapmaq mümkündür.*[29] Məsələn, Bursadakı məşhur Yaşıl Camenin kaşılarının çox mühüm bir qismini təbrizli ustalar düzəltmişlər.*[30]

Mücərrəd elmlərlə maddi sənətlər sahəsindən başqa, azərbaycanlıların təsəvvüf, fəlsəfə və ümumiyyətlə, ictimai fikirdə Şərq islam mədəniyyətinə son dərəcə mühüm faydası olmuşdur.

Sufizmin, şəxsiyyəti mübhəmliklər və mistik əfsanələrlə əhatə olunmuş piri və Cəlaləddin Ruminin ilham qaynağı olmuş Şəms, təbrizlidir.*[31] Eyni məktəbin klassik sirlərini izah edən məşhur “Gülşəni-raz” müəllifi Şeyx Mahmud Azərbaycanın Şəbüstər qəsəbəsində doğulmuşdur.*[32] Yenə sufilərin tanınmış şəxsiyyətlərindən hürufi təriqətinin məşhur banisi Şah Fəzlullah Nəimi*[33] də azərbaycanlıdır. Xəlvətilərin tanınmış mürşidlərindən şirvanlı Seyid Yəhya Bakıda məscid, mədrəsə və dərgah sahibi olmuş və orada dəfn edilmişdir.

Iranın məşhur didaktik şairi Sədi öz “Bustan”ında bakılı Baba Kuhidən *[34] iqtibas etmişdir.

İrəli > | Sonu >>

*[1] Nezami-ra ço in menzume xani
Hozurəş dər soxən yabi əyani
Nehan key manəd əz to celvesazi
Ke dər hər beyt quyəd ba to razi
Pəs əz səd sal gər quyi koca u?
Ze hər beyti neda xizəd ke: ha u!
NEZAMİ

*[2] V.Bartold. İslam mədəniyyəti tarixi. İstanbul, 1940, səh. 71

*[3] Türk dili artıq XIII əsrdə İslam dünyasının üçüncü mədəni dili sayılırdı. (V.Bartold. İslam mədəniyyəti tarixi. S.125)

*[4] “Sina”nın filoloji baxımdan türkcə bir ad olduğu da iddia edilir.

*[5] “Danişməndani-Azərbaycan” adlanan bu kitab, əsərlərini xüsusən ərəb və farsca yazmış azərbaycanlılara həsr olunmuşdur. Kitab farscadır. Hicri 1314-cü ildə Tehranda çap edilmişdir.

*[6] Məsələn, M.Ə.Tərbiyət məşhur fars peyğəmbəri Zərdüştü də Azərbaycan alimləri içərisində verir. Zərdüşt həqiqətən də azərbaycanlıdır. Əbu Reyhan Biruninin 1000 il əvvəl yazdığı ərəbcə əsərində Zərdüştün Azərbaycanda (Muğanda) doğulub böyüdüyü göstərilir.

*[7] XVIII əsr Avropa azadfikirliliyini Şərqdə ləyaqətlə təmsil edənlərdən biri də islahatçılığı ilə tanınmış, ilk müsəlman dramaturqu və müasir Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundzadədir.

*[8] Xətib-i Təbrizi adı ilə tanınan bu şəxs məşhur filosof Əbül-Üla Məərrinin şagirdidir. Künyəsi Əbu Zəkəriyyədir. Adı Yəhya oğlu Əlidir (Əli ibn Yəhya). Danışıq dilinin azərbaycanca olduğu xatirələrlə sübut olunmuşdur.

*[9] Bəhmənyar böyük ustadı Əbu Əli Sinadan 30 il sonra ölmüşdür. Ustadı ilə olmuş mübahisələri məşhurdur. “Kitab əl-behcət və-s-səadət və ma bə-d ət-təbiət” və “Məratib-əl-mövcudat” onun son əsərləridir. Bunlar 1859-cu ildə S.Popper tərəfindən almanca tərcüməsi ilə birlikdə Leypsiqdə nəşr olunmuşdur.

*[10] Fəridəddin Əbu Həsən Əli ibn Əbdülkərimin ən məşhur astronomik müşahidəsi hicri 541-ci ilə aiddir. Şirvanlı şair Fələkinin də nücuma aid mühüm əsəri vardır. Buna görə təxəllüsü Fələki olmuşdur.

*[11] Əbdürrəşid Bakuyi adı ilə tanınan bu şəxs rus və türk tayfaları haqqında maraqlı məlumat verən “Təlxis əl-asar fi əcayib əl-əqtar” adlı əsəri ilə Avropada məşhurdur.

*[12] Sultan Məhəmməd Fatehin şəxsi həkimi olan bu şəxs təhsilini Misirdə almışdı. Təfsir və hədis elmlərinə aid əsərləri də var.

*[13] Şam-Qazan Təbrizdə bir məhəllədir.

*[14] G ö y  m ə s c i d  qaraqoyunlulardan məşhur Cahanşah tərəfindən tikilmişdir. XV əsrin əvvəllərinə aid olan bu məscidin (came) yanında böyük bir kitabxana, elm adamlarına məxsus zaviyələr və bir mədrəsə də varmış ki, hamısına birlikdə “Müzəffəriyyə” deyilirmiş. Cahan şahın bir müddət İraq və Hindistan hüduduna qədər genişlənən Azərbaycandakı hakimiyyəti 35 il sürmüşdür. Elm və sənət hamisi olmaqla bərabər, Cahanşah özü də ədəbiyyata meyl göstərmiş, “Həqiqi” təxəllüsü ilə şerlər yazmışdır.

*[15] M ö m i n ə  x a t u n  Azərbaycan Atabəyləri sülaləsinin banisi Eldənizin (Eldəgəz) arvadı və Məhəmməd Cahan Pəhləvanın anasıdır. Türbə 1172 – 1185-ci illərdə tikilmişdir.

*[16] “Şaşal” İçərişəhər adlanan qədim Bakıda Şah Məscidi ilə Xan sarayının tikildiyi təpəyə deyilir. “Şaşal” adı altı mənasını verən “şeş Əli”dən əmələ gəlmişdir ki, bu da Xan sarayı qapılarından birinin üstündəki ağ daş üzərində yazılmış Əli adının sənətkarlıqla işlənmiş olduğu bir oymadan çıxarılır. Bu oymada Əli adı altı dəfə təkrar olunur.

*[17] Rus mühəndislərindən birinin Hötenin “memarlıq susmuş musiqidir” sözlərindən ilham alaraq, “daşa dönmüş musiqi” deyə heyran olduğu bu binanı, 1845-ci ildə nəşr olunmuş səyahətnaməsində Kazan universitetinin professoru İ.Berezin “Müsəlman memarlığının ən gözəl abidələrindən biri” kimi qiymətləndirmişdir.
1683-cü ildə Bakını gəzmiş isveçli Kemfero Engelberto bu abidə haqqnda aşağıdakıları yazmışdır: “Divanxana tam heyrət doğurur... özünəməxsus şəkil və memarlıq üslubu ilə də seçilən bu bina sarayın ən möhtəşəm bir zinətini təşkil etməkdədir”.

*[18] Arif Ərdəbilinin “Fərhad və Şirin” adlı əsərinin bir əlyazma nüsxəsi İstanbulda Aya-Sofya kitabxanasındadır. Şifrəsi 3335-dir.

*[19] B i n y o n. – Persian miniature painting, Oxford. 1832. s. 183

*[20] R e n e  Q r o u s s e t – Les civilisations de l’orient. Paris. 1929

*[21] R e n e  Q r o u s s e t – Histoire de l’Asie. Paris. 1922

*[22] Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.

*[23] D ö v l ə t ş a h.  Təzkirə. Braun çapı. s. 292

*[24] Z.V.Togan. İslam ensiklopediyası. “Azərbaycan” məqaləsi.

*[25] S e y r ə f i  İslam xəttatlarından Yaqut Müstəsiminin davamçısı. Seyyid Heydər Kündənevisin (kündənevis – qalın yazan) şagirdidir. Təbrizin qədim abidələri, xüsusən “Ustadşagird” adı ilə tanınmış bina onun yazıları ilə bəzənmişdir. Malik Deyləmi onun haqqında belə yazmışdır:
Seyrəfi naqəd-e cəvahere-e xətt
K-əz  ney-e kelk gəşt qouhər-riz
Həst bir Hosn-e xətt-e u şahed
Dər-o-divar-e xette-ye Təbriz
(Xətt cövhərlərinin bilicisi (olan) Seyrəfi
ki, qələminin qamışından gövhərlər tökür.
Təbriz diyarının daş-divarı
Onun xəttinin gözəlliyinə şəhadət verir (red.)
M.Ə.Tərbiyətin yazdığına görə, Azərbaycanın olduğu kimi İranın da ən yaxşı xəttatlarının nəsəbləri Seyrəfiyə gedib çıxır.

*[26] M.Ə.Tərbiyət. Danişməndani-Azərbaycan, Tehran, 1314 hicri

*[27] Musee de l’Ermitage. Travaux de departement oriental. Tom. III. Tanuscirt de “Clamceh” de Nizami de 1931 art du M.Dirkonov. pp. 274 – 286.

*[28] F.R.Atay. Hindistanda iki ay. “Ulus”, 29.3.1943

*[29] Çaldıran döyüşündən sonra Sultan Səlimin 300-ə qədər elm və sənət adamını Azərbaycandan İstanbula köçürməsi kitablarda qeyd olunur.

*[30] Camenin mehrab hissəsini təşkil edən kaşılarda “əməl-e ostadan-e Təbriz” (Təbriz ustalarının işi) qeydinə rast gəlmək olar. Bursadakı Yaşıltürbə kaşılarından da təbrizli Hacı Əlinin imzası vardır.

*[31] Cəlaləddin Ruminin “Şəms ül-həqiqət” adlı əsərindən seçmələri ingiliscəyə tərcümə etmiş Nikolson, Şəms Təbrizini yunan filosofu Sokratla müqayisə edir.

*[32]> M a h m u d  Ş ə b ü s t ə r i n i n  “Gülşəni-raz”ı hicri 829-cu ildə “Şirazi” təxəllüsünü daşıyan bir şair tərəfindən türkcəyə çevrilmişdir (“Danişməndani-Azərbaycan”). Yüz il bundan əvvəl bu əsərin almancaya tərcüməsi ilə bərabər, farsca mətni Vyanada çap olunmuşdur.
“Gülşəni-raz” sufizmin “vəhdəti-vücud”, “insani-kamil” və bir çox başqa ideyalarını sadə və aydın dil ilə izah edən min beytdən ibarət bir əsərdir. Şeyxin bundan başqa da mühüm əsərləri var.

*[33] Təbrizdə doğulmuş bu şeyx məşhur əsəri “Cavidannamə”ni hicri 796-cı ildə Şirvan həbsxanasında ikən yazmışdır. 796-cı ildə Üləmanın fitvası əsasında Miranşahın əmri ilə Naxçıvanda öldürülmüşdür.

*[34] Əbu Abdullah Məhəmməd ibn Bakuyi Şirazda bir dağ başında yaşadığı üçün ona  B a b a  K u h i  deyilmişdir. Bakıdan gəlmişdir. Divanı Britaniya muzeyindədir, son zamanlarda Şirazda nəşr edilmişdir.