Kitablar

Çətinliklər yalnız sənayə sahəsi ilə məhdudlaşıb qalmamışdılar. Derzjinski bəyənatına nəzərən “Vneştorq” müəssisəsi də vəzifəsini yerinə yetirə  bilməmişdir. Hökumət bu xüsusda radikal tədbirlər görmək zərurətində qalmışdır. Bir kərə “Vneştorq” əcnəbi məmləkətlərdən satın aldığı material ilə əmtəə və sairədə aldanmışdır. Alınan şeylər cins etibarilə çıxmış, qiymət etibarilə də baha başa gəlmişdir. Daxildəki əmtəə qıtlığı da çervon manatın alım qüvvətini xaricə nisbətən əksiltdiyindən ixracat zərərli, idxalat karlı  bir hala gəlmiş, buna görə maddi çətinliklər içində olan məmləkəti daha çox müşkilat və iflasdan qorumaq üçün Derjinski müvəqqəti olaraq idxalatın məhdudlaşdırılmasına doğru gedilməsi zərurətini izah və şərh etmişdir*.

Derjinski irəlidə göstərdiyimiz nitqində digər bir hadisəni də izah eyləmişdir: “Əmək məhsuldarlığı ilə zəhmət haqqı arasında həddindən artıq bir fərq var”mış. Fəhlə maaşı artırıldığı halda, fəhlə əməyinin səmərəsi azalarmış. Bir il əsnasında maaş yüzdə 30 nisbətində artmış ikən əməyin məhsuldarlığı ancaq yüzdə 23 nisbətində artmışdır. Derjinski fəhlənin “boşuna vaxt keçirməsinə qarşı mübarizə” etmək lüzumunu irəli sürür, halbuki bu səmərəsizlik fəhlədən çox maşınların “həm maddətən, həm də mənən köhnəlməsindən” irəli gəlir.

Bu məcranın dşvlət büdcəsi üzərindəki təsiri haqqında bir fikir vermək üçün Sovetlər səfiri Rakovskinin Parisdə istədikləri istiqrazı təmin edə bilmək qayğısilə həqiqəti gizlətmək ehtiyacından doğan bir sayaqla söylədiyi nitqindən bir-iki cümləni itibas edəlim: Rakovskinin bu nitqinə nəzərən, məmləkət faciəli və pərişan bir haldadır. Məsələn, Sibiryadakı (Yalnız Sibiryadamı?) məktəb çocuqlarının üçdə ikisi məktəbsizdir. Xalq səhiyyəsinə sərf olunan təxsisatın miqdarı isə gülüncdür. Kənd diqpanserləri adambaşına ildə səkkiz qəpik dərman pulu verirlərmiş. Bu nitqin ən canlı yerini aşağıdakı möcüz kəlmələr təşkil edir. “Xalqdakı sərvətin dəyəri 56 milyard manatdan 36 milyarda enmişdir. Bu cumlədən kənd iqtisadiyyatı yüzdə 68 nisbətində qaib eyləmişdir. Müxtəlif komissarlıqlara istədikləri təxsisatdan maliyyə komissarlığı 1 000 000 000 manatı rədd etmək məcburiyyətində qalmışdır”.

İCTİMAİ VƏ SİYASİ MÜVAZİNƏT

Məlum olduğu üzrə, kommunist diktatorluğu fəhlənini kəndli üzərinə  hakimiyyət əsası ilə qaimdir. “Hərbi kommunizm” dövründə bu hakimiyyət tam mənası ilə tətbiq olunurdu. Kommunizm siyasətən hakim və daxili müharibələrdə müzəffəriyyət qazanınca kəndlinin iqtisadi müqavimətinə məruz qaldı. Kəndli əkdiyini əvəzlə hökumətə vermək nizamına qarşı üsyan edincə Lenin “Yeni iqtisadi siyasət” politikasına keçməyi zəruri gördü. Çünki “bir sinfi aldatmaq mümkün deyildi”. “Leninizmin” yeni təlimatına görə “yeni siyasətin” təməlini “kəndli ilə fəhlənin ittifaqı” təşkil edirdi. Bu ittifaqın iqtisadi mənası isə kəndli məhsulatına qarşı şəhər məmulatı yetişdirməkdən ibarətdir. Halbuki, yuxarıda izah edildiyi vəchlə Sovet sənayesi inkişaf edən kəndli iqtisadiyyatından doğan bu ehtiyacı ödəməkdən aciz idi. Hökumət çox mühüm bir dilemma qarşısında qalmışdı. Məmləkəti düşdüyü böhrandan qurtarmaq üçün ya kəndli məhsulatını əsas qəbul edərək böyük sənaye ilə əcnəbi ticarət inhisarlarından vaz keçəcək, yaxud sosialist iqtisadiyyatının bu mühüm əsaslarını mühafizə ilə bərabər sənayeni inkişaf etdirmək üçün kəndli üzərinə yüklənəcək və möhtac olduğu bol sərvəti onu soymaqla təmin edəcəkdir.

Hərbi kommunizmin ləğvindən sonra keçən beş il əsnasında böyük ziqzaqlarla gah irəli, gah geri gedən kommunist siyasəti iştə bu iki qütb arasında sallanıb durmuşdur.

Kommunizmin mücərrəd məfhumlarına sədaqətdən ayrılmayan romantik zümrələr “yeni iqtisadi siyasət” əmdləri ilə çox məşğul olmanı məfkurəciliklərinə sığışdırmayaraq mərkəzdən mötədil qüvvətlər üzərinə təzyiq icra eyləmiş, zaman-zaman yeni burjuaziya ilə kəndli iqtisadiyyatı üzərində hərbi kommunizm dövrünü andıran cəbr, şiddət və müsadirə tətbiqini təmin eyləmişlərdir.

Digər tərəfdən kəndli dəryası içində kommunizm nizamı qurmanı zatən xam bir xəyal kimi təsəvvür edən zümrə bütün səyini – “yeni siyasət”i dərinləşdirməyə sərf eyləmiş, nəticədə “kəndliyə doğru” düsturunu “zəngin olunuz” – şüarı ilə təkmil eyləmişdir (Buxarinin məşhur “Sürüclisani”).

Bu iki qütb arasında müvazinət təmin etmək manevrası ilə kommunist diktatorluğunu sövq edən “realist” zümrə isə gah sola, gah sağa yaltaqlıq etmək surətilə işləri idarə etmiş, hər necə olsa da bolşevik hakimiyyətinin bir az daha davamını təminə etibarsız olacaq tədbirlər qəbulunu başdansovdu etməmişdir.

İllər keçdikcə Rusiya ictimai bünövrəsinin əhəmiyyətli  qismini təşkil edən kəndli ünsürü təsirini daha ziyadə göstərmiş, hökuməti öz mətləbləri qarşısında o və ya bu şəkil ilə boyun əyməyə məcbur eyləmiş, getdikcə aşkar söylədiyi fəaliyyəti ilə iqtisadi və siyasi bir çox köməklikləri hasilə gətirə bilmişdir. Əksəriyyətlə iqtisadi, qismən də siyasi (seçkilərdə bəzi güzəştlər) olan bu yardımlar sayəsində fəaliyyəti gözə çarpacaq qədər artan kəndli, üzərindəki “fəhlə hakimiyyəti” çəkə bilməyəcək hala gəlmiş, müxalif bir vəziyyətə keçdiyini ya seçki əsnasında göstərdiyi müstəqillik və ya da müxtəlif cəmiyyətlərdə irəli sürdüyü tələblərlə isbat eyləmişdir. Keçən il əsnasında baş verən seçkilərdə kəndlilər öz namizədlərini keçirdikləri kimi, kommunist firqəsi listlərini də çox kərə rədd eyləmiş, əskidən bəri məşhur olan kənd sovetləri sədrlərini bir çox yerdə qaralamışlardır.

Siyasi mahiyyətə malik olan bu hadisənin ifadə etdiyi məna aşkardır:
“Hərbi kommunizm” zamanında da zümrə ixtilaflarına tamamilə biganə qalmayan kommunist firqəsində daxili hərb bitdiklən və yeni iqtisadi siyasətə keçdikdən sonra bu ixtilaflar xüsusilə şiddətlənmişdir. Mənəvi nüfuzu ilə firqə daxilindəki vəhdəti təmin edən Lenindən sonra ildən-ilə şiddət kəsb edən firqə içərisindəki zümrə mücadilələri bu dəfə çox qəti və ciddi bir radəyə gəlmişdir. Belə ki, firqə maşınını əlində saxlayan zümrə tərəfindən Trotskidən sonra bu dəfə də başda Zinovyev olduğu halda Kamenev, Laşeviç və Ossovski kimi liderlərin məsul firqə və sovet mövqelərindən atılması fövqəladə hadəsələrdən sayıla bilməz. Bu xüsusdakı hadisələri rəsmi bolşevik mənbələrinə nəzərən təsbit edəlim. “Pravda” (25 iyun 1926) qəzetinin təsvir etdiyi mənzərə belədir: “14-cü konqrenin qəti surətdə qadağan etməsinə baxmayaraq, bolşevik firqəsindəki müxalifət, firqə vəhdəti əleyhindəki icraatından asudə olmamış, leninizmin bolşevik firqəsi daxilində fraksionlar təşkili haqqindakı fikirlərini nəzəri-etibarə almayan müxaliflər fəaliyyətlərini yalnız mərkəzə inhisar etdirməklə qalmamış vilayətlərə qədər yaymamışdılar. Öz fikirdaşlarını zorakı və hərəkətlərini mütəşəkkil bir hala qoymaq üçün bir mərkəz yaratmış, vilayətlərlə münasibət yaratmaq niyyəti ilə vəkillər təyin etmiş, şifrə, parol və sairə hazırlamışlar. İş o radəyə gəlmiş ki, müxaliflər Moskva qərbində olan bir ormanda böyük bir yığıncaq toplamış, gizli surətdə toplanan bu yığıncaqda komutəçiliyin bütün təfərrüat və ənənələrini tətbiq eyləmişlərdir. Rəsmi təbliğin dedidiyinə görə “kommunist firqəsini həyatında ilk dəfə olaraq” Üçüncü internasional üzvlərindən birisi Belenkin bu yığıncaqda sədrlik eyləmiş və yeni “ilk dəfə olaraq” hərbi şura komandanlığından və ümumi mərkəz namizədlərindən bir şəxs Laşeviç burada məruzə etmişdir. Bu yığıncaqda ümumi partiya mərkəziyyətinə qarşı qəti bir hərəkət fikri ilə mütəşəkkil bir surətdə müxalifətə keçmək qərarı almışdır”.

Bütün bu müxalifətlərin şəxsən Zinovyev tərəfindən idarə edildiyi isbat olunmuşdur. Yaradılan müxalifət icraatının izvləri hər tərəfdən Zinovyevə gəlirmiş. O yalnız daxili müxalifəti deyil, Üçüncü internasionala daxil əcnəbi kommunist firqələrindəki sol ünsürləri də firqədə hakim və mərkəz mövqeyində olan stalinçilərə qarşı sövq etməkdən bir an qəflət etməyirmiş.

Bu surətdə qəti və ciddi bir müxalifətə keçən zinovyeviçilər keçən il əleyhində olduqları Trotski və qrupu ilə dəxi birgə hərəkət etməklə ittiham olunurdular. Stalinin 14-cü konqresdə söylədiyinə görə vaxtilə Trotskinin edamını tələb edən Zinovyev bu dəfə onun özü ilə barışmış, onunla bərabər mərkəz heyətinə qarşı mövqe tutmuşdur.

Bunu da söyləməliyik ki, kommunist firqəsindəki müxalifət eyni cinsdən deyildir. Bunlar bir tərəfdən Zinovyev tərəfindən idarə olunan sollar, digər tərəfdən də Sokolnikov və Medvedyev kimi sağlar arasında müxtəlif fərqlərlə ayrılan çoxlu zümrələrdən ibarətdir.

Bu müxalifətlərə görə indiki idarə Rusiyanı sosializmə deyil, kapitalizmə aparır. Fəqət bu nitqdən sonra sağdakı tənqidçilərlə soldakı müxaliflər ayrılırlar. Sağdan “Qurduğunuz çox yaxşı, yalnız hərəkətinizdə məntiqli olun və Lenin kimi Rusiyanın bütün dünyada təkbaşına bir kommunist cənnəti yaradamayacağına açıq etiraf edin” – deyirlər və bundan çox qəti və müəyyən nəticələr çıxarırlar. Belə ki, müxaliflərin bu yoldan gedən qismi, başda Medvedyev ilə Şlyapnikov olduğu halda Sovetlərin tətbiq etdiyi dövlət sənayesi yerinə əcnəbi sərmayələrə imtiyaz ətasını, Üçüncü internasionalın ləğvini, Sovetlər daxilində digər sosialist və fəhlə partiyalarına siyasi fəaliyyət üçün sərbəstlik verilməsini irəli sürürlər. Medvedyev Bakıdakı tərəfdarlarına yazdığı bir məktubda bu əsasları çox açıq bir surətdə izah eyləmişdir. (Bu məktub “Pravda”da tənqid edilmişdir). Bu məktuba nəzərən Üçüncü internasional “rus altunu ilə hərəkətə gətirilən bir qrup kiçik burjua boşboğazçılarından mütəşəkkil bir cəmiyyətdir ki, özünə dünya fəhləsinin ən radikal bir təmsilçisi tövrin verərək fəhlə hərəkatını pozmaqla məşğuldur”. Medvedyevlərcə Avropadakı fəhlə birliklərini pozmaq və Rusiyanı dünya fəhlə hərəkatı ilə pozuşdurmaq, inqilabın da, Pusiyanın da əleyhində bir işdir. Bunlarca Makdonald cərəyanı ilə belə vuruşmaq deyil, anlaşmaq lazımdır.

Sağdakı tənqidçilər bu günkü firqə idarəsini “demokratiyaya” doğru ləng və tərəddüdlü seyr və hərəkətdə ittiham etdikləri bir zamanda, başlarında Zinovyev ilə Üçüncü internasional “boşboğazlar”ı olan zümrə ümumi mərkəzi, Rusiyanı həqiqi “leninizm” əsaslarından uzaqlaşdırdığı üçün töhmətləndirir. Zinovyev “Etdiyiniz cinayətdir, geriyə dönməli, Leninə qayıtmalısınız”, - deyir. Zinovyevçilərcə, bütün dünya burjua əsası üzərində qaldığı halda, Rusiya bir sosialist ölkəsi olaraq istiqbalından əmin ola bilməz. Bunun Sovetlər İttifaqının səyi dünya inqilabına sərf olunmalı, kəndli ilə xırda burjua siniflərinə verilən güzəştlər də ifrata varmamalıdırlar.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

* Sovetlər İttifaqı Ticarət komissarlığının verdiyi məlumata nəzərən Avropa hüdudunda on ay əsnasında məcmu 1.046 milyon manat miqdarında bir mübadilə yapılmışdır ki, bundan 493 milyonu ixracat, 371 milyonu da idxalatdan ibarətdir. On ay əsnasındakı açıq 78 milyon manata çatmaqdadır.
Asiya hüdudlarındakı ticarət mübadiləsinin miqdarı isə 9 ay əsnasında 116,7 milyon manatı bulmuş ki, bundan 53,6 milyonunu ixracata, 63,1 milyonunun da idxalata aid olduğunu nəzərə alırsaq, açığın 0,5 milyon manatdan ibarət olduğu görülür.