Kitablar

* * *

XIX yüzil başlarında Azərbaycanın siyasi müqəddaratında radikal dəyişikliklər olur. Çarlıq Qafqasiyaya enmiş bulunur. Bu hadisə Azərbaycana yeni imkanlar gətirir. Azərbaycan cəmiyyəti Rusiyanın əyri aynasında olsa da Qafqasiyaya əks edən XVIII yüzilin aydınladıcı fikirlərilə təmasa gəlir. Həyatın əski qurumu ciddi bir tənqidə uğrayır və mövcud dünyagörüşünə aid fikir və əqidələr başdan-ayağa təftiş edilməyə başlayır. Bu şərtlər altında Azərbaycanda Avropa tərzində yeni bir ədəbiyyat yaradılır. Bu məktəbin ən böyük ustadı isə Mirzə Fətəli Axundzadədir. Onun simasında biz Azərbaycan rasionalist ədəbiyyatının böyük banisinə malikik. Klassik ədəbiyyatımız üçün Füzuli nə isə, çağdaş ədəbiyyatımız üçün də Mirzə Fətəli odur. Müsəlman dünyasının bu ilk dramaturquna Avropalı tənqidçilər Şərqin Molyeri, ruslar da Qoqolu deyirlər. Mirzə Fətəlinin pyesləri sadə xalq dilində yazılmışdır. Tiplər həyatın ta özündən alınmışdır. Burada ortaçağ feodal cəmiyyətinin çürüməsi, adətlərin geriliyi, çürüklüyü, alim görünənlərin boşboğazlığı və qara cəhalətin mövhumat və təəssüblə bağdaş olması canlı surətdə təsvir və amansızca tənqid olunur. Mirzənin bütün tənqidləri XVIII yüzilin aydınladıcı fikirlərilə canlanmaqdadır. Mirzənin komediyaları Avropanın üç böyük dilinə tərcümə edildiyi kimi, rusca ilə fransızcaya daha çevrilmişdir.

Mirzə Fətəli eyni zamanda böyük bir reformatordur. Ərəb əlifbasının dəyişdirilməsi fikrini ilk dəfə o, meydana atmışdır. Bu məqsədlə o, İstanbula səyahət etmiş, İrana da müraciətdə bulunmuşdur.

Mirzə Fətəlinin talantlı varisləri onun başladığı böyük işi müvəffəqqiyyətlə yürütmüşlərdir. Özündən sonra Azərbaycanın ikinci dram yazarı Nəcəf bəy Vəzirlidir. Onun “Müsibəti-Fəxrəddin” adındakı dramı məşhurdur. Bu dramda Nəcəf bəy Avropa mədəniyyətinə təmas etmiş azərbaycanlı bir ziyalının özü öz yurdundakı ortaçağ şərtləri içində düşdüyü təzadın faciəsi anladılır. Fəqət Azərbaycan dramının ən yetişmiş əsərlərini bizə Əbdülrəhim bəy Haqverdili verir. Nöqsansız ədəbi azəricə yazılan “Dağılan tifaq” pyesi qüvvətli, orjinal və əxlaqi bir əsərdir. Məişəti təsvir edən bir çox əsərlərdən başqa Əbdülrəhim bəyin tarixi dramları da vardır.

Mirzə Fətəli məktəbinin bu iki böyük nümayəndələrindən başqa bir səra dramaturqlar daha vardır ki, bunların ayrı-ayrı xarakteristikalarını verməyə vaxt müsaid deyildir. Fəqət bu qədər qeyd edim ki, 1905-ə qədər sürən bu dövrdə Azərbaycan ədəbiyyatının inkişafı yalnız Mirzə Fətəli məktəbinin təsiri altında irəliləyir. Teatronun, şerin, hekayənin və qəzetçiliyin bu dövrdə yeganə məqsədi xalqa ümuminsan fikrinin irəliləməsinə ayaq uydurmaq gərəkliyini anlatmaq olmuşdur. Məqsədə çatmaq yollarını göstərməkdə çox da aydın olmayan bu dövr ədəbiyyatı mövcud durumu tənqid etmək hissində qüvvətli, kəskin və parlaqdı. Bu tənqid “Molla Nəsrəddin” yumor məcmuəsinin talantlı müdiri Cəlil Məmmədquluzadənin vaxtilə ortalığı vəlvələyə vermiş “Ölülər” pyesi Azərbaycan tənqidçi ədəbiyyatının şah əsəridir. Burada yazıçı özünəməxsus sərt bir ifadə ilə ortaçağ dövrünün bütün yalan, cəlalət, riya və əksliyini açıb ortaya tökür. Avam xalqın cəhalətindən öz xəsis mənfəətləri, tamah və şəhvətləri üçün istifadə edən geri qalmış mollalarla, şeyx adını daşıyan şarlatanların fırıldaqlarını ifşa və biabır edir.

Azərbaycan qəzetçiliyin binası da bu dövrdə atılmışdır. Hələ 1875-də Mirzə Fətəlinin  izi ilə gedənlərdən Zərdablı Həsən bəy tərəfindən Rusiya müsəlmanları arasında ilk dəfə olaraq Bakıda “Əkinçi” adında bir qəzetə təsis olunmuşdur. bu qəzetə senzor şərtləri üzündən çox qısa ömürlü olmuşsa da, milli hərəkat tarixində silinməz izlər buraxmışdır. Bu qəzetədə indi adını çəkdiyimiz Nəcəf bəylə bərabər şair Seyid Əzim Şirvani şəkil etibarilə hər nə qədər klassik Füzuli məktəbini izləyirdisə də, məzmun baxımından çox kərə çağdaş fikirlər bəyan edirdi. “Əkinçi” müdirinin “yaşamaq qovğasında məğlub olmaq istəmirlərsə, qonşulardan və mədəni millətlərdən geri qalmamalıdırlar” – deyə “müsəlmanlara” yapdığı tövsiyyəni şair oğluna yazdığı vəsiyyət şəklində ifadə edirdi.

1905 inqilabı dövrü Azərbaycan üçün yeni şərtlər yaradırdı. Bu şərtlər sayəsində Azərbaycan cəmiyyətçiliyi yeni gəlişmələrə imkan bulurdu. İnqilab nəticəsində əldə edilən nisbi hürriyyət sayəsində məmləkətdəki milli-ictimai qüvvətlər surətilə irəliləyirlərdi. Burjuazıyanın öndə gedən qismi mədəni-ictimai işlərlə ilgilənir, maarif və xeyirsevənlər dərnəkləri qurulurdu. Bu dərnəklərin əlində mühümcə sərmayələr vardı. Bunlar başda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və Murtuza Muxtarov kimi tüccar və sənaye adamları ilmaq üzrə azərbaycanlı zənginlər tərəfindən verilən paralardan ibarətdir. Bakıda xüsusi şəxslərin parasilə yapılmış ümumi binalar vardı. Tağıyev Dram Teatrosu, Birinci Müsəlman qadın seminarının binası, Müsəlman Cəmiyyəti-Xeyriyyəsinə məxsus “İsmailiyyə” sarayı, Müsəlman erkək çocuqlarına məxsus “Səadət” məktəbi binası bu qəbildəndir. Bunlardan başqa bir çox camilər, məscidlər və xeyir müəssisələri daha bina edilmişdi. Bakıda Cəmiyyəti-Xeyriyə, Nəşri-Maarif Cəmiyyəti və digər maarif və dram cəmiyyətləri, Gəncədə də Mədrəseyi-Ruhaniyyə ilə Dram Cəmiyyəti fəaliyyətdə idilər. Xüsusi şəxslər və ictimai müəssisələr tərəfindən verilən ianələrlə Rusiyaya və Avropanın yüksək məktəblərinətələbə göndərilirdi. Ümumi konqreslər toplanır, bu konqreslərdə mədəniyyət, milli tərbiyə və milli birlik məsələləri görüşülürdü. Bunlardan birində hələ vaxtilə Nadir şahın ortaya qoyub müvəffəq olmadığı şiə-sünnü ixtilafının meydandan qaldırılması müzakirə edilmiş və müsbət bir nəticəyə varılmışdır.

Bu dövrdə ədəbiyyat, teatro, musiqi, mətbuat və ümumxalq təlim-tərbiyəsi sahəsində böyük irəliləmələr qeyd olunur. Hərəkat artıq müəyyən əməli bir yola girir. Millətin siyasi oyanışı hiss olunur. Müxtəlif siyasi qruplar və bir dərəcəyə qədər siyasi konspirasion həyatı vücuda gəlir. 1905-də təsis olunan “Həyat”, “İrşad” kimi gündəlik qəzetələr və digər mövcud dərgilər yeni dövrün ələmdarlığını yapırlar. Bu dövrün ən ötgün qəzetəçisi mərhum Ağaoğlu Əhməd bəydir.

Talantlı şair və mühərrirlər arasında bir az əvvəl qeyd etdiyimiz “Molla Nəsrəddin” məcmüəsində “Hop-hop” uydurma adilə yazan yumorist Sabirin ulduzu parlayır. Bu şairin “Hop-homnamə” ünvanı altında nəşr olunan şerləri qısa bir zaman içində hər azərbaycanlının sevə-sevə oxuduğu bir kitab halına gəlir. Onu sadə şerlərdə, burjuaziyanın zəngin evlərində kiçik əsnaf və alış-verişçilərinin ailələrində və işçi məskənlərində deyil, kəndlərdə, mədəniyyət həyatından uzaqda qalan daxmalarda belə oxuyurlar. Füzulidən sonra Sabir Azərbaycanın ümum tərəfindən mənimsənmiş ikinci şairidir. Sadə bir dil, oynaq bir üslub və dərin bir mənaya malik olan Sabirin yumoru çağındakı bütün nöqsanları barışmaz surətdə xırpalayır. Gənc Azərbaycan nəslinin irəliləyən yüyrüşünə yol vermək istəməyən zamanı keçmiş feodal qalıntılarının heç biri onun ölümcül istehzalarından qurtula bilmir. Fəqət Sabirin bu gülüşündə yurdunu candan sevən yurddaş şairin göz yaşları görünür. Sabir yaratdığı ictimai yumor növilə türk ədəbiyyatında orijinal bir varlıqdır.

Sabirlə bərabər “firdövsi-ilhamat” şairi Məhəmməd Hadi Şirvani meydana atılır. Bu romantik şairin hürriyyətə olan vurğunluğu onun ən böyük ilham qaynağıdır. O, insanın yaradıcı düşüncəsini boğan adətlərə candan üsyan edər. O, ağlın hər cür, mənasız qeydlərdən azadlığını mütləq surətdə tələb edir. Üzü açıq, çarşafsız müsəlman qadını onun gözündə qurtulan bütün Şərqin simvoludur.

Məhəmməd Hadi ilə bərabər Bakıda mərhum Əli bəy Hüseynzadənin idarəsi altında yayınlanan ictimai, ədəbi və siyasi ağır başlı “Füyuzat” məcmuəsi ətrafında başqa şairlər də toplanmış bulunurlar. “Füyuzat”, xalqçı və realist “Molla Nəsrəddin” məktəbinə müqabil, Azərbaycanın idealist və romantik məktəbinin fikirlrinə tərcüman olurdu. Tam o zamankı bir İstanbul şivəsilə yazıldığı üçün fikirləri geniş kütlə arasında “Molla Nəsrəddin” fikirləri ilə rəqabət edəcək bir halda deyildi. Buna müqabil, onun milli düşünür Azərbaycan ziyalıları üzərində buraxdığı təsir böyükdü. Hələ Türkiyə-Azərbaycan mədəniyyət münasibətindəki rolu fövqəladə idi. Türkiyə tənzimat ədəbiyyatının örnəkləri ilə Azərbaycanı o tanışdırırdı.

Bu dövr əsnasında (1905-1917) Azərbaycan teatro sənətkarlığında da müvəffəqiyyətlər qeyd olunur. Azərbaycan repertuarı həyati və vətəni yeni əsərlərlə zənginləşir. Avropa dramının klassik əsərləri tərcümə olunur. Namiq Kamalın “Vətən”i ilə Şəmsəddin Saminin “Bəsa”sı Azərbaycan səhnəsindən düşmür. Qüdrətli, professional artistlərdən ibarət dram truppaları qurulur. Azərbaycan səhnəsinin ən böyük müvəffəqiyyəti Azərbaycan operasının doğuşudur. 1907-də xalq müəllimi Hacıbəyli Üzeyirə Füzulinin ölməz əsəri “Leyli və Məcnun”u bəstələyərək səhnəyə çıxarmaq nəsib olur. Təcrübənin görülməmiş müvəffəqiyyətlə nəticələnməsindən ürəklənən müəllif çalışmalarına davam edir. Şəxsən Üzeyir və onu təqlid edən başqaları tərəfindən bir sıra yeni musiqili əsərlər yazılır. Eyni Üzeyir bəyin “Arşın mal alan” operetti görülməyən bir müvəffəqiyyətlə taclanır. Qısa bir zaman keçmədən “Arşın mal alan” bütün Qafqasiya dillərinə, çevrilir. O, Bakı, Tiflis və Rəvan səhnələrində eyni müvəffəqiyyətlə təkrarlanır. İran, Türkiyə, Türküstan və Balkan səhnələrindəki təmsilləri də məlumdur. Üzeyir məktəbinin təsis etdiyi Azərbaycan operası, bundan bir az əvvəl rəhmətə gedən banisinin gözü önündə bütün dünyaya əks edəcək dərəcədə operalar, operettalar, simfoniyalar, baletlər və qeyrilərə malik olmuşdur. Klassik mövzulardan “Leyli və Məcnun”la işə başlayan kompozitor, sənət mərtəbəsini böyük xalq dastanı “Koroğlu” operası ilə tamamlamışdır.

Sırası gəlmişkən bunu da qeyd edim ki, Avropa təsiri altında doğan yeni mədəniyyət əsərlərində biz keçmiş Azərbaycan ənənələrinin yeniləndiyinə şahid oluruq. Dram, komediya, iqtibas və tərcümədən ziyadə həqiqi həyat mövzularına və xalq ənənələrinə əhəmiyyət verir. Hekayəçilikdəki dil sadəliyi xalq dastanlarındakı üslubu andırır. Müasirləşən musiqi yaradıcılığı XVI və XVII yüzillərdən bəri Azəri xalqı içində yaşayan mövzular və motivlər üzərinə işlənir. Vaxtilə saz şairləri tərəfindən obalarla oymaqlarda oxunan dastanlar opera səhnəsinin birər məvzusunu təşkil edir. İştə “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Xurşudbanu və “Şah Abbas”, “Leyli və Məcnun”, “Şah İsmayıl” və “Koroğlu” operaları. Bunlar vaxtilə birər məsnəvi və ya dastanlardı. İndi kompozitorlar tərəfindən səhnə texnikinə uydurulmuş, verimli aktyorlarla aktrislər və gözəl səsli xanəndələrin hümmətilə Avropasayağı bir əsər şəklində təmsil olunurlar.

Bu dövr Azərbaycanda yayınlanan qəzetlər sözün müəyyən mənasilə anlaşılacağı şəkildə, sırf günlük hadisələrlə siyasi həyata ayrılmış birər orqan deyillərdi. Bu qəzetələr eyni zamanda mədəniyyət həyatının bütün səhifələrini də idarə və əks etdirirlərdi. 1918-ə qədər Azərbaycan cəmiyyət və mətbuatı üzərində təsir yapan və ədəbiyyatda əkslərini bulan tarixi amil Rusiya ilə bərabər qonşu Türkiyə ilə İranda cərəyan edən məşrutiyyət və hürriyyət hərəkatlarıydı. Azərbaycan mühiti bu hərəkatlardan ilham alaraq milli qurtuluş fikirlərilə canlanırdı. Bu canlanma hərəkatı başda daha ziyadə dini-siyasi fikirlərin təsirində bulunurdu. O dərəcədə ki, türk dili, türk qəzetəsi və türk teatrosu deyiləcəyi yerdə müsəlman dili, qəzetəsi və teatrosu deyilirdi. Fəqət milli oyanış cərəyanı getdikcə təbii məcrasını bulur. Milli, bütün müəssisələr kimi mətbuat da milli mədəniyyət motivlərinə keçir. Türkiyədəki məşrutiyyət hərəkatı üzərinə gəlişən milliyyətçilik və türkçülük cərəyanı Azərbaycanda əkslər yapır və nəticədə türk milli şüuru xalqın bütün təbəqələrini bürüyür. Balkan hərbinin zühuru isə bu ruh halətini xüsusilə qabardır. O biri tərəfdən Rusiya çarlığının İran məşrutiyyət hərəkatı üzərində icra etdiyi zülmü dünya ictimaiyyətinin həyəcanına səbəb olur. Bu həyəcana tərcüman olan şair Müznib “Yəbnəl-İvan” dediyi rus hökümətinə yazdığı bir həcviyyə dolayısı ilə Sibiryaya sürülür. Və buradan ancaq yapdığı uzaqgörənlik nəticəsində xilas olur. O, həcviyyəsində imperatorluğun cəzaya uğrayacağını yazmışdı.

Belə həyəcanlı durumda Azərbaycan birinci dünya müharibəsi dövrünə girirdi. 1915-də “Açıq söz” qəzetəsi nəşr olunur. “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını başlığı altında dərc edən bu orqan Azərbaycan türkçülərinin fikirlərini yayn bir orqandı. Bu qəzetə artıq milli və mədəniyyət müəssisələrindəki “müsəlman” sifəti yerinə “türk sifətini işlədirdi. Qəzetənin bu cəsarəti hərbi senzorun etirazına səbəb olmuş və bu üzdən əməlli-başlı müşkilat və mücadilə zühur etmişdi. “Açıq söz” qəzetəsi sadə, öndə gedən ziyalıları ətrafında birləşdirməklə qalmayıb, eyni zamanda zamanın ruhlara hökm edən iki şairin də öz mühərrirləri arasına almışdı. Bunlardan biri “Qoşma” və “Dalğa” şairin Əhməd Cavad, digəri də “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Siyavuş” və sairə kimi mənzum və “Topal Teymur” kimi mənsur dramlar yazan Hüseyn Caviddir. Əhməd Cavad daha ziyadə heca vəzni ilə lirik parşalar yazır və bu lirizminə eyni zamanda milli və siyasi bir həyəcan qatırdı. Məsələn, azərbaycanlı qardaşın yardımına qoşan anadolu Məhmədciyin çəzarını bu beytlərlə oxşuyurdu:

Qalx, qalx sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər!

Sonradan bir ədib və dramaturq olaraq şöhrət qazanan Cəfər Cabbarlı da ilk məqalələrini bu qəzetdə dərc etdirmişdi (Bu qəzetənin müəssis və naşiri bu konfransı verən Rəssulzadə Məhəmməd Əmin olmuşdur).

Bu dövrdəki Azərbaycan cəmiyyətinin Birinci dünya savaşının sonuna bağlanmış ümidləri vardır. Bu ümidlərə “Açıq söz” qəzetəsinin ilk nüsxəsində basılan baş məqaləsi bu sürətlə tərcüman olurdu: “Dəhşətlərinə şahid olduğumuz böyük müharibə, böyük bir həqiqəti, əsrimizin milliyyət əsri olduğunu isbat etdi.

Dünyanın xəritəsi qəribə dəyişəcək – deyə heyrətlə qarışıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilati və orduların əzəməti ilə bərabər heç şübhə yoxdur ki, aşkarlıq və möhkəmlik peyda etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır.

Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam mənasilə alçalacaq qədər topların hakim olduğu hərb meydanlıarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu (çuxa) barışıq masası üzərində də əsaslıca bir təsir yapacaq.

Hər hankı qalib tərəf az-çox uzun bir dinclik vücudə gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti-milliyyət məfkurəsinə göz yuma bilməz! Bunun belə olacağı arabir gələcək sülhü haqqında söz söyləyən Avropa müttəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhüyyuna (barışçılar) mənsub siyasilərcə milliyyət əsasına riayət etmiyəcək millətlərin hüququnu gözətmiyəcək bir sülh müahidənaməsi çox çəkməz yırtılır və uzun bir dinclik təmin edəmməz.

Təbii haqqları payimal olmuş tək bir millət daima qaldıqca Avropa dövlətlərinin tarazlığı həqiqi və uzun çəkən bir sülh üzü görməkdən məhrum qalacağı kimi, öz vətəndaşları arasında ögey-doğmalıq (özgəlik-özlük) göstərən bir dövlət də həqiqi bir qüvvətə dayanamıyacaq, mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır.

Demək ki, müəyyən bir məfkurəyə və əksər fərdlərincə tanınmış bir qayeyi-əmələ malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kimi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu sürətlə  ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini (kəndilərini) bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq o işıqlı ulduza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və belə bir silahdan məhrum qalan camaatlar kimsəyə söz eşitdirəmmiyəcəkdir!” (2 ekim 1915 № 1).

Bu ana fikri biz Hüseyn Cavidin bu beytlərində buluruq:

Qoşaraq nura cəhli et pamal!
Həp sənindir şərəf, ümid, iqbal.
Şaşırıb durma böylə… bir aydın
Ideal arxasınca qoş, çırpın!
Səni qurtarsa qurtarır birlik,
Çünki birlikdədir fəqət dirilik!

Şair İbrahim Tahir isə artıq milli istiqlaldan açıqca bəhs açaraq: “Yeganə nuhdeyi-amal istiqlali-millətdədir!” – deyir.

* * *

Azərbaycan topluğu belə bir ruh və həyəcanla Birinci Dünya savaşına girir. Hələ 1911-də təşkil və 1917-də təkmil olunub milli proqramla, çalışan siyasi bir partiyanın (Milli Azərbaycan “Müsavat” Xalq Partiyası) təlqinləriylə Azərbaycan türklüyü müstəqil bir dövlət qurumuna doğru addımlar atır. Nəhayət hərbin sonlarında Rusiya imperatorluğu çökür və bu fürsətdən istifadə edilir, 31 il əvvəl bu günün bir misli, 28 mayis 1918-də Azərbaycan Şurayi-Millisi Azərbaycan Cümhuriyyətinin istiqlalını bütün cahana elan edir.

Bəyanlar, bəylər! 28 mayis 1918 Azərbaycan tarixinin ən böyük bir günüdür. Bu gündə türk və müsəlman icmaları içində şərq ilə qərb mədəniyyətlərinin qarşılaşdığı coğrafi bir sahədə gəlişən Azərbaycan mədəniyyəti tarixi seyrinin əhəmiyyətli bir mərhələsinə varmışdır. Yüz il əvvəl Rusiya çarlığının idarəsinə ayrı-ayrı xanlıqlar şəklində keçən Azərbaycan indi yekparə bir mədəniyyət varlığı və millət birliyi halında yenidən dünyaya doğulurdu. Seçdiyi hökümət şəkli ilə o, sadə Azərbaycan deyil, bütün türk və islam dünyasında bir yenilik göstərirdi: Cümhuriyyət qururdu. Beynəlmiləl demokratiya prinsiplərinə dayanaraq qurulan bu cümhuriyyət mavi, qırmızı, yaşıl – üç rəngli bayrağı ilə Azərbaycan mədəniyyət ənənələrinin bir xülasəsini rəmzləndirirdi. Mavi rəng – türklüyün, yaşıl rəng – islamlığın, qırmızı rəng də çağdaşlığın əlamətidir. Vaxtilə “Füyuzat” məcmuəsinin fazil mühərriri “türk qanlı, islam imanlı və firəng qiyafətli olalım” – demişdi. Sonra türkçülüyünböyük filosofu Ziya Göyalp bu üçəm ümdəni daha elmi bir üslubla işləmiş və eyni şüar, dediyimiz kimi, sonra “Açıq söz” qəzetəsinin başlığı altında bulunmuşdur.

Bütün Qafqasiya ilə bərabər Azərbaycan Cümhuriyyəti də bolşevizmin dəmir pərdəsi arxasına alındıqdan sonra məmləkətin siyasi coğrafiyası kimi mənəvi mədəniyyət mühiti də dəyişmişdir. Burda rol oynayan tarixi mədəniyyət amilləri normal seyrlərindən qalmış, rus kommunizmi ilə totalitarizminin böyük əngəlləri ilə qarşılaşmışlardır. İndi orada rəsmən hakim olan mədəniyyət idealı “Böyük rus milləti ilə birləşmək” idealıdır. Fəqət 28 mayis 1918 tarixində milli və mədəni istiqamətini almış istiqlal dövründə gediləcək mədəniyyət yolunu bəlləmiş bulunan Azərbaycan bu istila basqısı altında belə həqiqi yolundan çıxmamış, var qüvvətilə varlıq mücadiləsinə davam etmiş və edir. Bunu isbat etmək üçün 31 ildən bəri bolşevik rejimi altında bulunan Azərbaycandakı milli mədəniyyət olaylarını gözdən keçirmək gərəkdir ki, bu mövzuya ayrıca bir konfrans ayırmaq istər. İndilik bu qədər qeyd edim ki, 31 ildən bəri orada türk, müsəlman və Qərb mədəniyyət dünyasının bildiyi mədəniyyət dəyər və idealları ilə kommunist dəyər və fikirləri arasında amansız bir mücadilə vardır. Bu mücadilə indiki halda bütün dünya ölçüsündə gedən böyük mücadilənin bir parçasıdır.

Bu günlərdə türkcə qəzetlərə əks edən bir məqaləni bəlkə də çoxunuz görmüşdür. Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovenliyi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etmiyənlər buna müqabil millətlərarası mədəniyyət dəyərlərini qiymətləndirənlər kosmopolitizm ilə ittihat olunur və yaxanı NKVD-nin əlinə verirlər. Dünən nasionalist deyə təqib olunanlar bu gün kosmopolit deyə cəzalandırılırlar. Sovet qəzetlərindən nəql olunan məlumata görə Rusiyanın özündə ədəbiyyat, elm, sənət və musiqi sahələrinə mənsub bir çox insanlar bu kosmopolitizm ilə suçlandırılaraq mövqelərindən atılmış və meydandan qaldırılmışlardır. Eyni müdhiş dalğa Azərbaycana da sirayət etmiş. 24 mart 1949 tarixli “İzvestiya” qəzetəsi Sovet musiqisinin formalizm ilə modernizmə itaət etməsini istəyənlərə hücum edir, sonra da Ozolevets adında birisini “Azərbaycan kompozitorlarını ruslaşmaq və bu curətlə qeyb olub ortadan getməmək üçün rus musiqi mədəniyyətinin ənənələrini təqib etməməyə” təşviq etdiyi üçün xırpalıyır və onu “utanmaz füzul” deyə təhqir edir. Eyni zamanda 16 mart 1949 tarixli “Literaturnaya qazeta”da isimləri çəkilən bir sıra azərbaycanlı ədib və mühərrirlərinin hələ “Füyuzat” məcmuəsi ənənələrinə bağlanıb türkçülük və müsəlmançılıq yaparaq Avropa romantizmindən ilhamlı olduqları şiddətlə tənqid olunur.

Bəyanlar, bəylər! Demək, mücadilə davam edir və tariximizdən qüvvət alan mədəniyyət ənənələri bütün zorluqlar və güclüklərə rəğmən hələ canlılıq göstərir. Müzəffər olacaqları şübhəsizdir. Çünki getdikləri yol təbiidir, çünki bu mədəni dünyanın yürüdüyü mədəniyyət və tərəqqi yoludur. Son ucu, zəfər onun – üç rəngli istiqlal bayrağının, Milli Azərbaycan Türk Demokratik Mədəniyyətinindir!..

<< Əvvəli | < Geri