Kitablar

Yazıqlar olsun ki, biz daha səpələnmiş etiqadımızla,

“- Bir kərə yüksələn bayraq bir daha enməz!” idealına etdiyimiz afərinləri unutduq, canımız və malımız qorxusundan bu istiqlal bayrağını bir bezə dəyişdirdik. Intriqaçı və zalım bir qüvvət tərəfindən susdurulduq. Dilim gəlmir... təslim olduq!

Fəqət bu “təslim” bizi qurtardımı?

Canımız, malımız, namusumuz qurtuldumu?

- Xeyr, ilk zərbədə yerlə bir olanlar, yenə təslim fikrinin fədailəri oldular.

Fəqət bütün bu fəlakətlərə rəğmən bir şey qazanıldı. Bir təcrübə meydana çıxdı. Elə bir təcrübə ki, intiqamçı gözləri daima bir “dəmirçi” arayır, elə bir xalq ki, hər ağacın ucunda bir “Bayraq” görmək istəyir.

Azərbaycanlılar, Mehdi zühuruna inanırlar. Bolşeviklərin bütün sərvət və zənginliyi dağıdaraq hər kəsi, bir loxma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah, bir əlində çörək tutan bir şeytani siyasətin xalqı nə kimi vasitələrlə bolşevik etdiyini görüncə, Azərbaycan xalqı həmin Dəccalın gəldiyini görür, bundan sonra tab edib Mehdinin gəlməsini gözləyir.

Azərbaycan Mehdisi xalqının idealından, milli istiqlalından ibarətdir.
Bolşevvik Dəccalının müdhiş zalımlığından bezən xalq, duyuram ki, yanaq bir ürəklə:
- Ah, bu Mehdi nə vaxt gələcək? – deyə soruşur.
Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs cavab verir ki:
- Azərbaycan bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün!

Əvət, o gün, o böyük gün!

Fəqət indilik biz ümidimizi qırmayaq, o bayrağı qaldıracaq başından keçən dəmirçiləri hazırlayaq.

Bunun üçün hər şeydən əvvəl:
Yalan söyləməyin ruhumuza verdiyi qorxunu: “iş düzəldən yalan, fitnə çıxaracaq doğrudan daha yaxşıdır” – fəlsəfə əxlaqının xarakterimizə verdiyi dözümü, ölüm qorxusunun iradəmizə verdiyi zəifliyi uzaqlaşdırıb bədbəxt olmayaq!

Qalileyə “Ah nə edim ki, bu lənətlənmiş dünya fırlanır!” – iddiasını başı üzərində duran cəlladlardan qorxmayaraq söylədən, Sokrata, imkanı varkən cismani ölümü mənəvi ölümə tərcihlə acı ölüm zəhərini içirdən: Həzrəti-Hüseynə bütün dost və qoruyucularını itirdiyi halda təslim olmamaq cəsarətini verən: Həsən Sabbahın fədailərinə dağ başından atılmaq əfkəsini verən və nəhayət Anadolu hərbinin o şanlı qəhrəmanı Fəthi bəyə komandanlıq əmrini bir neçə dəqiqə yubatdığı üçün, qalibkən intihar etmək igidliyini göstərən bir vəzifə hissi ilə silahlanaq. Bilək ki, çoxdan öldürüldüyü zənn olunan millətlərin birər-birər dirildiyi, bu böyük məhşərdə ölmək istəməyən millətləri diri-diri gömmək qətiyyən mümkün deyil.

Bunu ən böyük misalı qardaşımız Türkiyədir. Əvət, ey vətəndaşlar! Və dolayısıyla sizlər, ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!

Sənin öhdəndə böyük bir vəzifə var.

Səndən əvvəlki nəsil yosdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki:
- Bir kərə yüksələn bayraq bir daha enməz!

Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.

Əlbətdə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək. Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək.

- Ya qazi və ya şəhid olacaqsan.

Lahıc, iyul 1920

<< Əvvəli | < Geri