Kitablar

Siyavuş da Əfrasiyabı sevirdi. Bunun üçün də o, sərkərdə Piranın*[1] ata kimi tövsiyəsi ilə Əfrasiyabın qızı Firəngislə evləndi.

Əfrasiyab, damadının həyat və rifahını təmin etmək üçün ona Turanın ən gözəl bir bölgəsini ayırdı. Siyavuş barışıqsevər olduğu üçün burada gözəl və nümünəvi bir saray tikdirdi. Bu saray iki böyük aləmin gözəlliklərini, şahlığa layiq bütün mədəniyyəti əks etdirən şəkildə idi. “Siyavuş gərd” (Siyavuş sarayı) adını daşıyan bu tikilini “Şahnamə” belə tərif edir:

... Nə gərmaş gərm və nə sərmaş sərd
həmə cayi – şadi və aramu hərd
nə bini dər an şəhr –  bilmar kəs,
Yəki bostan əz behiştəst və bəs
Həmə abha ruşən və xuşguvar
Həmişə bərri yomu o çün bəhar *[2]

Əfrasiyabın əmri ilə dünyadan xərac almağa çıxmış. Piran geri dönəndə padşahın söylədiyi xəbərlər əsnasında ən əvvəl “Siyavuş gərd”dən bəhs ilə deyir ki:

Siyavuş yeki cayəki saxt nəğz
Pəsəndideyi mərdumi-pakməğz
Yeki şəhr didəm ke əndər zəmin
Nə binəd çinan kəs be Turan zəmin*[3].

Günün yarısı gündüz, yarısı gecədir. Ayın yarısı aydınlıq, yarısı qaranlıqdır. İlin yarısı isti, yarısı soyuqdur.

Dünya ta ilk yaradılışından bəri iki üz-üzə qüvvənin, iki qarşı nöqtənin çarpışmalarına savaş meydanı olmuş, insanlıq tarixi adətən bu çarpışmaların, macəraları, avantüraları ilə bu çarpışmaların alın yazısından ibarət olmuşdur.

Təbiətin hər şeyində dualizm olduğu kimi, gəlib keçici tarix də bu ikilikdən yaxa qurtara bilməmişdir. Bu dualizm, bilxassə İranın dini Zərdüştlükdə özünü göstərir. Hər Hürmüzdə qarşı bir Əhrimən*[4] vardır. Bunlar daima vuruşur, qələbə gah onun, gah o birinin olub çarpışma dünyalar durduqca davam edir.

Firdovsinin fəlsəfə olayları, başdan ayağa Hürmüzd ilə Əhrimən ikiliyindən ibarətdir. Onun Rüstəm pəhləvanın diliylə söylətdiyi:

Cinin əst rəsmi-sərayi-dürüşt
Gəhi püşt bezin və gəhi zinbe püşt

Hikmətli “Şahnamə”nin hər səhifəsində hər hansı bir pəhləvanın vəziyyəti “Səadət rütbəsindən zəlilliyə”, düşüncə, həmən bu sözü təkrar edib durur. “Çinin əst” fələyin gərdişidir – deyə yazələr.

Bu fəlsəfə yalnız qatı bir iranlı olan Firdovsinin Rüstəmi ilə “Ağ dev”ində deyil, Qərb ədəbiyyatı ustadlarından olan alman şairi “Götenin Faustu ilə Mefistofelində də görünür.

Siyavuş, rəhmli fikirlərlə dolu dünyanı cənnətə döndərmək istəyən padşah sifətli bir Faust ikən, Gərsivəz özünə müqabil şeytani bir qərəzlə Mefistofel rolunu oynayır. O, “mühacir bir İran şahzadəsinin” Turan xaqanlarına uyğunlaşmasını götürə bilmir. Siyavuş Əfrasiyaba şikayət edərək deyir ki,

Fürüstadə aməd zi Kavus şah
Nehani bənəzdiki u çəndgah
Zi Rum vəz Çin nizəş aməd piyam
Həmi yadi Kavus girəd becam*[5].

Xain – qorxaqdır – deyərlər. Bunu tərsinə söyləsək, “qorxaq xain olur”. Əfrasiyabın Siyavuşa olan hörməti qorxusundan idi. “Qorxan gözə çöp düşər” zərbi – məsəli məşhurdur. Gərsivəz, Şekspir qəhrəmanlarından Yaqo kimi Otello yaradılışlı Əfrasiyaba vasvası təlqinlər verməyə başladı. Gərsivəz bu təlqinlərlə Əfrasiyabı yoldan çıxarmağa müvəffəq oldu. Halbuki, bir az əvvəl ən yaxın, ən mötəbər adamı qoca dindardan Siyavuş haqqında

Be din zib in ki, damadi – tüst
Be xubi bexan dilşadi tüst*[6].

tərifini eşidən Əfrasiyabın ürəyi nə qədər şən və nə dərəcədə rahat olmuşdu.

“Yaqo”nun dəsmal intriqasını bilirsinizsə, Əfrasiyabla Siyavuş da Gərsivəzin belə məlul bir hiyləsinə qurban olurlar.

Əfrasiyab qəfil əsgər yığıb “Siyavuş gərd” şəhərini alır. Siyavuşla dostları mühasirə olunur.

Siyavuş, bəxtinin döndüyünü və başına gələcək fəlakəti hiss etmiş və hiss etdiklərini Pirana demişdi:

“Çu xurrəm şəvəd cayi – arəstə
Pədid ayəd əz hər sui xastə
Nəbayəd məra şad budən bəsi
Nəşinəd bərin gah digər kəsi”*[7]

Belə bir hissi həyatda görməkdən öncə duyan Siyavuş, Əfrasiyabın hərb etmək üçün gəldiyi xəbərini alınca, qaçmağa qərar verdi. Hər tərəf mühasirə edilmişdi. Özünü belə bir vəziyyətdə görüncə, alın yazısına təslim oldu. Dost vəfasını yada salıb son anda olsa da qarşı-qarşıya gəlmək istədilər. Fəqət:

Çi qoft an xirədməndə barəyu huş,
Ke ba əxtəri – bəs be mərdi – məkuş*[8]

Siyavuş Əfrasiyabla üz-üzə gəldi:

Çera cəng çü amədi ba sipah
Çera küst xaki – mera bi günah*[9]

deyə sordu. Əfrasiyabı xəbərdar etmək istədi, fəqət məlun Gərsivəz fürsət verməyib elə bil arxadan dəsmal götürürmüş kimi Siyavuşa:

Gər idər çənin bi günah amədi
Çera ba zireh nəzd şah amədi.
Pəzirə şudən zin pişan rah nist
Kaman və zireh hədiye şah nist*[10]

deyə iblisanə bir əda ilə xitabb etdi. Artıq hər şey bitmiş, Əfrasiyabın ürəyi dostluqdan dönmüş, Gərsivəzin hiyləsi ağlını çalmış hakim bilicilərin özünə:

Əqər ba Siyavuş künəd şah cəng
Çu diba şəvəd ruyi giti be rəng
Və gər u şəvəd bər dəsti – şah
Be Turan namənd səru təxt və gah
Sərazir aşub gərdəd zəmin
Zibehri- Siyavuş be cəng o be kin*[11]

dediklərini təmamilə unutmuşdu. Artıq hiddət və qəzəb gözlərini bürümüş, heş bir şey görmür, Siyavuşun “Azəri heykəlinə bənzər başını” kəsmək cəllada əmr verildi.

Bu qorxunc anda Əfrasiyabın qızı Firəngis gəldi. Siyavuşun günahsız olduğunu yana-yaxıla söylədi, atasına rica etdi. Onun əfv edilməsini istədi. Fəqət bu ricalarla o, heç bir şeyə müvəffəq ola bilmədi, əksinə az qaldı özünü öldürsünlər. Yalnız bəzi nəsihatçilərin yol göstərməsi ilə ölüm təhlükəsindən sovuşub edamı həbslə əvəz etdilər. Cəlladlıq vəzifəsini Gərv adlı bir sərkərdə yerinə yetirirdi. Bu adam vaxtiylə müsabiqələrin birində Siyavuşdan acı bir məğlubiyyət dadmışdı. Indi əlinə keçən fürsətdən istifadə edərək Siyavuşu öldürməkdən xüsusi bir zövq alırdı. Kərvin intiqamı, xəncərlə Siyavuşun məsum boğazında acı bir kinlə işlərkən, İran Turan barışığının o məzmum böyüyü (təşəbbüsçüsü – M.Ə.) son olaraq dedi ki:

Əz İran və Turan bər ayəd xuruş
Cihani – zaxiri mən ayəd be cuş*[12]

SIYAVUŞLA BAĞLI NÖQTƏLƏR

1 – Siyavuş bir simvoldur. 2 – Federasyon nəzəriyyəsi. 3 – Siyavuş sülhsevər federalistdir. 4 – Firdovsidə qan hikməti.

Firdovsinin düşüncəsinə görə, qanı iki millətdən qarışmış olan qəhrəmanlar, mütləq bu iki millətin sahib olduğu kimi düşünüb, bir fikir və həddət bəslərlər.

Biz bu hikməti Siyavuş hekayəsinin hər beytində görürük. Siyavuş, yarısı Turanlı, yarısı iranlı olduğundan bu iki aləmi məsud görmək, onları birləşdirmək istəyir.

Söhrab da belədir: o da bir turanlı xanımdan doğulduğu üçün İran şahını öldürmək, Turan xalgını ucaltmaq, atası Rüstəmi birləşmiş İran-Turan taxtına oturtmaq, anası Təhminəni də “Banu cihan” elan etmək xəyalı ilə dolaşır.

Makedoniyalı böyük İskəndər belədir. O, Rum sarayı Filokusun Darab şaha getmiş qızından doğulduğu üçün deyir ki, Rum ilə İrana sahib olub böyük bir imperatorluq vücuda gətirə bildi.

Başqa bu kimi misal və mühakimələri Firdovsidə bulmaq daima mümkündür.

Yalnız Siyavuşun digər “Birlikçi”lərdən fərqi budur ki, o, birliyi düşmənlik və zorlamayla deyil, barış və ittifaqla meydana gətirmək istəyirdi.

Dönən dövran hər zaman iki mühüm axının ahəngi ilə tənzim edilir, ixtilafı ilə pozulur. Bir qüvvə, bütün səbirsizliklə ağrı-acıları mərkəzə doğru çəkər, digər qüvvə də səbirsizliklə sızlanmaları mərkəzdən dəf edər. Mərkəzlə dairə arasında müvazinət olmuşsa, “çərxi-fələk” aləmin arzusunca dönmüş, tərsi olmuşsa, dünya və aləmə fəsad və ixtilafların çıxmasıyla həyatın nizamı pozulmuşdur.

Dünyanın idarəsi, nə çoxluğun ağalığından ibarət olan zorbalıq, nə də azğınlığın itaətsizliyindən başqa bir şey olmayan səlahiyyətlədir.

“La cəbra və la təfvizə, bel ətrun beynəl ətrin”

“Nə cəbr, nə də səlahiyyət – ancaq bu iki imkandan birinə tərcihlədir”.

Dönən dövran və ya çərxi-fələk təbiri fələyə aid sözlərdən olsa da, bu yoldakı təbii qanunlar sosiologiyada da qəbul edilən bir ölçüdür.

Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə, məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə - cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər şeyin üstündə görərək, fərdi cəmiyyətin əsarətindən qurtarıcı bir şəkildə özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır.

Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf cəmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur.

Nə mərkəziyyət, nə də özünüidarə, nə cəmiyyətlik, nə fərdiyyətçilik – bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq.

Bu surətlə gül ilə göz muncuğu kimi cəmiyyətlə fərdin çeşidli şəxsinin, hökümətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır.

Öylə bir nəzəriyyə gözəl şəkildə hazırlandıqdan sonra Siyavuş əsrindəki İran-Turan vəziyyətini seyr edək.

Əfrasiyab Turanı, Keykavus isə İranı mərkəzi birlikdən qaçıran bir qüvvədir. Söhrab ilə Keyxosrov*[13] bilavasitə əda üçün haqq bilməyən birlikçilərdir. Siyavuş isə İranınkını İrana, Turanınkını Turana vermək şərtiylə orta yol tutmuş Federasyonçu, federalist bir birlikçidir.

Bu xarakteriylə Siyavuş, mifoloji və xəyalçı tip olsa da, İran-Turan federasionunun klassik bir işarətidir.

Siyavuşun siyasi hərəkət tərzi də əsrimizin siyasi ədalət idealı ilə tamam uyğundur: Turan işğalındakı torpaqlarını xilas edib İrana verincəyə qədər, o, düşmən və hərbçidir.

Əfrasiyab İranın haqqını təslim və barışmaq təklif edəndə, görürük ki, o, dost və barışdırıcıdır. Barışmaq təklifini, o, cani-dildən qəbul edirdi: çünki belə bir sülhlə iki aləmi şad etmək onun idealı idi.

Bu idealın xətrinə idi ki, o, yurdunu da atdı, atasını da tərk etdi.

Firdovsi zehniyyətində qan hikmətinin hakim olduğunu söyləmişdik. Bu hikmətə görə qəribə işarələr zühur edir.

Xalis Turan qanlı Əfrasiyab.

Xalis İran qanlı Keykavus.

Iki qan qarışanda Siyavuş hasil olur. Yenə bu hikmətin səbəbindəndir ki, vətən padşahı üçün zərurət gələndə gözünü yumaraq qan tökən pəhləvanlardan İranda Rüstəm, Turanda Piran var ki, qarşı tərəfin haqqını tanıdığı halda yenə qan tökür, padşahlarına müxalıf ola bilmirlər. Halbuki Siyavuş elə deyildir. O, iki tərəfin üstün cəhətlərini özündə topladığı üşün, yaxşı bir niyyətin (yəni ittifaqın), daşıyıcısı, hərbin deyil, barışığın geri dönməz bir qəhrəmanıdır.

Siyavuşun ölümü ilə barışıq nöqtəsi yox olduğundan İran ilə Turan bir-birinə qarışdı. İntiqam haqdır və tarixin ən mühüm əməllərindən biridir. Siyavuşun intiqamı Əfrasiyabdan alındı.

Firdovsinin İran mənbələrindən aldığı mifologiyaya görə, hər nə qədər “Turan günahsız bir şahzadənin qanı bahasına xaraba qaldı”: - deyə göstərilirsə də, bu kitabı anlaya bilən zövq sahibi talesizliyin Turana deyil, Siyavuşluğu qövrə yamayan Əfrasiyablığa Keykavusluğa aid olduğunu dərhal dərk edər.

ƏFSANƏDƏN HƏQİQƏTƏ

1 – Pəhləvanlıq dövründən xalq dövrünə. 2 – İndiki məfhuma görə millət. 3 – Əsrin Siyavuşu necə olmalıdır. 4 – Coğrafiya və tarixin nəzərində Azərbaycan. 5 - Azərbaycanın yaradılışındakı (mayasındakı – M.Ə.) məğrurluq.

Tarixin pəhləvanlıq dövrü deyilən əski bir qismi vardır. Hər bir millətin tarixi buradan başlayır. Bu dövr tarixində millətlərdən, millətin əsil kütləsini təşkil edən xalqdan, xalqın adət və əxlaqından bəhs olunmur: bütün həyat ayrı-ayrı qəhrəmanların xəyal olmuş şəxslərində mifoloji (əsatiri) simalarında canlanır. Azərbaycan dövrü ilə hekayəsi də pəhləvanlıq dövrünə aid belə bir rəvayətdir.

Halbuki zaman irəlilədikcə həyat tərzi dəyişir, getdikcə cəmiyyətin fəaliyyət yoluna şevrilən fərdlər çoxalır, nəhayət, ortaya siniflər və təbəqələr gəldikdə, tarixin təbiəti də dəyişir.

XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutmağa başladı. Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot firon qəhrəmanların taxtında indi xalqın ümidi idrakının daşıyıcısı fıkır sahibi insanlar oturmağa başladı. Daha sadəsi – hakimiyyət imperatorlardan, sultanlardan, şahlardan xalqa, bilgi kahinlər, sehirbazlar və ilahilərdən alimlərə, texniki elm sahibləri və yazarlara keçdi.

Hakimiyyət xalqdan deyil, Allah tərəfindən bir bəxşiş olaraq verildiyi zaman hökmdarlar çoban, məhkumlar qoyan hökmündə idilər. Məsuliyyət yalnız çobana aid olduğundan iradə ilə hökm də onun idi. Buna görə də qanına o, ayırıcı (separatist) və ya ittifaqçı, döyüşkən və ya barışsevər olurdu. Hakimiyyət xalqa keçdikcə, artıq çoban – çobanlıq yoxdur. Hakimlər xalq üçün, xalq da hakimlərdən ötrü məsuldur. Bunun üçündür ki, yalnız hakimlər daha demokratik yolla xidmət edənlər deyil, bütün xalq, yaradılışına ruh və tərbiyəsinə görə ayırıcı və ya inqilabçı, savaşçı və ya barışçı olur.

Əsrimizdəki sosioligiya elminin ən son nəzəriyyəsi, qan davasının millətlər üzərindəki təsirinə Firdovsi əsrinin mütəfəkkirləri qədər əhəmiyyət vermir. İndiki məfhuma görə, qan hər nə qədər “Ateizm” sıxışdırsa da, millətlər üzərində mütləq hakim ola bilməz.

Əlbəttə, millət, bu günkü məfhumuyla bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından Sprinker “Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyətə mənsub bilməsi ilə təyin edilir” – deyir. Demək “Mən ərəfə nəfsəhu qəd ərəfə Rəbbəhu” (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqinə varır). Bunu belə desək, “Mən ərəfə nəfsəhu qəd ərəfə millətəhu” (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) – mənası ortaya çıxır.

Əski zaman qəhrəmanları üzərində qanın gördüyü işi, indiki millətlər üzərində mədəniyyətlərlə ideologiyalar görməkdədir. Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan xalq milli bir mədəniyyət yaradır: dinləri, dilləri və yaxud tarixi müqəddəratları, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıxı olur ki, xətti – zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir.

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Əfrasiyabın vəziri.

*[2] Nə soyuq, nə isti – hər tərəf fərəh, rahat. Cənnətdən bir bostan taparkən, orada xəstə görünməz. Suları saf və dadlı, çölləri daima bahar.

*[3] Siyavuş “zövq ərbabı”nın xoşuna gələcək bir diyar salmışdır ki, belə bir şəhəri kimsə bütün Turan ölkəsində tapa bilməz.

*[4] Zərdüşt dininə inananların pislik tanrısı, şeytan.

*[5] Gizli şəkildə neçə dəfə Kavus şahdan özünə elçi gəlmişdir. Rum ilə Çindən də yenə adamlar gəlmiş, həm də Kavusun adına içki içilir.

*[6] Kürəkəniniz öz gözəl əxlaqı və ədəbi ilə mal və mülkünüzə layiqdir.

*[7] Bir yer abad və gözəl olsa, hər tərəfdən alıcıları zühur edər. Buna artıq məmnun olunmaz. Bu taxta başqa birisi oturar.

*[8] O qəmat və ağıl sahibi dedi ki, nəhs talehlə mərdlik etmə.

*[9] Nə üçün əsgərlərinlə savaşçı kimi gəldin, günahsız ikən nədən məni öldürmək istədin?

*[10] Əgər sən belə günahsız idin, nə üçün şahın yanına zirehli çıxdın? Hüzura çıxmaq belə olmaz. Yayla zireh şaha təqdim ediləcək hədiyyə deyil.

*[11] Şah Siyavuşla vuruşarsa, dünya üzü ipəkli qumaş kimi simsiyah olar və əgər o, şahın əlində ölərsə, Turanın taxt və tacı bərbad olar, aləm çarpışar. Siyavuşdan ötrü dünya müharibə və kinlə dolar.

*[12] İran və Turan bir hərəkət başlar ki, dünya mənim qanımdan coşar.

*[13] Söhrab, Rüstəm pəhləvanın Turan şahzadəsindən doğulmuş oğludur ki, atası tərəfindən öldürülmüşdür. Keyxosrov yenə Siyavuşun bir Turan şahzadəsindən doğulmuş yeganə oğludur ki, atasının intiqamını Əfrasiyabdan almışdır.