Kitablar

Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini sındırırlar, ələ salırlar. Döyülmüş və təhqir edilmiş Peyğəmbərin naümid bir çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc uzadaraq belə söyləyir:

İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı burax.
Parlayıb durmadıqca əldə silah,
Əzilərsən, qanın olar da mübah.
Eyləməz yardım incə hikmətlər,
Quru söz: busələr, məhəbbətlər,
Əvət, ancaq qılıncdadır qüvvət,
Bundadır haq, şərəf və hürriyyət!*[1]

Peyğəmbər qılıncı əlinə alaraq deyir:

Əvət ən doğru, ən gözəl ayin:
Əhli-vicdana busə, xainə-kin!..

İndi sadəcə inandırmaq deyil, məcbur etmək silahına da malik olan Peyğəmbər bir əlində “Allahın kitabı”, o biri əlində isə polad bir qılınc aşağıdakı monoloqu söyləyir:

Bu qılınc, bir də bu mənalı kitab!
Iştə kafi sizə... Yox başqa xitab,
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini.
Haq, vətən, zövqi-səadət, cənnət
Həp qılınc kölgəsi altında, əvət!..

İşçi sinfinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz, bolşevik zövqünü oxşayar, lakin yurdsevərlərin “qılınc kölgəsindəki vətən” anlayışı heç də əsl kommunistlərin xoşlanacaqları bir şey deyildir. Kommunist rejimi və istilası altında əzilən Azərbaycan vətənində azərbaycanlı şairin yaratdığı Peyğəmbərin dilindən söylənən Vətən şüarının ifadəsi xüsusilə aydındır. Bu sözlər vətənpərvərlik mənasında işlənir.

Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı bir haq kimi Vətən də ancaq mübarizədə qazanılır. Böyük bir sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun alacağı hissə məhz budur.

Yurdsevərlik bu əsərin təfərrüatında da özünü göstrərir. Bir missal: Peyğəmbərə gülən yaramaz küçə uşaqlarının dilindən bu beytlər səslənir:

Deyir göydə bağçalar var,
Orda çiçəklər nur saçar.
İnsan mələk kimi uçar
İstəməm, masaldır onlar.
Mən vuruldum yalnız sana,
Vətən! Ah, sevgili ana!
Dün bir quş gördüm yaralı,
Düşmüş yurdundan aralı
Dişlərdi köksünü çalı,
Söylərdi san hər məalı:
Vəhşi qartal qıydı mana
Vətən!... Ah, sevgili ana!..

Bu sözlərdə bolşeviklər, yəqin ki, komsomol allahsızlığı görürlər. Halbuki yurdsevər Azərbaycan, şübhəsiz, köksü dəlinən yaralı quşun şəxsində müqəddəs atəş məmləkətinin simvolu Prometeyi görür: Prometey keçmişdəki ikibaşlı çarlıq qartalının yerini tutan bolşevizmin oraq və çəkici tərəfindən parçalanıb didilir.

Hüseyn Cavidin qeyd etdiyimiz bu iki əsərindən başqa sovet dövründə yazılmış digər əsərləri də vardır.

Bunlardan “Uçurum”la “İblis”dən bir-iki parça vermək istərdik. “Uçurum”da İstanbulda baş verən bir əhvalat təsvir edilir. Rəssam Cəlal Parisə gedir, Anjel adlı işvəkar bir fransız gözəlinə vurulur, İstanbulda qoyduğu gənc qadını ilə uşağını unudur, bir qısqanclıq səhnəsi əsnasında qadının qucağındakı kiçik yavrusu balkondan düşüb ölür. Sonunda Anjel də onu tərk edir, kor-peşman qadınına dönür, əfv edilməsini istəyir və əfv edilmədiyindən özünü uçuruma ataraq həlak olur. Əsərin moralist və idealist qəhrəmanı Əkrəm Parisə getmək üzrə olan arkadaşı Cəlala istiqamət vermək diləyi ilə bunları söyləyir:

Əvət, bu çox gözəl düşüncə, lakin
Səyahətdən zövq alan bir türk için
Krım yaylaları, İdil boyları,
Qafqaz dağları, şanlı türk soyları
Birər sərgidir, seyrinə doyulmaz
Gənc bir rəssam üçün dəyərsiz olmaz.

Cəlalın tablolarını seyr edərək məharət və bacarığına heyran qalan Əkrəm “Peyğəmbər” şairinin qələmlə təsvir etdiyi bir tablonun fırça ilə rəsmini çəkməyi arzulayır:

Mən öylə bir rəssam olsaydım əgər
Hicaz ölkəsinə eylərdim səfər.
Uğraşıb durardım bir xeyli müddət,
Bir çox düşüncədən sonra, nəhayət,
Təsvir eylər idim gənclik çağında
Böyük Məhəmmədi Hərra dağında.

Eyni motivi biz şairin əsərləri arasında müstəsna yer tutan “İblis”də də görürük. Bu əsərində şair əsasən hürriyyət və insani fikirlərin bir romantiki olaraq meydana çıxır. İnsanların lənətlərinə qarşı özünü müdafiə edən İblisin dili ilə insanlar arasındakı təzadı təsvir edir və adəm övladının düşgünlüyünü və öz cinsinə qarşı canavar kəsildiyini göstərir. Əsərin İblis adından söylənən son monoloqunu birlikdə dinləyək:

İblis! O böyük nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər Kəbədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət
Hər kəs mənə aciz qul ikən, bəslər ədavət,
Lakin məni təhqir edən ey əbləhü miskin!
Olduqca müsəllət sənə, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,
Daim ayaq altında sönüb məhv olacaqsan.
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş sovuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşkünü divanə bəbəklər.
Min hiylə quran tülkü siyasilər, o hər an
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan,
Onlar, əvət, onlar sizi çeynətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Mən tərk edirəm sizləri əlan, nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
Iblis nədir?
- Cümlə xəyanətlərə bais!.. -
Ya hər kəsə xain olan insan nədir?
- İblis.

Ən qatı bir inqilabçı ədasıyla yazılan bu əsərində dahi şair onu tərk etməyən ana düşüncəsinə*[2] - milliyyət və türkçülük fikrinə xüsusi bir yer ayırır: Turanın qurtulması üçün yalnız qılıncın kifayət olmadığını bir qəhrəmanın dili ilə,

Turanda qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..

deyə ifadə edir.

Bu mədəniyyət və ürfan olmazsa, şairin söylədiyi bir türk zabitinin fikrincə türk ordusu:

İstərsə bütün Hindi də, Əfqanı da sarsın,
İstərsə bütün qarşı çıxan maneyi yıxsın,
Turanı basıb bağrına Altaylara çıxsın,
Mümkün deyil, əsla olamaz naili-amal,
Etdikcə xəyanət əli bu milləti pamal.

Ədəbi fəaliyyətinin sonlarına doğru Cavid yeni bir əsərinin nəşrinə müvəffəq oldu. Bu mənzum faciənin adı – “Səyavuş”dan görüldüyü kimi, məzmunu “Şahnamə”dən alınmışdır. Böyük İran şairinin bu məzlum qəhrəmanı, onun yaşadığı faciələr, müvəffəqiyyətsizliklər, təbiidir ki, Azərbaycanın romantik şairi tərəfindən istər zamanın tələbi və istərsə, səhnə texnikası baxımından çox gözəl işlənmişdir. Liberal bir aristokrat tipi olan Səyavuşun xarakterik cəhətləri məzlumlara və yoxsullara acımaq, şəhvətə, zülm və zorakılığa qarşı nifrət bəsləmək hisslərini göstərən cizgilərlə çox gözəl qabardılmışdır.

Cavidin digər əsərləri kimi, “Səyavuş”da türk şerinin gözəlliyinin sirlərini bilən bir sənətkarın ifadə parlaqlığı vardır.

Rəqs edən gözəl qadının son dərəcə lətif nəğməsi:

Qayğısız baharın ilıq busəsi
Tellərimə qondu zülmət uçarkən.
Sərxoş bülbüllərin o bayğın səsi
Oxşadı ruhumu güllər açarkən.
Yasəmən, nilüfər, sünbül, bənəfşə
Mey sundular mana almas jalədən.
Günəş üryan vücudumu əmdikcə
Bir tülə büründüm sanki lalədən.

Lakin bu pyesdə biz lirik nəğmələrin yanında gözəl düzülmüş səhnələrin hər gəlişini müşayiət edən bir çox dərin mənalı fəlsəfi fikirlər də tapırıq. Oxucu burada hüriyyət üçün çarpışmağa çağıran coşqun xitablara rast gəlir. Kəndli üsyanlarının qorxubilməz gənc başbuğu*[3] Altay arkadaşlarına aşağıdakı beytlərlə müraciət edir:

Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda çox cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olar ancaq dəmir qollara.

Bu bir dəvət ki, sosial və milli əsirliyin təmsilçisi olan Sovet hökümətinə qarşı dəfələrlə üsyan edən və əsərin yazıldığı zaman həqiqətən üsyan vəziyyətində olan indiki kəndli başçıları da iki əllə imza atarlar.

Bolşevik istilasının ilk dövrlərində Hüseyn Cavidə, nisbətən daha yaxşı yazmaq və yazdıqlarını oxutmaq və dinlətmək müyəssər olur. Halbuki milli cərəyanın digər nümayəndəsi Cavad Axundzadənin işi bolşevik dövründə qətiyyən gətirmir. Əski bir “müsavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrində, ədəbiyyat qurultaylarında hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər və nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq, onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlərin arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinə ərz edəcək dərəcədə onun təsirinə düşürlər. Siyasi olmayan parçaları bəzən fürsət olduqda, mətbuat səhifələrində özünə yer tapır. Bunların çoxu rəmzidir. Bu rəmzlər çekist ruhlu tənqidçilər tərəfindən deşifrə olunub şairə hücum üçün bir vasitə olur. Cavad rəmziliyinin başlıca mövzusu Azərbaycan təbiətinin mənzərələridir.

Əyil Kürüm, əyil keç!
Dövran sənin deyil, keç!

Başqa bir şerində Göy gölü təsvir edir. Gəncə civarında*[4] bir yayla gölünə həsr edilmiş bu lirik şeri dinləyək:

Dumanlı dağların yaşıl qoynunda,
Tapmış gözəllikdə kamalı Göy Göl.
Yaşıl gərdanbəndi*[5] gözəl boynunda
Əks etmiş dağların camalı Göy Göl.

Yayılmış şöhrətin şərqə, şimala
Şairlər heyrandır səndəki hala.
Dumanlı dağlara gələn suala
Bir cavab almamış, soralı Göy Göl.

Tapılmaz dünyada bənzərin bəlkə,
Zəvvarın*[6] olmuşdur böyük bir ölkə,
Olaydı könlündə yaşıl bir kölgə,
Düşəydi sinənə, yaralı Göy Göl.

Sənin gözəlliyin gəlməz ki saya
Qoynunda yer vardır ulduza, aya,
Oldun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy Göl.

Kəsin eyşü nuşu, gələnlər, susun,
Dumandan yorğanı, döşəyi yosun,
Bir yorğun pəri var, bir az uyusun,
Uyusun dağların maralı Göy Göl.

Dolanır başına göydə buludlar,
Bəzənmiş eşqinlə çiçəklər, otlar,
Öpər yanağından qurbanlar otlar,
Ayrılıq könlünü qıralı Göy Göl.

Bir sözün varmıdır əsən yellərə?
Sifariş etməyə uzaq ellərə...
Yayılsın şöhrətin bütün dillərə,
Olursa olsun qoy haralı, Göy Göl...

<< Əvvəli | < Geri | İrəli > | Sonu >>

*[1] Bu şer parçasındakı son 7 misranı şairin bu əsərinin çapında və həmin kitabın izahat hissəsində tapa bilmədik. (Hüseyn Cavid. Əsərləri, Üçüncü cild, “Yazıçı”, Bakı, 1984).

*[2] Əsas düşüncə mənasında.

*[3] Başçı, rəhbər.

*[4] Ətrafında.

*[5] Boyunbağı.

*[6] Ziyarətə gələnlər.