Kitablar

*[1] MƏHƏMMƏD ƏMİN HACI MOLLA ƏLƏKBƏR OĞLU RƏSULZADƏ – 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan S.M.Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlmani və rusi” məktəbində almışdı. Şer və məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından “İrşad”, “Tərəqqi”, “Füyuzat” və b. mətbuat orqanlarında fəal çıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttarxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ildə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911-ci ilin oktyabrında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin yaratdığı “Türk ədəmi-mərkəziyyət Müsavat” firqəsinin tezliklə üzvü olur və onun liderlərindən birinə çevrilir. M.Ə.Rəsulzadə 1917-ci ilin oktyabrında Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partiya MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlət Dumasının deputatı vəsiqəsini daşıyırdı.

Zaqafqaziya Seymi 1918-ci ilin mayın 26-da Gürcüstanın özünü müstəqil elan etməsilə parçalandı. Seymin Azərbaycan nümayəndələri mayın 28-də Tiflisdə keçirilən iclaslarında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsini elan etməklə yanaşı, M.Ə.Rəsulzadəni Milli Şuranın sədri seçdilər. Onun haqqında “Azərbaycan” qəzetinin 1918-ci il tarixli 35-ci nömrəsində belə yazılırdı: “Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rasulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir yıldız rolu oynayaraq, istiqlali-milli yolunun Nikolay və Protonov dövrünün zülm gecələrində belə millət müsafirlərinə yol göstərməsi, rəhbərlik etməsilə Vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyə atılaraq, o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus qaragüruhunun qəzəbinə giriftar olub, İrana qaçmış və orada dəxi müsəlmanların mənafeini canından əziz tutaraq, İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən “İrani-nou” qəzetəsi nəşrilə millətin fədailər zümrəsində Məhəmməd Əli şahın yaxıcı, yıxıcı keyf maişası müqabilinə mübarizə etmişdir... Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmış və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto vermişdi.

20 yaşından bu günədək 31 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir”.

1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başladı, M.Ə.Rəsulzadə də gizlənməyə məcbur oldu. Lakin o, tezliklə həbsə alınmış, yalnız V.İ.Stalinin bu işə müdaxiləsindən sonra azad edilmişdir. Bir müddət Moskvada işləsə də, 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və b. əsərlərin müəllifidir.

Azərbaycan xalqının vətənpərvər oğlu, görkəmli siyasi xadimi Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada – qürbət diyarda şəkər xəstəliyinin uzun müddətli əzabları içərisində üç dəfə “Azərbaycan!...” – deyərək gözlərini əbədi yumdu.

*[2] ƏLİ BƏY HÜSEYN OĞLU HÜSEYNZADƏ (1864-1940) – yazıçı, ictimai xadim, jurnalist, müəllim və tərcüməçi idi. O, Peterburq universitetinin fizika-riyaziyyat fakültəsində oxumuş, İstanbul hərbi tibb məktəbini (1895) bitirmişdir. Ə.Hüseynzadə 1904-cü ildə Bakıya gəlmiş, burada “Həyat”, “Kaspi” qəzetlərinə və “Füyüzat” jurnalına redaktorluq etmış, sonra “Səadət” məktəbində müəllim işləmişdir. O, yenidən Türkiyəyə qayıtmış, İstanbul universitetinin professoru olmuş, orada yaşamış və vəfat etmişdir.

Ə.Hüseynzadə 1926-cı ildə Bakıya gələrək 1-ci Ümumittifaq türkoloji qurultayında iştirak etmişdir.

*[3] HİCAZ – Səudiyyə Ərəbistanında əyalət. İnzibati və iqtisadi mərkəzi Ciddə şəhəridir.

*[4] SEVR MÜAHİDƏSİ – 1920-ci ildə Türkiyə ilə Birinci Dünya müharibəsinin qalibləri (Fransa, İtaliya, B.Britaniya və Yaponiya) arasında Fransanın Sevr şəhərində bağlanmış sülh müqaviləsi. Bu müqaviləyə müvafiq olaraq Ədirnə və Gelibolu ilə birlikdə Şərqi Frakiya Yunanıstana, Anadolu vilayətinin bir hissəsi “Müstəqil Kürdüstana”, böyük bir sərhəd ərazisi isə daşnak Ermənistanına verilirdi. Lozanna konfransında (1922-1923) Sevr müahidəsi ləğv edildi. M.Ə.Rəsulzadə sonralar o illəri yada salaraq obrazlı şəkildə yazırdı: “Mənhus Sevr müahidəsi yırtıldı, məsud Lozan müahidəsi yazıldı!...Birincisi, çökən imperatorluğun ölüm baratı idi; ikincisi isə yüksələn cümhuriyyətin doğum vəsiqəsi oldu”.

*[5] HƏRBİ-ÜMUMİ -  Burada Birinci Dünya müharibəsi (1914-1918) nəzərdə tutulur.

*[6] Volqa nəhrinin tatarca ismi. Bu ismi AT İLİ ismindən müxəffəf olduğu məlhuzdur (M.Ə.Rəsulzadənin qeydi) .

*[7] İsmin məbzuliyyətilə məşhur bəhri-Xəzərin bir ismi də Quzğun dənizdir (M.Ə.Rəsulzadənin qeydi).

*[8] Cavad xan Gəncəni knyaz Sisyanova qarşı müdafiə edən qəhrəmandır. Bu qəhrəman kəndisinə dəfələrlə təkrar olunan təslim təklifini kəmali-cəsarətlə rədd edərək, son nəfəsinə qədər müdafiə eyləmiş və qala topu üzərinə oturduğu halda parça-parça edilincəyə qədər düşmənlə vuruşmuşdur (M.Ə.Rəsulzadənin qeydi).

*[9] MAVƏRAYİ-ARAZ AZƏRBAYCANI – Cənubi Azərbaycan nəzərdə tutulur.

*[10] Səfəvilərdən Şah İsmayıl türkcə şerlər yazar və Xətai nami-müstəarilə imza edirdi. Xətai divanı mərufdur(M.Ə.Rəsulzadənin qeydi)  .

*[11] Hökümət tərəfindən təyin olunan imamlara (mollalar) vəqaye-tərbəə denilən nigah, təlaq, təvəllüdat və vəfiyyat vəqiələrini qeyd və təsbit etmək üzrə hökümət tərəfindən divani dəftərlər verilmişdi (M.Ə.Rəsulzadənin qeydi)  .

*[12] Farsidəki mirzə istilah olaraq müəllim mənasına gəldiyi kibi, rusca uçitel dəxi eyni mənanı ifadə edir
(M.Ə.Rəsulzadənin qeydi).

*[13] “Açıq söz”ün müəssis və mühərriri bu risalənin müəllifidir (M.Ə.Rəsulzadənin qeydi).

*[14] Rusiya müsəlmanlarının həyati-milliyyəsində bu məsələ bilxassə mühüm bir mövqe ehraz eyləmişdir. Azərbaycan türklərində isə bu məsələ yalnız “idareyi-ruhaniyyə”nin intixab üsulilə təsisini tələb etməklə qalmayıb, eyni zamanda, ittihadi-islam fikrinin tərvicinə dəxi vasitə olmuşdur. Azərbaycan türkləri rus höküməti tərəfindən şiə və sünni namları ilə iki müstəqil müəssisə şəklində təsis olunan idarələrin “İslam idareyi-ruhaniyyəsi” namilə tövhidini dəxi tələb ediyorlardı. Bu tələb 1905-ci ildə Mavərayi-Qafqas əhaliyi-islamiyyəsi namına valiyi-ümumiyə verilən istidada yer bulduğu kibi şiə və sünni ixtilaflarının izaləsi çarələrinə həsr olunan İslam konqrelərinin müqərərratında dəxi təsbit edilmişdir. Şayani-qeyddir ki, şiə və sünni ixtilafları hər yerdən əvvəl Azərbaycan türkləri arasından qalxmışdır ki, vəhdəti-milliyyəsini dərk edən bir cəmiyyət üçün bu qayət mətlub idi (M.Ə.Rəsulzadənin qeydi).

*[15] “AÇIQ SÖZ” QƏZETİ – Türk Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsinin orqanı. 1915-1918-ci illərdə nəşr olunmuş 725-dən çox nömrəsi çıxmışdır. Qəzet, orqanı olduğu firqənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək”, “Hökümət də xalqa, torpaq da xalqa” şüarlarını müdafiə edirdi. “Açıq söz”ə müxtəlif vaxtlarda M.Ə.Rəsulzadə, M.Ə.Əbdüləzizoğlu, Ü.Hacıbəyov, Orucov qardaşları və X.İbrahim redaktorluq etmişlər.

*[16] LEHİSTAN – Polşa nəzərdə tutulur.

*[17] Bu tələb müəllifin şəkli-idarə haqqında irad etdiyi müqabil məruzə üzərinə vaqe münaqişə və müdafiələr nəticəsində təklif və konqrenin əksəriyyəti-qatiesincə qəbul və təsbit edilmişdir (M.Ə.Rəsulzadənin qeydi).

*[18] “MÜSAVAT” FİRQƏSİ – 1911-ci ilin oktyabrında Tağı Nağıoğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin Bakıda yaratdıqları siyasi partiya. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökümətdə və Məclisi-Məbusanda aparıcı mövqeyə malik idi. 1920-ci ilin aprel ayının sonundan “Müsavat” firqəsi gizli fəaliyyətə keçmiş, görkəmli nümayəndələrinin bir qismi Türkiyəyə mühacirət etmişdir.

*[19] Rusiyada mütənasib üsuli-intixab sistemi ilə tətbiq olunan intixablar müntəxəbin listələri üzərinə icra olunuyordu (M.Ə.Rəsulzadənin qeydi).

*[20] “Müsavat” firqəsinin Balkan hərbi əsnasında Bakıda təşəkkül etdiyi yuxarıda qeyd edildi. 1917-ci sənədə Rusiya inqilabı zühur etdikdə Gəncədə “Türk Ədəmi-Mərkəziyyət firqəsi” təsis edildi. Bu iki təşkilat Qafqasiya qurultayındakı bəyanat və müdafiələri ilə xalqçı, türkçü olduqlarını mütəqabilən kəşf etməklə ittihad edərək salifüzzikr ünvanını aldılar (M.Ə.Rəsulzadənin qeydi).

*[21] Menşeviklər sosial demokrat məsləkinə salikdirlər ki, bolşeviklərlə aralarındakı fərqi inqilabi-ictimainin daha sırası gəlmədiyinə qane olmaları ilə izah edirlər. Eserlər Rusiyaya məxsus bir nəzəriyyəyi-ictimaiyyə məhsulu olaraq köylüyə istinadla sosializm inqilabı yapılacağını təəmmül edən bir firqədir ki, hal-hazırda bolşeviklərə müarizdir. Eser ismi isə Sosialist Revolyusenerdən müxəffəfdir (M.Ə.Rəsulzadənin qeydi)  .

*[22] Bolşeviklər 1917 sənəsində Xoqənd, Taşkənd, Krım, Ukrayna kimi vilayətlərdə muxtariyyət idarə davasilə kəndi-kəndilərini idarəyə qalxan əhalini silah qüvvətilə təşkil eyləmişlərdir. Mərkəzi Kazanda bulunan İslam şurayi-əsgərisi ilə tatar şurayi-millisi, Başqırdıstan Cümhurriyyəti, Krım qurultayı höküməti kəza bolşevik höküməti tərəfindən qanlı bir surətdə inhilal etdirilmişdir (M.Ə.Rəsulzadənin qeydi).

*[23] “DEKRET-13” – burada nəzərdə tutulur. 1917-ci il dekabrın 18-də Xalq Komissarları Sovetinin sədri Ulyanov-Leninin və Milli İşlər Komissarı Cuğaşvili-Stalinin imzaladığı 4 bəndlik bu dekretlə S.Şaumyana səlahiyyət verilirdi ki, Türkiyə Ermənistanının müvəqqəti idarəsi üçün erməni komitəsi və digər əhali ilə münaqişəli məntəqələrin həllində iştirak etsin.

*[24] Bakıda mətbu “İstiqlal” məcmuəsindən müqtəbəsdir (M.Ə.Rəsulzadənin qeydi).

*[25] TRABZON – Türkiyədə, Qara dəniz sahilində şəhər.

*[26] BREST-LİTOVSKİ MÜAHİDƏNAMƏSİ – 1918-ci il mart ayının 3-də Sovet Rusiyası ilə Dördlər İttifaqı (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) arasında bağlanan sülh müqaviləsi. Bu sənədə əsasən Rusiya Polşa, Litva, Latviya, Estoniya və Belorusiyanın bir hissəsini itirdi. Qars, Batum, Ərdəhan Türkiyəyə verildi. Sovet qoşunları Ukrayna və Finlandiyadan çıxarıldı. Ordu və donanmanın bir hissəsi buraxılmalı idi. 1918-ci il 27-si avqust maliyyə razılaşmasına əsasən Sovet Rusiyası Almaniyaya 6 milyard marka təzminat verməli idi. 1918-ci ilin noyabrında Almaniyada 2-ci Vilhelm devrildi və Sovet höküməti noyabrın 13-də Brest-Litovski müahidəsini ləğv etdi.

*[27] GEGEÇQORİ HÖKÜMƏTİ – Zaqafqasiya Komissarlığı (15 noyabr 1917 – 10 fevral 1918) nəzərdə tutulur. Komissarlığa Y.P.Gegeçqori (1891-1954) rəhbərlik etmişdir. Onun qərarı ilə Türkiyə cəbhəsində döyüşlər dayandırılmış, 1917-ci il dekabrın 5-də Ərzincanda sülh müqaviləsi bağlanmışdır. Menşevik, eser, daşnaq və müsavatçılardan ibarət olan bu höküməti Antanta dövlətləri fəal müdafiə edirdi. Zaqafqasiya Komissarlığı Qafqazın Sovet Rusiyasından asılı olmayan müstəqil idarə formasını yaratmaq siyasəti yeridirdi. Zaqafqasiya Seymi (23 fevral – 26 may 1918) bu ideyanı həyata keçirdi.

*[28] A.İ.ÇXENGELİ (1874-1959) – gürcü menşevik liderlərindən biri, V Dövlət Dumasının deputatı olmuşdur. 1917-ci il martın 16-dan noyabrın 15-dək Qafqazda Xüsusi İdarəetmə Komitəsinin üzvlərindən biri omuşdur. 1918-ci ildə Müvəqqəti Zaqafqasiya hökümətinin sədri, sonra isə Gürcüstan Cümhuriyyətinin Xarici işlər naziri vəzifələrində işləmişdir. 1921-ci ildən Ağ mühacirdir.

*[29] ALEKSANDROPOL – Ermənistanın ərazisində şəhər. 1837-ci ilə qədər Gümrü, 1924-cü ildən sonra isə Leninakan adlanır.

*[30] NURU PAŞA – Türkiyə hərbi xadimi, qoşun komandanı. 1918-ci ilin iyun ayında Gəncəyə, sentyabr ayında isə Bakıya qardaş köməyinə gəlmişdir. Nuru Paşanın yardımı sayəsində Bakı Sentrokaspi tör-töküntülərindən təmizlənmişdir.

*[31] “Azərbaycanın təşəkkülü” nam risaləyə müraciət olunmalı(M.Ə.Rəsulzadənin qeydi)  .

*[32] MƏHƏMMƏD HƏSƏN BƏY HACINSKİ (1875-1931) – Bakıda anadan olmuş, 1902-ci ildə Peterburq Texnoloji İnstitutunu bitirmişdir. “Hümmət” təşkilatının yatadıcılarından biridir. Müsavat firqəsinin 1-ci Qurultayında (26-31 oktyabr 1917) MK-nın üzvü seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Fətəli xan Xoyski 1-ci və 2-ci kabinəsində Xarici işlər naziri təyin edilmişdir. 1918-ci ilin oktyabrın 6-da Maliyyə naziri olması ilə əlaqədar öz yerini Ə.M.Topçubaşova təhvil vermişdir. AXC dövründə M.H.Hacınski Dövlət müfəttişi, Daxili işlər naziri vəzifələrində çalışmışdır. 1920-ci il aprelin 1-də H.Yusifbəylidən sonra yeni kabinəni təşkil etməyi M.H.Hacınskiyə həvalə etdilər. Partiya və fraksiyalar arasında ümumi razılaşma yarada bilmədiyi üçün bu vəzifədən imtina etmişdir. O, Sovet dövründə xalq təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərmişdir.

*[33] Burada BREST-LİTOVSKİ müahidənaməsinə əlavə məxfi saziş nəzərdə tutulur. Almaniya ilə Sovet Rusiyası arasında bağlanmış gizli müqaviləyə əsasən Bakı şəhəri Rusiyaya verilməli idi. 1918-ci ilin sentyabrında İstanbulda olan Məhəmməd Əmin Rəsulzadə Bakı haqqında gizli sövdələşmədən xəbər tutan kimi Almaniya və Rusiya hökümətlərinə etiraz notası göndərmişdir. Notada Bakı şəhərinin tarixi, hüquqi, coğrafi və iqtisadi yönümdə sırf Azərbaycan şəhəri olduğu göstərilmiş, millətlərin öz müqəddaratını həll etmək prinsipindən yan keçərək Azərbaycan xalqının kürəyi arxasında onun taleyini gizli danışıqlar yolu ilə ondan xəbərsiz həll olunmasına kəskin etiraz edilmişdir.

*[34] Bu heyət Yusifbəyli Nəsib, Ağa oğlu Əhməd və Hacınski Mehdi bəylərdən ibarət idi.

*[35] VERSAL SÜLH KONFRANSI 1919-cu ilin iyununda Fransanın Versal sarayında keçirilmiş, Birinci dünya müharibəsinin başa çatdığını rəsmən bəyan edən sənədlər qəbul etmişdir. Konfransın sənədlərində ərazilər qalib dövlətlərin xeyrinə bölüşdürülmüş, Almaniyanın hərbi potensialı məhdudlaşdırılmışdı.

*[36] Heyəti-mürəxxisə bir rəis, üç əza, üç də müşavirdən ibarət idi. Rəis – məclisi-məbusan rəisi Topçubaşov Əli Mərdan bəy, əza: məclisi-məbusan əzasında Ağa oğlu Əhməd bəy, Şeyxülislam Əkbər ağa, Hacınski Məhəmməd Həsən bəy. Müşavirlərdən: məbusandan Seyid Mehdizadə Mir Yəqub bəy ilə Məhərrəmzadə Məhəmməd bəy və mühərririndən Hacıbəyli Ceyhun bəy idi. Bunlar miyanında yalnız birisi “Müsavat” firqəsinə mənsub olub, digərləri məbusanın digər cərəyanlarını təmsil ediyorlardı. Müsavatı təmsil edən Məhəmməd Həsən Cümhuriyyətin süqutundan əvvəl məmləkətə ovdət etmiş və orada qalmışdır. Məhəmməd Həsən bəy bə’də firgəsinə ihanətlə bolşevik tərəfinə keçmiş, mürtəd olmuşdur (M.Ə.Rəsulzadənin qeydi).

*[37] SƏMƏD BƏY MEHMANDAROV (1855-1931) – tanınmış general, görkəmli Azərbaycan sərkərdəsi idi. O, Rus-Yapon müharibəsində Port-Artur müdafiəsində iştirak etmiş, böyük döyüş yolu keçmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra hərbi kadrlar yetişdirməklə məşğul olmuş, 1918-ci ilin dekabrından 1920-ci ilin aprel ayınadək AXC-nın hərbi naziri vəzifəsində işləmişdir. Həmin ilin may ayında həbs edilib, Bakı Çekasının zirzəmisinə salınaraq layiq olmadığı əzab və işgəncələrə məruz qalmışdır. Avqustun əvvəllərində N.Nərimanovun köməkliyi ilə həbsdən azad olunub, general Ə.Şıxlinski ilə birlikdə Moskvaya hərbi qərargaha işləməyə göndərilmişdir. 1921-ci ilin payızında Bakıya qayıdaraq ömrünün sonuna kimi burada işləmiş və yaşamışdır.

*[38] Rəsmən məbusan 120 əzadan təşəkkül etmək iqtiza ediyor idisə də, felən 85 əzayə malik idi (M.Ə.Rəsulzadənin qeydi).

*[39] NƏSİB BƏY YUSİFBƏYLİ (1881-1920) - Azərbaycan xalqının görkəmli dövlət xadimi idi. Orta təhsilini Gəncə gimnaziyasında almış, Odessa universitetinin hüquq fakültəsində oxumuşdur. N.Yusifbəyli bir müddət Baxçasarayda yaşamış, burada çap olunan “Tərcüman” qəzetində məqalələr dərc etdirmişdir. 1917-ci ilin mart ayında Gəncədə Müsavat partiyasını yaratmış və ona rəhbərlik etmişdir. N.Yusifbəyli 1918-ci ilin əvvəllərində Zaqafqasiya Seyminin üzvü və Zaqafqasiya Cümhuriyyətinin maarif naziri olmuşdur. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyski kabinələrində maarif naziri, eyni zamanda maliyyə və dini etiqad naziri vəzifələrini də yerinə yetirmişdir. 1919-cu ilin martından 1920-ci il aprelin 1-nə qədər Vükəla Heyətinin (Nazirlər Şurasının) sədri işləmişdir.

*[40] Bunlar istiladan sonra dönüb irtidadla bolşevik olmuşlar (M.Ə.Rəsulzadənin qeydi)  .

*[41] Azərbaycan ordusu iki piyada firqəsi ilə bir süvari firqədən ibarət idi. Hər piyada firqə metralyozları ilə bərabər, 3 alaydan və 2 də topçu alayından ibarət idi. Süvari firqəsi isə metralyozları ilə bərabər, 3 alaydan və 1 də süvari topçu alayından təşkil ediliyordu.

Birinci piyada firqəsi: 1 – Cavanşir, 2 – Zaqatala, 3 – Gəncə alaylarından təşkil olub, ikinci piyada firqəsi: 4 – Quba, 5 – Bakı, 6 – Şamaxı alaylarından ibarət idi. Üçüncü firqənin ibtidasını təşkil etmək üzrə 7-ci Lənkəran alayı təşəkkül etmişdi. Hər alayın mövcudi 2 min süngüdən ibarət olub, bir firqənin mövcudu 6 min miqdarında idi. Süvari firqəsi – 1-ci Tatar, 2-ci Qarabağ və 3-cü Şəki alaylarından ibarət idi. Piyada və süvari firqələrdən müstəqil olaraq iki Obus bölüyü dəxi mövcud idi. Bunlara 6 ədəd zirehli avtomobil ilə bir kaç dənə də zirehli qatar zəmimə olunuyordu. Azərbaycan ordusunda 600-ə qədər zabit vardı ki, bunlardan yalnız 60-ı ərkani-hərb kadrosundan yetişə idi. Mövcud zabitanın, mətndə izah edildiyi vəchlə, yalnız yüzdə əllisi azərbaycanlı idi (M.Ə.Rəsulzadənin qeydi).

*[42] “Müsavat” firqəsi tərəfindən təqdim olunan bu proje xüsusi əllərdə olan böyük ərazini həcz etdikdən sonra topraqsız köylü arasında bilaəvəz təqsim eyləmək əsasına müstənəd idi. Fəqət köylüyə veriləcək, yaxud mülkiyyəti-siğirəyə riayətlə kəndisində buraxılacaq ərazi üzərində mülk sahibinin haqqı-mülkiyyəti tanınıyordu. Köylü malik olduğu ərazinin səthində istədiyi kimi təsərrüf edə biliyordu. Yalnız ərazi təhtində bulunan dəfain və mədəniyyət üzərində xüsusi mülkiyyət haqqı tanınmayıb, haqqı-mülkiyyət tamamilə dövlətə veriliyor idi. Ərazi təhtindəki maddinin surəti-istifadəsinə aid xüsusat isə layihəyi-məzkurəcə ayrıca tədvin olunacaq qanuni-məxsusilə tövzih edəcəkdi (M.Ə.Rəsulzadənin qeydi).

*[43] Bu yolun inşaası ilə Bakı bilavasitə və ən qısa bir xəttlə Təbrizə vasil oluyor  (M.Ə.Rəsulzadənin qeydi).

*[44] Bolşevik istilası vaqe olmuya idi. Gürcüstan Cümhuriyyəti ilə bərabər, Spada*  təşəkkül edən konfransda (22 kanuni-sani 1921) Azərbaycan Cümhuriyyəti dəxi bil-hüquq tanınacaqdı ki, bu hadisə istiladan 2 həftə sonra vaqe oluyordu (M.Ə.Rəsulzadənin qeydi). (*SPA KONFRANSI 1920-ci il iyulun 5-16-da Belçikanın Spa şəhərində keçirilmişdir. Bu konfransa Antanta dövlətlərinin (B.Britaniya, Fransa, İtaliya, Yaponiya, Portuqaliya, Belçika) Ali Şurasının növbəti iclası da demək olar. M.Ə.Rəsulzadə Spa konfransında Azərbaycan Cümhuriyyətinin rəsmən daha geniş dairələr tərəfindən tanınacağına ümid bəsləyirdi).

*[45] Şayani-əsəfdir ki, o zaman İstanbul müməssili bulunan zat fəzlə bir əsəri-ehtiyat göstərməklə bu təzahürata qarşı laqeyd görünmək zərurətinə qail olmuşdur.

*[46] TERSKİ OBLAST  Şimali Qafqazın dağlı xalqlarını (çeçen, inquş, kabardin, bolqar) özündə birləşdirərək 1917-ci il dekabrın 1 (14)-də yaradılmışdı. Mərkəzi Vladikavkaz – indiki Orcenekidze şəhəri idi.

*[47] Azərbaycan qaiməsi ilə tədiyyə edilən bu istiqrazın qiyməti-əsliyyəsi haqqında səhih bir fikir əldə edə bilmək üçün söyləməliyiz ki, o zaman bir ingilis funtu – 20 rubləyə müqabil idi. Bu surətlə istiqraz məzkur iki buçuq milyon funt edir. 1919 sənəsinə məxsus Azərbaycan büdcəsi məsarifi-aidiyyəsinin 415 milyon rublə hesab edildiyini nəzərə alıyorsaq, Dağıstan hökümətinə edilən iqrazın dövlət büdcəsinin 1/8-ni təşkil eylədiyini görürüz (M.Ə.Rəsulzadənin qeydi).

*[48] O zaman millətçi olaraq Azərbaycanda bulunan Nuru paşanın komandasında Dağıstanı Denikin istilasına qarşı mübarizəsində təyid üçün Azərbaycan hökümətinin ittila` və müvafiqətilə bir təşkilati-məxsusə vücuda gətirilmişdi (M.Ə.Rəsulzadənin qeydi) .

*[49] ÇİÇERİN GEORGİ VASİLYEVİÇ (1872-1936) – sovet dövlət xadimi, diplomat. 1896-cı ildə Peterburq universitetini bitirmiş, 1905-ci ildən partiyanın üzvüdür. 1906-cı ildə menşeviklərin tərəfinə keçmişdir. 1918-ci ildə Xarici İşlər komissarının müavini təyin edilmiş, Brest-Litovski müahidənaməsini imzalamışdır. Həmin il mayın 30-dan RSFSR, 1923-30-cu illərdə isə SSRİ Xarici İşlər komissarı vəzifəsində işləmişdir. Genuya (1922) və Lozanna (1922-23) konfranslarında Sovet nümayəndə heyətinə rəhbərlik etmişdir.

*[50] QAZİ MUSTAFA KAMAL PAŞA ATATÜRK (1881-1938) Türkiyə dövlət, hərbi və siyasi xadimidir. O, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923-38) idi. Atatürk İtaliya-Türkiyə (1911-12) və İkinci Balkan (1913) müharibələrində iştirak etmiş, 1916-cı ildə general rütbəsinə və paşa adına layiq görülmüşdür. 1919-cu ildə Anadoluda başlayan və “kamalçılar hərəkatı” adlanan anti-imperialist milli-azadlıq mübarizəsinə rəhbərlik etmişdir. Atatürk Türkiyə ilə Sovet Rusiyası arasında dostluq əlaqələrinin genişləndirilməsinə çalışmışdır.

*[51] ƏRZURUM – Türkiyənin şimali-şərqində şəhər. Milli-azadlıq hərəkatının gedişində (1918-1923) Atatürkün sədrliyi ilə “Hüquqların müdafiəsi” Cəmiyyətlərinin 1-ci konqresi 23 iyul – 6 avqust 1910-cu ildə Ərzurumda keçirilmişdir.

*[52] SİVAS – Türkiyədə şəhər. Milli-azadlıq hərəkatı dövründə, 1919-cu ilin sentyabrında Sivasda “Hüquqların müdafiəsi” cəmiyyətlərinin birləşmiş Ümumtürkiyə konqresi keçirilmişdir.

*[53] KİTABDA Şuşa şəhərinin adı Şişə şəklində də getmişdir. Biz adın bu şəkildə yazılışını təhrif hesab etmirik.

*[54] Qarayev Sosialist blokunun listəsi ilə məbusana daxil olmuşdu. Sonra bolşevik olmuş, bədə rus istilasını mütəaqib bir kaç gün üçün kəndisinə Azərbaycan hərbiyyə-bəhriyyə komissarı denilmişdir (M.Ə.Rəsulzadənin qeydi) .

*[55] “HƏYATİ-MİLƏL” (“Жизнь национальностей”) – həftəlik ictimai-siyasi qəzet. Xalq Milli İşlər komissarlığının orqanı idi və Moskvada rus dilində 1918-ci il noyabrın 9-dan 1922-ci il fevralın 6-dək çap olunmuşdur. 1922-ci ilin fevralından eyni adlı jurnala çevrilmiş və 1924-cü ilin yanvarınadək nəşr edilmişdir.

*[56] Buradakı “türk”dən məqsəd Osmanlı türkü deməkdir (M.Ə.Rəsulzadənin qeydi).

*[57] Məbusan komisyonu bu şəraiti “Müsavat” müməssilinin rəyi əleyhində əksəriyyətlə qəbul eyləmişdir (M.Ə.Rəsulzadənin qeydi).

*[58] Bu nitqi-etiraz “Müsavat” firqəsi namına, lider sifətilə müəllif tərəfindən söylənmişdir (M.Ə.Rəsulzadənin qeydi).

*[59] “YENİ DÜNYA” QƏZETƏSİ – 1919-cu ilin dekabrından 1920-ci ilin yanvarınadək 59 nömrəsi çıxmış, nəşri müvəqqəti dayanmışdı. 60-cı nömrəsi 24 aprel 1920-ci ildə işıq üzü gördü. “Yeni dünya” qəzeti sovet dövründə Azərbaycan K(b)PMK-nın və Bakı şəhər partiya komitəsinin orqanı idi. İctimai, siyasi, iqtisadi məsələlərdən bəhs edən materialları öz səhifələrində işıqlandırırdı.

*[60] O zaman müəllif Bakıda məxfi bulunuyordu. Nami-müstəarla “Yeni dünya” qəzetəsinə bir məktub yazdı. Bu məktubda “Azərbaycanda vaqeyi-xeyir” kibi zənn edən əhalidə, son nüsxənizdə mündəric bir fəqərə pək mühüm əndişəyi mucib üçün Moskvaya əzimət etdiyini yazıyorsunuz. Halbuki, azərbaycanlılar hadisəyi-məluməyi, Türkiyə namına təmin olunmuş bir faidəyi-mühümmə şərtilə şayani-qəbul  görə bilmişlərdi. Şimdi yazdığınızdan anlaşılıyor ki, bu faidə hala təmin edilmiş deyildir. Fərzən, bu mənfəət paşanın Moskvaya vürudundan sonra da təmin edilməzsə, o zaman siz türklər bizə nisbət qardaş qatili mövqeyində qalmazmısınız?” deyə istehza olunuyordu. Bu məktub dərc edilmədi. Yalnız bir kaç ay sonra Lahıc dağlarında əlimə keçən “Yeni dünya” nüsxələrindən birində bu məktub sahibinin türk komissarlığına gəlib də bizzat cavab alması tövsiyə olunuyordu (M.Ə.Rəsulzadənin qeydi).

*[61] Anadolu şivəsindəki “Yalançının mumu yatsıya qədər yanar” zərb-məsəlinə müqabil (M.Ə.Rəsulzadənin qeydi).

*[62] Bu siyasət bilxassə Mustafa Sübhinin Bakıya vürudundan sonra kəsbi-şiddət eyləmişdi (M.Ə.Rəsulzadənin qeydi).

*[63] V.A.Pankratov – XI Qızıl ordunun Siyasi şöbəsinin rəisiydi.

*[64] Bakıda müntəşir “Kommunist” qəzetəsinin 1920 sənəsi mayıs kolleksionuna müraciət (M.Ə.Rəsulzadənin qeydi).

*[65] Bolşeviklər tərəfindən qurşuna düzülənlərdən bir listəsi bu risalənin sonuna zəmimə ediliyor (M.Ə.Rəsulzadənin qeydi).

*[66] BEHBUD AĞA ŞAXTAXTİNSKİ (1881-1924) Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübariz, diplomat idi.

1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı XKS fövqəladə komissiyasının üzvü, “Hümmət” təşkilatı MK-nın sədri olmuşdur. Azərbaycanda 1920-ci il aprel hadisəsindən sonra Ədliyyə komissarı, eyni zamanda, Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi idi. B.Şaxtaxtinski 1920-ci ilin iyul-sentyabr aylarında Moskvada V.İ.Leninə Azərbaycan, bununla əlaqədar Qafqaz, Türkiyə və İrandakı vəziyyət barədə ətraflı məruzə təqdim etmişdir. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V.İ.Lenin və B.Şaxtaxtinski imzalamışdır (1920, 30 sentyabr).
B.Şaxtaxtinski Azərbaycan SSR-in Türkiyədə səlahiyyətli nümayəndəsi və Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1921-24-cü illərdə Naxçıvan MSSR İnqilab Komitəsinin XKS-in sədri, Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrində çalışmışdır.

*[67] Bunlardan hüquq və ictimaiyyətlə məşğul olan 12 tələbə geri çağrılmışdır.

*[68] OREXİLAŞVİLİ İVAN (MAMİYA DMİTRİYEVİÇ (1881-1937) – Sovet dövlət və partiya xadimi, 1903-cü ildən partiyanın üzvü idi. Peterburq Hərbi Tibb Akademiyasını (1908) bitirmiş, həkim işləmişdir. 1917-ci ilin dekabrından Vladikavkaz sovetinin sədri, Qafqaz Ölkə Komitəsinin üzvü seçilmişdir. O, 1920-21-ci illərdə Gürcüstan K(b)PMK və İnqilab komitəsinin sədri, 1921-25-ci illərdə isə Gürcüstan K(b)PMK katibi, XKS sədrinin müavini, ZSFSR XKS sədri, SSRİ XKS sədrinin müavini vəzifələrində işləmişdir.

*[69] İ.Q.MİDİVANİ (1877-1937) – 1903-cü ildən partiyanın üzvüdür. Qafqazda inqilabi iş aparmışdır. Xarici hərbi müdaxilə və vətəndaş müharibəsi dövründə Qızıl Ordu sıralarında vuruşmuşdur. 1920-21-ci illərdə PK (b) P Qafqaz bürosunun üzvü, 1911-ci il iyun ayından Gürcüstanın İnqilab Komitəsinin sədri olmuşdur. P.Q.Midivani Genuya və Lozanna beynəlxalq konfranslarının nümayəndəsi olmuş, SSRİ MİK sədr müavini vəzifəsində çalışmışdır.

*[70] ORCONİKİDZE QRİQORİ KONSTANTİNOVİÇ (1886-1937) sovet dövlət və partiya xadimi, mübariz leninçi idi. O, 1907-ci ildə Bakıya gizli işə göndərilmiş, Bakı komitəsinin tapşırığı ilə bir qrup bolşeviklə Cənubi Azərbaycan milli-azadlıq hərəkatına (1905-1911) köməyə getmişdir. 1918-1920-ci illərdə əksinqilaba qarşı mübarizə aparmış XI Qızıl Ordunun rəhbərlərindən biri olmuşdur. Azərbaycan, Ermənistan və Gürcüstanda Sovet hakimiyyətinin qurulmasında Zaqafqaziya, sonra Şimali Qafqaz ölkə partiya komitələrinin 1-ci katibi (1922-26) olmuşdur. Q.K.Orconikidze 1-ci ümumbakı partiya konfransında (1920, may), Şərq xalqlarının 1-ci qurultayında (1920, sentyabr) iştirak etmişdir.

*[71] MYASNİKOV ALEKSANDR FYODOROVİÇ (əsl familiyası Miyasnikyan, təxəllüsü – Martuni) (1886-1925) – Sovet dövlət və partiya xadimi, yazıçı idi. O, 1919-cu ildə əvvəl Belorusiya MİK-in, sonra isə K(b)PMK bürosunun sədri olmuş, Ermənistan SSR XKS sədri və Xalq hərbi işlər bürosunun sədri olmuşdur. Ermənistan SSR XKS sədri və Xalq hərbi işlər komissarı (1921). SCFSR İttifaq Sovetinin sədri (1922), sonra PK(b)P Zaqafqaziya Ölkə komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir.

*[72] MOLOTOV VYAÇESLAV MIXAYLOVIÇ (1890-1986) Sovet partiya və dövlət xadimi, 1906-cı ildən partiyanın üzvü idi. 1920-ci ildə Ukrayna K(b)PMK katibi, 1921-30-cu illərdə ÜİK(b)PMK katibi, 1930-41-ci illərdə SSRİ XKS sədri olmuş və digər vəzifələrdə işləmişdir. 1962-ci ildə Sovet İKP sıralarından xaric edilmiş və təqaüdə göndərilmişdir. 1984-cü ildə partiyaya bərpa olunmuşdur.

*[73] MAXARADZE FİLİPP-İYESEYEVİÇ (1868-1941) Sovet dövlət və partiya xadimi, ədəbiyyatşünas idi. 1903-cü ildən partiyanın üzvüdür. 1913-cü ildə Bakıya gəlmiş, “Çveni skaro” (“Bizim bulaq”) qəzetində redaktor işləmişdir. Bakıda Zaqafqaziya partiya təşkilatının konfransında (1919, may), Şərq xalqlarının 1-ci qurultayında (1920, sentyabr) iştirak etmişdir. 1920-ci ilin mayında Gürcüstan KP müvəqqəti MK-nın sədri seçilmişdir. 1921-ci ildən Gürcüstan İnqilab Komitəsinin, 1922-ci ildən Gürcüstan SSR MİK-in, sonra ZSFSR Dövlət komitəsinin Gürcüstan SSR XKS-in və ZSFSR XKS-in sədri olmuşdur. A.S.Puşkin, M.Qorki haqqında monoqrafiyalar yazmışdır.

*[74] L.B.KAMENYEV (ROZENFELD) (1883-1936) – Kommunist partiyasının və Sovet dövlətinin görkəmli xadimi, 1901-ci ildən partiyanın üzvü, RADF (b)P VI qurultayında MK üzvü seçilmişdir. 1917-ci ildə Oktyabr silahlı üsyanının əleyhinə çıxmışdır. 1918-ci ildə Mossovetin sədri, 1922-ci ildən XKS-in sədri, 1922-ci ildən XKS-in sədr müavini olmuşdur.

*[75] Ermənistan Cümhuriyyəti bolşeviklər tərəfindən istila edildikdə, Azərbaycan bolşevik hökümətinin rəisi Nəriman Nərimanov Naxçıvan qəzasını Ermənistana hədiyyə etmişdi. Vaxtilə ingilislərlə amerikalılar da Naxçıvanı ermənilərə tabe görmək istəmiş, bu xüsusda təşəbbüs eyləmiş, fəqət müvəffəq olmamışlardı. İki sənədən ziyadə əlində silah olaraq Ermənistana ilhaq əleyhinə cəladətlə hərb edən naxçıvanlılar bu dəfə də isra etdilər. Nərimanın bəxşişi quru sözdən ibarət olub qaldı. Ermənistan Cümhuriyyəti Naxçıvan “hədiyyə”sini təslim almaq üçün iyicə qan tökməli idi. Naxçıvanlılar isə hər tərəfə müraciət edərək, Ermənistana tabe olmaq istəmədiklərini bildiriyorlardı. Bu məsələ Türk heyəti-mürəxxəsəsinin dəxi nəzər-diqqətini cəlb eyləmişdi. Buna görədir ki, müahidə salis bir hökümətə tərk edilməmək şərtilə Naxçıvan qəzasını mümtaz bir vilayət şəklində Azərbaycan himayəsinə vermişdir (M.Ə.Rəsulzadənin qeydi) .

*[76] Bu təminat ilə Mavərayi-Qafqas cümhuriyyətlərinin təkrar Rusiyaya ilhaqı haqqındakı Rusiya təzyiqinin nə dərəcədə qabili-təlif olduğunu qarelər kəndiləri təqdir eyləsinlər (M.Ə.Rəsulzadənin qeydi).

*[77] Biz, yalnız başlıca müəssisatı-ictimaiyyə, siyasiyyə və iqtisadiyyənin ruslar əlində olduğunu göstərdik. Məmurini-dövlətin ələl-əksər kimlərdən ibarət olduğu haqqında daha vase bir fikir vermək üçün əlimizdə bulunan türkcə “Kommunist” qəzetəsinin rəsmi qismində təsadüf elədiyimiz imzalardan bir qismini buraya nəql ediyoruz. Bir kaç nüsxədən iqtibas eylədiyimiz bu imzalar qareinə müəyyən bir fikir verər zənnindəyiz. Azərneft xalq maarif şöbə müdiri – Barçov, Azərneft rəis müavini – Barinov, Elektrik stasion müdiri – Sizov, Oktyabr komisyonu rəisi – Çaykin, Oktyabr tamaşalar komisyon rəisi – Edilson, Bakı şurası rəisi – Krılov, Bakı şurası katibi – Palaşkov, Seyri-səfain müdiri-ümumisi – Larionov, Təsərrüfati-ictimaiyyə müdiri – Paroşin, Ərzaq vergisi müvəkkili – Bukreyev, Bakı qəzası hərbiyyə komissarı – Anefski, hərbi rəhbər – Sıçkov, Səfərbərlik şöbə müdiri – Seyçikov, Suğurta şöbəsi rəisi – İtkin, Şəhər səhiyyə müdiri – Eyştat, Daxiliyyə komissar müavini – Siveridov, İnzibat dairəsi müdiri – Biryukov, Xüsusi Qafqas ordusu komandanı – Yeqoryev, Siyasi maarif müdiri müavini – Tartakov, Müsai şöbə müdiri – Şaxetov v. i.a. ...  (M.Ə.Rəsulzadənin qeydi)

*[78] Bu sətirlər Əbilov bəyin vəfatından əvvəl yazılmışdır (M.Ə.Rəsulzadənin qeydi).

*[79] İddiamızı rəsmi vəsiqəyə istinad etdirmək üçün Rusiya Mərkəzi İcra komitəsinin 31 təşrini-sani 1921 tarixli və 73 nömrəli məzbutəsini buraya qeyd ediyoruz: “Müzakirə edildi: Azərbaycana neft məhsulatı verilmək məsələsi. Məsələyi vəz etmişdir: Rusiya kommunist firqəsi heyəti-mərkəziyyəsi. Qərar verildi ki: 1. Baş məhruqat komitəsinə Mavərayi-Qafqas dəmir yolları ilə Azərbaycan ehtiyacat sənayesinə lazım olan petrolun üsuli-dairəsində verilməsi təklif olunsun. 2. Bundan başqa, Baş məhruqat komitəsi Azərbaycan Komissarlar heyəti ixtiyarına 3 milyon put xam neft, 2 milyon qaz yağı, 1,5 milyon put mazut, 0,5 milyon put qətran və 100 min put benzin buraxılmalıdır. 3. Petrol məhsulatının Azərbaycan hökümətinə ətası 1 təşrini-sani 1922 tarixinə qədər icra olunaraq, hər halda bütün petrol istehsalatının yüzdə 15-dən fəzləsini təşkil etməməlidir. 4. Bu miqdar 1921-1922 proqramı mucibincə təxmin olunan istehsal miqdarına nisbətli təyin olunmuşdur. İstehsal işbu təxmindən fəzlə olduğu təqdirdə Azərbaycanın hissəsi dəxi təzayüd edəcəkdir. 5. Azərbaycan höküməti hissəsinə düşən neft məhsulatını Mavərayi-Qafqasdan başqa daxili Rusiya bazarında satmaq istərsə, bu xüsusda mərkəzin müsaideyi-məxsusəsini istehsal etmək zərurətindədir. Əsli ilə mütabiqdir. Rusiya Mərkəzi İcra heyəti katibi: Yenukidze”.

Bu qərar azərbaycanlıların pək şiddətli müraciət və istidaları nəticəsində vüqu bulmuşdu. Bu tarixə qədər Mavərayi-Qafqas dəmir yolları, tühəf deyilmi, məhruqat füqdanından dolayı düçari-müşkilat oluyordu. Bolşevik qəzetlərinin yazdığına görə Bakı vilayətindəki köylülər bir fund (süls hüqqə) qaz yağına 3 fund tərə yağı veriyorlardı. Kür nəhri sahilində bulunan 180-ə qədər su borusu makinaları petrol yoxluğu üzündən məəttəl qalıyor və bu cəhətlə ərazi ziyarət ediləmiyordu. Bir çox sənə şədid mübarizədən sonra yuxarıdakı lütfə nail olan Azərbaycan höküməti bir az sonra bu lütfün 5-ci maddəsində mündəric bulnan istidayi-məxsusi istehsal etmək üçün dəxi az abrı tökməmişdir.

Qızıl Ordunun ehtiyacatını təmin üçün bolşevik hökümətincə fəxri “şef” üsulu edilməkdədir. Hər alayın kəndinə məxsus bir şefi vardır. Bu şeflər ələl-ümum Sovet müəssisatı ilə şuralarından ibarət oluyor. Şeflər alayın təltifi və təhvini-ehtiyacı üçün müxtəlif vasitələrlə ianədə bulunur, hədiyyələr təqdim edirlər. Azərbaycan müəssisati-məhəlliyyəsi dəxi kəndisini istila edən Rusiya Qızıl Ordusunun müxtəlif alaylarına “şef” bulunmaq şərəfini haizdirlər. Bittəb Azərbaycan komissarlığının bu şərəfi, onsuz da yağma edilən Azərbaycan xəzinəsini soymaqla təmin olunuyor (M.Ə.Rəsulzadənin qeydi).

*[80] Təmamiyyəti-mülkiyyə təbiri ilə Nəriman Ermənistana hədiyyə etdiyi Naxçıvana təlmih ediyorsa, yanılıyor. Çünki rus bolşevikləri zahirdə nərimanların idarəsinə tərk etdikləri əraziyi belə əski çarizmdən daha qəddar və münid bur surətdə ruslaşdırmaqdadırlar. Aldığımız məlumata görə, Bakı ilə Salyan arasında yeni yapılan “İliç” limanının yeganə məqsədi Müğan səhrasını rus təhti-zadəganı ilə iskandan ibarətdir. Bu münbit səhralarda çarizm dəxi müntəzəm bir surətdə rus mühacirlərini iskan ediyordu .
Söyləndiyinə nəzərən, bolşeviklər buraya bir milyona qərib mühacir iskanı qərar üçün qərar vermişlərdir (M.Ə.Rəsulzadənin qeydi).

*[81] LLOYD CORC ( 1863-1945) ingilis siyasi və dövlət xadimi, Liberallar partiyasının lideri olmuşdur. 1916-cı ilin sonundan 1922-ci ilədək B.Britaniyada koalisiya hökümətinin Baş naziri olmuşdur. O, Paris konfransının (1919-20) təşkilatçılarından və Versal sülh müqaviləsinin (1919) müəlliflərindəndir. L.Corc Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini müdafiə etmiş, ona hərtərəfli yardım göstərməyin tərəfdarı olmuşdur. O, Gürcüstan Cümhuriyyətini də müdafiə etməklə xalqların azadlığına və suverenliyinə haqq qazandırır, hegemonçuluq siyasətinin əleyhinə çıxırdı. B.Britaniyanın özündə də hegemonçuluğa meyl gücləndiyi üçün onun tərəfdarları azalmış və L.Corc istefaya çıxmışdır.

*[82] KLEMANSO JORJ BENJAMEN (1841-1929) fransız siyasi və dövlət xadimi idi. 1871-ci ildə Paris Kommunası günlərində kommunarlarla versallıları “barışdırmağa” çalışırdı. İki dəfə (1906-09, 1917-20) Fransa Nazirlər Şurasının sədri (2-ci dəfə də müdafiə naziri) olmuşdur. Paris sülh konfransının sədri (1919-20), Versal sülh müqaviləsinin (1919) müəlliflərindən biridir. 1920-ci ildə prezident seçkilərində məğlub olduqdan sonra siyasi həyatdan uzaqlaşmışdır.

*[83] Bolşeviklər təsisi-hakimiyyət eylədikləri yeni məmləkətlərdə “Qrabnedelya” namilə məşhur bir talan həftəsi tərtib ediyorlardı (M.Ə.Rəsulzadənin qeydi).

*[84] İxtilaldan sonrakı federasyon qəsd olunuyor (M.Ə.Rəsulzadənin qeydi).

*[85] Azərbaycan bayrağındakı mavi rəng – türklüyü, yaşıl rəng – müsəlmanlığı, al rəng də - təcəddüd və inqilab rəmzi olmaq həsbilə əsriliyi tərmiz edər ki, möhtərəm Ziya Gök Alp bəyin “Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm” – düsturunu ifadə etmiş olur (M.Ə.Rəsulzadənin qeydi).

<< Əvvəli | < Geri