Məqalələr

CÜMƏ MƏKTƏBİ

Dördüncü rus-müsəlman məktəbində olan cümə məktəbi neçə vaxtdır ki, idarə edilməkdə və bəzi həmiyyətli cavan müəllimlərimizin qeyrət və cəhdi sayəsində irəli gəlməkdədir.

Burada 150 nəfərə balığ mütəəllimlərə rusca, türkcə dərs verilib, elmi-hesabdan dəxi məlumat verilməklə bərabər hələlik Əhməd bəy Ağayev cənabları tərəfindən hamı qruplara bir yerdə olaraq tarixi-islama dair xütbələr oxunmaqda və bu vəchlə samenin daireyi-nəzər və məlumatı genişlənməkdədir.

Xülasə cümə məktəbi, bilik və savad nemətindən bəhrəsiz qalan sinli zəhmətkeş füqəra cəmaət üçün açılan bir müəssisədir. Qeyri millətlər arasında öz cəmaətini, öz millətini bəşəriyyət və insaniyyət sevən cavanlar, əhli-maariflər “cəmaət darülfünuni” adına olan bu cümə məktəblərində və gecə kurslarında böyük səylər, fədakarlıqlar edirlər.

Bu məktəblərdə deyil, yalxu yazı-pozu, məişəti-insaniyyədə ən lazım olan elmlərdən dəxi məlumat verirlər. Bu yolda artıq pullar, artıq fədakarlıqlar, artıq həmiyyətlər xərcə verilir.

İştə bizim də şəhərimizdə olan “cəmaət darülfünunlar”ına müqabil “voskresenye” şkola qabağına çıxaracaq cümə məktəbimiz vardır. O da “cümə məktəbi”, bu da “cümə məktəbi”! – İndi baxaq ki, bunların təfavütü nədir!..

Təfavütü, müsəlman məhəlləsi ilə Avropa məhəlləsinin fərqi nə isə, öyləcədir.

Səbəbi?..

Səbəbi, çoxdur. Bir neçələrini zikr edib, bu xüsusda təfsilata girişəcəyik:

Əvvəlinci əsaslı səbəb voskresenye” şkolada olduğu kimi müftə dərs verən edadiyyə məktəblərinin cümə günləri məşğul olduqlarıdır.

İkinci səbəb, cümə günləri tətildə olan müsəlman müəllimlərinin kəmhimmətsizliyidir. Doğru, müəllimlər diyorlar ki, onların bekar vaxtları yoxdur, məişət, dirilik bahadır. Amma hər halda həftədə ikicə saət olsun ümumiyyət işinə bila ücrət qurban etmək mümkündür, zənnindəyiz!

Hal-hazırda cümə məktəbində dərs verən müəllimlər bütün-bütünə dördüncü rus-müsəlman məktəbinin müəllimləri olduqlarını görəndə, insan xəyal ediyor ki, yəqin bu məktəb müəllimlərinə cümə günlərində də dərs demək fəzci-vacib edilmişdir, guya onların borcu imiş ki, bu artıq zəhməti daha öhdələrinə götürsünlər.

Üçüncü səbəb, 6 gün müddətində keyfləri istədiyi tövr rəzilanə bir surətdə zəhmətlərindən istifadə edib, vəzifələrindən xaric işlər, dükan şagirdi, yaxud kontor qulluqçusu olduğu halda, su daşımaq, evdən hamama boğça aparmaq kimi qulluqları icra etməyə vadar etdikdən sonra həftədə bir gün də olsun prikaşşik*[1] dedikləri və qul nəzəri ilə baxdıqları bədbəxtləri azad buraxmayanlardır. Bir çox cümə məktəbinə gələn şagirdlərə müəllim “niyə belə gec gəliyorsan” – sualını verdikdə “xozeyn bizi cümələr qapı bağlı olduğu halda, dükan içərisində əşyanı yığışdırmaq, dükanı silib-süpürmək, tazə alınmış bəzi yeşikləri açıb, sabaha hazırlamaq kimi vəzifəmizdən xaric işlərə vadar ediyor” – cavabını veriyorlar.

Bir digər cümə məktəbinə gəlib səy və qeyrət ilə oxumaq həvəsində olan və çox dəfə dərsə vaxtında gəlməyən şagird böylə bəyanat vermişdir ki, onun xozeyni onu cümələr də işləməyə məcbur edib, qoymayır ki, bu günü özü üçün sərf eləsin. “Saçın saqqalın çıxıb, bu vaxta kimi bir şey bilməmisən, bundan sonra oxuyub səndən nə olacaq, nahaq yerə vaxtını sərf etmə, dükanı yığışdır ki, sabah təzədən alış-veriş qaidəsində olsin” – deyə onu nə tövr isə də saət on-on birə, bəzən günortaya tək vəzifəsindən xaric işlər görməyə məcbur ediyor.

Bu tövr qanunsuzluqların həddi-həsri yoxdur. Dəxi onu demiyoruq ki, dükançılar müştərinin olmadığı vaxtında nahara çıxmağa qoymuyorlar. Çünki bu məsələ ayrı bir məqalənin malıdır, bu dəfə isə bu zülmkarların cümə məktəbi şagirdlərinə zərər vuran və məktəbin vəzifeyi-müstəqimə sədd çəkən hirslərindən*[2] yazıyoruz.

Bu qədər izahat bədində bir neçə sözlə müəllimlərə xitabda bulunub, “dükançılara da bir qədər olsun hirslərini azaltmalarını tövsiyə edəcəyiz:

Ey müəllimin həzaratı! Ey maarifbənd cavanlar! Bütün millətlərin səadəti və istiqbalını təmin edənlər, o millətin müəllim və maarifməndləri olduğunu bir qədər diqqətə alınız, gərçi erməni və qeyri qonşu millətlərin müəllimlərinin gördükləri mücahidati bir ləhzə olsun təsəvvürə gətiriniz də onlar qədər demiyorum, kiçik bir cümə məktəbini layiqli vəch ilə bərpa etmək üçün həftədə ikicə saət olsun fəda ediniz! Müəllimlər, hümmət edin! Göstərin ki, siz cəmaətin uşaqlarını deyil, özlərini də tərbiyə etməyə müstəidsiniz! Bildirin ki, sizin həvəsə gətirən, mənafeləndirən təkcə qarın ehtiyacı, güzəran, məişət mülahizatı deyil, cəmaət qeydi, yaxın qardaşlara mənəvi kömək etmək fikri daha vardır!

Ey bazar əhli, ey həyat və diriliyi ancaq tərəzinin taqqa-tuqqunda görən sahibi-hirslər! Ehtiyac və fəqr*[3] ucundan sizin əlli iki min cəbr və məşəqqətinizə qatlaşan biçarəgani həftə tətilindən məhrum qılmayınız! Altı gün müddətində öz ixtityarından, öz keyfindən, öz külfət və ailəsindən, öz xahiş və təmənnasından, öz hürriyyət və azadlığından ələ çəkib, bu məşəqqətli dünyada özünə bir qüvvəti-layəmut*[4] qazanmaq dərdindən sizə qul olanları bir gün olsun, öz ixtiyarlarına buraxınız! Nə olur ki, sizin xidmərkarlarınız həftədə bir gün özlərini özlərinki hiss etsinlər! Nə olur ki, həftədə bir gün öz ailələrinin, öz külfətlərinin, öz xüsusi işlərinin qeydinə qalsınlar?!

Altı gün müttəsil*[5] özgənin xidmətini edənə məgər bir gün özünə qulluq etməyə imkan vermək xilafdır?!!

Ey sahibi qüdrət olan sərmayədar, ağalar! Haqqınız olmasın ki, islamiyyət üzrə qərar qoyulan həftə tətili cümə günündə öz əlaltılarımızı elm təhsil etmək kimi nəticəsi xüsusi deyil, ümumi olan təşəbbüsatdan mən edəainiz!!.

Hümmətə gəlin, ey cümə günü bir-iki saət ilə cümə məktəbinə kömək eləməyə imkanı olan ərbabi-elm və mərifət! Təlimdə bulunun!

İnsafa gəlin ey ixtiyar və keyfini pozmamaq üçün özgələrin həqq və ixtiyarına təcavüz edən dükançılar! Öz prikaşşiklərinizi cümə günləri vəzifələrində artıq işlətməklə təlimdən mən etməyinizi!!.

Burasını biliniz ki, elmli və yazı bilən prikaşşik sizin hər bir keyfinizə tabe olmasa da, vəzifəsi dairəsində görəcəyi işlər indikindən daha nəfli, daha faqdalı olar!!.

Fətəbiru!..*[6]

M.Ə.Rəsulzadə
B.t: “Nicat” maarif cəmiyyəti tərəfindən cümə məktəbində müftə dərs verən müəlliminə və böyük bir hümmət ibraz edib, məktəbdə nəzarət etməkdə olan Əli Tanrıquliyevə səmimanə rizaiyyət deməyə mühəvvəl olduğumuzu da bəyan ediyoruz.

“İrşad”, № 40, 27 mart 1908

*[1] prikaşşik – xidmətçi

*[2] hirs – həvəs, istək

*[3] fəqr - yoxsulluq

*[4] layəmut – ölməz, əbədi

*[5] müttəsil – ara vermədən

*[6] fətəbiru – ibrət götürün