Məqalələr

QAFQAZI “UNUTMAYIN”!

“Həqiqi rus” firqəsinə mənsub olan “Veçe” qəzetəsində bu ünvan ilə bir məqalə dərc edilib ki, tərcüməsində bizim “Həqiqi rus müsəlmanlarımız”a bir ayineyi-ibrət gördüyümüzdən dərcini lazım bildik.

İştə “Veçe”nin müzəxrəfatı*[1]:

“Bir öylə vaxtda ki, Tavriçeski sarayda Dövlət duması bəzi “mühüm” məsələlərin həllinə, o cümlədən xüdanaşünasi-kəbir Tolstoyun mərasimi-ehtiramına məşğuldur, bir öylə vaxta ki, hökümət cənab “millət vəkilləri” qarşısında onların mütaliə və müzakirələrinə qanun layihələri verməklə təzim və təkrimdədir, gözəl Qafqazın rus cəmaəti həyəcanlı və dəhşətli günlər keçirməkdədirlər.

Qafqazda, xüsusilə Zaqafqaziyada dirilik rus cəmaətinə nəhayət dərəcə müşkül olmuşdur. Qəzanın köməyindən düşmüş, hakimlərin fikrindən çıxmış, qeyri millətlərin qısqısına uğramış rus qafqazlısı məhəlli hakimlərdən ümidini üzmüş, özünün xilas olmasını Peterburqdan gözlüyor: amma heyhat! Oradan da nə bir təsəlli və nə də bir fərəh yoxdur! Qafqazın Rusiya əlində bir əyalət, özü də təbiətin fövqəladə dərəcədə bəxş etdiyi bir sərvətə dara olan əyalət surətində qalması lüzumdan əlzəmdir*[2]. Gərəkdir hər bir tövrilə olursa-olsun, tezliklə orada olan cühud inqilab baş-ayaq durmasını qurtarmaq. Qafqaz dərə və dağlarını isladan rus qanlarının nəhrini saxlamalıdır.

Məhəlli hakimlər çoxdan bəri öz istedadsızlıqlarını göstərdilər. Onlar ancaq dövlət mənafei ilə oynayıb, rus adını batırırlar. Buna binaən də onlara inanmaq mümkün deyil. Dövlət duması isə 4 ayın müddətində özünün bütün “işgüzarlığı ilə” və hesabsız olan komisiyaları və komisiya şəbələrilə belə 3 ildən bəri daxili hərbin hamı ağırlıqlarını üstündə çəkən Qafqazın dəhşətli bir hal kəsb eləməsinə cüzi belə olsun diqqət eləməmişdir.

Doğrudur “işgüzar” Duma Qafqaz barəsində məsələlər qalxızdı, lakin nə tövr?.. Bir az bundan irəli Qafqazda olan höküməti-aliyədən Dumaya, əyalətə istirahət vermək üçün bir layihə verildi. Bu layihə inqilabi yatırmaq və ölkəni aram etmək üçün deyil, bəlkə “pulka*[3], polisə pristavlığında iki nəfər müvəzzi*[4] mənsəbi təyin etmək” barəsində idi və bədə Dumada olan hesabsız komisiyaların birisinə bir ildən artıq duran “müvəqqət” Bakı şəhər hakimliyinin təsdiqi barəsində olan layihə və qeyrilərdir.

Halbuki Qafqaz işləri, lazıməli işlər sabr edəmiyorlar. Axır burada təkcə Qafqaz üzuluni dəyişdirmək məsələsi deyil. Burada Qafqazı böyük Rusiyanın ayrılmaz bir əyaləti surətində saxlamaq məsələsi böyük bir sərvətli rus ölkəsini gözlənən fəlakət və inqirazdan qurtarmaq bəhsi babalarımızın qanı, canı və insan məsaisi fövqündə olan zəhmətləri sayəsində fəth edilən bu qitəni əldən çıxartmaq qorxusu irəli gəliyor.

Neçə illərdir ki, Qafqazda iğtişaş davam ediyor. Amma ali-həzrət imperatorun canişini dövrəsini alan siyasiyyunların təhti nüfuzlarında olaraq, xaricilərin (ruslardan başqaları) hətta ən az nüfuzlusunun belə törətdikləri ədəbsizliklərə barmaqları arasında baxmaqda və hətta onlar ilə müdara*[5] etməkdədir.

Ümumpadşahlıq mənafei görüldüyü üzrə, cənab Voronsov-Daşkov yanında qiymətsiz bir şeydir, əhəmiyyəti belə yoxdur. Xaricilərin pişrovları*[6] canişinin böylə bir kəmetinalığını görüb, fürsətdən istifadə edib, Qafqazı “federasiya” deyilən xırda-xırda ittifaqlara bölüb, öz nüfuzları altına almışlar və bu yol ilə Zaqafqaziyada süni olaraq bir düşmən düşəngahı yaratmışlar.

Nəhaytət vaxtdır ki, Zaqafqaziyada dəhşətli işlər törəndiyi qanılsın. Qafqaz iğtişaşlarının əvvəllərində (1905-1906 sənələr) biz bir dərəcəyədək mümkün edə bilərdik ki, məhəmmədi əhalisinə etimad edəydik, amma indi heç bir vəchlə onlara etimad etmək olmaz. Cühud inqilablahəsi Şərqi Qafqazda müsəlmanları da hərəkətə gətirdi.

1906-cı sənənin axırında və keçən 1907-ci ildə “yoldaşlar”, füqərayi-kasibələr müsəlman cavanlarını bilmərrə yolundan çıxartdılar.

Erməni-müsəlman qırğınının ən qızğın bir zamanında gürcü “füqərayi-kasibəsi” “nizam bərpa etmək üzrə” qiyam etdi, inqilab dəstələrinin rəislərinə isə rus imperatorunun canişini xəzinə tüfənglərini verib, onları “mücahidin” firqələri təşkil etməyə mürəxxəs elədi. Xəzinə tüfəngi ilə müsəlləh olan quldur-inqilabçılar yaxın bir zamanda özlərini bütün hüviyyətləri*[7] ilə bildirib, az qaldı ki, tamam Qafqazı qarət eləsinlər.

Bu günlərdə Bakıda vaqe olan bir bir həqiqəti nəql etmək nəfisiz olamaz. Səyahət edən bir dəstə artistlər truppası teatroda “Məhəmmədin behişti” adında bir oyun oynuyaçağını şəhərdə elan elədi. İctimaiyyun-amiyyunlar bu gözəl fürsətdən istifadə edib, müsəlmanları inandırdılar ki, bu pyesdə məhəmmədilərin dinləri məsğərə edilir.

İnqilabşılar tərəfindən əqildən çıxarılmış müsəlman cavanları böyük bir mərəkə qopardılar: bütün mağaza və dükanlar o saət bağlandı. Məhəlli hökümətə “həyasız” pyesənin mən*[8] qdilməsi babında tələbnamə təqdim edilib, əks surətdə küçə nizamsızlıqları göstərməklə təhdidat edildi. Məlumdur ki, hər yerdə və hər vaxt olduğu kimi bu dəfə də hökümət özünü itirdi və “əhalinin” istədiyini nəhayət bir mehribanlıq ilə əmələ gətirməyə tələsdi ki, o saət intibahnamələr paylanıb hökümətin zəfi qeyd edildi.

Allah saxlasın, hərgah biz ilə Osmanlı arasında dava baş versə! Bu təhlükə isə hənuz bərtərəf olmamışdır. Bizi nə dərəcə bir “müxabirat” və “təkzibat” ilə inandırsalar da bu təhlükənin mövcudiyyəti baqidir. Dava olursa, Qafqaz müsəlmanlarının gözə çarpacaq bir halda artan əhvali-inqilabiyyələri ilə hesablaşmaq gərəkdir.

Hətta 30 il bundan qabaq Rus-Osmanlı müharibəsi əsnasında Zaqafqaz millətlərindən bəzisinin əhval və hərəkatı Rusiya hökümətini xoflandırır idi. Amma onda inqilabdan xəbər belə yox idi.

Osmanlı sərhədində pozğunluq və şiddət olursa, bütün Qafqaz inqilab svoloçi*[9] ki, indi orada ağalıq ediyor, başını qalxızar və öylə bir qarışıqlıq olar ki, bayır düşmənlə dava etməkdən daha da müşkül olar.

Qafqaz canişinliyi xüsusunda tazə qanun düzəlmədiyindən naşi yaxşı və müvafiq əqli-səlim olardı ki, ölkəni inqirazdan qurtarmaq qəsdi ilə canişinlik yerindən belə məhv edilib, qabaqkı kimi idarə olunaydı. Bundan əlavə də Zaqafqaziyada hal-hazırda olan general qubernatorluqlar indiki vəziyyətdə olan canişinlik bilmərrə bivücud olmasına hökm ediyorlar. Halon ki, bu idarə üçün böyük-böyük xərclər edilir ki, bu xərclər də haman hissəsiz rus qara kəndçisinin cibindən çıxır ki, yazıq özünə ali və dövlətli mərhəmətlər gözliyor.

Cənab hakimlər! Rusiyanın bu sərvətli əyaləti Qafqazı yaddan çıxartmayın!”

“Həqiqi ruslar”ın nə dərəcədə müsəlmanlara dost olduqlarını aşkar surətdə təsvir edən bu həyasız məqalənin tərcüməsini dərc edib də gələcək nömrəmizdə bu xüsusda olan mütaliatımızı bəyan edəcəyiz.

M.Ə.Rəsulzadə
“İrşad”, № 33, 15 mart 1908

*[1] müzəxrəfat – yalan, uydurma şeylər

*[2] lüzumdan əlzəmdir – lazımdan da lazımdır

*[3] pulka – preferans, bir əl oynama

*[4] müvəzzi – yayan, dağıdan

*[5] müdara – üzə gülmə, zahiri dostluq göstərmə

*[6] pişrov - qabaqcıl

*[7] hüviyyət – şəxsiyyət

*[8] mən - qadağan

*[9] “svoloç” – rus dilində öylə bir küçə söyüşlərindəndir ki, ona layiq türkcə tapmadığımızdan bu kəlmənin ədəbiyyat aləmində ancaq “Veçe”ye və “həqiqi ruslara” layiq olduğundan tərcüməsinə səy etmədik. Qeyd M.Ə.Rəsulzadənindir.