Məqalələr

MÜFTİNLƏR İŞLƏYİR

Haradan olduğu məlum olmayan bir kağızdan muftinlər mənfəətbərdar olmaq istiyorlar. Bulanlıq suda balıqçılıq edənlər suyu bulandırmaq təşəbbüsündədirlər. İki qonşu millətin böylə rahət və istirahətə üz qoyduqlarında özlərinin şəxsi zərərlərini görüb, öpgə*[1] ediyorlar. Xuliqanlar işliyorlar. Cənab Hacı Zeynalabdin Tağıyevin müsəlman əhalisinə etdiyi xitabi, cibinin soyulduğunu gördükdə elədiyi fəryadı bəzi ana südü əmmiyənlərə mayeyi-fitnə və fəsad olmuşdur. Hacının məktubunda işarə edilən “bu dəstənin içində müsəlmanlar da vardır” kəlamın dəravərdəsini əldə dəstaviz edib, bəzi möhtərəm ərbabi-qələmimizin və işləyən cavanlarımızın adını çəkirlər. Bundan başqa da bir ayrı, daha vəxim bir tədbirdə bulunmaq istiyorlar. Bəzi şəxslərdən eşitdiyimizə binaən bir taqım cihəla bu vəqəəni əldə sərmayə edib, bəzi növ bəd vədələrə uyub dənaətkarına bir para hərəkatda bulunmaq niyyətində imişlər. Bunların hamısı ara sözlərinə oxşuyur. Biz hərgiz millətimizin o qədər cəhl və qəflətinə inanmıyoruz ki, bir də böylə müftinlərə uyub özünü həlakətə salsın. Biz heç bir vaxt buna qail ola bilməriz ki, bir-iki dəni xasiyyətlərin və bədbəxtliyinə səbəb olsun...

Bu xüsusda millətin lazım qədər hazır olduğuna dəlillərimiz var. Bu məsələ xüsusunda Hacının öz məktubundan başqa digər məktublar da məzmunca daha səqim*[2] olaraq intişar etdi. Lakin bir çox oxucuların bu yazılardan izhari-nifrət edib, bunların qeyri-səmimi olduğunu təsdiq edənləri görüb, inandıq ki, bu yazılar əsərsiz qalacaqdır. Hacının məktubunu oxumuş bir qaredən təsəvvürünü xəbər aldıqda böylə cavab verdi:

“Əşi, qoysana getsin, daha o vaxtlar keçdi. Cibinə əl atırlar – deyə dad fəryad ediyor. Niyə bəs özgələrdən istəyəndə heç cınqırını da çıxartmıyordu?” Bu cavabı verən qare ən sadə oxuculardan biri idi.

İştə bu da bir fərəh yetirici vəqəə! Görünür ki, müsəlmanlar da yavaş-yavaş oxuduqlarını, eşitdiklərini tənqid etməyə başlıyorlar. “Səmina və ətəna”*[3] dövrü keçiyor. Görün nə itaət etmək özünün dürüşt*[4] imtahanları ilə millətimizi tərbiyə edib, getdiyi yola açıq göz ilə baxmaq, tutduğu işi tənqid üzrə görmək, itaət etdiyi əmrə dərki-mənfəət ilə razı olmağa başlayır.

Doğru, hənuz millətimiz arasında köhnə və köhnəçilər, müqəllid sərflər çox olub faili-əmabəstlər*[5] payidardırlar. Lakin bu qədər var ki, o köhnə binanı yıxan tənqid şüası çırtlamış, cəhalətin inhidamına bünövrə qoyulmuşdur.

Bu məqaləni yazmaqdan məqsədimiz əhalinin müstəhzər*[6] edib, fövqdə zikr etdiyimiz xuliqanların dağıtdığı yalanlardan, ixtira etdikləri böhtanlardan törənə biləcək fəsadın qabağını almaqdır.

Millətə hər bir fitnə və fəsadın mənbəini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, Millət nə edəcəyini bilər.

Iştə, cəmaətimizin pişröv əhli-maariflərinə lazım və vacibdir ki, hər belə ittifaqlarda səhlənkarlıq etməyib, vəqəənin əlacını vüquundan qabaq eləsinlər. Yoxsa, sonrakı peşimançılıq fayda verməz, “daldan atılan daş topuğa dəyər” – demişlər.

Bir az açıq olalım: “əsil rus firqəsi” qanadlanır. Ümumrusiyada qalxan reaksiya Bakı dimanskilərinin də qol-qanadını açır. “Bu firqə Bakıda heç nə edə bilməz” – deyib oturmaq haman cərəyan edən vaqiata bilatənqid nəzər etmək deməkdir.

“Əsil rus firqəsi” bizim fəhm etdiyimizcə işsiz deyildir, işliyor. Əgər qəflət edərsək, işində müvəffəq də olar.

Aramızda cahillər, baş alladan, “imtiyazlar”a uyuyanlar hələ çoxdur. Hərəsinə bir medal nəvidi, bir tapanca bağlamaq iznnaməsinin alınması ilə rus firqəsi artıq işlər görə bilir. Əmin olunuz ki, bu tədbirlər istifadə olunmaqdadır.

Müsəlman qəbristanlıqda oturubda “rus firqəsi” müsəlmanlara qəbr qazımaqdadır... Güman etməyiniz ki, qəbri öz əli ilə qazıyor. Xeyr, müsəlmanlar arasında öylə dənilər tapılır ki, onların əli ilə bu qəbr qazılır. Və “əsil ruslar”ın məramnaməsində qazıldığı üzrə pravoslavnılardan başqa cümlə millətlərlə bərabər müsəlmanların da hər bir hüquqi-milliyyələri bu qəbrdə basdırılır.

İştə işarə etdiyimiz müftinlər bu qəbr qazıyan həriflərdəndirlər.

Ey hüquqi-milliyyəsini mühafizə edən millət hamiləri, cəmaət didəbanları*[7], hüquqi-milliyyə nigahbanları, çalışmalı, yuxudan oyanmalı, övzai-kardan müxbir olmalı, dövrəmizi bürüyən mübarizeyi-həyati tənqid etməlidir! Tənqid etməli də millətin dostu ilə düşmənini ona bildirməlidir. Tainki, millət özü ayılıb ona qəbr qazımaqda olan pəzəvəngləri qazdıqları qəbrə yummaladıb, diri-diri basdırsın!..

Indiki zaman – reaksiyanın qüvvət tapdığı bir həngam, bəlaların hər yandan gəldiyi bir vaxt, hər bir hüquqi-bəşəriyyə və heysiyyəti-milliyyənin qarovülünda durulacaq bir əyyamdır! Bu vaxt qəflətə keçəcək olursa, izmehlal*[8] və sərnigünluq bəratına*[9] qol çəkib, təslim olunmalıdır. Qazılan qəbrə giribdə istirahəti-ruh üçün təlginçi istəməlidir...

Həyatımıza baxalım da ibrət edəlim, qardaşlar!..

Rəsulzadə
“İrşad”, № 8, 17 yanvar 1908

*[1] öpgə və ya əfkə etmək - əsəbiləşmək

*[2] səqim – saxta, düzgün olmayan

*[3] səmina və ətəna – eşitdik və itaət etdik

*[4] dürüşt – sərt, qatı, qaba

*[5] əmabəst – nadanlığa bağlı

*[6] müstəhzər – agah etmək

*[7] didəban – gözətçi

*[8] izmehlal – puç olma, məhv olma

*[9] bərat – təhvil kağızı