Məqalələr

BƏLAYİ-ƏZİM

Bu gün külli Rusiyanı əhatə edən hədsiz-həsrsiz bəlalar, təcavüzlər, zülm və təəddidlər cəmi aləmi müdhiş bir halə salmaqdadır.

Rusiyanın hər bir küncünə, hər bir nöqtəsinə baxılırsa, insafsızlıq, həlakət və fəlakət görülməkdədir. Millət ümidgahı olan Dövlət duması dağılandan sonra, adət üzrə Rusiyanın üstünü qara istibdad buludları alıb, hürriyyət və ədalət günəşinin zəif olsa da pərtövəndaz olmağına mümaniət etməyə başladı: müftinlər, xuliqanlar, siqnala, işarəyə müntəzir olanlar hər yerdə hərəkət etdilər. Bu qəbildən olub da Qafqaz siqnalçıları da işə şüuru edib, gözəl Qafqazı cəhənnəmə döndərməyə, onu yenə də nahaq qanlara boyamağa şüru etdilər; qoloşşapovlar və onun həməfkarları hərəkət etdilər.

Şuşadan gələn dəhşətli xəbərlər bu gün hər bir sahibi-vicdanın fikrini işğal etməkdədir. Şuşa əhvalatı partlayıcı əcza misalı külli Qafqazi səhfəsinin üstündə (indi düşər ya bir qədər sonra düşər) asılı olub, cümlə Qafqaziyanı təhlükəli bir hal içrə buraxmışdır. Məlum olduğu üzrə Qoloşşapovu Şuşa uyezdində “sülhçü” olaraq göndərmişlər. Qoloşşapoda “sülhçü”lüyünü büruzə verib, toplar, tüfənglər, atəşlər ilə sülh etməyə başlamışdır.

Sülh-səlah arizməndləri də böylə bir sülhdən ləzzətyab olub sevinirlər. Heyhat! Atəş, güllə, xəncər, top, tüfəng – bularmıdır sülh aləti: Yağ odu söndürsə, Qoloşşapov ilə də top, tüfənglər ilə sülh çıxarıb narə*[1]-ədavəti söndürərlər.

Ey vicdansiz Qoloşşapov! Bəsdir, bəsdir icdiniz insan qanları, bəsdir iki milləti bir-birinə çalışdırıb, sonra hər ikisini də badi­-fənayə verdiyiniz! Bu qədər insafsızlıq, vəhşilik olmaz ki, siz edirsiniz!!

Tutalım ki, əhali nadinc və sülhşikəstdirlər. Pəs məsum biçarə tifillər, heç bir cinayət göstərməyə qadir olmayan zəif-zəifələr, əlsiz-ayaqsizlar, oğul-uşaqlar nə eləsin , onlar nə günahin yiyəsidirlər.

Bu yaziq, səringün millətlərdən nə istiyorsunuz. Bunlara nə vermisiniz ki, ala bilmiyorsunuz? İnanın ki, bir vaxt bu millət mühakiməsinin qabağında durub, tutduğunuz işlərdən sual-cavab olunacaqsınlız! Qorxun o gundən ey cəlladlar, ey insan qanına ətşan*[2] olanlar!

Ey cəmaət, ey generalların qurbani-istibadları olanlar! Siz nə vaxt ayılacaqsınız, nə vaxta qədər öz qədirinizi, qüvvənizi bilməyəcəksiniz!? Vəhşət və istibdad qurbanı olanlar sizin qardaşlarınız deyilmidir? Onlar da insandılar. Bu bəlayə siz də düçar olmusunuz, belə soyuq olsanız, yenə də olacaqsınız!

Ey iki millətin həqiqi sülhpərəsti olan füqarayi-kasibə, harda qalmısan ki, səsin çixmıyor! Cümlə zalimləri heybətə salan sədayi qəhrəmanı ucaldib, niyə Qoloşşapov və Qolaşşapovun həmkari olub, onun tutduğu şeytənətkaranə işlərinə təqviyət verən ünsürlərə ibrazi-təərrüz edib*[3], protesto etmiyorsan?!!

Bəsdir, bəsdir çəkdiyimiz müsibətlər! Bəsdir bu qədər nahaq tökülən  qanlar!

Bəs biz nə vaxt əqillənib, “şeytan”a alət olmayacağız?!.

M.Ə.Rəsulzadə
“Dəvət”, № 14, 20 iyul 1906

*[1] narə-ədavət – silahlı ədavət

*[2] ətşan - susamış

*[3] ibrazi-təərrüz etmək – qarşı çıxmaq