Məqalələr

BAKI, 29 AVQUST

Zavallı, bəlalı Qafqaz!..

Rusiyada iğtişaş və hərəkət başlandığı gündən bu günə kimi olmazın cəfaları çəkib, görülməyən fəlakətlərə düçar olan Qafqaz, yenə də nahaq qanlara bulaşır, yenə də zülm və təəddinin*[1] meydanı olmağa başlayır!

Igid hürrüstanın dağılmağı, erməni-müsəlman kənd və mahallarının darbadağın olduğu, gözəl şəhərlərin davadan çıxmış surətə düşdüyü az olduğu kimi, bir də tazədən Gəncə vaqieyi-vəhşətfəzası çıxdı!

Yenə də Qoca Qafqaz öz övladlarının fəlakət və zillətinə soyuq-soyuq baxmağa məcbur oldu. Yenə də müftinlərə, şeytanlara fürsət düşüb əl-ayağa düşdülər. Bir nəfər koloniyalı nemsənin şikayəti üzərinə onu mühafizə üçün verilən kazaklardan bir nəfərinin kimin tərəfindən isə öldürülməsi böyük bir cəmaətin, arvad-uşaq, qoca-cavan, heç birinə fərq qoymayaraq, tamam bir şəhərin qətli-amminə səbəb oluyor; məzlumanın naləsi, bigünah qurbanların ah və fəryadı, cəmaətin aynası yerində olan mətbuata keçmək istiyor. Lakin gecə bilmiyor, ayna sındırılır.

Biz istərdik ki, lazım olan yerinə bir neçə sual ilə rücu*[2] edib, deyəydik ki:

Bu nahaq qanlar kimə lazımdır?..

Kimdir bu ki, Qafqaz övladının qanına təşnələnmiş*[3], hərarəti heç vəch ilə yatmıyor?!

Havaxta kimi cəmaət mühafizəsiz olub, təmini-həyat etməyəcəkdir?..

Heyfa ki, ürəyimizdə olan sözləri, dağidar, sinəmizdə olan fəryadı çox da ucalda bilmiyoruq!.. Mətbuata qoyulan şərtlərdən naşi artıq bəyanat vermək mümkün olmadığından bir ayrı mətləbə rücu ediyoruz.

Həmin Gəncənin qara xəbərləri gələn zamanlar Tiflisdə çıxan “Zaqafqaziya” qəzetəsində “Bakı xüsusi müxbiri” tərəfindən böylə bir teleqram oxunmuş: “Bakıda erməni və müsəlmanların arasında qorxu görünür. Bu əlaqənin böyük bir fəlakətə mübəddəl olmasından ehtiyat etməlidir!”

Nə əndazədə böhtan, nə dərəcədə yalan! Əcəba bu “xüsusi müxbir”in fikri nə imiş!?.

Bakıda heç bir soyuqluq oluyub, bərəks, iki qonşu arasında böyük bir məvəddət*[4] olduğu halda, böylə fitnəkarlıq etməni nə mənası!?.

“Zaqafqaziya” qəzetəsinin bu dərəcədə ehtiyatsızlığı hər şeydən əcəbraqdır. Biz haman Bakı “müxbir”inə ürəkdən nifrətlər izhar edib, “Zaqafqaziya”nın da ehtiyatsızlığından və böylə “müxbir”lərə “xüsusi müxbirimiz” – deyə etimad etdiyindən dilgiriz.

Erməni-müsəlman qonşuları öylə barışmıyorlar ki, bu barışığı bir də qırsınlar. Keçən illərin cahilanə surətdə edilən davaları, fitnə və şeytənətə alət olmaları və bu kimi “müxbir”lərin intriqalarına uymaları onlara yaxşı dərslər vermiş, gözəlcə timsallar göstərmişdir!!

Iştə burasını axırıncı Gəncə faciəsi də təsdiq ediyor. Bu faciənin icrası vaxtında müsəlmanlar fitnəkarlara uymaq deyil, onların burnunu ovaraq öz vətəndaşları ermənilərə mümkün olduqca müavinətdə bulunmuş və himayət etmişlərdir. Bunu Gəncə arximandriti “Bakinskiye izvestiya” qəzetəsinə yazdığı məktubunda aşkarca diyor və erməni cəmaəti tərəfindən müsəlmanlardan razılıq ediyor...

Indi dəxi hər iki tərəfin ammeyi-cəmaəti öz mənfəət və zərərini qanmış, öz dost və düşmənlərini tanımışdır. Bundan sonra onları aldadıb əldə kor alət etmək çox çətin, bəlkə də namümkün olacaqdır!!.

Axır gələr bir gün ki, onda cəmaət öz həqq və ixtiyarına malik olub, bugünkü ara vuruşduranları cəmaət məhkəməsinə çağırıb deyər ki, “nahaq yerə tökdürdüyünüz qanlara cavab veriniz!!.”

Rəsulzadə
“Yoldaş”, № 2, 29 mart 1907

*[1] təəddi - zülm

*[2] rücu etmək – müracitə etmək

*[3] təşnə - susamış

*[4] məvəddət - dostluq