Məqalələr

BAKI, 26 MART

Avropa məmləkətlərində qaidədir ki, hər ildə hökümət tərəfindən gələcək ilin mədaxil və məxaric büdcəsi tərtib edilib keçən ilin hesabı ilə smeta cəmaət vəkilləri heyəti, parlament tərəfindən təsdiq edilib əsasən qərar veriliyor ki, məmləkətin hansı bir ehtiyacına nə əndazədə pul buraxılsın. Və belə bir qərardan sonra bu əsas bir ilin müddətinə qanun olub höküməti-icraiyyə bu dairədə iş görüb, öz vəzifəsindən kənara çöxdığı halda höküməti-qanuniyyənin qarçısında cavabdeh olub millət vəkillərinin qəti səyi ilə cəzaya düçar olurlar.

Hər bir məmləkətin ümdə masaili-həyatiyyə və siyasiyyəsindən biri, birincisi bu maliyyə və büdcə məsələsidir. Hər bir yanda, hər bir insanca idarə edilən ölkədə, hər bir müəssisə və idareyi-ticariyyədə, hər şüubatdan, hər qismdən əvvəl ümdə diqqət, başlıca fikri haman bu maliyyə məsələsinə verilir. Bizim hökümətimizin də fikri-zikri həmin bu məsələnin üstündə olub və olmaqdadır. Lakin bunun qeyrilərə oxşarı olmadığından fikrinin, tədbirinin də özgələrin fikr və tədbirlərinə oxşayışı yoxdur.

Özgələr cəmaətin təlim və tərbiyəsi üçün milyonlarca xərc eylərlər. Bunlar isə təlim və tərbiyəyə dair nəki müəssisə və idarələr var, qənaət edib hamısını bağlarlar. Onun əvəzində isə şpionlara, jandarmlara iki o qədər xərc eylərlər. Cəmaəti piyan edib onunla gücünü, hissini, insaniyyətini aldıqları kimi, özünü əsir və dəstigir etmək üçün də əlində olan var-yoxunu alarlar.

Mədaxilləri cəmaət iğfalı*[1], məxaricləri məxluqin izmihlalı*[2] - budur Rusiya büroratiyasının maliyyə büdcəsi. Bu idi köhnə idarənin bu vaxta kimi tutduğu əsas iqtisad!

Zənnimizcə bürokratiyanın bu dairədə gördüyü xəyanətləri saymaq ilə tükənməz, yazmaq ilə qurtarmaz hallardan tərifə, töfsifə*[3] gələsi işlərdən deyildir. Bizim hakimlərin nə kimi vücudlar olduğunu, cəmaət pulunun nələrə sərf olunduğunu bilməyən rusiyalı bir nəfər yoxdur!

İştə bu günlərdə hökümətin mədaxili və məxaric məsələsi Dumada müzakirəyə qoyulub maliyyə büdcəsi və tədqiq edilir.

Martın 22-ində olan Duma iclasında hökümətin bu barədə də tərtib verdiyi qanun layihəsini maliyyə naziri Kokovsev uzun bir nitq deyərək Dumaya izhar elədi. Məzkur Kokovsev özünün nitqində keçən illərdə edilən bir çox israf xərcləri boynuna alıb onların güzəşt ediləcək bir iş olduqlarını hökümətin məcburən verməli olduğu xəbərləri göstərdi. Vəzir diyor ki, rus-yapon davasına məmləkətin hər bir mədaxil və səadəti qurban edildiyi kimi ondan sonra daxildə zühura gələn ixtilal və ixtişaş da ondan geri qalmayıb xəzinəyə az zərərlər vurmadı.

Bəli, Kokovsev və stolıpinlərin xud*[4] özlərinə lazım gələn davaya cəmaətin yadından inqilab hissini çıxarıb “vətənpərəstlik” hissi-cələsini qalxızmaq üçün qurulan qanlı meydana, ondan sonra da əziyyət və məşəqqət altında təbavər olamayıb özünə “iş və çörək”, “yer və ixtiyar” axtaran cəmaəti toplara bağlamaq, güllələrə tutdurmaq, dar ağaclarında asmaq üçün şpionlar, xəfiyyələr, jandarmlar, cəllad və xunxarlar*[5] saxlamağa, məhbəslərin tedad*[6] və artırılmasına, cəmaət həyəcanını yatırdıb bürokratiyanın bilatəhdid imrari-həyat*[7] eləməsinə keçən dörd ilin müddətində çox pullar sərf olunub, çox cəmaət dövlət və sərvəti işlənmişdir. Ona görə də cənab Kokovsev bir nümunə imtisal olmaq üçün 1903-cü ilin büdcəsini götürüb bu xüsusda bəzi hüsablar təqdim etmişdir.

Cənab Kokovsevin köhnə illərin büdcəsi kimi bu il üçün də bir bedcə tərtib etməyin lazım gəldiyini təklif eləməsi, nə qədər onun müdəqqiq bir maliyyəçi və diqqətli bir iqtisadiyyun olmasına dəlalət etsə də, lakin onun millət məclisinə etdiyi istehza, cəmaət vəkillərinə və bundan naşi cəmaətə güldüyü də bir o qədər mütəəssirdir. Biz buna etimad ediyoruz ki, Duma tərəfindən seçilən komisyon öz bildiyi kimi məsələni həll edib 1903-cü ilin büdcəsinə təqlid etməyəcəkdir. Duma komisyonu yəqin ki, cəmaətin füqəra qismindən yığılan məbləğin haman o füqəranın əsarətinə işlənməsinə razı olmayacaqdır. Yəqin ki, Duma komissiyası cəmaətin təlim və tərbiyəsini ayaq altına salıb, qatilləri, cəlladları xoşbəxt etməyəcəkdir. Biz bilirik ki, bu dairədə Dumanın qərarı bivəfa kadetlərin bərəkətindən “Dumanı saxlamaq” niyyəti ilə nə qədər sağ və mühafizəkar olsa da, yenə də bürokratların cəmaət sərvətini yiyən gödənbulların qərarından nəfəli və mənfəətdar olacaqdır. Lakin böylə bir qərarı qövldən felə gətirmək üçün Dumanın əlində qüdrət və qüvvəti varmıdır? Duma bacaracaqmı ki, qoyduğu qanun və nizamlara höküməti, höküməti-icraiyyəni müti eyləsin?!

Iştə məsələ: bu məsələ araya gələndə iki yoldan birini tutmalıdır: ya gərək “Dumanı saxlamaq” üçün hökümət əmirlərinin, xəzinə oörularının yox olan insaflarına inanasan, yainki höküməti-icraiyyənin höküməti-qanuniyyəyə tabe olmasını istəyib onu ələ alasan ki, ancaq belə bir hökümətə dara*[8] olan Duma ilə cəmaətin dərdlərinə çatmaq, onun hər bir yarasına məlhəm qoymaq olar! Bu da fəqət onda mümkün olar ki, cəmaət hazırlaşıb öz vəkillərinin dalında Səddi-İsgəndər kimi durub onlardan istəsin ki, höküməti-icraiyyənin höküməti-qanuniyyə tabe olmasını tələb eləsinlər.

Nə qədər ki, höküməti-icraiyyə öz işlərində höküməti-qanuniyyəyə tabe deyildir, heç bir məsələ barəsində danışıb baş sındırmaq, məmləkətin səadəti yolunda əməlli bir nəf verməz.

Gərək höküməti-icraiyyə höküməti-qanuniyyəyə tabe olsun!!

Bu isə illər uzunu istibdad altında əzilib öz başına olaraq höküməti-icraiyyənin mənsəbinə keçib Allah tərəfindən olduğunu iddia edən hökümətin pənceyi-zülm və əsarətindən cana doyan cəmaət ürəyinin ən dərin güşəsindən gələn qəhrəmananə bir səda, məcdanə*[9] bir tələbdir!

Məhəmməd Əmin
“Təkamül”, № 14, 26 mart 1907

*[1] iğfal – qəflətdə saxlama

*[2] izmihlal – tədricən məhv olma

*[3] töfsifə - vəsfə, təsvirə

*[4] xud – məhz

*[5] xunxar – qaniçən, zülmkar

*[6] tedad – sayma, hesablama

*[7] imrari-həyat – yaşama, həyat sürmə

*[8] dara - bacarıqlı

*[9] məcdanə - şərəfli