Məqalələr

HƏR YANDAN

HAYANDAN BAŞLAYAQ?

İndi hər yandan başlamalı olsan da əvvəl, bila əvvəl gərək Dumadan başlayasan, çünki hər nə var burda var. Axtarsan “hər yandan” özü ki, var, elə bu Dumadır: burda paqromçi Kruşevandan tutub “qışqırıqçı” sosial-demokrat Aleksinskiyəcən vardır. Özü də Rusiyanın hər yanından gəlmiş adamlar, hər qism sər və surətlər, ləhcə və şiyvələr mövcuddur. Hətta Bakının pajarı, Şamaxının zəlzələsi də buradan əskik deyil.

Zəlzələ dedim Dumanın uçulmağı yadıma düşdü. Dumanın patolokunun (səqf) xəbəri çatanda bir nəfər təəccüb ilə məndən xəbər aldı ki, niyə bəs bu qədər ta ey... Yekaterina vaxtından tutub bu vaxta kimi Duma dayanmışdı, heç uçmurdu, elə indi cəmaət vəkilləri oraya yığılan kimi töküldü. Bunda nə sirr vardır? Yanımda bir özgəsi vardı, o mənə vaxt verməyib dedi ki, bu evi padşah tikib, ona görə də cəmaət üçün möhkəm ola bilməz. Cəmaət üçün ancaq özü tikdiyi ev möhkəm olar.

Mən də bu cavaba razı olaraq dayandım. Dəxi bir söz danışmadım. Keçdik ayrı söhbətə.

Məsəli-məşhurudur, bunu ruslar da, farslar da, ərəblər də, türklər də deyirlər ki, “danışmamaq razılıq işarəsidir”, yəni “molçaniye – znak soqlasiya”. Amma nədən isə belə bir açıq şeyi özlərin həqayiqşünas, nüktədan*[1], dərin bilən “kadet”lər tərsinə başa düşürlər. Onda ki, Stolıpin gəlib Dumada yalandan-palandan basıb-kəsir, yəqindir ki, Kruşevan və purişkeviçlərdən bağqa qeyrilər buna inanıb aldanmıyorlar. Ona görə də lazım gəlir ki, Stolıpinin sözünə cavab verib ona bildirəsən ki, sənin bu goplarının hamısı üstünə, biz səni çox yaxşı tanıyırıq. Çünki adam buna qulağın sallayıb, dayanıb baxsa, onda deyərlər ki: sükut mövcibi riza əst*[2]. Amma kadetlər burada cümlə aləmdən ayrılıb deyirlər ki, Stolıpin çalar biz də bəm tutarıq. Elə ki, o qurtardı, biz dururuq oynamağa, onda biz bu danışmamazlığımızla qeyri məsələlərin həllinə keçib, qeyri müstəqim bir yol ilə ona bildiririk ki, biz sənə inanmadıq. Deməli, kadetcə “sükunət möcibi-təərrüz əst” yəni molçaniye znak protesta.

Bəli, hökümətdə özgə bir yol ilə Dumanın vəkillər oturan kürsülərinin xalis palıd ağacından qayrılmasını iddia edib, hər kürsüyə 180 manat xərcim çıxıb, deyir idi. Lakin təzə remont olunmuş səqf uçdu. Öözünün kökündən təmir olunmamağı ilə bərabər kürsüləri də sındırıb göstərdi ki, kürsülər xalis palıd olmayıb fəqət üzündə bir nazik palıd ağacı yaprağı varmış. İçərisi isə şam ağacıdır.

Axır ki, neçə ildən bəridir ki, hökümətin işi heç yaxşı gətirmiyor. Rus-yapon davasına bir zorba dəstə qurulu, bütünlü flot göndərdi, iş məqamında vurdu müqəvva çıxdı. Ac kəndçilərə buğda almaq üçün bir nəfər xaricə əllafinə*[3] pul verdi, əllaf vurdu mən nə bilim nə çıxdı. Müsəlmanları öz adamı hesab elədi, olar da vurdular inqilabçı oldular. Hətta o əndazədə də “həyasız”dırlar ki, durub Dumada hökümətin yalanını çıxardılar. Duma uçdu, vəkillərə bir zərər yetirmək əvəzində vurdu dağıtdı, “yazıq” vəzirlərin yalanlarını çıxartdı.

Bu Dumanın uçmağı mənə heç bir elə əaər eləməzdi, hərgah Bakı vəkili yola düşsəydi. Heç olmasa bir arzu-gürzü ilə öz vəkilimizi yola salardıq. Amma nə eləyəsən ki, bədbəxtlik gündən-günə artmaqdadır. Dumanın polu yandı xəbəri gələndə bizim vəkil bir az gözlədi ki, görsün dəxi nə xəbər olar. Xəbər gəldi ki, söndürdülər. Hazərlaşırdı ki, yola düşsün bu yandan xəbər çıxdı ki, Duma uçdu. Budur, o da ayağın yerə dirəyib deyir ki, dəxi mən Dumaya-zada getmirəm...

Marzadə
“Təkamül”, № 12, 12 mart 1907

*[1] nüktədan – incə və dəqiq məna

*[2] susmaq razılıq əlamətidir.

*[3] əllaf – taxıl satan