Məqalələr

BAKI, 12 MART

Özünün hökmdarlıq əsasi-xudpəsəndanəsilə tərtib edilən məramnaməsini oxumağa tələsən Stolıpin nəhayət Tavriçeski sarayda olmasa da, qeyri bir zalda da olsun izhari-məram etdi. Stolıpin öz məramnaməsini oxuduqdan sonra millət vəkillərinin bir etibarsızlıq və protest eşitdiyinə əmin olduğunu yəqin biliyordu. Biz yəqin biliyordu – deyiriz. Zira, özünə həqiqi millət vəkili adını qoyan bir vəkil mövqeyi-xitabədən millət cəlladını millət nümayəndələrinin hədd və sınırını özlərinə tanıtdıran görəndə, oğrunun ev yiyəsinə öz evində nə qism, hərəkət etdiyini göstərməni fəryad edib, cümlə Rusiyanı bir qital*[1] və cidal*[2] meydanına döndərən qəsiyyül-qəlb bir şəxsi-dəsti xuni-aludəyə protest etməyə bilməz. Millət və yainki onun nümayəndələri necə səbr edib dayansınlar. Halonki, onların ən baş əduləri olan bir kimsə onlara daireyi-hərəkət qərar verib, o dairədən çıxmamaqlarını tələb ediyor. Öz rəy və iradəsindən müqəddəs və böyük bir rəy və iradə tanımayan, öz vəkillərinin qərar verdiyi qaidədən başqa digər bir qanun və nizami qəbul eləməyən cəmaət indi də gəlib stolıpinlər göstərdiyi yolla gedib, onların iradəsilə ruhlanıb, onlar qoyduğu qanunlara tabe olacaqmı?

İştə baxın Stolıpin öz məramnaməsində nələr deyir. Baxın də, baş vəzir nə dillər ilə özünü millət vəkillərinin qabağında cilvələndirir. O, küll Rusiyanı mühakimə altına çəkib tənbihə giriftar qılan Stolıpin – vəzirlər olan mövqeyə işarə edib diyor ki, buraya məhkumlar kürsüsü deyil, hakimlər məsnədinə*[3] baxan kimi baxmalısınız! Bu sözün mənasının nə olduğu hamıca aşkar və mübərhəndir*[4]. Əgərçe Stolıpin bu sözü bir azca dolandırmaya salıb, oyan-bu yana fırlandırır və bununla millət məclisinə tabe olmamaqlılığını göstərmək istəmək deyil, buna cəmaətin inqilabçuyanə hərəkətlərindən məcbur olduğunu bəhanə gətirir. Lakin cəmaətin cana gətirən, onu inqilab dərəcəsinə vardıran yenə Stolıpin və onun həmkarları deyilmidir?!

Stolıpin özünü əvvəl dəfə də vəkillərə şəstli göstərməkdən ötrü qabaqca hazırladığı sözləri bacardıqca “qəhrəmananə” bir surətdə deyib, “ruki vverx” sözləri ilə bizlər qorxmarız demiş. Lakin arzusu yerinə yetişməyib öz heybət və səlabətini*[5] vükəlaya müstövli*[6] edəməmiş. Belə ki, vükəlalardan birisi bir tərzi-istehzayanədə olaraq biz sizlərə “ruki vverx” (əlləriniz yuxarı) deyil, “ruki proch” (əllərinizi yana) deyiriz – demişdir.

Stolıpin öz məramnaməsində cümlə hürriyyətlərə əmmalar qoyaraq 17 oktyabr manifestinin bir çox dövr yerlərini kəsib gödəltmişdir ki, o cümlədən milliyyət məsələsində belə bir əmma əlavə etmişdir: “Məzhəblər hamısı azad olub sərbəst buraxılacaqdır. Lakin pravoslaviya məzhəbi məzhəbi-hakimə olduğundan, ona bəzi artıq imtiyazat veriləcəkdir”. Bu sözlərdən əcəba nə anlaşılır! Bu sözlər haman 20 milyonlu bir milləti piyaniskə etmək sədədinə düşən iqnatyevlərin siyasi bir hiylə və dəsisi*[7] ilə, iki qonşu millətə quyu qazıyan şeytan fikirli qalitsinlərin, insanə nəuzubillah*[8] - bir it dərəcəsində qiymət qoymayan plevelərin müğayiri-insaniyyəti-bəşəriyyət olan qrinqmutların, ilminskilər, kruşevaların və sairlərinin, bir sözlə kökü çürümüş idareyi-mütləqənin haman köhnədə olan qanlı siyasətləri deyilmidir?.. Həmin fəsildə işarə edilən “imtiyaz” qruşevanlara edilən hörmətdən və izzətdən ibarət olmayacaqmı?!...

Stolıpinin Duma səhnəsində ərəsəyə çığdığı Duma deputatı Sereteli demişkən, köhnə Rusiyanın ərzi-vücud eləməsidir. Bu talan və qarət işlərinin yaradıcısı olan baş vəzirə Duma etiraz etməyə bir vəsilə və vasitə münasib bilməyib fəqət sükut və asayış ilə etiraz etmişdir...

Lakin həqiqi cəmaət nümayəndəsi olan sosial-demokrat fraksiyasının Sereteli ağzından dillənən sözləri gərək cəmaət qəlblərində əsərbəxş olub, millət nümayəndələri ilə millət birləşib müttəhidən naili-benam olsunlar. Bu ittihad, bu münasibə və mərbutiyyət olmayınca hökümətin qanlı əli müqəddəs məclisi-məbusanın üstündən rədd olmayacaqdır!

Rəsulzadə
“Təkamül”, № 12, 12 mart 1907

*[1] qital – qırğın, qanlı vuruşma

*[2] cidal – müharibə, qovğa, vuruşma

*[3] məsnəd – taxt, böyük mənsəb

*[4] mübərhən – sübut olunmuş

*[5] səlabət – möhkəmlik, dözümlülük

*[6] müstövli – zorla qəbul etdirmək

*[7] dəsisə - hiyləgərlik

*[8] nəuzubillah – Allah eləməsin