Məqalələr

HƏR YANDAN

Amma raviyani-əxbar və naqilani-aasar, tutiyani-şəkkər şikən şirin qoftar*[1]. Belə rəvayət edirlər ki, bir gün İran padşahı Məhəmmədəli şah oturub fikrə-piçidə idi ki, necə eləsin bu millət məclisinin əlindən qurtarsın. Bir də gördü ki, rus səfiri qapını açıb içəri girdi və dedi – nə var, ey qibleyi-aləm, niyə belə qəm dəryasına qərqsən, olmaya rəhmətlik atan yadına düşübdür?!

- Hə, pədərsuxtə səni kimdir buraya buraxdı – deyə şah səksənib yerindən tullandı.

Səfir – qorxma, qorxma qibleyi-aləm, mən də sənin dərdində olan bir kəsin nökəriyəm, həmdərdik ey qibleyi-aləm, vahimə eləmə!! De görüm, niyə belə fikrə getmisən!

- A kişi, evin yıxılmasın, hələ bir xəbər də alırsan, görmürsən ki, “həyasız” cəmaət mənim başıma nə gətirir?.. Bu təqsirlər hamısı sizin boynunuzdadır. Hərgah siz öz cəmaətiniz ilə bir növ yola gedib inqilab zad çıxartmasaydınız, yainki inqilab çıxartdınızda qorxub Duma zad verməsəydiniz biz məqul keyfi kök, damağı çağ dolanardıq. Nə əlimizə dolaşardılar, nə ayağımıza... İndi de görək nə olsun?..

- Əh, elə bundan ötrü fikrə getmisən? Doğrudan da həmşəri! A kişi, bunun çarəsi ki, asandır!!

- Necə məgər... sizin başınıza gəlibdir, sən allah mənə bir çarə!

- Götür cəmaətin əclaflarını hökm elə yığsınlar, hərəsinə bir qədər köpük-quruşdan, bürünc medaldan zaddan fərraş*[2]-mərraşlıqdan vədə ver, sən də bir az öz tərəfini saxlayan firqə təçkil elə, adını da qoy “həqiqi iranlı” firqəsi, necə ki, bizim “həqiqi rus” firqəmiz var ki, nə vaxt istəsən o vaxt qətliam qayırmağa hazır və amadədir.

- Bu yaxşı fikrə oxşayır, axı qoy bunu vəzir-vəkillərim ilə məsləhət edim – deyə şahın surəti açılır.

Bundan bir neçə gün keçmişdi ki, Peterburq agentəsi İranda qanun və nizam dairəsində bir firqə təşkil olunmuşdur ki, məqsədi ifratçıların qəsd “inhidamkaranələrinə sədd olmaqdır” – deyə xəbər verdi.

Həmişə Peterburq agentəsinin adı gələndə Duma seçkiləri və Duma özü yadıma düşür. Yazıq agentə o qədər çalışdı, o qədər yalan çözədi ki, vəkillərin sol olmalarını gizlətsin, amma yenə də bacara bilmədi. Açığına isə mötədil və sağ dediyi şəxslər öylə qəddar*[3] sol çıxmışlar ki, padşahın adı gələndə yanların da tərpətməmişlər. Indi də açıqcan götürüb bir “səhv” eləmişdir ki, “Şəhər duması” əvəzində “Dövlət duması” yazıb xalqın başını yastıqlamaq istəmişdir.

Bəli, Dumamız da açıldı. Görəsən haçan bağlanacaq? Hələ ki, Kruşevan ilə Aleksinski çlenləridir, hökümətdən də vuruşmasalar bir-birinin dişlərini qırmasalar xeyli hesabdır. Hələ işin harasıdır ki, Dumanın sədri padşıhı dua eləyəndə solları güclə ayağa qalxızmışdır.

Təzim, təkrim işinə gələndə bax bizim qazılardan, mollalardan, hacılardan qıvrağı yoxdur. Lazım olan yerində sərdar flan gələndə müsəlman qaidəsi kimi salam nədir, lap saldat kimi isluşi durub “çast” da verirlər. əgər qınayan-zad olmasa lap palto tutub, qaloş da çütlərlər.

Siz elə bilirsiniz ki, tək bizim mollalar belədir? Yox a... tamam keşişlər, terterlər, poplar da bunların tayıdır.

Bir hesaba baxanda çox da buları qınamaq olamaz. Tanrının “xadimi” Dövlət dumasına getməmişdən axtarıb, axtarıb polismeyster ilə aşna olur, sonra yola düşür. Hələ sırağa günəcən medal alan molla küll Qafqazın canişininə çast verməsin?..

Nə bir eybi çast verir versin, özü bilər. Ancaq bəzi “generallar” kimi küll müsəlmanların tərəfindən vəkillik edib öz hissiyatını, öz fikirlərini tamam müsəlmanlara bağlamasın, çünki indi bir zamandır ki, qardaş-qardaşa inanmıyor, ata-oğul ilə düz gəlmiyor. Necə olar ki, böyük bir millətin tərəfindən cəsarət eləyib bir və qeyri övzayi ona nisbət verəsən?

Həqiqətən beləsə bir cürət eləmək çox hünərdir, bu hünəri ancaq medal, yainki mənsəb alan şəxslər bacarar. Bunlar da bacarmazdılar hərgah mənsub olduqları millət əfradinin “intelligent”ləri bu gün imzaladıqları məktubdan sabah qaçmasaydılar.

Bu da olmazdı, hərgah jandarmlar adamı bir nitqdən ötrü qazamata salmasaydılar, bu da olmazdı əgər Duma vəkilləri yola düşməsəydilər.

Bu da olmazdı əgər İkinci duma çağrılmasaydı.

Bu da olmazdı əgər xaricə dövlətlər pul verməkdən baş qaçırmasaydılar.

Bu da olmazdı əgər əvvəlinci Dumanı qovmasaydılar.

Bu da olmazdı əgər Duma “ifratçı” olmasaydı.

Bu da olmazdı əgər Duma cəmaət vəkilləri göndərəndə onlar da nitq deməyə idilər.

Bunların heç biri də bu yavuqda olmazdı əgər rus-yapon davası olmasaydı.

Bunların hamısından keçəndən sonra idarəmizə gələn bir məktuba cavab vermək istiyorum. İdarəmizə bir nəfər rusca kağız yazıb bir nəfərin əvvəl arvadını ondan sonra qohum-əqrəbasını işindən qovmağını tələb ediyor ki, ya dərc edin və yainki qəzetəmiz vasitəsilə nə üçün dərc eləmədiyimizi elan edək. Biz isə bu məsələni “Molla Nəsrəddin” əmiyə həvalə edirik ki, köhnə kişidir qoy o cavab versin.

Arvad-kişi davasına baxmaq mollanın işidir.

Marzadə
“Təkamül”, № 10, 24 fevral 1907

*[1] Amma xəbər verən, rəvayət edənlər, əsərləri nəql edənlər, şəkər yeyən, şirin danışan tutilər.

*[2] fərraş – saray xidmətçisi

*[3] qəddar – satqın, ikiüzlü