Məqalələr

İRAN İŞLƏRİ

AXIRINCI VAQİƏLƏR

İranın işi gəldikcə kəsb-xamən etmədədir! İran cəmaəti hüququnu qanıb, onun yolunda canını verməyə hazırlaşıb imiş! İrandan gələn xüsusi xəbərlər bu günlər içində İran daxilində görülən böyük bir tarixi əqdlərin həll olunmasından, cəmaət qiyam həyəcanından xəbər verib insani heyrətlənmədədir!

Əsası və kökü çürümüş İran istibdadı axırıncı nəfəsində olaraq möhlik*[1] yara almış əjdaha kimi qorulub çabalamaqdadır! El qəhr və qəzəbinə giriftar olan bu əjdahayi-mühib*[2] özünün bilmərrə fövt olmasından qorxub, özünü bu meydani-girüdardan*[3] qurtarmaq yolunda baş qalxızıb quyruq fırlatmadadır!

Vəliəhd olduğu zamanında beçəbazlıq və keyhfbazlığa maşğul olan cavan müstəbid özünü birzati-mütləq hesab etdiyindən qanun əsası və məşrutəni danmaq istəyib “belə güzəştlər edərsəm qorxuram ki, axırda məndən cümhuriyyət istəyəsiniz” – deyə cəmaət vəkillərini ona özünün məşrutəli bir hökmdar olmasını iqrar etmək yolunda etdiyi təklifə nəhy*[4] cavabı vermişdir.

Cürət bəhəm eləyib belə bir şiddətli müqabilədə durmaq, Rusiya və ingilis səfirlərinin əğvasına*[5] və vədlərinə uyub cəmaət ilə mücahilə*[6] ucuz tamam olmayıb əleyhinə müntəzəm bir mücadilə firqəsinin çıxmasına bais olmuşdur. Xaricə qəzetlərinin yazdığına və xüsusi mənbələrdən aldığımız xəbərlərə baxılırsa, millət məclisinin mötədil üzvləri olmasa imişlər, böyük bir inqilabın zühuru ilə təxti-səltənətin taraca getmək qorxusu var imiş.

Ətrafda olan vəzirlərin vəsvəsəsi, ərbab və sahibi-şövkətlərin dəğdəğəsi*[7], mülkədar və xanların intriqası, rus və ingilis səfirlərinin əğvası və özünün təbii olan hökmpərəstliyi ilə bərabər politika dairəsində imtəhan eləmədiyi təcrübəsizliyi Məhəmmədəli şahın öz əfal və hərəkati-dürüştkaranəsi və hahakimiyyətpərəstanəsi ucundan elə bir məqamə çatdırmışdır ki, onun əleyhinə yalxu bir Tehran əhli deyil, küll İran demək olmasa da, küll Azərbaycan qalxmışdır.

Azərbaycanın mərkəzi olan Təbrizdə həmin bu nöqtədən, yəni şahön gəncliyindən həyəcana gələn cəmaət tuğyan edib böyük bir ğılıyan içindədir. Təbriz höküməti inqilabiyunlar tərəfindən əzl edilib, cəzaya giriftar edilmişdir. Cəbbəxanə əhali əlinə keçib asilərin ixtiyarındadır.

Inqilab burada özünün adi olan qurbanlarından xali olmayıb 14 nəfərin qətl olunması ilə nəticələnmişdir. Iran inqilabında Tehrandan keçəndən sonra özü əvvəlinci ad çıxarıb, böyük və mühüm təşəbbüsatı ilə məşhur olan Təbriz əhalisinin hissiyati-intiqamçuyanələri o dərəcəyə çatıbdır ki, “hərgah hökümət millət məclisinin tələblərini qəbul eləməsə özümüzə “müvəqqəti bir hökümət” seçəcəyiz” – deyə inqilab ilə nəfəs alıb xəldən*[8] dəm vuruyor.

İran hürriyyət işində ağayi Təbətəbailər kimi can fəda edən ruhanilər olduğu kimi bəzi adlarını alim qoyub, özləri sahibi-sərvət və mal olduqlarından naşi təbii istibdad və mütləqiyyət tərəfdarı olan alimnümalar da az deyildir. Xoşbəxtlik buradadır ki, qədrşünas olan əhali əvvəlincilər kimi cəmaət fədailərinin qədrini bildiyi halda, axırıncıların da cəzasını yaxşıca düşünüb onları layiq olduqları vəsilələr ilə cəzalandırıyorlar. Bu mətləbi aşkar göstərmək üçün Ərdəbildə vaqe olan bir nəfər məşrutə və ədalət düşməni “müctəhid”in xaneyi-zülmətpəsəndanəsinin şuriş edən əhali tərəfindən atılan bir bomba vasitəsilə darmadağın edilməsini göstərmək olar.

Xülasə bu günlər Azərbaycan bir atəşi-inqilab və ixtilal içində yanıb-yaxılmaqdadır. Bu günlər İranda böyük bir mərəkə qurulub cəhl ilə əql güləşməkdədir. Bir tətəfdə kökü çürümüş İran istibdadı durub, özünün bugünkü axır nəfəsini asanlıqla buraxmaq istəməyib qərq olan şəxs çör-çöpə pənah aparan kimi, hər bir vəsilələrə dəstbərdad olmaqdadır. Verilən xəbərlərə inanılarsa, bu gün şahön təməm ümidi və pənahi təkyəgah və söykənəcəyi 800 atlıdan ibarət olan Tehran xassə qoşunudur. İran əsgərlərinin üsuli-məşq və nəzmiyyələrinə*[9] bələd olan hər kəscə belə bir həyəcanlı vaxtda, bu xəbərin səhih olmasında heç bir şəkk və şübhə olmaz. Ondan ötrü ki, Avropa dövlətlərində, xüsusən bizim Rusiya və Osmanlıda olan üsuli-təbəiyyətkaranə İran qoşununda hələ bir öylə əsərbəxş olmamışdır. İran sərbazları hələ cəmaətdən ayrı olub özlərinin əhali ilə mərbut olmalarını yaddan çıxardacaq dərəcədə qoşun nizaminə alışmamışlar.

Digər tərəfdə isə illərcə əsarət altında qalıb, canı boğazına gələn cəmaət özünü dübarədən qayımalaşdırmaq yolunda axırıncı vaxtlarda görüldüyü xəyanətlərdən acığa gəlib, özünün hər bir qüvvə və hücumdan möhkəmraq olan ittihadi milliyyəsini cəmləyib mütləqiyyətin qalmış digər bir neçə rişələrin də qırmağa hazırlaşmışdır.

Iranın bu hərəkati-inqilabcuyanəsinin Rusiya inqilabi-əzəmi ləpələrindən güşa gələn bir ixtilal olmasında heç kəs şəkk eləmiyor, zənnindəyiz.

İştə bu gün İran səhneyi-inqilabında oynanılan faciələrə baxılırsa, inqilab qəhrəmanlarının vəzifeyi-cansiparanələrini ifa edənlərin çoxusunda Qafqazdan gedən iranlıları görəcəyiz ki, bunu da bizim müxbirimiz “İran inqilabında böyük rol oynayanlar türklərdəndir” – deyə yazıyor.

Bəli, türklər də gərək olsun. Çünki Qafqaz vilayətlərində fəhləlik və hamballıq etməklə kəsb-ruzi edən iranlıların əksəri Azərbaycan türkləridir ki, burada Rusiya fəhlələri arasında işləməklə, yoldaşlıq təsiri olaraq, hürriyyət və fədakarlıq işlərinə alışmışlar!

“İran bahadırları türklərdir” – demək İran inqilabının əsası ilə, əsasi-elmiyyəsi ilə isbat edilmiş bir həqiqətdir ki, bu barədə heç danışıq belə olmaz.

Məhəmməd Əmin
“Təkamül”, № 9, 17 fevral 1907

*[1] möhlik - öldürücü

*[2] mühib – qorxudulmuş, hürkmüş

*[3] girüdar - çarpışma

*[4] nəhy - qadağan

*[5] əğva – qüvvətli, möhkəm

*[6] mücahilə - etina etməmək

*[7] dəğdəğə - qıcıqlandırma

*[8] xəldən – taxtdan salma

*[9] nəzmiyyə - polis idarəsi