Məqalələr

BAKI, 17 FEVRAL

Üç gündən sonra Duma açılacaqdır! Üç gündən sonra “islahpərvər” vəzirin hərbi məhkəmələri, həbsi, nəfyi qərardadişədidəsi və qeyri mütəcavüzkaranə işləri təhtində xuliqan firqələrinin hədə və vəhşətləri arasında Dövlət duması yenə yığılıb Tavriçeski sarayına açılır.

Hürriyyət mücahidlərinin səadəti-ümumi yolunda yan-yana söynən təni-müqəddəsləri üzərindən keçərək millət vəkilləri yenə Peterbirqa varıb cəmaət ehtiyacatını, el tələblərini, onu təzyiq edəbn cəlladlara yetirib hökümət rədd olmalarını istəyəcəkləridr.

Hökümət bildirdiki Dumanı qovduqda xəyal edirdi ki, stolıpinlərin “asayişkaranə” politikaları əhalini sağlaşdırıb ya budur ki, Dumanı bilmərrə yadlarından çıxarırlar. Yain ki, Duma yığılsa da qabaqkı kimi inqilabçuyanə deyil, təbəiyyətkaranə olacaqdır.

Lakin heyhat, hökümət böyük bir səhvə düçar olaraq, heyətlə bildirkindən daha da sol olan Dumaya giriftar oldu.

Nə senat bəyannamələri, nə hərbi məhkəmələri, nə cəza dəstələri, nə züluslara (Afrika vəhşiləri) layiq insaniyyətsizliklər, heç bir şeyi cəmaətin, elin amal və məqsədinə, məqsədi-insaniyyətpərvəranəsinə sədd ola bilmədi. Cəmaət öz sözünü, öz səmimi sözünü dedi.

“İnqilab sözünü bizim sinəmizdə saxlayan, onu mühafizə edən səmimiyyətdir ki, ona nə güllə, nə xəncər, nə top, nə tüfəng – heç bir şey batammaz” – deyə cəmaət özünün hər bir dəqiqədə mütləqiyyət ilə cəhada amadə olmasını fevralın 6-da uca bir səs ilə küll aləmin səminə* yetirdi.

Cəmaət öz seçkiləri ilə bu ayın 6-da cümlə bürokratlara qəti bir mübarizə elan edib özünün davaya hazır olduğunu bildirdi.

Təbiidir ki, hökümət də gələcəyin çarəsini indidən görüyor. Təbiidir ki, bildirki Dumanı qovan hökümət bu ilkinə də təcavüz etməkdən çəkinməyəcəkdir!!

Lakin bu dəfə cəmaətin bağqa bir vəzifə icra edəcəyi də aşkardır!

Cəmaət razı olmayacaqdır ki, onun Dumasını öldürsünlər. Cəmaət qoymayacaqdır ki, bir dəxi o, bir gün də olsa Dumasız qalsın. Cəmaət təbdilinə, özündən ali bir idarə təbdilinə razı olar, lakin qovulmasına bir dəqiqə olsun, səbr edəməz. Zira bildirki təcrübə ona bildirmişdir ki, məmləkəti həlakətə çəkən Dumanın “inqilabçılığı” deyil, hökümətin özü, yenə hökümətin özüdür.

Vətəndaşlar! Duma açılır, siz də gərək bu Dumanın dairəsində birləşib üzvüyyətləşəsiniz!

Duma çox böyükdür, çox qüvvətlidir, hərgah onun dalında müttəhid və müttəfiq cəmaət durmuş ola.

Duma bədəndir, cəmaət onun ruhu! Bədənə ruh verməlidir, vətəndaşlar! Duma bir idarədir ki, onun vasitəsilə cəmaət tamam ixtiyarlı el məclisinə müvəffəq ola bilər.

Duma intihayi-amal deyildir. Lakin ona yetməyə bir alətdir!

Duma həqiqi cəmaət nümayəndəsi deyildir. Lakin onun vasitəsi ilə həqiqi cəmaət nümayəndəliyinə çatmaq olar!

Hazırlaşınız vatandaşlar! Çünki hökümət hazırlaşır. Belə bir vaxtda qəflət yaramaz, indi iş görmək zamanıdır!

Haydı vətəndaşlar. İttihadə - el nümayəndəsi ilə elin ittihadına sarı yeriyiniz!

Yaşasın cəmaət vəkillərinin cəmaət ilə ittihadi!

Yaşasın tamam ixtiyarlı Dövlət duması!!

M.Əmin
“Təkamül”, № 9,17 fevral 1907

* səm – qulaq asma, eşitmə