Məqalələr

“HÜMMƏTÜR-RİCAL TƏQLƏÜL-CİBAL”

Bu kəlami-hikmət nizam ki, bizim cəridənin hər səhifəsinin əvvəlində, intibahnamələrin ünvanlarında, cavanlarımızın övradi-zikrində mütədavil*[1] və bərqərardır – yə deyən sözdür bilməli.

Bu kəlami-izan həzrət əmirülmöminin Əli ibn Əbu Talib əlehhissəlamın kəmali-möcüznümalarından olub, “Kişilərin hümməti dağları qoparar” – dediyini hamımız bilirik. Və bu sözü özümüzə ünvan qayırdıqda bu söz bizə dəstürüləməldir. Xəyal edirik və özümüzü bu dəstürüləməldən mütəxəllif hesab ediyoruq. Amma həqiqətdə isə belədirmi? Özümüzə ünvan tutduğumuz qaydaya müvafiq gedirizmi? “Hümmətür-rical” – kəlməsinin əsl mənasını fəhm edirizmi? Biibarəti üxra*[2], müəyyən bir məsləkimiz varmı? Bu sözü özünə ünvan edən bir dəstənin bu suallara cavabı nə olmalıdır? Əlbəttə ki, belədir: bu sözün məzmunu ilə müvafiq hərəkətdəyiz. Demək lazımdır və illa qövldə bir, feldə qeyri olmalıdır. Biz isə bu suallara bu cür cavab verməliyiz. Həm müttəhidülkəlmə*[3] və həm qəlbən cavab verməliyiz. Amma bu cür cavabı vicdanımız təsdiq edirmi? Bu cavabı verib də səvab da buluyoruzmu? Gümanımca bizim cavanların cəmiyyəti həmin suallara sidq ilə bu cavabı verməyə muxtar deyildirlər. Ona görə ki, “hümmətür-rical” – “kişilərin hümməti” deçəkdir. Hümmətür rəcül – kişinin hümməti deyil, yəni “hümmətür-rical” – cəmdir, müfrəd deyildir. Burada təəmmül etməli, dərin fikr edib kəlamın lübbünü*[4] bilməlidir. Bu kəlam “Kişilərin hümməti birləşsə, dağları qoparar”deməkdir. Həqiqətdə də öylədir. Hər bir şeyin qüvvəti birlikdədir. Birlik isə yalnız “Mən sənə yoldaşam” – deyib təsəlli verməklə olmaz. Bu, dildə deyilən sözü əməl ilə də göstərməlidir.

Bir neçə şəxsin arasında ittihad həmfikirlilik, həmməsləklik ilə olur. Və illa ila yovmilqiyamə*[5] nifaq üzrə baqi qalacaqlar. Məsələn, biz cavanların biri millətpərəst, o biri demokrat, üçüncüsü ətiqpərəst, dördüncüsü cədidpərəst olub da, bu cür dəstə-dəstə olmaqda, hərəmiz özünə məxsus bir yol götürüb, müəyyən bir məslək ilə getməkdən həmümüz tək-tək tələf olluq. Və heç birimizin əli öz muradına çatmaz. Yaddan fəramuş etməməlidir. Bu təfriqəbazlıqla belə hamımızın dilində virdimiz “hümmətür-rical, təqləülcibal” sözüdür. Bəs biz müttəfiq olmaq istəsək, bu kəlam ki, hamımız ona mütəkəllimik*[6], mənasını qanı dildə vird*[7] edən kimi, ürəkdə də qəbul etsək müttəfiq, müntəzəm, müttəhid olmağımıza hərgiz şəkk şübhə yoxdur. İndi yoldaşlar! Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb da müxtəlif yollar ilə getməkdənsə birləşməli, öz fikir və fellərimizdən bir-birimizi hali etməliyiz. Millətpərəstlik bizə yararsa, hamımız millətpərəst, demokratlıq yararsa, hamımız demokrat və qeyri bir yarar məslək üzrə olub, müttəhidül-qövl vəl fel*[8] iş görək.

Bəndəyə qalır isə hər bir dəstədən olursa olar, ancaq islamiyyət üzrə olaq. Islamiyyətdən kənara çıxsaq fəlakət bizi gözləyir. İslam bizə rahi-nicatdır – desəm eyni səvabdayam. Nə sosializmin, nə demokratizmin ümdə əqidələri islam ilə müxalif deyil. Bəlkə şarəyei-müqəddəsi-islam qoyduğu qəvaidlə eyni mütabiqətdə və müvafiqətdədir. Zəkat, fitrə və qeyrə sədaqələr vacibi-sünnəti materializm deyil də nədir?Bərəkət cəmaətlikdədir. Ümur cümhüri-şura ilə görülməlidir – kəlamları demokratizmi icab etməzmi? Xülasə, yenə də təkrar edirəm, hər nə olmalıyız, olaq. Fəqət islamiyyət üzrə olaq ki, bu eyni insaniyyətdir.

“Hümmət” qəzeti № 3, 1905
(Bax: “Açıq söz” № 513, 5 iyul 1917)

*[1] övradi-zikrində mütədavil – həmişə dilinin əzbəridir

*[2] biibarəti üxra – başqa sözlə

*[3] müttəhidülkəlmə - yekdillik

*[4] lübb – cövhər, məğz

*[5] ila yovmilqiyamə - qiyamət gününədək

*[6] mütəkəllim – deyən, danışan

*[7] vird – dilinin əzbəri

*[8] müttəhidül-qövl vəl fel – sözü və işi bir olan