Məqalələr

MILLIYYƏT VƏ TİCARƏT

(Ticarətin beynəlmiləlliyi)

Milliyyəti təbliğ edənlər, həmişə sinfiyyətə göz örtüb onu görmək istəməyənlərdir. Bir millətpərəst, millət dedikdə dövlətli-kasıb, mülkədar-rəncbər, iş verən və işçiliyi nəzərə almayıb, fəqət bir dildə danışan, bir adətdə olanları nəzərə alır.

Milliyyət müqəddəsdir. Qeyri mütacavizdir, hüququ mühafizə edilməlidir, hər bir xaric sədəmədən saxlanmalıdır kimi iki mənalı sözlər diyor.

Bir mülkədar ilə rəncbəri, bir sərmayədar ilə fəhləni, bir iş verən ilə işçini nəzərində “bərabər” tutub onları ayrılmaz bir heyət, firqələnməz bir kilit hesab ediyor. Millətin içində sinifləri və bu siniflər arasında birləşən təbayün və təbii zidliyi görmüyor və daha doğrusu görmək istəmiyor. Bir iş verən ilə işçi arasında əvvəlkilər də düşdüyü mübahiseyi-iqtisadiyyələrini görüb də qəbahətini qanmıyor, bilmiyor ki, bir işi işlədikdə iş verən az verməni və işləyən çox almanı həmə vəqt arzumənd və bu yolda hər cür vəsilələrə dəstəndazdır. Təcrübə ilə göstərilmişdir ki, ən xeyriyyəti-asar millət yolunda canından keçər dərəcəsi ilə şəhrətlənən, millət balaları üçün digər imarətlər, layiq məktəblər və qeyri-qeyri əmali-xeyriyyəsilə müştəhir bir millətpərəst yolunda malını nisar etdiyi millətin bir cüzi olan fəhlə və əmələləri öz ağır məşəqqətli zəhmətlərinə davam eləməyib tətil edən zaman necə yasaqlayıb, necə döydürmüşdür. Yenə həqiqət göstərmişdir ki, millətdən hesab olunan bir taqım məzlum fəhlələrin cüzi də olsa əhvallarını dərc edən qəzetəyə fabrikasını millət üçün qayıran sərmayədar necə hərbələr gəlib nə biabırçılıqlar eləmişdir!! Hər kəscə məlum və aşkardır ki, müsəlman firmaları ki, onlarda işləyənlərin çoxusu (dəcəl olmadıqları üçün) müsəlmandırlar. Hamı fəhlələrdən ucuz və hamısından ağır şəraitdə işləyirlər. Onların qayğısına qalan yoxdur oyanda dursun, həmişə təbəiyyət və inqiyadda qalmaqları üçün “millətpərəst” ağalar tərəfindən saxlanan qoçular vardır! Kim bilmiyor ki, böyük bir mülk və mənalə sahib olan mülkadar, xan və bəy yüz rəiyyətin canını bir pristav ağaya qurban edər.

Xülasə, sözümüz oradadır ki, dili bir olmaq, adəti biri-birinə oxşamaq ilə ittihad, birlik lazım görünür isə də, şərh etdiyimiz iqtisadi cəhət bu ittihadı hər bir halda “nifaqa” döndərir.

Bir şəxs nə qədər birinə dost olsa, nə qədər ona yaxın olsa da yenə də onun özündən artıq olmaz.

Çox əcəb, müsəlman fəhləsi bir müsəlman sərmayədarına əcirdir, onunla bərabər bir qeyri müsəlman fəhləsi də işləyir... “millətpərəst” sərmayədar müsəlman fəhləsinə deyir ki:

- Adə, xaricilər sənə düşməndir, sən onlara qoşulma, sən müsəlmansan, qeyrilər ilə işin yoxdur. Həmin bu zamanda cənab “millətpərəst” sərmayədar özü qeyri millət sərmayədarları ilə bakal-bakala vurub bir-birilərinin sağlığına badənuş oluyor.

“Özgə fəhlələrin ittifaqına qoşulmaq müsəlman fəhləsinə yaramaz” – diyor da cənab millətpərəst tacir özü tacirlərin bilafərq millət təşkil olunan ittifaqına girib, can-başla qulluq ediyor.

Məlum olduğu üzrə bir hökümət öz sərmayədarlarının fabrikant və tüccarlarının mətaini rəvaca verməkdən ötrü kömrük (proteksionizm) üsulunu tətbiq etmişdir ki, bu gömrük üsulunun ən çox zərəri biçarə füqəra cəmaətin üstünə düşdüyündən füqərayi-kasibə firqəsi onun götürülməsinə dair öz məramnaməsində fəsl ayırmışdır.

Indi müsəlman “millətpərəstləri” də müsəlman fabrikantçıların mallarını rəvaca vermək üçün həmin gömrükə oxşar bir vəsiləyə əl atıyorlar ki, o da milliyyət hissindən istifadə etmək istəyib, məzkur malları millət mətai – deyə satdırmaqdadır.

Lakin bu zəvatə deyilməlidir ki, əzizim, nə ticarət və nə müştərilik milliyyət qanmayır, hər gah belələri tapılarsa, o da onların fantaziminə mərbutdur. Bir fəqir bazara çıxıb bir arşın şilə almalıdır, o həmişə bunu gözləyir ki, bacardıqca harada yaxşısı vı ucuzu var onu alsın, o tərəfdən də tamam satıcılar çalışırlar ki, bacardıqca çox satıb, çox mənfəət eləsinlər. Hər iki tərəf heç bir halda milliyyət flan gözləmiyorlar.

Budur, Rusiya höküməti necə zülm və istibdad altında əzir, onları qırğılara və talana giriftar ediyor... Hər-bir hüquq və ixtiyaratdan səlb ediyor.

Bununla belə xarici vilayətlərdə olan yəhudi milyonerləri hər bir milliyyət və qövmiyyət hissini unudub öz mənafeini gözləyərək Rusiya hökümətinə borc buraxmaqla onun istibdadını qayımlaşdırıyorlar...

Yox cənab “millətpərəstlər”, bu yol ilə sənaye və ticarət iləriyə getməz. Heç vaxt da tərəqqi eləməz... cəmaət də heç öz əli ilə özünə quyu qazamaz, qurd balasını tutub öz əli ilə bəsləməz!

Fəhlə cəmaəti milliyyətə fərq qoymamaqsınız qeyri fəhlələr ilə öz əhvalını yaxşılaşdırmaq yolunda çalışaraq bununla rahi-səadət və fəlahətə çıxar.

Cənab Əbumüslim Dağıstani “İrşad” qəzetəsində bir məqalə yazıb diyor ki, niyə gərək biz Əzimbəyovun papirosunu qoyub Əfinciyansın papirosunu işlədək? Bu sualın cavabını cənab “Əbumüslim” özü başa düşməlidi. Zira ticarət işindən müxbir olan hər kəscə bu məsələ vazeh və aşkardır ki, niyə bu papiros alınmıyor o biri alınır, yainki Bakı qovunu Lənkəran qovununa tərcih ediliyor?

Papiros alan onun xasiyyətinə, qiymətinə və qeyri ləvazimatına diqqət ediyor, o daha baxmıyor ki görən bu papiros hankı millətin malıdır. Buna heç baxmaq da lazım deyil... Əgər baxmalı, bu barədə diqqət etməli bir şey lazım olsa, o da Amerikada edilən üsul üzrə olsa gərəkdir: Amerikada həmkarlar ittifaqı tərəfindən hər fabrikanın mətainə markalar vururlar ki, əhali hansı malın üstündə ki, bu marka yoxdur, onu almaz və işlətməz. Zira markasız mətalar ona işarədir ki, bu məta qayıran fabrıka və ya kargahın əmələləri pis şəraitə bağlı işləyirlər.

Bəli, bizə də bir məta alanda onun fəhlələrə görə nə şərait üzrə hüsula gəlməsini bilmək şərti-əzəm olsun gərək ki, nəinki bu mətai hazırlayanların şirəsini çəkən kimdir bilmək.

Məhəmməd Əmin
“Təkamül”, № 3, 30 dekabr 1906