Məqalələr

HƏR YANDA

Bizim hökümətimiz qəribə dərdə giriftar olubdur. Həmişə döydüyü, əzdiyi, başında əlli iki min oyun çıxartdığı cəmaət indi durub ki, nə var mən də varam, nə var ki, mən də adamam. Hələ yenə bu arzunu edənlər dövlətlilər, “abrurilər” böyük-böyük adamlar olsa dərdə yarıdır... Əşi bu cırıq fəhlələri görürsənmi, pah, iş gör nə yerə yetib ki, bunlar da durub həqq istəyirlər... Xülasə “yazıq” hökümət lap özünü itirib heç bilmir ki, nə eləsin. El idarəsi – deyib çığıranların ağzına sakit olmaqdan ötrü bir “Dövlət duması” buraxdı ki, gələ bu da sizin sqqqızınız, çeynəyin, məni yadınızdan çıxardın.

Amma olmadı... iş daha da yaman oldu. Dumadakılar da ac adam olduqlarını iqrar edib hələ azdır, el vəkilliyi iddiasına düşüb, nə bilim “yer və ixtiyar”, “səkkiz saatlıq iş günü”, mən nə bilim cürbəcür azadlıqlar, elə şüylər ki, o vaxtadək onu hökümət eşitməmiçdi, - deməyə başladılar.

Xülasə, axırda Dumanın lap “həyasızlığını” görüb, “haydı gediniz, sizə üz göstərməli deyil, yoxsa adamın başına çıxarsınız” sözünü burda deyib vəkilləri motalladılar”.

Elə ki, Dumanı motalladılar, cənab tərəqqipərvər Stolıpin məmləkəti hərc-mərc bir halətdən qurtarmaq fikrinə düşdü və bunun üçün də əqlinə hər nə gəldi elədi...

Stolıpinin ağlına çox şeylər gəldi: məsələn voyenni polevoy sudlar, cəza qoşunları, qəzetləri bağlamaq, top, tüfəng, xülasə, Stolıpinə layiq çox şeylər...

Stolıpinin ağlı nə qdər iti olsa da, nə qədər də vəsilə, tədbir tapsa da Şamaxı əfəndisi Əbdürrəhim kimi zəki və iş bilən ola bilməz. Zalım balası götürüb padşaha bir petik yazmışdı ki, onunla ölkəni anarxiyadan qurtarsın. Zəhməti hədər də getmədi.

Əvvəla padşah həzrətlərindən bir molodes alıb, sonra da həqiqətən məmləkəti anarxıyadan saxladı...

Olmaya əfəndi babanın duasının təsirinə inanmıyorsan? Bax keçən Dumanı baykotlayanlar indi hamısı seçkiyə çalışır, bu nədir? Haman o canına qurban olduğum ağanın bərəkətindən deyilmidir?

Amma doğrusunu deyəndə görünür ki, əfəndi babanın da duası çox kargər olmayıbdır. Zira ki, kargər olsa idi dəxi “həqiqi ruslar” keşiş Arseni cənablarının yoldaşlıqla zəhmət çəkib- Qüdsi-şərifə getməz idilər ki, orada məmləkəti bəladan qurtarmaq üçün “qospod” cənablarına, yəni İsa əleyhissəlama dua eləsinlər.

“Əsl rus” çəmaəti dini də insan üzərinə müəyyən bir şeyi qərar verir ki, bəli göygöz sarı tük, piyanskə bir urusdur, qarşıda durur. Özü də rus millətindəndir.

Amma indi təzə “əsl rus” sözü çıxıbdır ki, insan lap təəccüb qalıq ki, bu sözdə ibarət olsa Baxçasarayda əmələ gələn “müsəlman” xuliqan dəstəsinin adı – “əsl rus müsəlmanları”. Nədən təəccüb ediyoram. Hərçe fikr edirəm ki, bu adamları özümə bir təsəvvür etdirim.

Lakin heç mümkün olmuyor. “Əsl rus” deyəndə, ərz elədim ki, nəzərimə göygöz, sarı tük bir piyanskə urus gəlir, əgər “əsl müsəlman” desək yekəqarın, uzunsaqqal bir bay görərəm.

Amma “əsl rus müsəlmanı” deyəndə lap mat qaliram. A kişi müsəlman hara, urus hara, o da “əsli” ola...

Xülasə, bir müsəlmanlıqdan başqa hər nə desən müsəlmanlardan çıxar...

“İştirakiyyətin (“Tərcüman” sosializmə “iştirakiyyət” diyor) nə olduğunu aşkar edilərsə müsəlmanların heç biri ona tərəf getməyib müğayir din olmasını görər” – deyən “Tərcüman” qəzetəsi görəsən bu “əsl rus müsəlmanları” cəmiyyəti qayıranda harada imiş?.. Niyə onlara bir bənd də olsun yazmıyormuş?..

O kişini çox da qınamaq olmaz. Bu məlumdur ki, bir əldə iki qarpız dayanmaz, həmi iştirakiyyunları güdəsən, həm də “əsilləri”. Bu bir işdir ki, öhdəsindən heş gəlmək olmaz...

Öhdə - dedim yadıma düşdü: bizim şəhər idarəsi və neçə vaxtdır ki, əlləşir, ammakassasını zalim seçilənlərdən xilas edə bilməyir, hərçe çalışır, hərçe vuruşur, tək bircə gün də olsa dolu kassa üzü görməyir, yazıq bizim şəhər idarəsi.

Yazıq dedim yadıma şey düşdü:

Əsl yazıq deyəndə, indi bu mütrübçilərdir. Bilmiyorum ki, “mücahid”ə mütrüblər nə eləyiblər ki, götürüb “Hidayət”ə onların əlindən ərizə vermişlər. A canım bəs bu yazıqlar haradan çörək yesin, hələ bu oyanda dursun, bəs bizim bu kərbəlayi məşhədilər indi nə eləsin? Bunlar hamısı o yana, belə de görüm ki, xəlq daha toy eləməsin? Mütrübsiz də toy olar?..

Yazıq bundan sonra toy edənlərin gününə, əliniz mütrübdən çıxdı. Vay heyf, heyf!

Görünür ki, zəmanəmiz çox dəyişibdir.

Bir neçə gün bundan qabaq konsulxananın özündə padşah bayramı olanda mütrüb oynadırdılar.

Amma indi mütrübləri qovmağı konsulxanaya təklif edirlər...

Bəli, zəmanənin dəyişməsinə heç söz yoxdur. Hər yerdə dəyişməsə də Bakıda ki, lap dəyişibdir. Məsələn, əvvəl Bakı voyenni polojeniya idi.

Amma indi voyenni polojeniyadan çıxarılmışdır. İnanmırsan bu günlərdə bağlanan prikazçiklər ittifaqı idarəsindən xəbər al desin...

Marzadə
“Təkamül”, № 2, 23 yanvar 1906