Məqalələr

CAVANLARIMIZA

Millətimiz bir cəhl içində yaşayıb, ömrünü qəflət və xəbərsizlikdən keçirtməkdədir. Ətrafını tutan heç bir hərəkətləri sənələr ilə istibdadın və höküməti-mütləqənin çəkdiyi zəncirlərdən keyimiş bədəni hiss etməyib havayı-havayı sözlər ilə cəfəngiyyat və mıvhümata hekayə və vəzlərilə dolmuş qulaqları küll Rusiyanı çuğlayan hürriyyət və inqilab sədalarını eşitmiyor. Alimnüma mollaların göz heyrətlərindən şəbədələri və sərmayədarların hər bir şeyi əsildə olmadığı bir rəngdə göstərmələrindən naşi pərdeyi-zəlam və qəflət ilə örtülən gözləri hürriyyət, insaniyyət və həqqaniyyət yolunda tökülən qanları, onu (özünü) əhatə edən rəzalət və zəlaləti görmiyor. Və daha doğrusu əvarizi-siyasiyyə ilə məyub olan gözləri əhval adamlar kimi hər bir şeyi başqa bir rəngdə, başqa bir ədəddə görür.

Elmə həvəs etmiyor, mərifət kəsb eləmiyor, kəsb-ruzi yolunda lazım olan səy və güşeş etmiyor, allah özü yetirər diyor.

Giriftar olduğu fəqr və fəqayə təhəmmül ediyor. Sahibkar və dövlətlinin hər bir cövr sıxıntısına səbr ediyor. İnsana yaraşmaz ağırlıqlarda ən alçaq bir məvacib və şərtlər üzrə işliyor. Hər cəbr və zülmü, nə qədər ağır və şiddətli olsa da çəkiyor. Hər ədalətsizliklərə səbr edib dinmiyor, göydən belə yazılıb – diyor.

Hər bir hiyləkara düçar olur, var-yoxunu əlindən alladıb alırlar, bir yavan çərəyə möhtac ediyorlar. Bunların hamısını görür, hamısının ağrısını qəbul ediyor – yenə də ümid üzməyib, allah kərimdir – diyor.

Bu qədər cəfa və azadlardan təngə gəlir, nəhayət özünə bir çarə axtararaq hökümətə güvənir, polisəyə şikayət edir, bir neçə gün gedir-gəlir, yol ağardır, axırda özü müqəssir olur, dərdinə çatan olmuyor, yenə də sakit-sakit durub əli qoltuğunda heyran və sərgərdan qalıyor.

Nə eləsin, nə çarə qılsın, kimə dərdini deyib, kimdən imdad istəsin, hər yanə gedir zülm, hər tərəfə qaçır təəddi, hər şəxsə sığınır əza, hər güşəyə varır cəfa, hər səmtə dönür ədalətsizlik, xülasə hər yanda yalan və zülmət görüb aciz qalır, nə eləməyin bilmir, çarə yolunu tapmıyor. Özünə bir yol göstərən, dərdinə dəva deyən görmüyor. O biri yandan isə hallı mollalar, rövzəxanalar və qeyri bu kimi şəbədəbazlar, o zülm və zülmətin əmirləri, o şəriət və millətin hadimləri*, o pula səcdə edən dənilər bu biçarəni səbrə, təhəmmülə, hər bir şeyə razı olub “Allah tərəfindən müqəddərdir razı olmaq gərək” – deməyə alışdırıb və, bu məzlumun başaltını yastıqlayıb, onu yatırdırlar. Bəstəri-qəfləti döşüyüb, cəhalət yuxusuna alışdırırlar. Buda yatır, mürəbbilərin verdikləri tərbiyə ucundan elə bərk yatır ki, hər bir ağrı və sancıları da bilmərrə yaddan çıxarıyor. Bu minval ilə bir xeyli zaman yuxlayır. Hərdənbir bəzi həmiyyətməndan tapılıb bunları oyatmaq istiyor, lakin qaravulda duran laylaçılar haman şəxsi qovub onu ayılmağa qoymurlar. Zira yatanlar ayılarsa öz həqlərini alarlar, qasiblər isə rüsvay olar.

Nəhayət Rusiya inqilabı alıvlanır, bir girdar düşüb hay-huy və mərəkənin səsindən yatmış olan millətimiz yavaş-yavaş ayılmağa başlayır, ayılır, ayılır da yön tutub bir yana getmək, vəsilə tapıb bu əsarətdən qurtarmaq, xadim tapıb hadimlərin əlindən çıxmaq istiyor.

Budur müsəlman füqərası, füqərayi-kasibəsi öz qeyri-münəzzəm tətilləri ilə ürəkdən fəryad edib çağırır ki, ey millətin cavan qüvvəsi, ey hər bir cəmaətin tərəqqi və təalisinə səbəb olan millət cavanları, gəlin, siz allah gəlin, bizi əsarətdən qurtarıb rahi-səadət və səlaməti bizlərə göstərin. Qərinələr ilə uyuduğumuz xabi-cəhalət və qəflətdən oyandıq, bir daha yatmaq, bir daha düşmənlərin laylasına uymaq istəmiyoruq. Sizi and veririk insaniyyət və həqqaniyyətə ki, bizim əlimizdən tutub bizləri nicat və fəlahə yetirəsiniz!!!

Ey millət, millət deyib bar-bar bağıranlar, ey öz elm və bilikləri ilə fəxr və mübahat edən cavanlar, ey tələbəlik və studentlik faxir libası ilə müzəyyən ziyadarlar, ey cəmaət müəllimi adlanan zəvati-giramlar, ey təbən hürrriyyət və azadlıq məftunu olan millət balaları! Biçarə füqəra ürəyinin ən dərin güşəsindən gələn bu səda və fəryadı, millətimizin çox qismi olan bu füqəra və kəsəbənin yanğılı fəryadlarına guş veriniz. Giriniz bunların içinə, göstərin onlara o yolu ki, onunla mənzilə yetişə bilsinlər.

Ha vaxta kimi bətalət, ha vaxta kimi kəsalət bizlərə qalib olub, fəqət özümüzə məşğul olub öz qardaş və yoldaşlarımızı fəramuş edəcəyiz.

Bir baxın özgələrə, bir baxın ətrafınıza, bir görün qeyri millət cavamları nə qayırırlar, nə yolda iş görüyorlar. Necə gör hürriyyət və füqəra yolunda candan və başdan keçiyorlar.

Hər sahibi-vicadn, mərhəmət və şəvqətə lazım və bəlkə vacibdir ki, füqərayi-kasibənin və ümum millətin yanıqlı ürəyindən gələn bu sədaya öz ürəyində yer verib onun dərdini öz dərdi, onun əsarətini öz əsarəti bilib ona imdad əlini uzatsın, ona yol göstərib belə bir fəlakətdən qurtarmağa səy etsin!

Gəlin yoldaşlar, iştə insaniyyətə dəyər iş fəqət budir!

Rəsulzadə
“Təkamül”, № 2, 23 dekabr 1906

* hadim – uçuran, sökən