Məqalələr

BAKI, 23 DEKABR

Dövlət duması yavuqlaşır. Cəbr təəddilərin nəhayət dərəcədə şiddət və hiddət etdiyi bir zamanda hər yerdə seçkilərə hazırlaşırdı.

İndi hər bir mücahid və mərdin, hər bir firqə və heyətin ümdə əlləşdiyi, çalışdığı seçki meydanında faiq gəlmək, tərəfi-müqabili məğlub etmək, öz üzvlərini bacardıqca Dumada çoxlu əyləşdirmək arzusudur.

Indi külli Rusiyada seçkiyə çalışan, öz işini meydandan aparmağa əlləşən iki böyük üz-üzə durmuş tərəflər vardır. Onlardan əvvəlincisi həqiqi hürriyyət tərəfdarı olub, insaniyyət, həqqaniyyət, füqəra və züəfa tərəfdarı olub, məmləkəti bir girdabi-həlakətə döndərən bürokratiya və üsuli-istibdadiyyə və keyfəmayəşa düşmən olanlar, o biri tərəf isə “həqiqi rus” və “17 oktyabr” firqələri kimi köhnəpərəst olan bədəndişə pis fikirlilərdən ibarətdir ki, Rusiyanı azadlıq və səadətə hələ qabil bilməyib bir az da onu zənciri-əsarətdə saxlamaq tərəfdarlarıdırlar.

Seçki meydanında mübarizə edib qurşaq tutan pəhləvanlar çox-çoxdur. Lakin hamısının cəmliyində fəvqdə deyildiyi kimi iki böyük firqə əmələ gəlir: biri sol hürriyyət və azadlıq və hökümətin cəmaət əlinə keçməsi tərəfdarı olanlar, digəri sağ bürokrat və istibdad “şəfqətinə” alışıb, ondan ayrılmayanlar.

Bu iki firqə (iki firqə, - deyiriz, çünki ümdə bu ikisidir) meydandadır. Çalışır, şirin qurşaq tutur. Cümlə əsli əsası qırılıb lərzəyə düşən biçarə ölkənin qəzavü qədəri də bu qurşaq tutmanın nəticəsinə bağlıdır.

Indi baxalım bu mübarizəyə hökümət necə baxır, bu çalışmalarda bitərəfdirmi?.. işdə məsələ.

Zatən hökümət bu mübarizədə bitərəf ola bilməz. Zira ki, bu mübarizənin nəticəsi onun dirilik və ölülük məsələsidir. Hərgah elpərəstlər qalib olub şahpərəstləri və istibdadistləri bassalar, onda hökümət basıldı, istibdadın surəti-mücəssəmi olan bürokrat maşınası sındı – deməkdir. Yox, əgər xudanəkərdə, hürriyyətpərəstlər, elçilər basılıb məğlub olsalar, onda üsuli-keyfəmayəşa – “hər nə istər – elər” idarəsi tazədən bərqərar olub, hökmfərma olacaq və bürokratizma maşınası sazlanıb yenə zülm, cəbr, vəhşət, dəhşət, fəlakət və səfalət məyaları məmləkəti doldurub ədalət və müsavat bilmərrə məhv və nabud olacaqdır.

Tufan və mərəkəyə uğraşan hökümət gəmisi müvəqqəti də olsa, özünə sahili-nicat, nicati-kənari tapacaqdır.

Iştə bu mülahizələrdəndir ki, hökümət hər bir vəsilə və yol ilə olsa da hürriyyəti, azadlığı basmaq istiyor və bunun üçün qırğınlara “qara üz”lərə və cəmi xuliqan firqələrinə meydan və vüsət verməklə bərabər cümlə sol firqələri, hətta ən miyanə hesaba gələn “kadetləri” də təqib edir, onlara aşkara öz qəsd və əramlarını cəmaətə bildirmək, seçki ictimaları qurmaq, azadanə mübarizə etmək yollarını bağlıyor. Bu bağlamaq ilə də kifayət etməyib sürgün, nəfy cəza dəstələri, əsgəri mühafizə və qeyri-qeyri cəhənnəm əzabları təşkil edir. Hər cür və hər qism olsa da gələcək Dövlət dumasını “sağ” vəhşilərlə doldurmaq, Tavriçeski sarayı qaranlıq əfkarı ilə kəsifləşdirmək istiyor.

Hökümət Dumanı həm ədədcə, həm də xasiyyətcə öz tərəfdarı etmək üçün müdam hiylə və tədbir qurmaqdadır. Odur ki, hökümət tərəfdarlığına müstəid bir ünsürü olmayan Qafqaz seçkiləri təxirə salınır.

Keçən dəfə Qafqazdan gedən vəkillərin çoxusu ziddi-hökümət görülüb, bu dəfə ona bir çarə axtarılır.

Nəhayət, seçkini gecikdirmək, təxirə salmaq masalasi “zirək” kabinənin başına gəlir. Hökümətə zidd olan Qafqaz vəkilləri belə bir binagüzarlıq ucundan Dövlət dümasının ən öş görən, ən çalışan vaxtında hələ yerlərindən tərpənməyəcəklər. Dumada isə həm hökümət zidlərinin sayı azalacaq, həm də Qafqaz vəkilləri kimi mühib “düşmənlər”dən boş olacaq. Budur hökümətin o hiyləli fikri ki, bacardıqca Dumanı həmi ədədcə və həmi xasiyyətcə öz adamlarından mütəşəkkil eləmək istiyor.

Indi ey azadlığını sevən, ey hökümət cəbr və təəddisinə dübarədən mübtəla olmaq istəməyənlər, ey Rusiyanın anarxiya halından cana gəlib bir rahi-səadət arayanlar, iki yoldan birini qəbul edin: ya sol tərəfə gedib gözlədiyiniz hürriyyət və azadlığa, səadət və rəfahətə çıxınız.

Yainki istibdad və zülmə alışdığınızdan ondan ayrıla bilməyib sağ tərəfə yollanınız ki, ölkəni, cəmaəti tazədən zəncirə çəkəsiniz. İxtiyar sizindir: istərsiniz sola gedib səadətə çıxın, istərsiniz sağa yollanıb zəlalətə varın.

Məhəmməd Əmin
“Təkamül”, № 2, 23 dekabr 1906