Məqalələr

MİLLİYYƏT MƏSƏLƏSİ

Rusiya məmləkətində hökm sürən istibdadın ən qədim və köhnə olan üsullarından biri budur ki, istibdad (yəni bir nəfərin, yaxud bir dəstənin keyfi istədiyi kimi edilən idarə) özünə tabe olan millətləri bir-birilə yağılaşdırıb və tutuşdurub və bununla müxtəlif millətlər arasında ziddiyyət və düşmənçilik salıyordu, hökümət tamam qərinə özünü öz təhti hökümətində olan millətləri bəzi-bəzi xüsusi qanunlar verməklə və özünün nökərləri – qulluqçuları vasitəsilə və bəzi öz millətini, qövmini hər bir irz və namusunu satan “rəislər”in köməyi ilə cümlə Rusiya təbəəsi millətləri: müsəlmanları, erməniləri, gürcüləri, polyakları və qeyrilərini təqib edib sıxırdı.

Bir taqım xüsusi üsul üzrə verilən qanunların bərəkətindən padşahlığa tabe millətlərin cümlə ruhani həyatları və mədəniyyətləri, yəni dilləri, ədəbiyyatları, fünun və maarifləri həlakət və məhv olmağa üz tutmtşdu. Haman bu məqsəd ilə də iki, millətlərin bir-birinə ziddiyyətini artırsın. Höküməti-mütləqə, yəni istibdad höküməti, polisənin köməyi ilə qətl və qarətlər düzəldib cəmaətin əclaflarını Cənubi Rusiyada yəhudilərin, Qafqazda müsəlman və ermənilərin üstünə qalxızdı. Hökümət bu siyasəti ilə istiyordu ki, həmin bu üsul ilə çomaq və qorxu idarəsinin üzərinə cəmaət qəlbində olan nifrət və narazılığı yadlarından çıxarıb, məxluqi bir-birlərinə məşğul edərək özü asancasına tamam millətlərin üstündə sual və cavabsız hökm sürsün.

Hökümətin qəsdi öz milliyyət dairəsində belədir. Lakin bu məsələyə hər bir siyasi firqə özünə məxsus nəzər ilə baxıyor. Onlardan məsələn, “xalis rus firqəsi” diyor ki: “Rusiya ruslarındır, qeyriləri nə iki var – ortodokslara (pravoslavlara) tabe olmalıdırlar.

Məktəblərdə, hökümət divanxanalarında, məhkəmələrdə və qeyri ictimai dairələrdə ancaq rus dili gərək işlənsin, tamam ibadəhgahlar gərək rus ortodoksa müti olsun və hərgiz, hər bir surətdə olsa da “basurmanlara”, yadlara heç bir milli müsaidələr, məsələn: ana dilində məktəb açmaq, cəmiyyəti-xeyriyyələr, güşadi və qəzetlər nəşrinə izn verilməsin, özgə millətlər hər bir padşahlıq qulluqdan, böyük qulluqlardan məhrum edilsin. Və bunların hamısından bu fərqinin məqsədi odur ki, bacardıqca Rusiya dairəsində olan millətləri ruslaşdırıb, bacardıqca Rusiyanı qeyri məzhəblərdən paklandırsın.

“Kadet” firqəsi bu məsələyə geniş bir nəzər ilə baxıb deyir ki, “Rusiyada sakin olan hamı millətlərə ayrı-ayrı imtiyazlar verilməlidir”.

Ən sol firqələr cümləsindən ictimaiyyun-amiyyun (sosial-demokratiya) hal-hazırda mıvcud olan bir millətin o biri millətə olan hökmranlığında haman sərmayə binasının səmərəsini görür, necə ki, bir sinfin o biri sinfə ağa olub onun xəhmətindən nəfbərdar olmasında vardır. Bir millətin o biri millətin üstündə ağalığını və birinin o birinə olan tabeliyini yerli-dibli puç etmək ancaq bu sərmayə əsasını uçurub, zatən nifaq və müsavatsızlıq deyil, ittihad, ittifaq, müsavat və qardaşlıq əsası üzrə bina olunan, ictimaiyyət əsasını quranda olar – deyib əlavə edir ki, “həmin bu zamanda, yəni sərmayədarlıq əsası durduğu halda ictimaiyyun-amiyyun təzyiqi-milliyyə, yəni millətlərin zülm və cəbr altında qalması qarşısına şıddətli cihad ediyor. İndiki Rusiyada millət təzyiqini rəf etməkdən ötrü höküməti-istibdadiyyəyənin kökünü bilmərrə aradan götürüb el hökümətilə bərabər elə müəssisələr icad etməlidir ki, hər millətin həyati-huhaniyyəsinə azadlıq ilə tərəqqi etmək yollarını təmin eləsin”.

Bu da əvvəl və biləvvəl milləti təzyiq və yox etmək niyyəti ilə olmuş olsa da, verilən qanunların götürülməsindən sonra cümlə Rusiya məmləkətində olan millətlərin öz dillərini hər bir ümumi və xüsusi dairələrdə, məsələn, sudlarda, divanxanalarda, upravalarda, kontorlarda işlətmək imkanından və həmçinin öz uşaqlarını ana dilində oxutdurmaqdan və cümlə vətəndaşlara bilatəfriq millət hər bir qulluq xidmətlərə mümanəətsiz girməkdən ibarətdir. Budur o əsaslar ki, onun üstündə sosial-demokratiya milliyyəti gözləyir.

Ictimaiyyun-amiyyun düşmənləri bu firqəni ləkələyərək deyirlər ki, güya ictimaiyyət əfkarı milliyyəti bilmələrə götürüb millətlərin mədəniyyət, ədəbiyyat və dillərinə əsla qədr vermiyor.

Düşmənlər qoy belə desinlər, itməli həyaları yoxdur. Yuxarıda şərh verilən məramnaməni görmək istəmiyorlar. Doğrudur, sosial-demokratlar milliyyətə düşməndir. Lakin həqiqi milliyyətə deyil, kavıçkaya keçirilən “milliyyət”ə əksdir ki, bu da ancaq milliyyət maskası ilə (niqabı ilə) örtülmüş cibpərəstlikdən ibarətdir ki, millət sözünü hiyləgər sərmayədarlar əllərində aləti-kəsb ruzi eləmişlər. Sosial-demokratiya külli millətlərin özü üçün tərəqqi edib mədəniyyətləşməsinə zidd deyildir. Onların zidd olduğu o “millət”dir ki, özgə millətləri məhv və müzməhlil* etçmək istiyor.

M.Ə.Rəsulzadə
“Təkamül”, № 1, 16 dekabr 1906

* müzməhlil – tədricən aradan çıxarma