Məqalələr

“ŞEYTAN” İŞİNİN NƏTİCƏSİ

İki millətin ağaları və rəisləri, burjua kirvələr, bəylər və xanların arasında olan rəqabəti-iqtisadiyyə ilə hazırlanmış bir zəmində hökümət dəsti-qəddaranəsilə edilən erməni müsəlman hadiseyi-facianəsi lillahülhəmd* intihayə üz qoymaqdadır.

Hər iki millətin ümumi arasında sülhpərəstlər artıb, millət xainlərinin, iki cəmaətin çəkişməsində, dalaşıb vuruşmasında öz səadət və rifahını düzəldən müftin və fəsadçıların arzu və istədiklərinin xilafi olaraq, hər iki tərəf də atəş və qılıncdan əl çəkib vəsaiti mədəniyyəyə əl atanlar və həmişə cidal və qitalın düşməni olub, ittihadi-beynəlmiləllə, yəni millətlər dostlaşmasına çalışanların səsi ucalıb özünə müstəid bir meydan hazırlamaqdadır.

Indi hər bir türk və erməni keçmiş qara günləri yadına salıb, o əqilsizlik, o vəhşaniyyət, o düşmənin hiyləsinə allanıb, öz əli ilə özünə quyu qazdığı mələnətli, nifrətli dövrü ürək yanğısı, cigər suzişi ilə yad etməkdədir.

Əlbəttə, hər bir vicdan sahibi, hər o kəs ki, onun qəlbində bir zərrə qədəri olsun rəhm və mürüvvət var, həmin bu mərəkeyi-vəhşət əfzaniyyətcəsi olan aclıqları fəlakət və səfalətləri görüb riqqətə gəlməyə bilməz. Keçmiş o qara günləri mələnət ilə yad edib onun yaradıcısından intiqam və qisas almaq qəsdi-həmiyyətməndanəsinə düşməyə bilməz.

Heç bir insan oğlu insan, heç bir bəşəriyyət hissi ilə hissilənən zat, nə qədər daş ürəkli olsa da, nə qədər cəfa və məşəqqətlərə davam etməyə qabil olsa da, evləri tarmar olub, var yoxları atəşə yaxılıb biməskəni-məva qalan, dərbədər düşüb kəmali-səfalət, rəzalət və zilləti ilə saillikdə ömr keçirən, dünənki sahibli övrətlər, ata lütfünə öyrənmiş məsum balaları görüb, onların əhvali-pürməlallarına qan ağlamaya bilməz.

Iştə “şeytan” əlilə yapılan erməni-müsəlman müqatiləsi, necə ki, gözləmək olardı, bizə bir böyük səfalət, tükənməz fəlakət, yaddan çıxarılmayan rəzalət və həlakət yetirməkdədir.

Budur Qarabaş dağılmış, Zəngəzur talan olunmuş, yüzlərcə erməni və müsəlman kəndləri yəğmaya getmiş, əkinəcəkləri əkməyə nə vaxt olub, nə də yerə səpməyə dən tapılmış. Minlərlə binəvalar çöllərdə qalıb “acından öldük, soyuqdan qırıldıq, ey insanlar bizə imdad!” – deyə fəryadlarını asimana bülənd ediyorlar.

Hələ indi qışın şiddəti gəlməmiş, bu biçarələrin, yetim-yesirlərin ədusi qışın canalıcı soyuqlarında nə tövr ruzigar keçirəcəkləri bir ləhzə nəzərə alınarsa nə mənzərə görüləcəyi şərhə gələsi, qələmlə vəcf və tərif ediləsi iş deyil.

Əhalinin hamıdan artıq, indi bu saatda un və çörəyə möhtac olduğu vazehatdandır. Zira ki, yuxarıda zikr olunduğu kimi çox yerlər əkilməmiş qalıb və bundan naşi taxıl hüsulu az olmuşdur. Və əlavə bər in qəddar və xain mülkədarlar cəmaətin belə ehtiyaclı və fəlakətli halından istifadə etmək niyyəti ilə hübubatı anbarlara vurub baha qiymətlərlə satıb əhalini soymaq xəyali-cinayətkəranəsinə düşmüşlər. Amma bu biçarə cəmaəti, bu öz sadəligindən naşi dostu ilə düşmənini tanımayan cəmaəti, böylə həlakətli bir işə salan ağalar, bəylər, xozeyi və kirvələr isti otaqlarda nazlı balışlara söykənib keyf ilə istirahət etmədə, ətrafda cərəyan edən fəqir və füqəradan xəbər tutmayıb da dövran sürməkdədirlər.

Hökümət isə, öz işinə məşğul olub burasına heç diqqət belə etmiyor. Nə üçün də eləsin. Onun azmı dərdi, azmı cövri, azmı işi vardır?!

Hər bir aclara, yalavaclara o kömək etməli olsa, bəs bu hərbi məhkəmələri, cəza dəstələrini kim tərtib etsin? Və bir də hökümətə “asiləri sakit etmək məsələsi”, hər bir şeydən əvvəl, hər bir şeydən müqəddəm gərəkdir. Hökümət xarici məmləkətlərdən hədələrə aldanaraq pul borc edib qarabağlılaramı xərc eləsin – anlamamışdı. Bir zamanda ki, əsl “məmləkət düşmənləri” sağ-salamat dura – hökümət gəlib belə cuziyyata baş qatacaqmı?

Budur “şeytan” işinin nəticəsi! Budur “millətçiliyin” səmərəsi, budur müxtəlif maskalar altında gizlənən firqələrin zalimanə qəti-rəhmanə işləri!

Ey vətəndaşlar, ey sevgili qardaşlar, ey vətən məhəbbətilə ürəkləri dolu olan qafqazlılar! Bu bəlalar, bu fəlakətlər yalxu bir müsəlmanların, yalxu bir ermənilərin bədbəxtliyi deyil. Bu bəla, bu bədbəxtlik cümlə Qafqazın, külli qafqazlıların bədbəxtliyidir.

Müsəlman milləti, həmçinin də erməni milləti bu bədbəxtliyə, bu fəlakətə və səfalətə giriftar olmayıblar məgər Qafqaz yolunda. Bunlar məgər haman cümlə Rusiya külli Qafqazı, hamı Rusiya və qafqazlıları bilafərq millət və məzhəb təhti-istibdad və xəsarətdə saxlayan idareyi-mütləqiyyənin indiham və məhv olması üçün qalxacaq bir inqilabın qabağını saxlamaq üçün qurulan hiylə və fəsadlar qurbanları deyilmidir?!

Vətəndaşlar, ey Qafqaz övladları, ey qəlblərində insaniyyətə məhəbbət və şəfqət olanlar! Bu fəlakət, səfalətləri görüb də çox da ah-uf etmək, göz qorası sıxmaq yalxu izhari-təəssüf etməklə o biçarələrə mənəvi bir təskinlik olursa da, maddi ehtiyac bu təskinliyə hərgiz yol vermir. Belə bir zamanda yalxu ah-uf etməklə bir kar aşmaz, maddi kömək lazımdır. Pəs vətəndaşlar, səmimi və mənəvi olan ehsasatınızı bildirmək, öz hissiyati müivinətkaranənizi zavallı flakətzədələrə göstərmək və onların sağ və salamat bu qışdan çıxmalarını nəzərə alıb qüvvənizdən gələn ianəni müzayiqə etməyiniz!! Göstəriniz ki, siz insanları bilafərq millət və məzhəb sevməyə, hər bir kəsi fəqət insan olduğu üçün şəfqət və məhəbbətə layiq bilirsiniz!! Bildirin ki, iki qədim qonşuları biri-birilə vuruşduran dəni “millətçilik” və bundan istifadə edən daha dəni olan “şeytan” varsa da, sizdə də insanlıq məhəbbəti, insaf və mürüvvət şəfqəti hənuz itib batmayıbdır!!!

Vətəndaşlar, yalxu bir ianə vermək, nəzərimcə, bəs deyildir. Belə bir məqamda hökümətin borcudur ki, əhaliyə kömək edib onun dadına şatsın. Hökümət fəqət bundan ötrüdür ki, cəmaətə dar gündə kömək edib onu hər bir xətalardan mühafizə etsin.

Lakin bizim hökümətimizdən bu vaxtadək cəmaətə nisbət bir kömək, bir ianə görünməyib və gözlənmir. Gərək biz cəmaət, biz Qafqaz cəmaəti, vətənimizin səadət və gələcəyini nəzərə alıb, hökümətdən istəyək ki, fəlakətzədələrə töycünü bağışlamaqla onlara əkmək üçün dən verməklə, ucuz qiymət ilə məişət ləvazimatı satmaqla və ümumi işlər açmaqla kömək etsin!!

Istəyin vətəndaşlar, hökümətin borcudur ki, bu tələbləri yerinə yetirsin!!.

Məlum olduğu üzrə ermənilər çoxdan, müsəlmanlara bu günlərdə zikr etdiyimiz bu aclara kömək etmək niyyəti ilə ianə komitələri təşkil edib işləməkdədirlər. Budur qış yaxınlaşır. Erməni vətəndaşlarımız bir qədər olsa da buğda flan cəmləmişlər, müsəlmanlar isə hələ indi təftişə çıxmıçlar.

Tələsmılidir ki, bacardıqca bu binəvalara tezliklə əlac edib ac ölümdən onları və bu aclıqdan baş verə biləcək qism-qism məsra azarlardan cümlə Qafqazı saxlayasınız.

Haydı qardaşlar, himmət ediniz, hər kəs qüvvəsi qədərincə ianə etməkdən çəkinməsin!!

Məhəmməd Əmin
“Təkamül”, № 1, 16 dekabr 1906

* lillahülhəmd – Allaha şükr