Məqalələr

İRANA DAİR

İRANDA BOMBA

Keçən nömrəmizdə Kirmanşahda bir müklkədara atılan bədə 30 ədəd 7-si hazır olmaq üzrə tutulmuş bombaların rəvayətini qareini-giram oxudular.

Zənnimcə hər bir qareyə bu xəbər təsir etməlidir. Təsir kimə nə tövr olacaqdır. Kimdə nə hissiyyat oyandıracaqdır. Kimi şad edib, kimi qəmlərə salacaqdır? – bunlar müxtəlif suallar olub cavabı bir dərəcəyədək hamıya məlum ola gərəkdir.

Lakin hər kəs olursa-olsun, hər fikr və əqidə yiyəsi olursa-olsun, “İranda bomba” sözünü eşitcəgin – milli ibarə ilə deyəlim – xorullayacaqdır.

Həqiqətən də özünü mülkədara qolu bağlı bilən İran kəndçisi o yerəcən dərrakə məqamına çatıbma ki özünü zindəganlıq üsrət*[1] və hərəcindən*[2] qurtarmaq üçün bombaya təvəssül*[3] etsin!!!

Hərgah verilən bu xəbər doğru isə İranın Yaponiya olmasına bir an şəkk qalamaz!

İran – demək istiyoram ki, öküz öldürüb (el istilahı) bu axır illərdə aludə olduğu xabi-qəflət sayəsində kəsb etdiyi “bətalət” namini dəyişdirmək istiyor, bunu isbat etmək üçün də kifayət edər dərəcədə həqiqətlər var. Bu həqiqətlər nə qədər çox isə də ən başlıcası bu bomba məsələsidir.

Ey ziştbin! Nə dodağını büzürsən, nə yenə haləti-m.yusanədə durub inanmaq istəmiyorsan!? Olmaya ingilis konsulxanəsinə sığışmanı, İranın üləmmalarının və cəmaətinin təşəbbüsati-qeyrətməndanəsini ingilis intriqası, cəmaət yoxsulluğu, çörək davası hesab edən kimi, bu bombanı da intriqa hesab edən kimi, bu bombanı da intriqa hesab edəcəksən, olmaya yenə də iranlıların həqiqətən də hürriyyət şeydası olmalarına şəkk yetirəcəksən?!

Biz də bu şəkkdə vardıq, bizdə heç bir vəchlə tiryək və bəngə aludə olub dünya və mafihadan xəbəri olmayan hökümətin cümlə cəbr və zülmlərinə, xanların nizamsız hərəkətlərinə, mollaların müftəxorluqlarına, fərraşların həyəsızlığına, vəzirlərin xayini-millət və dövlət olmalarına, İran bürokratiyasının cəmaət başında açan hər bir qurt oyununa samit, sakit olub da heç bir etiraz belə etməmələrini görüb, İran cəmaətindən hürriyyət tələb etmək, azadlıq yolunda çalışmaq ümidini kəsmişdik. Biz də sizin kimi iranlılar öz hüquqlarını bilmiyorlar dəyirdik, lakin İranda vüqü bulan hərəkətlər, insani hər şəkk və şübhədən çıxaran həqiqətlər bir daha bu şəkkə mövqe, bu ümidsizliyə məhəl qoymuyor. Boynuna kəfən salıb al qanına bulaşmış qoca bir seyidi millət mücahidi on mindən ziyadə bir cəmi-şəfirin surati-nümayişkaranədə siyasi bir işdən ötrü ingilis konsul-xanəsinə mütəhəssin olmalarını, vəliəhdi-səltənəni cəbrən öz əmrini fəsx etməyə məcbur edən inqilabşıları, İran inqilabının atası olan Rusiya inqilabına bənzədən bu bombaları görübdə, yenə də “İranda hürriyyətçi yoxdur, fəqət aclar vardır” – demək nəhayətdə xətadır, daha doğrusu İran mücahidlərinin heysiyyatlarına təcavüz etməkdir. Və bir də “Fəqət aclar vardır” – sözü məntiqsiz bir fikr, əsilsiz bir nəzərdir. Hansı bir məmləkətin inqilabıdır ki, o iqtisada bağlı olmasın? Bəli iranlılar aşdırlar. Bunu heç kəs dana bilməz, lakin həmin aclığı rəf edəcək hürriyyət istəməyə bu aclıq sədd olurmu, bərəks bu aclıq cəmaəti düşündürməyə vadar etməzmi? Bu aclıqdan qurtarmaq üçün hürriyyətçi olmaq lazım deyilmi? Əgər lazım isə bəs hansı məntiq üzrə iranlıların hürriyyətçi olmalarına şəkk edilir?!

Yox cənab ziştbin, İranda edilən bu təşəbbusat hamısı hərəkati-hürriyyətpərvəranədən nəşət edən təşəbbüslərdir. Haman hərəkati- hürriyyətpərvəranə ki, Rusiya inqilabi əzəminin təhti-tərbiyə və təsirindən ki, yalxu bir İran deyil, küll Asiya, bəlkə də cümlə aləmə sirayət edib, tamam dünyanı mütəhərrik etmişdir!

Haydı İran, haydı iranlılar, yeriyiniz, güc ilə aldığınız hürriyyətlər uğrunda canlar qoyub müvazib olunuz ki, hiyləkarlar onu osmanlı qanun əsası və Rusiya Duması ilə dübarə əlinizdən müvəqqəti də olsa almasınlar!

Məhəmməd Əmin
“İrşad”, № 272, 26 noyabr 1906

*[1] üsrət - sıxıntı

*[2] hərəc – çətinlik, korluq

*[3] təvəssül – yaxın olma, əlatma