Məqalələr

DƏHŞƏTLİ MƏBƏR*[1]

Bizim indiki əhvalımız Rusiyanın bu günkü anarxiya halına düşməsi, hər kəsin başlı-başına qalması, hakim və məmurların üsuli-keyfəmayəşaüləri, qaragürühların təəddi və cəbrləri, hürriyyətpərvərlərin gahi nüsrət tapıb, gahi də məğlub olmamaları, fəhlə və kəndçi hərəkətləri, 8 saət iş günü istəyi, yer və ixtiyar tələbi, iqtisadi və siyasi tətillər, bomba və güllələrin partıltısı, hər yanda, hər tərəfdə icra edilən həbs və nefylər, edam cəzası, qırğınlar, təcavüzlər, qəzetlərin, mətbəələrin bağlanması və qeyri-zalik*[2] nədir? Bu nə ruzigardır ki, aləm matəm geyib, hamısı qan ağlıyor? Bu nə dövrandır ki, külli-aləm dəhşət və vəhşət edib, yovmi məhşər kimi hər kəs vanəfsa*[3] diyor? Bu nə zəmanədir ki, insanlar biri-birinin qayğısına qalmayıb, hərə öz başının həşirindədir? Nədir, nə olub, dünyanın axırıdır, yoxsa nədir?

Bugünkü əhvalı bilmək, hal-hazırda güzəranı öyrənməkmi istiyorsan?

İstiyorsanmı biləsən ki, bu nə yer, bu nə yoldur? Xahiş ediyorsanmı ki, rəsm etdiyimiz bu şəklin nədən ibarət olduğunu biləsən?..

Bu bir yoldur ki, bunu cəmi miləli-qərbiyyə getmişlər və yerdə qalan millətlər də gedəcəklər. Bu bir keçiddir ki, tarix hamısını buradan sürüb keçirdəcəkdir. Bu bir dəhşətli yoldur ki, xahi-nə xahi*[4] hər kəs buradan keçməyə məcburdur. Bu bir məbərdir ki, istibdad dağlarından axan bulanlıq zülm sellərindən tərkib tapmış dəhşətli bir nəhr içində ittifaq düşmüşdür.

Rusiya milləti istibdad və təəddi dəştindən bürokratiya təbir edilən dağlıq və daşlıqlardan kəmali-səy və təlaş ilə Fon Plevə, Trepov və bu kimi səffakların*[5], çinovnik və amir deyilən əlaltılarının zülm və təcavüzləri təhtində əzilə, qırıla, sürünüb qabaqda görünən rəfahət və asayiş düzəngahına, hürriyyət və səadət çəməngahına şitab*[6] ediyor idi. Hər bir qafilənin bir müqəddəmətül-ceyşi, pişahəngi oluyor. Bu hürriyyət qafələsində sərxeyri ictimaiyyət olub, füqərayi-kasibənin inqilabıdır. Budur, həmin qafilə qabağına çıxan hər bir mümanəti götürüb, biməhabə yeriyərək, bu müdhiş məbərə çatmış, buradan keçmək istiyor.

Bu məbər nədir? Bu hər ölkənin dövri təməddün və təkamülündə görünən təbəddül və təbiri-zəmanədir. Bu zülm və istibdad kuhsarı*[7] ilə hürriyyət və səadət cəngahının arasında düşən təamül (reaksiya) nəhridir.

Rusiya cəmaəti təyyi-mənazil edib, indi bu nəhri keçib çəmənzara çıxmaq istiyor. Məlum olduğu üzrə, bu da asan bir şey deyildir. Bu yolda fədakarlıq lazımdır. Cürət geri qayıtmaq olmaz. Bu yolu labüd və naçar keçməlidir. Bu məbəri keçdiksə insan tələfatı, mal zərəri və qeyri qəzazədəliklər olacaq. Kimini su aparacaq, kimi ayaq altında qalıb şikəst olacaq, biri-birindən yol almaq üçün mübahisə, mücadilələr də olacaq. Bəzi dun*[8] təbiətlər tapılıb sudan keçməyə mümaniət də ədəcək. Lakin bihudə... Bu tarixi bir təşəbbüsdür, heç bir şey ilə dayanmaz, geri dönməz.

İştə Rusiyanın indiki halı! Rusiya cəmaəti tamamlıq reaksiyanın müdhiş məbərindən keçmək istiyor. Odur ki, aləm biri-birinə qarışıb. Hər yandan iğtişaş, ixtilaf xəbəri gəlməkdədir.

Bu günlərdə gələn teleqramlarda oxunduğuna görə Rusiyanın hər bir tərəfi ixtilaf içində əl-ayaq vuruyor. Hər bir tərəfdə cəmaətin rifah və səadətinə düşmən olanlar, onun səadəti və hürriyyətini istəməyib, onları özlərinə əsir etmək istəyənlər cəbri tədbirlər görüyorlar ki, cəmaət yol tapıb bu məbəri o yana keçməsin. Zira ki, belə olan surətdə onlar bir dəxi öz keyfləri istədiyi kimi ömür sürə bilməzlər. Rəyasətdən düşərlər, cəmaət özü öz böyügü olar.

Buna görə cəmaətə yol göstərən və onun bəsirətini açan bir vəsilə varsa, o saət onu puç ediyorlar.

Bunun üçün görürsən gün olmuyor ki, bir cərgə qəzetə, jurnal bağlanıb, müdirlər, mühərrirlər həbs edilməsin. Həmin məqsəd ilə də Dövlət dumasını buraxdılar...

Lakin qanuni-təbiidir ki, sıxıntı nə qədər çox olsa, əvəzində müqabilə bir daha artar. Reaksiya tərəfindən göstərilən bu qədər sıxıntılar da axırda şədid bir müqabiləyə düçar olar...

M.Ə.R-zadə
“İrşad”, № 171, 21 iyul 1906

*[1] məbər – yol, keçid

*[2] qeyri-zalik - başqaları

*[3] vanəfsa – fəryad

*[4] xahi-nə xahi – istər-istəməz

*[5] səffak - zülmkar

*[6] şitab – tələsmək

*[7] kuhsar – dağlıq yer

*[8] dun - alçaq