Məqalələr

İRANDA YANVARIN DOQQUZU”

Hürriyyət işi gün-gündən ayaqlanıb, ətraf və əknafi əhatə etməkdədir. Hər yanda sədayi-hürriyyətpərvəranə ucalıb azadlıq və sərbəstlik meyli artmaqdadır. Tarixi-mədəniyytədə əvvəlinci yer ittixaz edən Rusiya inqilabi-kəbeiri bir çox işlərə hüsn təsir edib, nəticəgöstər olmaqdadır.

Illər ilə cəlayi-vətən*[1] olub, Alp və Altay dağlarında “vətən-vətən” – deyib nalə edən cavan türklər sinələri hürriyyət yolunda dağidar olub Türkiyə istibdadından vərəmlənmiş dahiyələr Rusiyanın böylə ğəyuranə*[2] hərəkətini görüb, cürətləndilər. Hümmətləri artdı. Bir az da ümidlə işə girdilər. Inşaallah müvəffəq də olarlar.

Türkiyəyə, cavan türklərə, sultan istibdadı altında çürüyənlərə ibrətnüma bir rəhbər olduğu kimi Rusiya inqilabı İranda daha böyük, daha müəzzəm bir təsirdə bulundu. Yerli-dibli xəraba qalmış bir məmləkətdə abadanlıq hissi oyandırdı. Cəmaət bir daha əmirbahadırların zülmünə tab gətirə bilməyib, ittihad və ittifaq baydağı təhtində birləşib, Rusiyaya misal olaraq İran bürokratiyasını bütün-bütünə ixtiyardan səlb edib*[3], cəmaət vükəlati istədilər. İstədilər də müsadimə və müqabiləyə, bir kəlmə, inqilab çıxarmağa məcbur oldular.

İranda inqilab bağlandı. Rusiya inqilabına nisbətən bir ayrı tonda, bir ayrı rəngdə başladısa da, eybi yox. O da İranın əhval və şəraitinə bağlıdır.

Iranın canan inqilabı öz mürəbbisi olan Rusiya inqilabına bir çox vəqəələrdə təqlid etdi.

Bu təqlidin cüziyyatından sərfi-nəzər edib, Peterburqda vaqe olan yanvar doqquzunun Tehranda vüqu bulmasından bəhs edəcəyəm: Əzizim qare! Yanvarın 9-u yadınızdan çıxmayıb?!. Minlərlə can fəda edən hürriyyət qurbanları yaddan fəramuş olarmı? Mümkündür ki, külli məşriqin və bəlkə dünyanın səadət və hürriyyəti yolunda can qurban edən bu fədailər yaddan çıxsın?.. Heyhat! Heyhat! Onları nəinki, bir tək Rusiya, hətta cümlə məşriq, cümlə aləm yadda saxlayacaqdır. Yanvarın 9-u nə idi? İstibdad ilə hürriyyətin əvvəlinci qanlı müsadiməsi idi. Rusiya inqilabının bünövrəsi, füqərayi-kasibə cihadı idi. Yanvarın 9-u, Rusiya inqilab pürvahiməsinə bir müqəddəmə-tül-ceyş idi. Hökümətin o gündə etdiyi zülmü də hürriyyəti yatırmaq üçün bir təşəbbüs, inqilabı qorxudub dayandırmaq üçün bir tədbir, tarixi saxlamaq üçün bir sədd idi. Lakin, heyhat, bu artıq cəbrlər, bu hədsiz zülmlər hürriyyəti, inqilabı tarixi saxlayacaqmı? Bərəks sıxıntı çox olduqca müqabilə çoxlaşmazmı!!?

“Xuni ərbabi-həmiyyət qərq edər zalimləri
Müştəel-əfkari-əhraranə sönməz xunilə”*[4].

İştə Rusiyaya təqlid edən İran inqilabı da bir yanvar doqquzu çıxarmış, İranda inqilabın bünövrəsini qoymuş. Həm xüsusi müxbirimiz, həm də agentə teleqramı Tehranda vüqu bular qanlı bir müsadimənin xəbərini verdilər: “Əsgərlər ilə tələbələr arasında müsadimə oldu. 12 nəfər tələbə öldü, iki nəfər də əsgər”. İştə hürriyyət qurbanları, işdə İran səadətini təmin edənlər! İran inqilabının bünövrəsinə bu 12 nəfər ali bir məscidin bünövrəsinən müqəddəs bir vücud tərəfindən təbərrük qoyulmuş bünövrə daşlarıdır. İran inqilabının müzəffər olmasına bu 12 nəfər bir qiymətli girovdurlar. Hürriyyət meydanında şəhid edilən bu 12 qurban həmişə sahibi-vicdanların gözlərində mütəsəvvir olub, onları intiqam, qisas almağa vadar edəcəkdir.

Tələbələrin bu mərdanəliyini üləmai-həqqənin, xüsusən ağayi Təbatəbai həzrətlərinin ciddiyyət üzrə səy və iqdamlarını görüb də, cümlə İranı bir atəşi-inqilabi intiqamcuyanə içində mütəsəvvir etməmək heç mümkün deyildir.

Ey hürriyyət qurbanları, ey Tehran yanvarının fədailəri, siz xəyal etməyiniz ki, İran sizi fəramuş edəcək! Xeyr, min dəfə xeyr! Gec ya tez İran sizin intiqamınızı alıb, sizin qatillərinizə şiddətli mükafat edəcəkdir. Sizin adlarınız cümlə aləmin tarixində yazılmaq ilə bərabər İran inqilabı tarixində qızıl sətirlərlə səbt ediləcəkdir!!! Siz özünüz qətl edildinizsə də, sizin ruhunuz, sizin əfkarınız hənuz diridir və heç bir vaxt da ölməyəcəkdir.

Yaşasın İran tələbələri!
Yaşasın İranda inqilab!

M.Ə.R-zadə
“İrşad”, № 159, 7 iyul 1906

*[1] cəlayi-vətən – tərki-vətən

*[2] ğəyuranə - qeyrətlə

*[3] səlb etmək – burada: salmaq

*[4] Bizcə bu beyt məşrutə inqilabı iştirakçılarından, şair Əbülhüseyn Xazinindir tərcüməsi bax: səh. 20 – Ş.H.