Məqalələr

YENƏ DƏ MÜSİBƏTMİ?!

Bu günlərdə ətrafdan gələn xəbərlər özgə idi, özgə rəngdə gəliyor. Ətrafdan gələn qara fitnə buludları üfüqü örtüb, həqiqət günəşinin pərdələməsinə səbəb oluyor. Vətəni-məlufumuzu*[1] qara günlərə qoyan, ataları oğulsuz, anaları balasız, qardaşları bacısız, bacıları qardaşsız, arvadları dul, biçarə ailələri pərəsdarsız, abadanlıqları xarab qoyan, gözəl, münbit çöllərimizi xərabazara döndərən müfəttinlər ətraf və əknafda vüqü bulan hadisati-ittifaqiyyələrdən istifadə edib, yeni sakit, rahat olmuş vətənimizin dübarə bəlayi-əzimə giriftar etmək istəyirlər.

Qan içməyi adət edən bu “şeytan” xədəmələrinə bu qədər də tökülən məsum qanlar görünür ki, kifayət etməyib, görünür ki, xəraba sevən bu bayquşlar vətəni-məlufumuzu bilmərrə xak ilə yeksan etmək istəyirlər.

Fitnəçilərin böylə bir iqazi-fitnəyə əllərində ümdə dəstavizləri İrəvan hadiseyi-müəssifəsidir. Lakin hər bir ziəql, zihuş bu hadisənin ittifaqi bir şey olduğunu qəzetlərdə verilən məlumatdan ələnin görür. əgər ki, bu barədə bizə təfsilən bir xəbər gəlməmişdir. Lakin Bakı və Tiflis qəzetlərinin aldıqları xəbərlər bir məzmunda olub, küllən hadisənin ittifaqən baş verməsini təsdiq ediyorlar.

Irəvanda vüqü bulan hadisənin çegunəliyin keçən nəmrələrimizdə yazdığımızdan başqa bir şey olmaması qeyri-qəzetələrin xəbərlərindən də anlaşılır.

Lakin fitnəçi pravokatorlar, “şeytan” xədəmələri bunları mülahizə edirlərmi?.. İşin həqiqətini axtarırlarmı? Madam ki, iş böylə oldu, fitnəçi də həqiqət axtardı. Cəmaətin səadət və asayişini mülahizə etdi. Onda dəxi nə müftinlik, nə pravokatorluq!

Əcəba, biz həmişə pravokator, müftin deyə duruyoruz. Hər bəlanın mənbəi bunlar və baisi bunlardır – deyib bir şey olan kimi, o saət “budur müftin yenə işlədi” – deyib izhari-nifrət ediyoruz. Madam ki, belə müftinlərin vətənimizdə olmasını biliriz, madam ki, hər vəqt mənbəi onlardır – deyiriz – pəs niyə bunun önünü almağa bir çarə, bir vəsilə axtarmıyoruz?!

Heyhat! Aramızda müftin olan qədər müşəvviqlərimiz yoxdurmu: İnsanları vəhşiliyə çağıranların müqabilində ünsə, ülfətə, niyyət və səlamətə, be ibərəti-üxra*[2] insanlığa çağıranlar yoxdurmu?

Vaxtdır, vaxtdır ki, bəla sellərinin qabağı alınsın! Vaxtdır ki, hər iki tərəfin sülhpərvər olan ünsürləri, fitnə və fitnəçilərin əleyhinə durub, onların nəhs olan əfkarlarının vəsinə sədd çəksinlər. O gədər ki, hər iki millət öz vəqi və heysiyyətini bilib böylə bir vəhşi ədavətə inqiraz*[3] qoysunlar! Vaxtdır ki, insanlar özlərinin insan olub, qardaşı insanın üstünə əl qalxızmağın günahi-kəbir olmasını bilsinlər! Vaxtdır ki, Rusiyanın indiki, övzaini bilib, müttəfiqən, müttəhidən, cümlə millətləri bir əndazədə, bir mizanda təhti-zülm və təzyiqdə saxlayan, kökü çürümüş istibdad hökümətinin əleyhinə durub, nailiməram olaq.

Şükürlər olsun ki, indi hər iki tərəfdə sülhpərvərlər çoxlaşıb artmaqdadır. Hər tərəfdə fitnəəngizlərin səsləri gələn kimi sülhpərəstlərin də sədaları ucalır. Şəhrimizdə çıxan “Dəvət” qəzetəsi də, hər iki tərəfin ən yaxşı ünsürləri tərəfindən nəşr olunur, bu yolda böyük xidmətlər edəcəkdir.

Biz çox inanırız ki, İrəvan müsəlmanlarının və ermənilərinin əfkari-həsənə sahibi olanları böylə vəqeyi-ittifaqiyyənin vəxim nəticələrinə öz dəvət və təşviqləri ilə sədd çəkib, bir dəxi hadisati-müəssifə*[4] üz verməsinə imkan verməzlər.

Vükəla biz ilə və cümlə Qafqaz balaları ilə bərabər səs-səsə verib, ürəkdən nida edərlər ki, batsın fitnəçilər! Yaşasın sülhçülər!

M.Ə.Rəsulzadə
“İrşad”, № 127, 31 may 1906

*[1] məluf - əziz

*[2] be ibərəti-üxra – başqa sözlə

*[3] inqiraz - son

*[4] müəssifə - təəssüf doğuran