Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

VƏZİ-HALIYYƏ*[1]

Vüzarətlər hənuz kəmalincə tərtib və nizamə düşməmişdir. Vəzirlər ancaq dərbarə gedib gəlməkdədirlər. Darüşşurayi-millinin açılması nisbətlə vəzirlərin nə kimi layihələr hazırladığını hənuz məlum deyildir. Pulsuzluq hökümət makinasını xeyli ləngidir və bəzən bir para tənaqüsata*[2] dəxi guya səbəbiyyat veriyor.

Köhnə dövrün çömçə dolandıranlarının hala əlləri qazandan rədd olub müxtəlif ünvan vəsvəsələrlə daima dərbarda olub tazə vüzəranın ətrafını dolaşıyor, süfrə töküntüsü yığmaq fikrindədirlər.

Təəccüb burasındadır ki, bunlar süfrə xırdası yığmaq üzrə təlaş etdikləri halda, bəzən oluyor ki, yağlı tikələr də tapıyorlar.

Dərbarın böylə bir halda olub dost ilə düşməninin fərqinə varmamasına qarşı əhalinin iş anlayan maarıfmənd qismi arasında narazılıq zühur etdiyindən dolayı əfkari-ümumiyyə get-gedə calibü-diqqət oluyor.

Bu halı məhəlli Tehran ruznamələri tənqid etmiyorlar. Zira, bir dərəcə məddahlığı sevər olduqlarından əlavə məsuliyyət təhtinə düşməkdən dəxi qorxurlar. “Həblülmətin”in düçar olduğu keyfiyyət mətbuata sui-təsir etmişdir.

Lakin behər hal höküməti-haliyyə öylə edə bilməzdi ki, Məhəmmədəli Mirzə idarəsi kimi əfkari-ümumiyyəni bilmərrə yaddan çıxarıb ona qiymət qoymasın. Odur ki, müsamihə ilə keçirdiyi qeydsizliyi bir dərəcə təshih etmiş kimi görünür.

Bu hal ağayi-Tağızadə cənablarının vürudindən sonra ərzi-rüxsar etməkdədir.

Aldığımız mövsuq*[3] xəbərlərə görə ağayi Tağızadə cənabları höküməti-haliyyənin nə vəzilə qurulmasına dair irad buyurduqları nitqi-müfəssəllərində haləti-haliyyəni və müşahidə olunan fövqüzzikr firqəsizliyi tənqid edərək məclisi-fövqəladə də demişdir ki:

“Əcəba nə vaxta kimi bizimbu biçarə vətən bir dəstə xainlərin mali-məxsusi olub qalacaqdır? Əcəba bu şahzadələr nə qədər talelidirlər ki, məmləkətdə hər nə tövr üsul qaim olursa bunlar ağa oluyorlar. Istibdadda bunlar, məşrutiyyətdə bunlar, babalıq da bunlar, islamiyyətdə bunlar, hər halda bunlar. Axır bir dəfəlik bunlar qurtarmalıdır. Tazə bir dövrə düşmək istəyən məmləkəti idarə üçün tazə adamlar aramalıdır. Bəsdir ki, məmləkət bir dövrə ağalara bu qədər nökər olub qaldı, artıq tazələnməlidir”.

Tağızadə cənablarının şifahi olaraq cəmaət arasında yayılmış olan əfkari-məcdanəsi olduqca alqışlanıb “bu sözlər tamamilə millətin məqasididir”*[4] – deyə təqdir və təsdiq olunur.

Qanı, canı ilə kəsbi-hürriyyət etmiş olanların məqasidi-vətənpərvəranələri Tağızadə kimi mücahidi-həqiqi tərəfindən cürətlə bəyan və ixtar edildiyindən dolayı əsərbəxş ediyor. Ətrafa göz örtən ərbabi-dərbar ayılır, hökümətdə bir həyat görünür. Böylə tənqidatın nəticəsi olaraq Eynüddövlənin Fars hökümətinə təyin olunması təbdil edilmişdir. Farsa başqası təyin olunacaqdır.

Əvət, hökümət nə qədər mütərəqqi olsa da cəmaət tənqidi lazımdır. Tənqid olmazsa məqasidi-milli ələ gəlməz, bu bir qaideyi-ümumidir.

Şahi-cavanbəxtin tərbiyəsi

Şahın hal-hazırda bir neçə mürəbbiləri vardır ki, onlardan biri rus dilinin müəllimi cənab Smirnov olub, digəri dəxi bir nəfər fransızdır. Bunlardan başqa iranlı lələsi dəxi vardır.

Əlahəzrət Əhməd şah fitrədən nümayəndə zirək və bohuş olduqlarından dolayı bu vaxtında ona layiqincə tərbiyeyi-milli verilərsə irəlidə vətən onlardan bir çox müvəffəqiyyətlərə nail, yoxsa fəsadi-əxlaq ilə böyüyər isə zəhəmati təsəvvür oluna bilər.

İştə zati-hümayunlarını tərbiyə etmək üzrə məşrutəçilər ciddi fikirlərdə bulunurlar. Bu xüsusda ittixaz ediləcək tədabirin layihəsi böylədir ki, rus müəllimi Smirnovun kontraktına görə altı il bundan sonraki haqqını verib, onu şagirdindən üzülüşdürsünlər. Və bilümum əlahəzrət hümayunu xarici mürəbbilərindən xilas edib İranın zübdə*[5] üləmai-baəxlaqına tapşırsınlar ki, onlar bu növnihal*[6] baği-məşrutiyyəti əxlaqi-həmideyi*[7]-milliyyə ilə müttəssif eyləsinlər.

M.Əmin
“Tərəqqi”, № 177, 9 avqust 1909

*[1] vəzi-haliyyə - hazırkı vəziyyət

*[2] tənaqüs - əksilmə, azalma

*[3] mövsuq – mötəbər

*[4] məqasid – məqsədlər

*[5] zübdə - seçilmiş hissə

*[6] növnihal - cavan

*[7] həmidə - bəyənilmiş