Məqalələr

TEHRAN VƏQAYEİ*[1]

(müxabiri-məxsusimizdən)

VANEKDƏ BİR İXTİŞAŞ

Tehranın şimal tərəfində rus səfarəti vaqe olan Zərkəndənin yaxınlığında Təbriz dəvəçilərindən (ki, Mirhaşım və Eynüddövlə ilə bərabər gəlmişlərdir) mümqanlılardan mürəkkəb bir dəstə ədədləri üç yüzə çatan istibdad qoşunlarından vardırlar ki, bunlar üç gün irəli yağı olmuş o yaxınlıqda olan Vanek adlı bir erməni kəndə tökülmüşlərdir. Kənd əhalisi məqami-müdafiəyə gəlib o vaxt bir dəstə kazak dəxi kəndlilərin himayəsinə çatmış bunlar ilə atışmışlar.

Haman saət şəhərə xəbər gəlib mücahidlər və bəxtiyarilərdən külliyyətli qədər bir güc göndərilib yağıları mühasirəyə almış və əvvəlcə səfarət tərəfi tutulmuşdur ki, bunlar qaçıb bəstə girə bilməsinlər. Sübh vaxtı bunlar artıq ərsəni*[2] özlərinə təng görüb pərakəndə olmuş və qaçıb şah Əbdüləzim tərəfinə keçmişlərdir. Lakin buradakı kəndlərin birində bunlar tamamən mühasirə olunub təslimə məcbur edilmişlərdir. Güman ediyorlar ki, bunlar səfarətdə ki, bəstnişinlər*[3] tərəfindən təhrik edilmişlərdir.

Məhəmmədəli peşiman olmuş

Üç gün bundan irəli Məhəmmədəli Mirzə dəvəti-məxsusə ilə Eynüddövlə, Nirüddövlə və müvəqqətən parlaman yerini dolandıran məclisi-fövqəladə əzasından Seyid Nəzərüllah cənablarını xüsusi söhbət etmək üzrə yanına istəmişdir.

Bunlar dəxi məhəllindən izn hasil edəndən sonra Zərkəndəyə gedib sabiq şah ilə mülaqatda bulunmuşlar.

Sabiq şah bunları qəbul edərək kamali-həsrətlə demiş ki: “Sizə zəhmət verdiyimdən məqsəd, mənim xahiş və təvəqqimi millətə yetirməkdir. İki ildir ki, arada müftinlər işləyib məmləkəti müstəhsil etdikləri kimi məni də bu halə gətirdilər. Mən dəfaət ilə istəmişəm ki, öz canıma qəsd edəm, amma yenə də bu fikirdən saqınmışam. Hala ki, iş bu dərəcəyə yetibdir, mən xahiş ediyorum ki, sabiq şah haliyyə şahın atası olduğuna nəzər edilmiyorsa da bir nəfər müfrədatı-millətdən olmaq üzrə mənə imkan versinlər ki, İranın güşələrindən birində qalıb da ömrümü tamam edim”.

Məduvvin sabiq şahdan müftinin barəsində dediyi mülahizədən ötrü izahat istəyib “bəyan ediniz ki, fitnə hansı tərəfdən olmuşdur” – dedikdə Məhəmmədəli Mirzə “hər iki tərəfdən” – deyə cavab vermişdir.

Məlum olur ki, Məhəmmədəli Mirzənin bu xahişi məqbul düşməmişdir. Zira bunun səmimiyyətinə artıq kimsə inanmıyor. Iranda qalmasını nə surətlə olursa-olsun kimsə təcviz*[4] etmiyor. Höküməti aliyənin fikrinci, Məhəmmədəli Mirzə İranda qalarsa məmləkətin asayışını təmin etmək müşküldür.

İştə təvəqqeyi-acizanə qəbul edilməmişdir. Bərəks yeni bir heyət seçilib göndərilmiş ki, rus və ingilis səfarətləri ilə şahın tezliklə getmək tərtibatını mühəyya*[5] etsinlər.

Poçtu vurdular

Qəzvindən gələn poçtu şosse yolunda saxlayıb üç min tümən qran*[6] aparmışlardır. Qarətkarları tapmaqdan ötrü tədabiri-ciddiyyə ittixaz*[7] olunmuşdur.

Bəstdəkilər

Iran höküməti rus səfarətinə müraciət edib şah və ailəsindən başqa orada təhəssün*[8] etmiş olanları dövlət xaini və müqəssirləri olduqları üçün çühakimə olunmaqdan ötrü verilmələrini istəmişlər. Bu xüsusda Peterburq ilə müxabirə olunmaqdadır.

“Həblülmətin”in tövqifi*[9]

Vüzarəti-maarifdən sadir olan fərman mövcibi ilə hər gün nəşr olunan “Həblülmətin” ruznaməsini 6-cı nömrəsi zəbt olunub qəzetənin nəşri saxlatdırılıb, müdiri dəxi 48 saət həbsdə saxlandıqdan sonra azad edilmişdir.

Biçarə mühərririn bütün təqsiri haman səhvən yazdığı bir mətləb olmuşdur ki, orasını eyni ilə dərc ediyoruz:

“... Və inək həzaro sisəd saləstki, nəjadi İrani mixahəd poşte xudra öz ziri-barisəngin xürafati-anan (yəni ərəbhayi-susimarxar) xali nümayəd...”*[10]

Mollalar tamamən qiyam edib bu adam şəriətə xürəfət diyor – deyə bir şuriş qalxızmış və qanuni-əsasi məcibincə bu adamın cəzalanmasını mütalibə*[11] etmişlərdir.

Hətta məclisi-fövqəladə əzalarından olan Ağayi Sədrülüləma təklif ediyorlarmış ki, Şeyx Fəzlüllah kimi bu adamı da dara çəksinlər. Fəqət məclisin cavan üzvləri böylə bir cüzi səhvdən insani dardan asmazlar, qanunən mühakimə edib cəzası nə olursa onu icra edər – deyə Sədrülüləmayə cavab vermişlərdir.

Əslən seçkilərdən və edamlardan münzəcir*[12] olan axundlar istəmişlər ki, burada bir bəhanə çıxarıb intiqamlarını qəzetəçıdən alsınlar.

Iştə bunların böylə bir iqdamatlarının qabağını almaq və fəsadlarını yatırtmaq üçün hökümət dəxi ruznamə barəsində böylə bir iqdam etmişdir.

Nəzərimizcə böylə bir fəsad müqabilində qanunu ötüb də fövqəladə tədabir görmək deyil, kamali-etidali*[13]-dəm*[14] ilə haman qanunu icra etməli idi. Yəni haman altıncı nömrəni tovqif etməli, qəzetənin intişarını saxlamamalı və müdiri də mühakiməyə dəvət etməli və mühakiməsiz, hərgiz tovqif etməməli idi. Zira bu adam cani deyil, xayin deyil, fəqət olsa-olsa əqidəsi başqa sadə bir mühərirdir. Və bir də hər bir cüzi nümayiş ilə hökümət dəst paçə olur isə əhəmiyyətini itirər.

Əmiri müfəxxəm

Hökümət tərəfdarı olan bəxtiyarilərin rəisi Əmiri-Müfəxxəm iyulun 20-sində bir neçə nəfər öz adamları ilə bərabər şəhərə gəlib hökümətə təslim olmuşlardır. Məzkur öz adamları ilə bərabər çıxıb vətənlərinə gediyorlar.

Orada bir fəsad çıxartmaqları zənn olunmaq üçün girov olmaq surətilə Tehranda qalıyor.

Qəzvindəki rus əsgərləri

Hal-hazırda Qəzvində iki minə yaxın rus qoşunu mövcud olub, bunların 10 ədə topları və 2 ədəd pulyemyotları vardır.

Neçə gün bundan irəli soldatlardan iki nəfəri qaçıb ordudan yox olmuşlar.

Rus konsulu hökümətə müraciət edib tələb ediyor ki, 2 günə kimi bu soldatları tapıb orduya versinlər.

Yoxsa konsul cənabları qoşuna izn verəcəkdir ki, bütün Qəzvinin evlərini bir-bir axtardıb qaçmış, gizlənmiş olan soldatları tapsın.

Parlaman vəkilliyinə namizədlər

Ağayi Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah Mirzə, Muxtarüddövlə, DoktorVəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün Mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri.

Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir.

Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər.

Tehran, 21 iyul
M.Əmin
“Tərəqqi”, № 174, 5 avqust 1909

*[1] vəqaye – vaqiələr

*[2] ərsə - meydan

*[3] bəstnişin- pənah gətirənlər

*[4] təcviz – mümkün, hesab etmə

*[5] mühəyya – hazırlığı görülmüş

*[6] qran – İranda pul vahidi

*[7] ittixaz – qəbul etmə

*[8] təhəssün – qala, istehkam içinə çəkilmə

*[9] tövqif – həbsə alınma, qadağan

*[10] hazırda min üç yüz ildir ki, İran mücahidləri öz bellərini onların (kərtənkələ yeyən ərəblərin) xürufatlarını ağır yükü altından azad etmək istəyirlər

*[11] mütalibə - tələb

*[12] münzəcir – iyrənən, nifrət bəsləyən

*[13] etidal – bir bərabərdə olma

*[14] dəm - söhbət