Məqalələr

İRAN MƏKTUBLARI

(xüsusi müxabirimizdən)

İNDİKİ VƏ GƏLƏCƏK MƏQSƏDLƏR

İran inqilabının əvvəlcə məqsədi qəsb olunmuş qanun əsasını almaq hətk*[1] edilmiş hörməti-milliyyəsini saxlamaq, qətl edilmiş vükəlan-həqiqisinin intiqamını almaq biibareyi-uxra*[2] Məhəmmədəli Mirzə ilə hesablaşmaq ikən axırda başqa daha bir müşkül, daha bir mühüm məsələyə düçar oldu ki, o da istiqlali-məmləkəti-xarici rəqiblərə qarşı mühafizə etmək idi.

Baxdılar ki, Tehran alınıb Məhəmmədəli Mirzə ilə lazım mühasibat olunmaz isə məmləkətin istiqlalı məhv oluyor, gediyor.

Iştə iranlıların getməkdə olan abrulərini geri qaytarıb bir nam tarixi verən Tehran inqilabi-əxirəsi müzəffəranə bir surətdə icra olundu.

Bu inqilab iki böyük qüvvətli ruh ilə ruhlanıyor: biri məmləkəti qanuni bir ölkə edib əsil məşrituyyət yoluna salmaq, digəri isə xarici təxti-nüfuzundan çıxıb istiqlali-mülkü-milləti bilmərrə təmin etmək.

Bu məqsədlərini icra etmək üçün inqilabçıların təşkil etdikləri höküməti-hazirə fəaliyyət göstərməkdədir.

Təxirsiz olaraq axır vaxtda hazırlanmış qanun intixabatı Təbrizdən göstərilən təshihat ilə düzəldib, ətraf vilayətə göndərib, tezliklə intixab olunmasına əmr olunmuşdur.

Paytaxtın özündə dəxi elani-məxsus ilə seçkilərə hazırlanmaq ixtar olunub bu yolda hər qism təshilata iqdam olunmuşdur.

Intixablarda bu qədər təcil etməkdən məqsəd parlamanın tezliklə yığılmasıdır. Zira parlamani-Rəşteyi-höküməti yığışdırmaq müşkül olduğunu cəmaət gücü ilə səri-hökümətə gəlmiş olanlar yaxşı anlıyorlar.

Parlaman iftitahi məsələsindən keçəndən sonra höküməti-milliyyəni hər şeydən çox düşündürən rus qoşunları ilə Məhəmmədəli Mirzənin məmləkətdən çıxmasıdır.

Madam ki, rus qoşunları məmləkətdə durmaqdadırlar sər idarədə olanlar istiqlali-məmləkətdən əmin deyildirlər. Bunları tezliklə məmləkətdən çıxartmaq üçün dəxi vilayətlərin əmni-asayişi-kamilə təhtinə keçməkdən savayı başqa çarə bilmiyorlar.

Əmni-asayişi müxill*[3] olan şəraitdən birisi də Məhəmmədəli Mirzənin Tehranda qalmasıdır.

Burada dəvairi inqilabın fikrincə Məhəmmədəli Mirzə İranda qalarsa daima onun başında bir mərkəzi-irtica bəhəmə*[4] gələcək və həmişə də hökümətin fikrini, diqqətini cəlb edəcək. Bir çox artıq-əskik danışıqlara və bica hərəkətlərə səbəb olacaqdır. Yaxşısa budur ki, çıxıb getsin, məmləkəti rahət qoysun. Bu xüsusda hal-hazırda rus səfarəti ilə hökümət arasında ciddi söhbətlər vardır.

Vilayətlərdən əmniyyətsiz olan Ərdəbil təslim olunub Rəşidülmülk dəxi rəisi-tacidari olan sabiq şah Məhəmmədəli Mirzəyə təqlid edərək qaçıb rus konsulxanasında təhəssün etmişdir.

Zəncani təhti-qaidə və əmanə gətirmək üçün dəxi Tehrandan qüvveyi-lazimə göndərilmişdir.

Hökümətin ən əvvəlinci fikri haman əmniyyəti, asayişi təmin etmək və tezlik ilə parlamanı açmaqdır.

Iştə millətin xahişi ilə sahibi-taxt tac olmuş 12 yaşlı şahənşahi-cavanbəxt Əhməd şah həzrətləri dəxi vəziri-daxilə ilə vəziri-cəng naminə verdiyi fərmanında bilatəxir məmləkəti əmni-asayişə gətirmək və parlamanını tezlik ilə açılması yolunda lazımeyi-iqdamatda bulanmağı təkidən*[5] əmr ediyorlar.

Xülasə binayi-istibdadi məhv və nabüd etmək üzrə külüng işlədən qəhrəmanlar hiss ediyorlar ki, daha uçurtmaq, dağıtmaq dövrü keçdi, indi isə daha müşkül bir dövr açılmışdır ki, o da təmir və ümran*[6] dövrüdür.

Bu vaxtadək təxrib olunurdu. İndi isə təmir gərək. Məlumdur ki, tikmək, sökmək deyildir, qiyas edilməz dərəcədə müşküldür.

Bir imarəti sökmək üçün artıq bir ustadlıq və məharət istəməz, amma haman sökülmüş imarəti təmir üçün təcrübədidə bənnalar, sənəti anlayan xarratlar lazımdır.

Iştə üsuli-istibdad və mütləqiyyəti yıxmış, tökmüş olan mücahidlər özlərinin məharətsiz bənna və təcrübəsiz xarrat olduqlarını iqrar ilə İranı Avropa surətli adminstratsiyon şəklinə salıb idarəli bir dövlət etmək üçün Avropa bitərəf dövlətlərindən vüzəratlarda işləmək üzrə birər mücərrəb*[7] müavinlər və müstəşarlar cəlb etmək fikrindədirlər.

Bundan keçəndən sonra məmləkəti saxlayan qoşun ilə məktəblər olduğunu hiss etmiş olan əhrar əvvəlinci məramnamələrində qüvveyi-qəhriyyə ilə qüvveyi-mənəviyyəni artırmaq doğrudan da bir qüvveyi-mötəna-bihi*[8] şəklinə qoymaq istiyorlar.

Vüzərati-cəngidə böylə bir fikir oyanmışdır ki, Bəxtiyar elini fövc Əhmədiyyə namilə rus kazakları prinsipi ilə ilaraq münəzzəm bir ordu surətinə salsınlar.

Maarıf nəzarəti dəxi pulsuz ibtidai məktəbləri xüsusunda parlamanını əvvəlinci iclaslarında təqdim etmək üzrə layihə hazırlamaqdadır.

Bu iqdamatı əmələ gətirmək üçün bədihidir*[9] ki, himmət olduğundan sonra əvvəlinci dərəcə olaraq pul lazımdır.

Iştə bu xüsusda nəqdiyyə vüzarətinin fikri nə olduğu məlumumuz deyildir.

Parlaman açıldıqdan sonra dövlətin verdikləri vədə üzərinə borc pul buraxacaqları müsəlləmdir*[10]. Amma bu pul ilə dərdə çarə olacaqdırmı?

Nəqdiyyə vəziri daxili-məmləkətdə nə yol ilə pul yığa biləcəyini bilmiyoram. Lakin bu qədər vardır ki, maliyyatı yığmaq üzrə tədabiri-lazımə görülmüşdür.

Bütün ətraf əyalət əncümənlərinə və hökümətlərinə yazılmış ki, tezliklə vergi yığılıb xəzineyi-mərkəziyyəyə verilsin.

Tazə cavanlaşmış qoca İrana iqdamati-təcəddüdkarisində müvəffəqiyyətlər dilər, arzu edəriz ki, aüvvədə olan fövqüzzikr məqasid tezliklə feliyyətə gəlsin.

Tehran, 17 iyul
M.Əmin
“Tərəqqi”, № 170, 30 iyul 1909

*[1] hətk – rüsvayçılıq, yırtma

*[2] biibareyi-uxra – başqa sözlə

*[3] müxill – xələl gətirən

*[4] bəhəm – toplanmaq, əmələ gətirmə

*[5] təkid – qəti

*[6] ümran - abadlıq

*[7] mücərrəb – təcrübəli

*[8] qüvveyi-mötəna-bihi – qayğı göstərən

*[9] bədihi - aydın

*[10]  müsəlləm – şübhəsiz