Məqalələr

YENİ QƏZETƏ

İstibdadın üfüqü əhatə edən dağları arxasından hürriyyət şəfəqi görükdükcə qəzetlər, jurnallar da çoxlaşmağa başlayır. İnqilab buludlarından səpilən hüriyyət yağmurları göbələk yağışına misal olaraq, bir çox qəzetlərin birdən-birə meydana gəlməsinə səbəb oldu. ədəbiyyatımız, maarifimiz bollaşmağa başladı.

Iştə göbələklər cümləsində olub da bu gün idarəmizə “Vətən xadimi”nin əvvəlinci nəmrəsi gəldi.

Qəzetə Krımda “cismi var, ismi yox” “Quvasu” əsəbəsində nəşr olunur. Müdiri-məsulu Rəşid Mehdiyev, sahibi-imtiyazı Seyidəhməd Çələbi əfəndi həzrətləridir. Qəzetədə oxucularımıza asari-qələmiyyəsilə tanış olan ədibi-şəhir Həsən Səbri cənabları da iştirak ediyorlar.

Qəzetənin məsləki-hürriyyətpərvərlikdir. Əvvəlinci nəmrəsi “Yaşasın hürriyyət”, “Yaşasın millət-məclisi!” sözlərilə təzyin edilmişdir. Və heyəti-təhririyyə tərəfindən yazılmış bənddə qəzetənin rastguluğuna işarə olaraq deyilibdir ki, “yazacağımız əhval, qareinə ərz edəcəyimiz vüquat, nə qədər əlim*[1] və nə dərəcə həzin olsa da olduğu kimi bəyan ediləcəkdir. Yaxşı – “ikuminasiya”, qiyami-dügün, xəyanəti-kəramət, qarğanı-bülbül, viranəni-gülüstan... deyə təsvir etməyəcəyiz. Doğruya – doğru, əyriyə - əyri demək “Vətən xadimi”nin borcu olduğu kimi aləmi-islamiyyətdə cərəyan edən əhval və vəqayedə zaman, məkanın müsaidəsinə görə acı-acı tənqid etmək məsləkimiz müqtəziyyatındadır”.

Qəzetənin dilinə gəldikdə Rusiyada sakin türk əqvamının çox hissəsi qanacaq bir ləhcə ilə yazılmışdır. Şiyveyi-təhririyyəsi də “İrşad” və “Həyat”ın şiyvələrinə qəribdir*[2].

Tazə rəfiqimiz “Vətən xadimi”ni təbrik edib, qələm arqadaşlarımızın başladıqları təşəbbüslərində müvəffəq olmalarını səmimi qəlbdən arzu ediyoruz.

M.Ə.Rəsulzadə
“İrşad”, № 108, 9 may 1906

*[1] əlim - ağrıdıcı

*[2] qərib - yaxın