Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

TEHRANIN MÜHAFİZƏSİ

Tehran üsuli-idareyi-əsgəriyyədədir. Şəhərin mühafizəsi xüsusində komisyoni-cəngə və nizamiyyəyə fövqəladə ixtiyarlar verilmişdir.

Bu ixtiyarlar o dərəcə fövqdür ki, komisyoni-cəng elan etdiyi bir elamnaməsində diyor ki, heç kəsin komisyoni cəng şöbəsi ünvanı ilə və ya politik və dövlət işlərinin məhəlli-müzakirəsi adı ilə əncümən və ya cəmiyyət açmağa ixtiyarı yoxdur. Hər yerdə böylə bir əncümən və ya cəmiyyət təşkil verilərsə o mərkəz bilmərrə münhədim və xarab və müəssisləri dəstgir olunub iqab olunacaqlar.

Edam olunanlar dəxi komisyoni-cəng mühakiməsi ilə edam olunurlar.

Şəhərin qarovul mühafizəsi fədailərinin öhdəsindədir. Gilan mücahidləri, Bəxtiyar atlıları dəstə-dəstə olaraq gecələr və gündüzlər şəhəri gəzib əmniyyəti gözləyirlər.

Bunlarla bərabər paytəxtin əmniyyətini təmin etməkdə jandarma heyəti dəxi işləməkdədir.

Nəzmiyyə rəyasəti mücahidin sarayından erməni Beprimə tapşırılmışdır. Bu adam inqilab vaxtında rəşadəti üzrə şöhrət tapmış bir daşnaksakandır.

Mücahidindən tərtib verilmiş polis filvaqe*[1] paytəxti nəhayət dərəcə bir əmniyyət və sakitlik ilə saxlamağa müvəffəq olmuşdur. Öylə ki, Qəzvindəki mehmanların Tehrana gəlmələrinə bir zərrə bəhanə qalmamışdır.

Mücahidlərin və məşrutəpərəst olan Bəxtiyar atlılarının ibraz etdikləri cavanmərdlik hər kəsi heyrətə gətiriyor. Bunlardan bir nəfər şikayətçi tapılmaz. Bunlar filvaqe özlərini əhrar çalışırlar ki, yeni üsuli-idarəni eybləndirəcək bir hərəkətdə bulunmamaları ilə özgələrə timsali-ibrət olsunlar. Müvəffəq oluyorlar.

Nə ali fikr!

Əllərində silah olanlardan baisi-səlbi*[2] əmniyyət olanlar Lyaxov kazakları, şah tərəfdarı olan Sərdari-müfəxxəm*[3] əlində olan Bəxtiyar atlıları və bir dəstə dəxi silahxurilərdir.

Hamıdan çox şuluqluq edən axırıncılardır ki, şəhərdən kənar Şümranat tərəflərində ordu salıb yoldan keçən fəqir-füqərayə, kəndistan əhalisinə əziyyət veriyor, soyurlar.

Bunların tədibi uğrunda lazımeyi-tədabir ittixaz olunmuş, təxlileyi silah etmələri üçün iqdamat olunmuşdur.

Əvvəlcə silahlarını verəcək olmadıqlarını israrən bildirmiş olan silahxurilər, indi boyunduruq altına gəlib təslim olunurlar.

Öz vətənləri olan İraqa gediyorlar.

Sərdari-müfəxxəm atlıları olan bəxtiyarilər isə Şümranat cümləsindən olan Niyavərannam bir baği-dövlətidə ordu salıb əhaliyə əziyyət etməkdədirlər.

Bunların yanına əvvəlcə nəsihət etmək üzrə bir heyət göndərilmiş, tapşırılmışdır ki, biirzəlik etməsinlər.

Səhih ediyorlar ki, təhdid edilmiş olan bu bəxtiyarilar bu günlərdə Niyavəranı təxliyə edib öz vətənlərinə mütəfərriq olacaqlar.

Üsuli-hərb və mübarizədən çox piyanlıq və bədməstliyə öyrədilmiş olan Lyaxov qırmızı puş*[4] kazakları isə şəhərdə məst olub laübali işlər etmələri ilə əhaliyə xeyli əziyyət verdiklərindən əlavə bəzi fitnəəngiz təşəbbüsatda bulunurlar.

Bir neçə kazakı küçədə məst olduqlarıhalda məşrutiyyət ünvanına bəd demələrindən naşi nəzmiyyə həbs etmişdir.

İki gün irəli dəxi polisə nəfəratı ilə bərabər olan jandarma görürlər ki, bir dəstə lyaxovçular məhlələrin birində bədməstliyə məşğuldular.

Jandarma gedər də bunları tərbiyət üzrə dolanmağa dəvət edər. Bunlar qulaq asmaz, jandarmı söyərlər. Jandarm bunların şərrini dəf etmək üzrə tutub nəzmiyyəyə gətirmək istər. Kazaklar müdafiədə bulunub onlardan biri jandarma tərəf atəş açar. Açılan atəş ilə biçarə jandarm düşüb təslimi-ruh edər. Əhvali bu surətlə görən digər kazaklar məbadə mücahidlər onlara qisas etməsinlər xəyalilə tüfənglərini hazırlayıb divar daldasında səngərbəndlik edərlər.

Böylə halda başqa iş görməyib bacardıqca kazaklara olunan rəftarlarında fitnəyə yol vermədiklərinə rəislərindən dəstürüləməl almış olan mücahidlər isə bunlarla artıq əlbəyaxa olmuyub mavəqəə halı nəzmiyyə rəisinə bildiriyorlar. Məzkur Lyaxova rəsmi kağız yazıb bəyan edər ki, o öz kazaklarının halından müvazib olub rəftarlarını təhti nizamə alsın, yoxsa mücahidlərə ixtiyar verəcəkdir ki, bu kimi hallarda öz heysiyyətlərini saxlamaq üzrə lazımeyi-tədabirdə bulunsunlar. Jandarmı öldürmüş olan kazak tutulub təhti mühakiməyə verilmişdir.

Bu günlərdə şəhərin mühafizəsi bir az daha qüvvətlənmişdir. Şəhəri mühafizə etməkdə olan polisə nəfəratını üzərinə 4 yüz nəfər daha əlavə edilmişdir ki, bunların vəzifəsi dəstə-dəstə olaraq şəhəri axşam səhərə kimi gəzib qarovul çəkməkdir.

Jandarma qətli vəqəəsindən bəri axşamlar kazakxana dövrəsində olan səngərlərə mücahid qarovul qoyulub keşik çəkməkdədir.

Kazaklar Lyaxov idarəsindən alınıb başqa bir idareyə verilməyincə, onların milli bir qüvveyi-qəhriyyə olmasına inanmaq haman Eynüddövlənin məşrutəpərəstliyinə inanmaq kimi bir anlaşılmaz səfsətədir.

Dər hər surət bu günkü əmniyyəti-Tehraniyyə tərifdən müstəğnidir*[5].

M.Əmin
“Tərəqqi”, № 167, 27 iyul 1909

*[1] filvaqe – həqiqətən, olduğu kimi

*[2] səlb – dar ağacından asma

*[3] müfəxxəm – fəxr edilən

*[4] puş - geyinmiş

*[5] müstəğni – ehtiyacı olmayan