Məqalələr

İRAN MƏKTUBLARI

(müxabiri-məxsusimizdən)

Vürudi*[1]-mövkibi*[2]-məsud*[3]

Məhəmmədəli Mirzə oğlu Əhməd Mirzənin Əhməd şah olduğu elan, elamnameyi-dövlətidən sonra, ikinci bir elani-dövləti ilə padşahi-cavanbəxtin rəcəbin 2-sində qürubə 4 saət qalmış Səltənətabaddan şəhərə varid olub sabah ayın 3-də axşama 3 saət qalmış mərasimi-səlam icra olunacaqdır.

Və üç gün tamam şəhər çıraqban olacaqdır.

Rəcəbin 3-sində vaxti-mövudda*[4] Səltənətabaddan dərvazada mücahid fövcləri*[5], İran suvariləri səfi-nizam şəkib durmuşlardı.

Mürtəza Quluxan Bəxtiyari, Əmidüssultan və Mirzə Əli xanın təhti məmuriyyətində olaraq mücahidlərdən və Bəxtiyar atlılarından mütəşəkkil 5 yüz atlıdan mütəşəkkil Səltənətabada getmiş olan heyətin şahicavanbəxt Əhməd şahın mövkibi-məsudlarını gözləyirlərdi.

Burada qoşun və fədailərdən savayı bir çox əhali dəxi təcəmmö*[6] edib cavan şahlarını gözləyirlərdi.

Sifətlərdə bir asari-bəşşaşət*[7] idi ki, görünürdü, qəlblərdə bir asari-fərəh idi ki, hiss olunurdu.

Bir az keçmədi ki, şahın karetası nümayan oldu. Karetanı əlvan geyinmiş bəzəkli şatirlər*[8] çiyinlərində gümüşbaşlı çomaqlar olduğu halda əhatə edib gəliyor, qəribə mənzərə təşkil ediyor.

İrəlicə bir neçə atlı mücahidlər yol açıb dalınca mövkibi-şahanə gəliyorlardı.

Mütəəddid*[9] atlar qoşulmuş olan şah karetini dalınca mücahid fövclər gəliyorlar, böyük bir şan və cəlal ilə cavan şahı təşyi*[10] ediyorlar.

Mən darvaza yanında durmuşam mövkibi-hümayun çatıyor, kalyaskeyi-şahənşahi qabağımdan keçiyor. Içində 12 yaşında gözəl bir uşaq oturmuş. Bu İranın əvvəlinci padşahıdır ki, məsumdur, ali*[11]-Qacardan olsa da məsumdur. Bəlkə daima təzyiqdə bulunmuşdur. Zira Məhəmmədəli Mirzə kimi bir atanın ailəsində dirilik etmək, fəqət təzyiqdə bulunmaqdır.

Mən əl çalıyoram, təbrik ediyoram. Cəmaət yekdəhən olaraq hilalı görmüş kimi səlavat çevirirlər.

Mövkibi-hümayun keçiyor, iştə məşrutiyyət gediyor, məsum məşrutiyyət.

Mövkibi-hümayun şəhər küçələrindən keçdikcə tamaşaçı olan əhali təbrik və təhniyyətgu*[12] olaraq mövkib keçən caddələrə*[13] təsəvvürə gəlməz bir basırıq təşkil ediyordular. Ətrafdan hey gül idi ki, şahın kareti üzərinə atılır, şah alqışlanır idi.

Mövkibi-hümayun darülxilafə qapısına çatdıqda artıq cəmaət əlindən keçməyə yol yox idi. Nəzmiyyələr mövkibə yol açmağa məcbur idilər. Kareta üzük qaşı kimi aralığa alınmış idi.

“Zindəbad*[14] məşrutə!”, “Zindəbad Əhməd şah!”, “Mürdəbad istibdad!” nərələri asimana bülənd olmuş idi.

Nəhayət təkəssür*[15] etmiş olan əhali bərkənar edilib mövkibi-hümayuna yol açıldı, kareta darülxilafə qapısına çəkilib, zati-əqdəsi*[16]-hümayunu iclali*[17]-nüzul*[18] buyurub daxil oluyor.

Bir çox əhali isə dərbardan*[19] getmək istəməyib dayanmış, şahlarını özləri təyin etmiş cavan və məsum şahlarını bir daha görmək istiyorlardı.

Bu anda salam topları atılmağa başladı. 101 dəfə atılan top Əhməd şahın vürudini evlərdə qalmış olan əhaliyə dəxi bildirdi.

Bu ceşndə nə Lyaxov və nə də onun kazakları hazır deyil idilər.

Bunlara qəsdən izn verməmişlər ki, surəti yaxşı düşməz. Əhali deməsin şahı kazaklar gətirib təxtə oturtdular.

Əvvəlinci səlami-hümayun

Rəcəbin 3-ndə axşama 3 saət qalmış məclisi-səlam açılmış idi.

Baği-gülüstanda, otaği-billurda pəncərə qabağında cəvahirat ilə mürəssə*[20] bir kürsü üstündə məsumuyyətlə müzəyyən millət təyinkərdəsi Əhməd şah Qacar başında taci-nimi-rəsmi olan külahi-cıqqadar olaraq oturmuşlar.

Ətrafında heyəti-vüzəralar durub məclis tamamdır.

Bağ əhali ilə doludur. Şah özləri müxtəlif bir nitqi-səlam buyurub, ondan sonra Naibüssəltənə qoca Qacar Əzəddüdövlə vəziri-cəngi-Sipəhdar birər nitqlər dedilər.

Şahi-cavanbəxt müxtəsərən söylədikləri nitqlərində buyurdular ki:

“Mən ümid edirəm ki, mənim tərbiyəm millətimin istədiyi kimi olub, mən eyləyə biləm ki, öz əziz cəmaətim ilə ki, mənim fərzəndlərimdir, məhəbbət və dostluq ilə dolanam”.

Fədailərdən bir nəfərin söylədiyi nitq daha müəssir*[21] idi.

Nitqlərdən sonra icrayi-səlam başlanıb dəstə-dəstə fədailər, fövc-fövc qoşunlar pişgahi-həzrəti-əqdəsi-hümayunidən keçib şaha təqdim olundular. Təqdim olunanlar cümləsində Lyaxovun özü və kazakları dəxi var idi.

Bədə müsiqiyi-marşı-milli çalaraq əhali “Zindəbad Əhməd şah!”, “Payəndəbad-İran, bərqərarbad məşrutə, nistbad istibdad” – deyə sədalarını asimanə qalxızdılar. Bu səsələri təqib edən səlam topları məclisin xitamını xəbər verib, şah təzimən çəkilib içəri otaqların birinə getdilər. Məclisi-səlam qurtardı. Əhali mütəfərriq oldu.

Müxtəlif xəbərlər

Rəsmi-səlamdan sonra şah həzrətləri dübarə qayıdıb gecə ilə Səltənətabada getmişlərdir.

Inqilab dəvairi*[22] Məhəmmədəli Mirzənin tezliklə İrandan çıxmasına israrları vardır. Məzkurə ayda 2 min tümən məvacib təyin etmişlərdir.

Məhəmmədəli Mirzə bir çox xüsusi adamlara borclu olduğundan qərzdar*[23] məqruzlarının*[24] düçar olduğu halətdən naşi xeyli təlaşdırlar.

Rus, ingilis səfarətləri çalışırlar ki, Məhəmmədəli Mirzəyə təyin olunan məvacibi artırsınlar.

Şayiələr dövran ediyor ki, Lyaxov Məhəmmədəli Mirzə ilə bərabər Rusiyaya gedəcəkdir.

Qanuni-intixabat bütün əyalata göndərilib Tehranda dəxi bu günlərdə müntəxibin əvvəl seçkisinə başlanması üçün dövlət tərəfindən elan verilmişdir.

Dövlət tərəfdarı olan bəxtiyarilər, sərdari müfəxxəm*[25] adamları şəhərdən kənar kəndlərdə talan ediyorlar. Onları tədib etmək üçün tədabir ittixaz olunmuşdur.

Parlamanın tezliklə yığılması, əminiyyəti-kamilə bərqərar olunması xüsusunda tədabiri-məcdanə*[26] də bulunmağı əmr edər. Şahənşah cavanbəxt tərəfindən daxiliyyə və hərbiyyə vəzirlərinə birər fərman sudur etmişdir.

Burada Jan Porsan deyə tazə təşkil olunmuş bir firqənin əvvəlinci intibahnaməsi nəşr olunmuşdur. Bu intibahnamədə Jan Porsan özünün rəayanın hüququnu mühafizə edər bir firqə olduğunu elan ilə vədə verir ki, bu yaxında məramnaməsini nəşr edib bir qəzetə dəxi versin.

Mövkibi-hümayunun şəhərə vürudları və icrayi-səlamdan naşi üç gün tamam Tehran bayram edib çırağban edildi.

Təbriz hökümətinə Müxbirüssəltənə*[27] təyin olunmuşdur ki, Məhəmmədəli Mirzə höküməti Təbrizin israrına baxmayaraq bu adamı onlara vermək istəmiyor idi.

Zəncan şuluqluğunu yatırtmaq üzrə iki yüz həfərdən ibarət bir fədai dəstəsi göndərilmişdir.

Tehran
M.Əmin
“Tərəqqi”, № 162, 21 iyul 1909

*[1] vürud – gəlmə, çatma

*[2] mövkib – müşayiətçilər dəstəsi

*[3] məsud – xoşbəxt

*[4] mövud – müəyyən edilmiş

*[5] fövclər – dəstələr

*[6] təcəmmö - toplanma

*[7] bəşşaşət - sevinc

*[8] şatir – yol açan

*[9] mütəəddid – çoxlu, müxtəlif

*[10] təşyi – müşayiət etmə

*[11] al – nəsl, sülalə

*[12] təhniyyət – mübarəkbadlıq etmə

*[13] caddə - baş küçə, böyük yol

*[14] zindəbad - yaşasın

*[15] təkəssür – çoxalma, artıb bollaşma

*[16] əqdəs - ən müqəddəs

*[17] iclal – cəlal, əzəmət

*[18] nüzul – nazil olma

*[19] dərbar – padşah sarayı

*[20] mürəssə - qiymətli daş-qaşla bəzədilmiş

*[21] müəssir – təsirli

*[22] dəvair – dairələr

*[23] qərzdar – borcu olan

*[24] məqruz – borclu, borc almış

*[25] müfəxxəm – iftixar, fəxr edilən

*[26] məcd - böyüklük

*[27] Müxbirüssəltənə - keçmiş İranda dövlət məmurlarına verilən adlardan biri