Məqalələr

TEHRAN FƏTHİNİN TƏFSİLATI

(müxabiri-məxsusimizdən)

3 min mükəmməl, müsəlləh mühafizi olan Qəzvinin səkkiz saət içində qəhrəmananə bir surətlə hücum edən mücahidlərin əlində əsiri-sərnigün olub məqhur*[1] qaldığını görən sabiq Məhəmmədəli şah Qacarın guya rus və ingilis təminatı və təhdidati-nəsayehi*[2] təhtində olaraq elan etdiyi qanuni-əsasi və vədə verdiyi intixabat əvvəlcə Qəzvini və İsfəhan inqilabçılarını dəxi böyük bir məşəqqətdən xilas olmuş olan Təbriz ilə bərabər razı salıb tərksilah etdirdi isə də bu sükut müvəqqəti oldu.

Şahın xəyanəti zühur etdi. Məlum oldu ki, rusları fövqəladə bir ixtiyarat ilə məmləkətə dəvət edib də ölkənin istiqlaliyyətinə dəsti-tətavülünü*[3] uzatmış bir dənaət*[4] etmişdir.

Elani-məşrutiyyət ilə bərabər siyaqi-istibdadan əl çəkməyib haman düşmənani-hürriyyətin müsahibə və müanisətlərindən həzziyab*[5] olan şaha, dəfaət ilə içdiyi andı, verdiyi sözü kəndi sındırdığından naşi kimsə inanmazdı.

Bu inanmamazlıq durur ikən İranın təcəddüdünə dəxi kimsə inana bilməzdi. Rus və ingilis diplomatları özləri dəxi böylə bir təcəddüdi halə inanmadıqları bir halda Avropalığa zidd bir üsul ilə tədaviyi vərəm ediyor, şişib deşilmək halətinə gəlmiş olan vərəmi neştərlənib irin-çirk axıb bilmərrə bir operasyon yapmaq əvəzində haman müdaxilati-mərhəmi ümumi cəmaət qəlbində düyünlənmiş olan, lakin büğz*[6] və ədavət İranını Məhəmmədəli Mirzənin axırıncı məşrutiyyət elan etməsi ilə yapmaq, dağıtmaq və bu sürət ilə İran yarasını sağaltmaq istiyor, daha doğrusu daima bədəni azarlı saxlamaqla özlərinin xanə doktorluq vəzifələrini məhkəmləşdirmək üzrə İrana lələlik etmək istiyorlardı.

Politikanı olduğundan daha şiddətli bir surətdə görən məşrutəçilər əvvəl kərə də böylə bir iqdamə razı olmuş kimi görünüb, hər yerdə məşrutəni qəbul etmək üzrə bəşaşət və şadlıqlar etdilərsə də biləxərə karet birdən-birə dəyişib inqilabşılar əldən getməkdə olan heysiyyəti-milliyyələrini iadə etmək üzrə Tehrana hərəkət etməyə, sözü bir yerə qoyub gilanlılar ilə isfahanlılar Tehrana hərəkət etməyə başladılar.

Təkdir*[7] olunmuş İran heysiyyati-vətənpərvəranəsi mühafizə olunmalıdır – deyə iki fövclər*[8] söz bir yerə qoyub Tehrana: “gəliyoruz” – deyə yürüş etməyə başlanıldı.

İştə vətənlərinin heysiyyətini mühafizə etməyə behəqq dara olan inqilabi-Tehraniyyənin mavəqəəni bil-ixtisar olsa da nəql etmək interessiz deyildir.

Tehranın fəthi

Qəzvindən hərəkət etmək üzrə Sipəhdar həzrətlərinin təhti komandanlarında olaraq 2 minə baliğ Gilan mücahidləri qüvvələrini üz yerə təqsim edib müxtəlif yollardan Tehranın bir mənzilliyində vaqe olan Kərc Kur pəyəsindəki briqada kazaklarına hücum etmək istəmişlər.

Kərc Ənzəli – Tehran şosse yolu üzərində düşmüş olan bir tərəfi hündür dağlar, bir tərəfi dərin çay olan möhkəm bir səngəri-təbiidir. Burada duran 4 yüz Lyaxov kazaklarının vüqudu ilə oranı almaq mücahidlərə xeyli çətin imiş.

Lakin bir gün irəlidən Kərcdən bir istasyun Qəzvin tərəfdə olan hasarın mənzilində ordu salmış olan mücahidin ilə kazak əfsərləri telefon vasitəsilə mükalimə edər, bəyan edirmişlər ki, onlar mücahidlər ilə dava etmək istəmiyorlar və əgər orduyi-milli Kərcə gələrsə onlar təxliyeyi-səngər edəcəklər, geri çəkiləcəklərdir.

Mücahidin onlara bir dəfə silahlarını töküb təslim olmağı təklif edirlərsə də, onlar bunu qəbul etməyib ancaq geri çəkiləcəklərini bildirmiş və doğrudan da millətçilərin müqəddəmətül*[9]-ceyşləri*[10]Kərcə gələcək kazaklar səngərlərini buraxıb Tehranın 25 verstliyində olan Şahabada çəkilmişlərdir. Lakin bir ruhi-təqib ilə ruhlanan mücahidlər müqədəmətül-ceyşi geri çəkilənlərdən əl çəkməyib təqibən Şahabada kimi bunların ardınca gedib orada bir zədxurda düçar olmuşlar ki, buradakı zədxurd bir karvansaranı səngər etmiş, top və pulemyota dara olan 4 yüz kazak müqabilində açıq meydanda olaraq gülləboranlığa və müdafiəyə məcbur olan 40-50 nəfər mücahid dəstəsi dura bilməyib 2 nəfər məqtul*[11] və 3-4 nəfər məcruh*[12] verərək qayıtmışlardır. Bunlar Şahabaddan geri qayıdıb sabahı günü haman Əli Şahbaz deyilən bir yerdə yığışmaqda olan qüvayi-milliyə mülhəq olunmuşlar ki, burada Qum yolu gəlmiş olan 2 min Bəxtiyar atlıları dəxi Gilan mücahidlərinə mülhəq olmuşlar idi.

Millət ordusunun qüvvəti bu surətlə təcəmmö etməkdə ikən məqsəd şose yolu ilə deyil, birahdan Tehrana girmək imiş. Lakin bunların fikrini duymuş olan Lyaxov istəyirmiş ki, ətraf kəndlərdə səpələnmiş olan kazak və başqa silahşur və digər sərbaz gücü ilə mücahidləri mübarizə etməyə məcbur edib, onları bu yol ilə bilmərrə müstəhzi*[13] etsin ki, bunların qüvayi-hərbiyyələri zəfə düçar olsun da Tehrana daxil olduqlarında döyülməkləri asan olsun.

Iştə bu surətlə də Əli Şahbaza yığılmaqla olan millət ordusunun müqabilində olaraq hökümət qüvvəsi Əhmədabad deyilən bu kəndə cəm olmaqda və oradan irəliləməkdə olan mücahidləri pişvaz etməkdə idilər.

Böylə ki, Badamın deyilən bir yerdə ki, orası böyük bir bağ olub dövrəsi hasardır, mücahidlər bağda olduqları halda hökümət ordusunun toplarına nişanə oluyor, şiddətli bir müharibə başlanır.

O günü müxtəlif yerlərdən, təpələrdən olaraq aşçılan top bombardmanına baxmayaraq mücahidlər rəşidanə bir surətlə edilən mücahimatı*[14] rədd ediyor, özlərinə atılan topları mücahid topçularının məharəti zəbun ediyor idi.

Böylə ki, Qara Təpə deyilən bir yerdən mücahidlərə atılmaqda olan topa mücahidlər tərəfindən açılan topdan sonra oradan daha top atılmamış, güllə açılmamışdır.

Millət topçuları öylə bir məharət ilə atırlarmış ki, neçə dəfə düşmənin toplarını vurub xarab etmişlərdir.

Bu aralıq hökümət qoşunu bir neçə hiyləgərliyə təvəssül*[15] etmiş və bir dərəcəyə dəkin müvəffəq olmuşlardır.

Böylə ki, qiyafətən libasən İsfəhan ordusundan seçilməyən hökümət bəxtiyariləri qırmızı beydaq alaraq böyük bir dəstə ilə məşrutəpərəstlik ünvanı ilə Gilan ordusuna yaxın gəlib birdən atəş açmış xədə etmişlərdir. Sonra haman bu hiyləni görmüş olan müsahidlər, başqa bir yerdə daha böyük bir təəssüflü vəqəəyə giriftar olmuşlar. Böylə öz bəxtiyarilərini hökümət bəxtiyarisi hesab edərək gülləyə basmış, bir neçə nəfərlərini öldürəndən sonra səhvlərini anlamışlardır. Sonra qərar etmişlər ki, bəxtiyarlılar ilə bəxtiyarilər vuruşsunlar da başqaları ilə, ələlxüsus kazaklar ilə Gilan mücahidləri müqabil olsunlar.

Bir-iki gün bu aralarda müxtəlif yerlərdə zədxurd olduqdan sonra hökümət qoşunu görür ki, millətyan Badaməki tərk edib geri Əli Şahbaza tərəf çəkilir. Onların təqibinə məşğul olduqda buraya gedənlərin cüzi bir qismi olub qismi-küllisinin birahədən olaraq Həsənabad deyilən bir kənddən ki, Şahabad ilə Əhmədəbadda duran hökümət ordügahlarının mabeynində vaqe olmuşdur, gecə ilən keçib şəhərin darvazasına özlərini yetirmiş və şəhər içindəki məşrutəçilər tərəfindən üzlərinə açılan darvazadan daxil olub kazakxana dövrəsini və topxana meydanını tutmuşlar.

Əli Şahbaz dövrəsi üzərinə getməkdə olan hökümət ordusu mücahidlərin şəhərə daxil olub kazakxana ilə müatilədə olduqlarını eşidər-eşitməz geri, şəhərə qayıtmış və bunları təqibən Əli Şahbazda olan mücahidlər dəxi şhəərə girmişlərdir*[16].

Dörd gün tamam mücahidlər ilə kazaklar və başqa hökümət sərbazları atışmışlar.

Bu günlər Tehranın ömründə olsun ki, görünməmiş günlər idi.

Topların gurultusu, bombaların partıltısı, güllələrin şaqqıltısı zəhrəçak*[17] ediyor, ürək qoparıyormuş. Pulyemotun müsəlsəl*[18] olaraq atmaqda olan gülləsinin sədası bir müdhiş şey kimi nəql ediyorlar.

Üçüncü gün mühasirədən sonra Lyaxov mücahidlərə kağız yazıb təslim olunarsa kazaklara və onun özünə təmin verilib iləriki hal və ovzaları*[19] ilə qalıb ancaq yeni hökümətə tabe olmaları şərtilə artıq müqabilə etməyib təslim olunacaqlarını bəyan etmişdir.

Mücahidlər dəxi Lyaxovun təklifini bədəlmülahizə qəbul edib təslimi qəbul etmişlər.

Kazakların bu surətlə təslim olunduqlarına baxmayaraq silahxur*[20] atlısı sakit olmaz.

Fədailərə hücum edirlər. Fəqət bu hücuma şiri qəzəbalud kimi acıqlanmış olan mücahidlər öylə dəhşətli bir atəş açıb silahxurları tirbaran*[21] etmişlərdir.

Bir meydanda 51 nəfər ancaq məqtul buraxmış pərakəndə olmuşlardır. Kazakların təslimini o axırıncı ümidi olan silahxurların şikəst aldığını xəbər alan Məhəmmədəli Mirzə artıq durmağı rəva görməyib əhli-əyalını yığıb birbaş Zərkəndə rus səfarətxanasına getmiş mütəhəssin olmuşdur. Səfarətxanaya daxil olanda mələkə hökrüm-hökrüm ağlayırmış.

əlhal səfarətxananın çox yarısı şahi-sabiq Məhəmmədəliyə məkan olmuş, işin böylə bir surət aldığını görən mücahidlər təxir etməyib o günü kabinə təşkil verib şahın böylə bir sürətlə qaçdığından dolayı bittəbi özünü təxti-taci İranidən xəl*[22] etdiyindən dolayı artıq İrana padşah olmadığını bəyan əvəzində isə Məhəmmədəli Mirzənin 12 yaşında olan oğlu vəliəhd Əhməd Mirzənin təxti-İraniyyəyə cülus etdirərək ona naibüssəltənə olmaq üzrə qacariyyənin ən piri olan Əzədüddövlə təyin etmişlər və bu xüsusi elani-məxsus ilə əhaliyə bildirmişlərdir. Bunun təfsilatı məlumdur.

Mücahidlərin Tehran fəthində göstərdikləri istedad, saxladıqları nəzmi-nizamü qaidə fiəlhəqiqə layiqi-təqdir və təhsindir. İnqilabdan qabaq bir gecə yox imiş ki, o gecə tüfəng açılmasın, bir küy-kələk qopmasın, amma indi bütün şəhər müxtəlif adamlar, mücahidlər ilə dolu olub hamısı dəst bir silah olduqları halda bir tərəfdən olsun, bir güllə olsun atılmaz, əmniyyət tamamdır.

Kimsənin malına, canına, irz*[23] və namusuna təərrüz yox, hər kəs öz kəsbkarına məşğuldur.

Tazə təşkil olunmuş heyəti-vüzəra cəmaət müntəxəbindən*[24] təyi olunmuş məclisi-fövqəladə ilə ki, əcalətən*[25] parlaman əvəzidir, bərabər olaraq bütün ümurati-höküməti idarə və icra ediyor.

Lyaxov dəxi təslimin şəraitinə görə hənuz öz qulluğunda qalıb kazaklara dəxi təxliyeyi-silah etdirilməmişlərdir.
Amma briqada qabaqkı kimi müstəqil olmuyub vəziri-cəng olan Sipəhdara tamamilə tabedir.

Tehran
M.Əmin
“Tərəqqi”, № 160, 161; 19 və 20 iyul 1909

*[1] məqhur – qəhr olmuş, əzilmiş

*[2] nəsayeh – nəsihətlər

*[3] tətavül – təcavüz

*[4] dənaət - alçaqlıq

*[5] həzziyab – xəstə

*[6] büğz – kin, ədavət

*[7] təkdir – incitmə, əziyyətvermə

*[8] fövc – camaat, dəstə, güruh

*[9] müqəddəmə - qabaq hissə

*[10] ceyş - ordu, qoşun

*[11] məqtul - öldürülmüş

*[12] məcruh - yaralı

*[13] müstəhzi – istehza edən, ələ salan

*[14] mücahim – hücum edən

*[15] təvəssül – yalvarıb-yaxarma

*[16] İştə bu yerləri layiqincə təsəvvür etmək mümkün ola bilməsi üçün bu yerlərin müxtəsər xəritəsini nəqş ediyoruz. Qeyd M.Ə.Rəsulzadənindir.

*[17] zəhrəçak - odsaçan

*[18] müsəlsəl – arasıkəsilməz

*[19] ovza – vəziyyətlər

*[20] silahxur - silahlı

*[21] tirbaran – gülləbaran

*[22] xəl – mənsəbdənkənar etmə

*[23] irz - namus

*[24] müntəxəb - seçilmiş

*[25] əcalətən – tələsik