Məqalələr

QƏRİBƏ BİR BOYKOT

(müxabiri-məxsusimizdən)

TƏBRİZDƏN

Iranin erməniləri iranlıların ən mədəni qismi hesab olunurlar. Bunlar burada Avropalı bir millət kimi yaşarlar. Bütün burada Avropalı bir millət kimi yaşarlar. Bütün ölkə məktəbsizlik bəlasına giriftar, cəhalətə düçar olduğu bir halda bu millətin özünə məxsus məktəbləri mövcud olub, hər qism ülumdan təhsil edərlər.

Iran qəribə bir təzad və dərəbəylik ölkəsi olduğundan qanun-qaidəsi yox, zülm və ədaləti bəgənilməz bir dövlət olduğundan, nədən isə ermənilər İranda kəmali-istirahət və azadlıqla yaşamışlar.

Iran istibdadından bunlar zərrəcə bir zərər görməmiş kəmali-rəfahətlə dolanmışlar.

İran xanlarının, ərbablarının, sahibi-zülm və ictihaflarının*[1] hər nə qədər dürüşkarlıqları*[2], vəhşilik və dirrəndəlikləri*[3] varsa, hamısı haman müsəlman əhalisinin başında oynadılmış, ermənilər isə bu bəlalardan daima məsun*[4] qalmış, müsəlmanlara nisbətən artıq bir imtiyaz ilə dolanmışlar.

İştə bu imtiyaz sayəsində olaraq rəfahət və səadətlərini hazırlayıb, hər yerdə cəmiyyətlərini mədəni etməyə çalışmışlar. Böylə ki, bu gün Təbrizdə hər kəs erməni cəmiyyətini görər. Onların firavan həyatlarına diqqət edər. İttifaq, ittihadlarına baxar, məktəb, kəlisa və qeyri-mədəni cəmiyyətlərini seyr edərsə, bu millətə afərin oxur, təhsin edər.

Bu gün baxıram ki, erməni dilində elamnamələr nəşr olunuyor.

Birini alıram, oxutduram. Tərcümə ediyorlar ki, erməni bağında erməni mütəəllimlərinin cəmiyyətləri nəfinə seyri-ümumi olacaqdır.

Maraqlanıyoram, gediyoram İran ermənilərinin mədəniyyətlərinə tamaşa edim, görüm İranın mütərəqqi qismi olan bu cəmiyyət nə haldadır, heç olmazsa burada asari-mədəniyyət görüm də İrana sevinim.

Bir-iki nəfər iranlı cavanlarına, əhli-maarifinə təklif ediyoram ki, bu gün erməni bağında seyri-ümumi vardır, gedəlim, seyr edəlim.

Bunlar mənə deyirlər ki, onlar məzurdurlar, gedə bilməzlər. Zira müsəlmanlar bu bağa qoyulmazlar.

Mən inanmıyoram. Zira, necə olur böylə bir şey olsun ki, ermənilərin İran müsəlmanlarından nifrat etməyə heç haqq və ixtiyarlları yoxdur.

Necə olur böylə bir fikr olsun ki, ermənilər daima İranda məhəbbətlə yaşayaraq, bunları burada kimsə incitməmiş, tamam İran xanların, ərbabların, qism-qism zalımların zülm və ictihaflarına, ğədr və cəbrlərinə məzhər olub qaldıqları bir vaxtda, ermənilərə kimsə bir təcavüz etməyib, bunlar məsud yaşamış, öz güzaranlarında olmuşlar. Həyati-ümumiyyələri fikrində olub, binnisbə*[5] bütün hürriyyətləri ilə mənfəət-bərdar olub, iqtisadən dəxi xoş rüzgarlıqda olmuş, dolanmışlar.

Necə böylə bir şey oluyor. Haman bu ermənilər, bugünkü gündə müsəlmanlar ilə əl-ələ, yan-yana olaraq hürriyyət uğrunda, vətən üstündə can veriyor, fəda oluyorlar.

Qırmızı Sultan Həmidin əsrində çəkdikləri fəlakətlərə, məzhər olduqları bəlalara Türkiyədə ermənilər belə bir şey yapmadılar, yapmamışlar. Necə oluyor mehriban İranda beləcə bir mehribansızlıqlarda bulunsunlar. Böylə bir şey olamaz. Yəqin bu bir münaqişədir. Şəxsən təhqiq etmək lazımdır.

Gediyoram. Bilet alıb bağa daxil oluram. Kimsə bir söz demiyor.

Tanış ermənilərə rast gəliyoram. Zarafatyana diyoram, təəccüb edirəm ki, məni daxil olmağa qoydular.

Bunlar xəcalət çəkərək, məhbubanə gülümsəyiqlər.

Bədən mən eşitdiyim inanılmaz xəbəri təhqir edirəm. Məlum olur ki, əsli varmış. Fəqət bəyan edirlər ki, bu bəzi əvam və dənilər ki, özlərini arvad olan cəmiyyətlərdə apara bilmiyorlar, onlardan ötəridir. Yoxsa tərbiyyət olunmuş əhli-ürfanə söz yoxdur. Çox oluyor biz öz yoldaşlarımızı bərabər gətiririk.

Böylə bir izahat verdikdən sonra tanış ermənilər məni digər erməni və erməni xanımları ilə tanış ediyorlar. Söhbət ediyorduq, gəziyorduq, dolanırdıq.

Bunlar həmin bu cəmiyyətin və bağı idarə edən komisyonun dargözlüyündən, mütəəssib millətçi olduqlarından şikayət ediyorlar. Diyorlar ki, guya erməni tacirlərinin çoxusu xuliqandır, istibdad tərəfdarıdır, millətçidir, mütəəssibdir. Cavan ermənilər onların əleyhinə mübarizə ediyorlar. Amma hənuz gücsüzdürlər, böylədirlər, öylədirlər.

O gün ta gecəyə kimi gəzib-dolanıb söhbət ediyoruq. Iranın övzai-haliyəsindən bəhs ediyoruz. Iran inqilabını tənqid edirik. Axırda biz cəmiyyət ilə bağdan çıxıb ayrılıq. Xudahafizləşir, vida ediyor, hər kəs bir tərəfə gediyoruz. Bunlar kəmali-səmimiyyətlə məni hər dəfə bağa gəlməyə dəvət ediyorlar. Yenə təşəkkür ediyoram.

Bir neçə vaxt sonra rəfiqim “Russkoye slovo” müxbiri və o cənabın banuyi-möhtərəmələri ilə bərabər erməni bağının qabağından keçırık. Atəşimizi yatırmaq üzrə bağa daxil oluruq ki, bir qədər mədəniyyat suyu içək. Gedirik balkonda bufet qabağında oturub su istəyirik. Su verirlər. Rəfiqim nədən ötrü isə durub bufetə gediyor. Mən ilə hörmətli xanım qalırıq. Söhbət ediyor. Ermənilərin hümmətli, mədəniyyətli bir millət olub, hər yerdə məhəbbət və həmiyyət ilə dolanmaqlarına, bərbad İran içində böylə abad bir bucaq rahlayıb, rahətcə dolanmalarına dair mübadileyi-əfkar edirik.

Bu vaxt bir nəfər cavan erməni mənim yanıma gəlib, iki dəqiqəliyə xahiş edirlər ki, bir mühüm söz deyəcəklərdir.

Durub bunun ardınca gediyoram. Məni bir tərəfə, cəmaətdən kənar bir ağacın dibinə çəəkib guya utana-utana bəyani fikr və etizar etməyə*[6] başlayıb, rusca olaraq diyor:

“Mən artıq dərəcə bir heyf ediyoram ki, komisiyonda rusca danışa bilən fəqət mən olduğumdan böylə bir təklif icra etmək mənim öhdəmə düşüb. Məcburən sizə bəyan etməliyəm ki, müsəlmanların bu bağa gəlməyə ixtiyarları yoxdur. Təvəqqe ediyoram ki, məni əfv buyurasınız”.

Müsəlmanı bağdan çıxartmaq üçün haman türkcə danışmaq bilən ermənilərə rusca danışmağı axtarmağa nə ehtiyac var idi, bilmiyoram. Bəlkə böylə vaxtlarda rusca danışmaq dəxi vəhşiyanə məramnamələrin bir fəsli mühümmidir?

- Bu vəhşilik, bədəvilikdir. – deyə etiraz edib belə bir cəmiyyətə də, bağa da tüpürdüm.
- Düz buyurursunuz, əfəndim. Vəhşiyanə bir qainədir. Amma mən bu qaidəni icrayə məmuram. Məndə təqsir yoxdur.

Mən əhvalı yoldaşlarıma hala edincə, onlar da tüpürüb mötərizanə*[7] bir surətdə bağı tərk eydik. Və əslində erməni məktəbinin çüəllimi olan fövqüzzikr məmur əfəndiyə dəxi bir neçə növhənad və tobixatda*[8] bulunub bağdan çıxdıq. Amma insanların bu dərəcə bir vəhşi millətçilik, dəni təəssübə, əclaf girü dara, alçaq nəmək be haramlığa qapıldıqlarına heyf etdik.

Insanın hamıdan çox əziz bəslədiyi bir pvladı tərəfindən təhqir və təkdir olunan qədim bir məmləkətə həm nifrəti, həm də heyfi gəlirdi.

Biçarə İran!

Millətçilik! İnsan – insanlar əvəzində utanıyor, xəcalət çəkiyor!

Belə bir qaidə xüsusunda bundan artıq tənqiddə bulunub, böylə bir rəftardan nə kimi şeylər törənə biləcəyini xüsuməti-mədəni qarelərin, ələlxüsus, internasyonal ermənilərin nəzərdiqqətlərinə vagüzar ediyoram. Özüm isə böylə bir təəccüblü boykotajı qəribə bir vəhşilik hesab etməkdən başqa bir şey bilmiyoram!!.

Nasyonalizmin bu dərəcəsinə çıxmaq, haman o nasyonu bərbad etməkdir.

Təbriz
M.Əmin
“Tərəqqi”, № 143, 29 iyun 1909

*[1] ictihaf – qəddarlıq

*[2] dürüşkar – kobudluq edən

*[3] dirrənlik - yırtıcılıq

*[4] məsun - toxunulmaz

*[5] binnisbə - nisbətən

*[6] etizar etməyə - üzr istəmək

*[7] mötərizanə - etirazkarcasına

*[8] tobix - danlaq