Məqalələr

İRAN İŞLƏRİ

İRAN MƏKTUBLARI

Urmiyədən möhtəşəmüssəltənə

Urmiyə, Səlmas və Xoy hakimliyinə Tehran tərəfindən təyin olunmuş Möhtəşəmüssəltənənin bu həftə içində Urmiyəyə gəlməsi gözlənir.

Məzkur Möhtəşəm sabiqdə dəxi Urmiyə hakimi idi. Bədən inqilab qopub Səidülməmalikin Urmiyədə hökümət etdikləri zaman məhbus surəti ilə Urmiyədə saxlanırmış. Axır vaxtlarda Təbrizə göndərilib, orada qalırmış ki, indi də dübarə olaraq öz məhəlli hökümətinə övdət ediyor.

Böylə bir təyinə cəmaətin nə nəzərlə baxdığını bilmək üzrə bir neçə nəfərdən sual etdikdə, məlum oldu; böylə bir intixabdan kimsənə narazı olmadığı, qeyri-artıq rizayət göstərən də yoxdur.

Zatən Urmiyə əhli laqeyd əhli-keyflərdən ibarətdir. Bunların əvvəlinci xahişləri rahət olmaq və kəmali-istirahət ilə gündüzləri tövr ilə keçirib, axşam düşən vaxt çay kənarında atbazlıq tamaşasına məşğul olub, gecələri də yatmaqdır. Və haman bu laqeydlik sayəsindədir ki, hər kəs qüvvətli olur isə, buna baş əyər, hər kəs idarə edərsə, ona idarə olunur. Böylə bir laqeydliyi dəxi haman Urmi mahalının təbiətən dövlətliliyə və bir dərəcəyədək az tamahlı hakimlərin əlində olduğu olmuşdur. Burada sabiqən hökümət edən İmamqulu Mirzədən razı olan bir avam urmiyəli öylə xəyal ediyor ki, hər hakim İmamqulu Mirzə olarda, Şahzadə idarəsindən daha gözəl bir idarə olamaz.

Rus soldatları

Artığı 8 saatlıq Urumi dəryasının yolunda tamam üç gün, üç gecə səyahət edib, küləyə məruz qaldıqdan sonra 40 nəfər rus soldatları bir nəfər əfsərləri ilə bərabər oraya varid oldular.

Soldatların təxiri-vürudlarından naşi bir-iki dəfə istiqbalə gedib, peşiman qayıdan Urmiyədəki ruslar və ruspərəstlər bu dəfə yenə bir heyət tamamilə şəhərdən bir xeyli kənara çıxıb soldatları pişvaz etdilər.

Pişvaza gedənlər rus konsulu ilə bərabər rus bankının əzaları, rus misyonerxanasının bütün keşişləri, misyonerxana məktəbində oxuyan şagirdlər, rus təbəəsi müsəlman tacirləri, şəhərin pravoslavnı olan assuriləri var idilər. Assur keşişlərindən biri əfsərə duz-çörək təqdim etmişdir. Onların vürudunu xristianlardan ötrü bir movhibeyi-asimani*[1] olaraq tələqqi etmişdir.

Şəhər kənarındakı bağların birində isə rus təbəəsi olan müsəlman tacirləri soldatların qüdumini təbrik etmək üzrə onları çay ilə qonaq etmişlər. Və bunlardan keçəndən sonra rus misyonerxanasında oxuyan məktəb uşaqları rus milli marşını yekzəban olaraq oxumuş və böylə bir surətlə şəhərə varid olmuşlar.

Şəhərə girdiklərində Urmiyə xristian əhalisi xüsusən pravoslavnı qismi müfrəzəni*[2]təbrikamiz üzlər ilə alqışlayırdı.

Pişvaz edənlərin çoxusu arvadlar idi ki, bu da Urmiyədən ötrü təbiidir.

Zira buradakı assuri cəmaətinin kişiləri kəsri kəsb etmək*[3] üzrə məmaliki əcnəbiyyəyə getdiklərindən vətənlərində ancaq arvadlar qalıyor.

Şəhərin əsil əhalisi hesab olunan yerli müsəlmanlar isə hər şeyə laqeyd baxdıqları kimi bu vürudə dəxi laqeyd idilər.

Soldatlar konsulxana heyətində yerləşib. Vəzifələri isə fəqət konsulxananı mühafizə etməymiş. Məlum oluyor ki, bu 40 nəfər soldat və bir əfsər tamam bir il məmuriyyətə*[4] gəlmişlər. Bu cəhət rusların bir il daha İranda qalmaq niyyətlərinə işarə kimi görünür.

Osmanlılar Dilmaqanda

Keçən müxabirəmizdə xəbər verdiyimiz Səidülməmalik ilə Osmanlı şahbəndəri Hamibəy arasında baş verən atışmaya əlavə olaraq xəbər veriyoruz ki, atışmanın hüdusini hazırlayıb, 4 nəfər Osmanlı əsgərini öldürüb, 3 nəfərin yaralayandan sonra şəhəri qoyub qaçmağa məcbur olduqda şəhər əhalisi əncümənə yığışıb, osmanlı şahbəndərinə kətbən*[5] verdikləri bir tərziyyət-namələrində*[6] bəyan etmişlərdir ki, baş vermiş olan vəqeyi-faciədən dolayı izhari-təəssüf edir. Vəqəəin törətmiş olan Səidülməmalikə olan narazılıqlarını bildiriyorlar.

Hal-hazırda yeni bir İran hakimi təyin olunana qədər əhalinin xahişinə müvafiq şahbəndər cənabları müvəqqəti olaraq şəhəri idarə ediyorlarmış.

Faciədən sonra qaçıb gizlənmiş olan Səidülməmalik və fədailəri xüsusunda müxtəlif rəvayət gediyorsa da, məzkurların harada olduqları məlum olmuyor.

Bir rəvayətə görə məzkur Qarabağ deyilən Dilman kəndlərinin birində, digər daha səhih bir rəvayətlə Qaradağda gizlənmiş və guya dəstəçilik fikrinə düşmüşdür.

Urmiyə
M.Əmin
“Tərəqqi”, № 136, 20 iyun 1909

*[1] movhibeyi-asimani – ilahi bəxşiş

*[2] müfrəzə - dəstə, hissə

*[3] kəsri kəsb etmək – qazanc əldə etmək

*[4] məmuriyyət – ezamiyyət

*[5] kətbən - yazılı

*[6] tərziyyətnamə - üzrxahlıq məktubu