Məqalələr

İRAN MƏKTUBLARI

YOL TƏƏSSÜRATI

TƏBRİZDƏ...

Qəhrəman Təbriz də bir il tamam mübarizə edib, axırda rus qoşunlarının cövlangahı olub, istiqlalına, istiqbalına həzin-həzin baxan, səadətini şəklər işində, gələcəyini qaranlıqlar arasında, iranlılığını təzəlzüldə*[1] görən Təbrizdə seyr edən bir səyyah eşitdiyi rəvayətlərlə müqabilə edərsə, qərib bir müvazinə görünür.

Toplar gurultusu şaqqıltısı altında qalıb Rəhimxanın vəhşi atlıları, Səməd xanın hücumları, Eynüddövlənin qəddaranə hiylələrinə müqabilə edən Təbriz hər qism məşəqqətlərə, hər növ əziyyətlərə dözüb rəşidanə bir surətdə daxilidüşmənin mühacimatinə qarşı müdafiədə bulunur imiş. Öylə bir müdafiə ki, yonca yeməklə hasil olur. Öylə bir müdafiə ki, barıt tüstüsü udmaqla təkmil olunur, öylə bir müdafiə ki, bomba partıltısı, top gurultusu, tüfəng sədası, yetim uşaqların, dul övrətlərin ah və nəvasi ilə başa gəliyormuş!..

Böylə bir facianə mühasirənin asari nə əndazədə müdhiş olduğunu hamana göstərməkdədir!..

Şeşgilan məhəlləsinə keçirsiniz. Bir xarabazar görürsünüz. Evlər ta binasına kimi dağıdılıb, daş-daş üstə qalmamışdır. Xiyabandan ötürsünüz. Şəhərin ən gözəl küçələrindən olub, Təbrizin bütün bir rəng və surətlə bombozaran qara palçıq divarlarına bir ibrət və dərs olmaq üzrə köhnəliyə intəha qoymaq istəyən avropaməab bir küçənin büsbütün irtica oduna yandığını insan görüncə, ürəyi yanar.

Şəhərin ən gözəl bir yerini yandırmışlar, gözünü çıxartmışlar.

Şəriətməablıq adını qəsb edən bu güruhi-layüflihun*[2] haman firəngiməablıq göstərən bu küçəni yandırmaqla bir dirilik mənbələri olan mədəniyyət müəssisələrini dəxi bərbəd etmişlər!...

Təbrizdə mükəmməl surətdə hazırlanmış olan bir mətbəəni bu küçədə dağıtmışlar. Buradan çıxan doğru və haqq sözləri müqabil irticayunlar fürsəti qənimət hesab edərək, haman atəş ilə cavab vermişlər. Bu mətbəə mücahidi-həqiqi, mərhum Səid Səlmasinin təşkil etdiyi mətbəədir...

O yeganə cavan vətəni yolunda bir mətbəəsini deyil, öz canını da fəda etdi!..

Qələmin sındırıb, mətbəəsini dağıtdılar. Amma qeyrət və hümmətini əlindən almaq mümkün deyil idi. Qələmini sındıranları qələm etmək üzrə qılınc aldı, tüfəng götürdü. Gördü ki, azad qələm yürütmək üçün qabaqca bir çox qılınc vurmaq, güllə atmaq lazımdır!..

Iştə hümmət əhlini heç bir çülahizə öz iqdamından saxlamadığı üçün meydani-hürriyyətdə şəhid olmaq dərəcəsinə nail oldu. Səid pldü!..

Amma inanmayınız, səidlər ölməzlər!

Bu məcmeyi-qeyrət və hümmətin yaranışdan olan cavan bir iranlı ilə söhbət edərkən şəhidi-hürriyyət mərhum Səidin mətbəəsinin sözü gəldi. Müsahibim bir ah çəkib dedi:

- Biz həmişə Səid ilə deyərdik ki, bu mətbəədən nuri-mədəniyyət qalxıb da bütün İranı bürüyəcəkdir. Amma haman mətbəənin hürüfatını əridib güllə tökdülər, bizim yoldaşlarımızın sinələrinə vurdular.

İştə bu əndazə bir qeyrət və rəşadətlə, bu dərəcə bir fədakarlıqla cannisar edən Təbrizin qəsdi, məmləkətin istiqlalını millətin əlindən izmehlalə*[3] aparan istibdad idarəsini qıxmaq idi. Onun qəsdi o idi ki, öz daxili zalimlərindən xilas olmaqla bərabər, xarici politikalarının təcavüzatından dəxi özünü təmin etsin.

Lakin özünün tədbirsizliyi və kəmbinliyi ilə şah işi o yerə yetirdi ki, haman düşməni olduğu məşrutəni verməyə, həm də məmləkətin istiqlalını məhdud etməyə məcbur edildi.

Öylə bir cəlladın mükafatı olaraq milli bayram gözləyən Təbriz baxın ki, indi nə haldadır.

Küçələrində milli sərbaz nəğmələri yerində rus himni eşidilir. Bir il tamam cannisarlıqda olan fədailər gizlənir də, digər şəhərə ağa oluyor. Təbrizin səbziyyatını xoşluyur, da, oradan daha çıxmaq istəmiyor.

Təbrizin indiki halı inqilab ilə məşrutiyyətini almış milli bir şəhər surətini deyil, təzə fəth olunub, idareyi-əsgəri təhətində olan bir rus şəhərinə oxşayır.

Küçələrdə soldatlardır, toplardır ki, gəziyor, nümayişlər ediyor!..

Özlərini öylə aparırlar ki, şəhərə əvvəlcə daxil olan bir nabələd bütün divarlarda, qapılarda olan güllə yerlərini görür, xəyal edir ki, bunlar yəqin rus güllələrinin əsərləridir ki, bu qədər bir zəhmətlə aldıqları şəhərdə iştə bu qədər fatehanə bir tərz ilə hərəkət ediyorlar.

Daha xəyal etməzlər ki, bu dəliklər rusların deyil, müsəlmanların biri-birilərinə atdığı güllələrdəndir.

Təbriz
M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 129, 12 iyun 1909

*[1] təzəlzül - sarsılma

*[2] layüflihun – nicat tapmayanlar

*[3] izmehlal – məhv