Məqalələr

YOL TƏƏSSÜRATI

Mərənd...

Nə gözəl, nə şairanəbir bucaq!... Qovaqlar uzanaraq, asimanə baş qalxızmış, meyvədar ağaclar böyük bir vüqar ilə fikrə dalmışlar.

Hər yanda, hər tərəfdə sulardır, axıyor. Nə gözəl sular, nə şirin bulaqlar təbiət burada tamam etmişdir. Bir neçə sənət çatmıyor ki, burada Qafqazın Kislovodskisi kimi məşhur olsun. Artıq lüzum yoxdur. Bir müxtəsər təmir ilə bura olduqca şöhrət tapa bilər. Zira, İranda cüzi bir şey ilə gələn şöhrət qazanmaq asan şeylərdəndir.

Iran məşhurlarının bir çoxu baxarsan ki, heç şöhrətə müvafiq fəzli və ləyaqəti yoxdur. Bu bərvad ölkə, bu biçarə vilayət o dərəcə möhtaci-mədəniyyətdir ki, qeyri məmləkətlərdə ən alçaq və adi hesab olunan bir fəal burada zəka və düha qələminə keçiyor.

Şose yolu nə şeydir! Rusiyada, Avropada buna kim əhəmiyyət veriyor? Amma, baxınız, yolsuz İranda haman şöhrət və nüfuz qəsdi ilə hazırlanmış bu yollar nə rollar oynayır!..

İştə bizi yol uzunu rus əfsərləri və soldatlarının təftişi və təcəssüsünə salan bu yol idi.

İştə bu gün təbrizliləri xarici müdaxiləsi ilə diltəng edən bu yoldur!..

Günəş hənuz batmamış idi ki, Mərəndə çatdıq!..

Poçt gecə qalmalı idi. Səhər durub yola düşmək üzrə poçtxana cünbində vaqe iki mərtəbədə bir nömrə tutub dayandıq.

Nömrənin pəncərəsi qabağında gecə aydınlığında gəl də Mərənddəki bu mənzəreyi-dilgüşayə tamaşa et!

Bax, qabağında asimanə baş çıxartmaqda olan qovaqlar, o aradakı qarlı dağdan gələn nəsimə mülahizə edərək də nə tövr xoşlanıyor.

Ay işığına düşən yapraqlar ipək rəngi çaldıqda o xışıltılarda nazənin bir sənəmin aşiqanə elədiyi mülahizələri zamani-hərir libasının zərif səsinə bənzəyir. Özgə aləmdir. Ruh veriyor.

Bir də nəzərinizi alın ipək yapraqlarını öz işvəkarlıqlarına buraxın da pəncərəniz altında olan dəryaçaya baxınız. İştə asimanda buraxdığınız ay burada qovaqların saldığı kölgələr arasında olaraq, havadakı mənzərəni qopiyə ediyor!.. Buraya baxdıqca fikrə dalıyorsunuz. Valeh oluyorsunuz. Elə bil ki, Bakı sirkində oturmusunuz da “Leyli Məcnunə” qulaq asırsınız.

Məşhur bir musiqarın nəvaxtından*[1] daha artıq həzz verən bir şırıltı eşidiyorsunuz, ruhlanırsınız. Qərib bir şaqqıltı-şaqqıltı ilə sakitanə dörd ədəb səfləri qurmuş ağaclara əks-səda verən rəngli bir suyun dəryacaya töküldüyünü görüyorsunuz, valeh oluyorsunuz.

Burada fikriniz daha da artır, xəyallanıyorsunuz. Ürəyinizdən nə keçiyor? Çox şeylər!

Ah əgər bu təbiət, bu hava, bu şətarət*[2], bu səfa, bu məlahət, bu səda Bakıda olaydı, yaxud Bakı burda olaydı!..

Olsun ki, Samurdakı incinarlar buranı tanımıyorlar. Yoxsa şəhər idarəsinə vermək üçün sə bir layihə hazırlamalarını gözləmək olardı!..

Bu surət ilə əslən olmasa da kağız üzərində Bakıya gözəl bir su aparılmış olar.

Amma Bakını buraya gətirmək üçün iqdam olunmamış deyildir. Məmləkətin hər bir buşağını deyil, haman abadlıq düşməni, sənət ədusi*[3] olanŞücainizami – reaksiya nümayəndələrindən ən qəddarını, burada dağıtmışdır. Posta ilə gələn bir cəbənin*[4] partlayıb, haman təbiətin lətafəti qədər heyrət verən bir təsir buraxmış və tərəqqi müqabilinə durmaq mümkün olduğunu hər kəsə bildirmişdir!..

İnsanı heyrət alıyor, məhbut qalıyor, bu qədər gözəl bir təbiət icrə niyə gərək insanlar bir dərəcə çirkin dolansınlar.

Əcaba, hər bir şeydən mübərra olub, lovğa-lovğa baş qalxızan qovaq ağacı zülm altında əyilən o əsir gərdənləri görmüyormu?

Əcəba, bu cəmaət haman fikrə dalmış olan meyvə ağacları kimi bir ləhzə öz məişətlərini düşünmüyorlarmı?

Hansı səadəti qoriyor da təbiət bu qədər bir şadlıq ediyor? Olmaya insanların iczindən*[5] şadlanıyor, özünü qalib hiss ediyor?! Xeyr! Xeyr! Gözəl məharətli sənətlə düşmən olamaz. Bunların biri aşiq, biri məşuqdur. İştə bu gözəl məşuqə məharətli bir aşiqi istiyor. Onu da Mərənddə tapmadığı üçün gərdənkeşlik*[6] ediyor da sevmədiyi aşiqə, daha doğrusu, qədrini bilməyən zövqsüzə təslim olmaq istəmiyor. Ona məsxərə ediyor. Təkəbbür satıyor. Gözlüyor ki, onlar da vüsalə zihəqq ola biləcək bir məqami-məharət və lətafətə gəlsinlər. Tainki izdivac hər iki tərəfin meyli və rəğbəti ilə olub, tənasüli-şəri əmələ gəlsin. Aradan tövlid edəcək*[7] mənafeyi-ümumiyyə naqis və məyub olmasın, tamam və təkmil olsun.

Öylə suyun, o həzin-həzin gələn səsi zümrüd yapraqların, o lətif xışıltısı, hamana Mərənd qafillərini daimülövqat çağırırlar ki, artıq qəflətdən ayılıb, bir çox rəqiblərin gözü olan bu nazənin təbiəti ər olmaq ləyaqətinə özlərini irişdirsinlər!..

Fəqət dil anlayan, söz qanan gərək!

M.Ə.Rəsulzadə
“Tərəqqi”, № 122, 4 iyun 1909

*[1] nəvaxtından - çalğısından

*[2] şətarət – şənlik

*[3] ədu – düşmən

*[4] cəbə - qutu

*[5] icz - acizlik

*[6] gərdənkeşlik - inadkarlıq

*[7] tövlid etmək - doğulmaq